Azərbaycan Avropanın həm də idman mərkəzlərindən birinə çevrilir

Bugünlərdə hamımız sürətlə inkişaf edən ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, qüdrətini növbəti dəfə təsdiqləyən xoş xəbərin sevincini yaşamaqdayıq.

Bugünlərdə hamımız  sürətlə inkişaf edən ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, qüdrətini növbəti dəfə təsdiqləyən xoş xəbərin sevincini yaşamaqdayıq. Bəli, dünya miqyasında böyük nüfuza malik olan Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı hər bir azərbaycanlının qəlbində sonsuz iftixar hissi yaratmış, cəmiyyətdə hədsiz sevincə səbəb olmuşdır.  Dekabrın 10-da bu münasibətlə xalqımızı təbrik edən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı böyük tarixi hadisə, ölkəmizin növbəti möhtəşəm uğuru kimi qiymətləndirmişdir. Bu hadisə bir daha sübut edir  ki, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan, həm də  Avropanın idman mərkəzlərindən birinə çevrilməkdədir.

Məlumdur ki, 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının hansı ölkədə və hansı şəhərdə keçirilməsi ilə bağlı uzun zaman müzakirələr aparılmış, müxtəlif təkliflər səsləndirilmiş və dünya səviyyəli ekspertlərin rəyi öyrənilmişdir. Aparılan gərgin müzakirələrin nəticəsində bir neçə mühüm amil  möhtəşəm idman tədbirinin ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə öz təsirini göstərmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu amillərdən birincisi  Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik ölkəyə çevrilməsidir. Respublikamızın mühüm və həssas geosiyasi məkanda yerləşməsi, onun elmi şəkildə əsaslandırılmış  çevik, tarazlı  və çoxtərəfli əlaqələrin qurulmasını, inkişafını ön planda tutan xarici siyasət kursu həyata keçirməsi, dünyadakı mövqelərimizi xeyli möhkəmləndirmişdir. Son dövrlər cərəyan edən qlobal və regional proseslərin fonunda, Cənubi Qafqazın istisnasız lider dövləti olan Azərbaycanın dünya birliyindəki rolu və təsir imkanları günbəgün deyil, anbaan artmaqdadır.   

Məhz həmin səbəbdən də bu gün Azərbaycana beynəlxalq aləmdə, xüsusən, Avropada böyük hörmətlə yanaşılır, onun geostrateji əhəmiyyəti, Qərb dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsindəki və sivilizasiyalararası dialoqdakı xüsusi rolu  yüksək qiymətləndirilir. Keçən il BMT-nin Təhlükəsizlik Şurasına keçirilən seçkidə Azərbaycanın Macarıstan və Sloveniya kimi Avropa ölkələrini geridə qoyaraq,  kəskin fərqlə çox səs alaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də bunu təsdiq edir. Bu, həm də o demək idi ki, rəsmi Bakı artıq BMT-də kifayət qədər böyük nüfuz qazanmışdır və onun regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən də rəğbətlə qarşılanır. Ölkəmizin quruma üzv olan 193 dövlətin 155-i tərəfindən tam şəkildə dəstəklənməsi də bunu deməyə əsas verir. Bu, müstəqil Azərbaycanın diplomatiyasının ən böyük uğurudur.

Digər amil isə ondan ibarətdir ki, Avropanın, hətta dünyanın bir sıra ölkələrində ictimai təhlükəsizlik məsələlərinin tam həll edilmədiyi bir dövrdə ictimai-siyasi sabitliyin mövcud olduğu Azərbaycanda bu və digər məsələlər xüsusi diqqətdə saxlanılır. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi dövlət kimi dünyada özünü təsdiqləmişdir.

Maliyyə böhranından və onun ciddi fəsadlarından xilas ola bilməyən inkişaf etmiş Avropa ölkələrindən fərqli olaraq Azərbaycanın qeyri-adi sürətlə inkişaf etməsi də beynəlxalq aləmdə təəccüblə, rəğbətlə izlənilir.  Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesinin çox ağrılı keçdiyi, aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bildiyi bir dövrdə ilin sonunadək Azərbaycanın strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi barədə məlumatlar Avropada  böyük rezonans doğurmuşdur. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkəmiz dünyada ilk onbeşlikdə qərarlaşmışdır.

Bir məqama da toxunmağı lazım bilirik. Bəzi, hətta inkişaf etmiş ölkələrdə də büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi qədər, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycanda isə dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir ki, bu da böyük nailiyyətdir. Başqa bir fakt: Azərbaycanda neftin hasilatı ilə məşğul olan şirkətlərin açıqlamalarına görə, 2006-2025-ci illər ərzində dövlət büdcəsinə yalnız neftdən gələn gəlirin 400 milyard ABŞ dolları məbləğinə çatacağı qeyd olunmuşdur. Bu, çox böyük vəsaitdir və Azərbaycan kimi əhalisi az olan ölkələrin iqtisadi- maliyyə imkanlarının kifayət qədər artırılması, yaşayış səviyyəsinin xeyli yüksəldilməsi baxımından əvəzolunmaz bir fürsətdir.

Ölkəmizdə və Bakı şəhərində yüksək səviyyəli müasir infrastruktur layihələrinin reallaşdırılması, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsi üçün paytaxtımızda hər cür şəraitin yaradılması da Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb olmuşdur. Məlumdur ki, möhtəşəm paytaxtımız, artıq dünyanın ən gözəl şəhərləri siyahısında öz yerini almışdır.  Bununla belə, növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər  görüləcəkdir. Bu gün şəhərimizdə yeni infrastruktur, xidmət obyektləri tikilir, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Paytaxtımız  gündən-günə abadlaşır, çiçəklənir.  Bakıya gələnlər onun gözəlliyənə heyran qaldıqlarını hər fürsətdə dilə gətirirlər. 

Paytaxtımızda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində  böyük işlər görülmüşdür. Vaxtilə başlanmış layihələrin bir çoxu artıq başa çatmışdır. Ötən illərdə Gəncədə, Naxçıvanda, Sumqayıtda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa kəndində və digər bölgələrimizdə Olimpiya İdman kompleksləri tikilmişdir. Hətta, cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir.  Hazırda ölkəmizdə 35 olimpiya idman kompleksi fəaliyyət göstərir. Daha 10 idman infrastrukturu isə inşa olunur.

Bu gün  Bakıda 80 min tamaşaçı tutumlu yeni Olimpiya Stadionu inşa edilir. Bu stadion bölgənin ən böyük və ən müasir Olimpiya Stadionu olacaqdır. Hazırda böyük tutumlu Gimnastika Sarayı tikilir. Bu yaxınlarda yeni, müasir Su İdman Növləri Sarayının tikintisinə start verilmişdir.  Bu il, eyni zamanda, idman yarışları üçün lazım olan ən böyük Bakı “Crystal Hall” tikilmişdir. Bu sahədə görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Yaxın aylarda istənilən beynəlxalq yarışın keçirilməsi üçün Bakıda yüksək səviyyəli  idman infrastrukturu yaradılacaqdır.

Bu gün Azərbaycan dünyada və Avropada idman ölkəsi kimi tanınır. Bizim uğurlarımızın birinci səbəbi Azərbaycanda gənclərə və idmanın inkişafına göstərilən xüsusu diqqət və qayğıdır.  Yəni, ölkəmizdə idmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. Onu da deyək ki, idman sahəsində əldə edilən uğurlar bilavasitə ölkələrin inkişaf göstəricilərinə uyğundur. İnkişaf etmiş ölkələrdə, adətən idman da inkişaf edir. Azərbaycan inkişafda olan bir dövlət kimi idman sahəsində də böyük nailiyyətlərə çata bilibdir. Təsadüfi deyil ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir.

Bu gün Azərbaycanda idmanın inkişafı o səviyyəyə çatıb ki, artıq beynəlxalq yarışlarda ölkəmizin  idmançıları dünyada əsas rəqib kimi qəbul olunurlar. Bu baxımdan, olimpiya oyunlarında qazandığımız uğurlar müstəsna əhəmiyyətə malikdir. Müstəqil Azərbaycan Respublikası da Olimpiya oyunlarına ilk dəfə 1996-cı ildə qatılmışdır. Atlantada qazanılmış bir gümüş medal o dövrdə ölkəmiz üçün uğurlu nəticə olsa da, Azərbaycanı güclü idman ölkəsi kimi tanıtdırmağa yetərli deyildi. Həmin illərdə olimpiya hərəkatının, idmanın sürətlə inkişaf etdirilməsi zərurətə çevrilmişdi. Qətiyyətlə deyə bilərik ki, respublikamızda belə bir inkişaf 15 il öncə – 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə başladı. 2000-ci ildə Sidney Olimpiya Oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq, dövlətimizin 199 ölkə arasında 34-cü olmasını təmin etdilər. Nəhayət, 2004-cü ildə Afinada medallarımızın sayı 5-ə, 2008-ci ildə Pekində isə 7-yə çatdı.

İnamlı yüksəlişi davam etdirən idmançılarımız  XXX London Yay Olimpiya Oyunlarında möhtəşəm uğur qazandılar. İdmanın 16 növündə 53 idmançı ilə təmsil olunduğumuz olimpiadada Azərbaycan idmançıları  iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bir daha təsdiq etdilər ki, ölkəmiz qədim idman ənənələrinə malikdir və bu sahədə uğurlu yüksəlişimiz davam edir. Ölkələrin cədvəlində Azərbaycan 30-cu yerə layiq görüldü, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutdu. Bu, doğrudan da böyük və tarixi nailiyyət idi. 200-dən çox ölkə arasında yalnız 35-nin  nümayəndələrinin iki və daha çox qızıl mükafata sahib olması və onlar arasında Azərbaycanın da yer alması bir mənada bizim də dünyada söz sahibi olduğumuzun rəmzi hesab oluna bilər. Ölkəmiz XXX Olimpiadada medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövlətləri, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi ölkələri qabaqlamışdır.

Bu məqamda qeyd etmək istərdik ki, bir dövlətin bayrağı dünyada üç halda yüksəyə qaldırılır. Birincisi, səfirliklərin, diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların binasının önündə, digəri isə dövlət başçıları başqa bir ölkəyə səfər etdikdə. Üçüncü halda isə idmançılar beynəlxalq yarışlarda qələbə qazandıqda onun təmsil etdiyi ölkənin bayrağı yüksəldilir, dövlətinin himni səsləndirilir. Yəni idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarındakı misilsiz nailiyyəti, həm də böyük siyasi xarakter daşıyırdı, dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilirdi. Bu yolla beynəlxalq aləmdə böyük nüfuz qazanan, etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikasının şan-şöhrəti daha da artdı, ölkəmizin həm də idman sahəsində qabaqcıl dövlətlər sırasında yer aldığı bütün dünyaya sübut olundu. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsinə təsir edən amillərdən  biri də bu idi.

Avropa Olimpiya Komitəsinin  Bakını seçməsinin digər bir səbəbi də budur ki, bu gün ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərin, yarışların keçirilməsində böyük təcrübəyə malikdir. Sirr deyil ki,  ölkəmiz mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi, beynəlxalq idman yarışlarının baş tutduğu  bir məkana çevrilmişdir.  Son aylarda paytaxtımızda keçirilən tədbirlər də bunu sübut edir. İkinci Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq İnternet İdarəçilik Forumu bunun ən bariz nümunəsidir. Təkcə  İkinci Bakı Beynəlxalq Humanitar Forumuna 70 ölkədən 700-ə yaxın xarici nümayəndə qatılmış, 10 Nobel mükafatçısı, elm və ictimai xadimlər, tanınmış dövlət nümayəndələri, çoxlu sayda sabiq prezident, xarici işlər nazirləri, siyasi və iqtisadi sahələrdə tanınmış ekspertlər, KİV nümayəndələri, eləcə də dünyanın siyasi, iqtisadi, elmi və mədəni elitası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirakçı qismində paytaxtımıza gəlmişdilər. Bu qədər nüfuzlu insanın dəvəti qəbul edərək ölkəmizə gəlməsi, Azərbaycana, onun Prezidentinə duyulan hüsnü-rəğbətin nəticəsi idi. Bu, ölkəmizin dünyadakı nüfuzunun göstəricisiydi. 

Son aylar Bakı həqiqətən,  həm də beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib.  Bu il sentyabrın 29-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində sumo üzrə ikinci “Baku Open 2012" beynəlxalq festivalının açılış mərasimi olmuşdur. Festivalda Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Ukrayna, Yaponiya, Rusiya, Belarus, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Polşa, Monqolustan, İordaniya, Misir və Şri-Lankadan olan 200-dək sumoçu birincilik uğrunda mübarizə aparmışlar. Keçən ayın  13-də Bakı İdman Sarayında tələbələr arasında boks üzrə sayca 5-ci dünya çempionatına start verildi. Noyabrın 27-də isə Bakıda ”İdman qurğularının idarə edilməsi" mövzusunda Beynəlxalq konfrans öz işinə başlamışdı. Önümüzdəki illərdə də bu tendensiya davam etdiriləcəkdir.  2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası keçiriləcəkdir. Bir il sonra isə Azərbaycan İslam Oyunlarına ev sahibliyi edəcəkdir. Bütün bunlar göstərir ki, Azərbaycanda dünya səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılmışdır.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul edilir. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmamışdır. Yuxarıda qeyd etdiyimiz kimi, məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilmişdir. Növbəti belə bir tədbir Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunları olacaqdır. 

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında