TARİX YARADAN ŞƏXSİYYƏT

Tarix ya böyük hadisələrlə, ya da böyük şəxsiyyətlərlə yadda qalır. Çünki tarixi böyük şəxsiyyətlər və böyük hadisələr yaradır. Böyük şəxsiyyətlər tarixin təkcə qurucuları deyil, həm də dayaqlarıdır.

Tarix ya böyük hadisələrlə, ya da böyük şəxsiyyətlərlə yadda qalır. Çünki tarixi böyük şəxsiyyətlər və böyük hadisələr yaradır. Böyük şəxsiyyətlər tarixin təkcə qurucuları deyil, həm də dayaqlarıdır. İllər keçdikdən, öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirdikdən, əzmlə tarixə daxil olduqdan sonra liderin tarixdə rolu daha da aydın görünür. Dünyada tarix yaratmaq hər şəxsə nəsib olmur. Bunun üçün dərin zəka və ilahi vergisi olan istedad, şəxsiyyət və ləyaqət, tarixi həqiqət duyğusu və dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı, insanlığa, millətə və dövlətə məhəbbət bəsləmək kimi ali xüsusiyyətlər tələb olunur. Dünyada bütün bu cəhətləri özündə birləşdirən dahiyanə şəxsiyyətlərdən biri  fenomenal lider Heydər Əliyev idi.

O, XX əsrin son qərinəsində qədim bir dövlətə, ulu bir xalqa rəhbərlik etdi, xalqına güvənib yüksəldi və özü ilə bərabər xalqını da tarixin qızaran üfüqlərinə ucaltdı. Heydər Əliyevi hamıdan yaxşı tanıyan, illərcə onunla çiyin-çiyinə işləmiş akademik   Ramiz Mehdiyev yazır: “Heydər Əliyevin siyasi taleyinin mahiyyətini dərk etmək üçün müxtəlif hadisələrin fəlsəfi məğzini araşdırmaq və onun həyata keçirdiyi möhtəşəm planların izahı üçün açar olan ideyalarını başa düşmək lazımdır”. Doğruluğu tarixlə təsdiq olunan bu nəzəri - metodoloji mülahizə Heydər Əliyevin tarixi-siyasi roluna, artıq çoxdan Azərbaycan xalqının milli sərvətinə çevrilmiş irsinə münasibət üçün bir açardır.

“Heydər Əliyevin siyasi taleyinin mahiyyətini dərk etmək...” fikrimizcə, bu Əliyevşünaslığın ilk və əsas problemlərindən biridir. Və bu barədə əli qələm tutan (bəzən heç tutmayan!) cızmaqaraçılar yox, peşəkar siyasətçilər, siyasi-publisistlər, filosof alimlər - bir sözlə elmi-nəzəri səviyyəsi, mənəvi səlahiyyəti olan mütəfəkkirlər yazmalıdır.

Heydər Əliyevin siyasi taleyi hələ 1922-ci ildə zorla sovet imperiyasına ilhaq edilmiş Azərbaycanın tarixi taleyi ilə sıx bağlıdır. Bu taleyin başlanğıcında böyük bir nəslin işıqlı idealları, xalqının — sevimli oğlunun millətinə xidmət ehtirasları, nur daşıyıcısı - göz həkimi Zərifə xanımla munis sevgi dastanı dayanır. Bu siyasi taleyin bütün məsuliyyəti böyük ŞƏXSİYYƏT-in üzərində idi. Əslində Heydər Əliyev bu siyasi taleyi ilə özünün cahanşümul ŞƏXSİYYƏT olduğunu təsdiq etdi, ulu öndərə, ümummilli liderə çevrildi.

1969-cu ildən - Azərbaycana rəhbər təyin edildikdən sonra o, çevrəsində əyləşdiyi rejimin qeyri-tarixi iddialarına o qədər də məhəl qoymadan üzünü tarixə çevirdi.

Heydər Əliyevin tarixə münasibətinin öz qlobal mənası var idi. O, Azərbaycan tarixinə əlahiddə yox, ümumtürk, ümummüsəlman kontekstində yanaşırdı.

Məlumdur ki, Azərbaycan dövlətçiliyinin üç böyük zirvəsi və bunların formalaşdırdığı klassik ənənələri var: Atabəylər, Şirvanşahlar və Səfəvilər! Ulu öndər bu dövlətçilik tarixi və ənənələrini gözəl bilirdi, onların fütuhatının da, tənəzzülünün də sirlərinə dərindən aşina idi. Eyni zamanda Heydər Əliyev qədim türklərin yaratdığı on yeddi imperiyanın türk tarixindəki roluna dərindən bələd idi. Ulu öndər bütün tarixi-siyasi və ədəbi-tarixi problemlərin həllində ümumtürk və ümummüsəlman kontekstini nəzərə alırdı. Onun “Manas” eposunun 1995-ci ildə keçirilən 1000 illik yubileyindəki çıxışından bir epizodu xatırlayaq: “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. “Manas” eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının mənəvi-mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın ulu babasıdır". Onun yaranmasının 1300 illiyini dünya miqyasında qeyd etdiyimiz dünya epos mədəniyyətinin şah əsəri “Kitabi-Dədə Qorqud” dastanına, orta çağlar Şərq şeir mədəniyyətinin zirvəsi olan dahi M. Füzulıyə münasibəti də eyni kontekstdə idi. Əslində böyük mənada “Kitabi-Dədə Qorqud”da, “Manas”da, dahi M.Füzuli də bir bəhanə, sərfəli vasitə idi. Heydər Əliyevə məhz ümumtürk kontekstini tarixin üzünə çıxarmaq lazım idi. Bu dahi mütəfəkkir yaxşı bilirdi ki, dünyada türkün düşmənlərinin hələ çox və güclü olduğu bir dövrdə türkləri birləşdirməyin yolu siyasi çağırış yox, müştərək ədəbi-mədəni abidələri dünyanın diqqət mərkəzinə gətirməkdən ibarətdir. O, Türkiyə Böyük Millət Məclısindəki çıxışında (1994) demişdir: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı bir vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirmişdir”. Əlbəttə, bu təkcə sənətin qüdrətinə verilən qiymət deyil, tarixdə şəxsiyyətin böyük rolunun etirafıdır. Vahid türk birliyinin yaradılması, xalqların yad, dağıdıcı, ideoloji rejimlərdən qurtulub öz əslinə, kökünə qayıtması XXI əsrin ən böyük problemlərindən idi. Heydər Əliyev bunu irəlicədən görür, onun strategiyasını təyin edirdi. Türk dünyası yazıçılarının üçüncü qurultayında (6 noyabr 1996) “Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir” adlı nitqində öz mövqeyini belə ümumiləşdirirdi: “Türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların həyatını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışlar. Ancaq xalqlarımızın dərin köklərinin bir-birinə mənəvi bağlılığı onların bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Biz tarixi köklərımizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, böyük tariximizlə fəxr edə bilərik”. Tarixi yaradan bir şəxsiyyət kimi Heydər Əliyevin gücü bu cəhətlə - böyük TÜRKÇÜ olması ilə bağlı idi. O, məhz dərin köklər üzərində bərqərar olduğu sayəsində ucaldı və həmin ucalıqdan-türk dünyasından Azərbaycanın tarixi taleyinə baxa bildi. “Milli köklər və mənəvi dəyərlər” - bu sözləri unutmayaq! Çünki Heydər Əliyev müasirliyin ən qlobal problemlərini həll edəndə də onlardan ayrılmadı, onlara istinad etdi, müasir dünyanın müşkülləri ilə üz-üzə gələndə dönüb arxaya - dünyaya 17 imperiya, yenilməz dövlətçilik təcrübəsi, qalibiyyət əzmi bəxş etmiş möhtəşəm türk dünyasına baxdı.

Heydər Əliyev öz daxili və xarici siyasətində bir lider kimi milli taleyimiz üçün cavabdehlik məqamında tarixlə müasirliyi uğurla birləşdirdi: “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə  sadiq qalmaq lazımdır, bu milli mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”. Bu gün, bəzi dövlətlərin yeni dünya sahmanı yaratmaq uğrunda mübarizə apardığı bir dövrdə, avropalıların özlərinin də etiraf etdikləri kimi, rəqəmsal dünya ilə ruhi aləm üz-üzə dayanır. Mədəniyyətlərin inteqrasiyası prosesində milli mədəniyyət də assimilyasiyaya məruz qalır. H.Əliyevin qeyd etdiyimiz fikri - yəni “millətimizin milli-mənəvi dəyərlərinə sadiq qalmaq” onu “ümumbəşəri dəyərlərlə birləşdirmək” ideyası böyük müasirlik gücünə malikdir. Bu bir tarixi həqiqətdir ki, qloballaşma adı altında yeni dünya sahmanı yaratmaq hərisliyi Şərqdə lokal müharibələrə, Qərbdə-Avropada isə dərin iqtisadi böhrana səbəb oldu. Bəlkə də bir zaman Avropa ölkələri böhrandan çıxacaq, fəqət İraqda, Misirdə, Suriyada dağıdılmış böyük İslam mədəniyyət abidələrini bərpa etmək mümkün olmayacaq.

Heydər Əliyevin bütün fəaliyyəti onun öz sözləri ilə desək, milli azadlığa nail olmaq üçün... milli “ruhun canlanması” işinə yönəlmişdi. Millətə və milli adət- ənənələrə sədaqət hissinə yüksək qiymət verən ümummilli lider, millətin tarixi taleyi üçün məsuliyyəti liderə, tarixi şəxsiyyətə xas vacib xüsusiyyət hesab edirdi: “Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”.

Heydər Əliyevin öz xalqı ilə birlikdə keçdiyi bu YOL istiqlal yolu, Azərbaycançılıq yoludur. O, hakimiyyətdə olduğu dövr ərzində bu məsuliyyəti yaşadı və əzmlə daşıdı. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva yazır: “Heydər Əliyev 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir”.

 Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra öz qüdrətli əlləri ilə Azərbaycanı odun içindən çıxardı, nurlu sabahlara doğru gedən İstiqlal yoluna çıxardı və milli istiqlalımızın əbədiyyətini təmin edən azərbaycançılıq fəlsəfəsini-istiqlal məfkurəsini dövlət ideologiyası kimi təsbit etdi. Bu təlimin əsasında ulu öndərin dönə-dönə təhlil etdiyi tarixi kimliyimiz, ictimai düşüncə tərzimiz, dilimiz, ədəbiyyat və mədəniyyətimiz, dinimiz, inanclarımız, adət-ənənələrimiz, etnogenezimiz, etnoqrafiya və məişətimiz dayanırdı. Akademik Ramiz Mehdiyev azərbaycançılıq məfkurəsini formulə edərək yazır: “Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün ”azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbnaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir". Burada Heydər Əliyev təliminin bütün aspektləri, onun tarixi, məğzi və mahiyyəti lakonik tərzdə öz əksini tapır.

Azərbaycan öz tarixi istiqlalının bərpasına qanlar bahasına nail oldu. 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın amansızcasına işğalı... Şəhidlər və canlı şahidlər! 20 yanvar qırğınının səhəri günü Moskvada Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev özünü və ailəsini böyük risk qarşısında qoyaraq Azərbaycan həqiqətlərini söylədi, sovet imperiyasını ifşa etdi və bütün dünyaya bəyan etdi ki, Azərbaycanın yiyəsi var.

Azərbaycanın müstəqilliyi ciddi təhlükə qarşısında qalanda o,  bütün müqavimətləri qıraraq Naxçıvandan Bakıya gəldi və çətinliklə bərpa edilmiş istiqlalın keşiyində dayandı, tarixə yenidən - İSTİQLAL Lideri kimi əzmlə daxil oldu. Dilinə gətirdiyi ilk cümlə “Azərbaycanın istiqlalı əbədidir, dönməzdir”.

Sonralar tarixi həqiqətin ifadəsi kimi şüara çevrildi, dillər əzbəri oldu. Bu da bir həqiqətdir ki, istiqlalı əldə etmək də, onu qoruyub saxlamaq da çətindir. Heydər Əliyev nə qədər ki, sağ idi, o bizim milli istiqlalın qarantı, mübariz əsgəri, lideri idi. O əbədiyyətə qovuşduqdan sonra uşaqlıqdan dahi şəxsiyyətin, böyük siyasətçinin dövlətçilik məktəbini keçmiş, idarəçilik universitetini həyat tərzi kimi yaşamış Prezident İlham Əliyev atasının nəcib ənənələrini əzmlə davam etdirdi. İlham Əliyev bir istedadlı oğul olmaqla bərabər həm tarixin, həm də bu tarixi yaradan liderin - Heydər Əliyevin uğurlu seçimidir: “İlham Əliyev istedadlı şagird olub və öz müəllimindən, uzaqgörən dövlət xadimi, xarakterində milli ideyalar və prinsiplərlə möhkəm sadiqlik, bəsirət kimi keyfiyyətlərin nadir şəkildə birləşdiyi Heydər Əliyevdən çox mühüm dərs almışdır”  (Akademik Ramiz Mehdiyev).

Beləliklə də, istiqlalçılıq Heydər Əliyevin parlaq fəlsəfi - dövlətçilik  ənənəsi kimi onun müdrik varisi tərəfindən, dövlət siyasətimizin baş xətti olaraq bu gün də tətbiq edilməkdədir. Heydər Əliyev İstiqlalı tarixin töhfəsi kimi qəbul etmədi, böyük səylərlə onu möhkəmləndirdi. İlk növbədə 1994-cü ildə ciddi müqavimətləri qıraraq, böyük diplomatik səylər sayəsində hələ tam siyasi sabitlik tapmamış bir dövlətdə sonralar tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş neft kontraktlarının bağlanmasına nail oldu. Dünyanın məşhur neft şirkətləri ilə bağlanmış bu müqavilələr əslində dünyanın Azərbaycanın müstəqilliyini tanıması, Azərbaycandakı siyasi sabitliyə inamın ifadəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanda milli istiqlalın iqtisadi təməllərini yaratdı. Bu həm də Azərbaycanda yeni tarixi dövrdə milli kapitalizmin yaranması demək idi. Və yalnız bundan sonra İstiqlalın ideologiyasını - azərbaycançılıq fəlsəfəsini yaratmaq mümkün oldu.

Yalnız bundan sonra aydın oldu ki, azərbaycançılıq milli istiqlal ideologiyasıdır. Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyasıdır. Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq bu ölkədə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir. Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən və onlara kimliyini tanıdan milli ideologiyadır  O, dövlətçiliyə tətbiq olunur və tarixin perspektivini təyin edir. Məhz bu ideologiya zəminində də Heydər Əliyev müxtəlif siyasi fikir ayrılıqlarına məhəl qoymadan milli maraqlarımızı inadkar bir inamla qorumağa nail oldu. Bu çox çətin, fəqət çox vaxtında başa çatmış şərəfli bir qələbə idi.

Heydər Əliyev istər riyaziyyatdan danışsın, istər iqtisadiyyatdan, istər sənayenin ən çətin texnoloji problemlərindən bəhs  etsin, istərsə aviasiya və kosmik gəmidən, istər naviqasiya problemlərindən bəhs etsin, istərsə ekoloji faciələrdən, istər rəssamlığı təhlil etsin, teatr tamaşasını çözsün, istərsə də insanın anatomiyası və estetik zövqündən, gözəlliyin ən incə çalarlarından fenomenal bir yaddaş, ilahi vergisi olan dahiyanə bir istedadla bəhs etsin, bunların hamısını son anda bir ali məqsədə - DÖVLƏTÇİLİK mənafelərinə  tabe edirdi. Çünki onun üçün dövlət sadəcə bir idarəedici qurum deyil, millətin dünyada özünü təzahür forması, siyasi qurumdan çox milli təşkilat idi. Bu cəhətdən onun dilə və mədəniyyətə,  bədii ədəbiyyata münasibəti xüsusi bir təlim, ayrıca geniş monoqrafik tədqiqat mövzusudur. XXI əsr  başlananda “Dünya Azərbaycanlılarının I qurultayı”nda söylədiyi bir neçə taleyüklü fikri misal çəkməyə bilmərəm: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliyini qoruyub saxlasın... Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır... hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm,  bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Heydər Əliyev dili milli varlığı müəyyən edən başlıca amil hesab edir. Ümumiyyətlə, dil və xalq taleyi problemini qoyur, dili xalq taleyini yaşayan və yaşadan unikal hadisə  hesab edirdi. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dil olduğuna inamı təsdiq edən ümummilli lider, dilə canlı bir varlıq kimi yanaşırdı: “Dilimiz xalqın  keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O xalqın ən ağır günlərində belə onun milli mənşəyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir...

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir". Beləliklə, dilin milli varlığın ən bariz ifadəsi milli ideologiyanın təməl daşı hesab edən böyük lider təkcə dil haqqında yazmır, sanki dillə dilləşib danışır, söhbət edir.

Yeri gəlmişkən deyim ki, Heydər Əliyev təkcə milli siyasətin, milli diplomatiyanın nəzəri əsaslarını, konsepsiyalarını formalaşdırmayıb inam və qürurla danışa-danışa milli diplomatiya dili, siyasət dili yaradıb.

Qeyd etməliyəm ki, Heydər Əliyev həm də müqəddəs dinimizin - İslam dininin böyük təəssübkeşi idi. O dinin cəmiyyətdəki mənəvi təmizləyici roluna, əxlaqi sərvətlərin və milli adət-ənənələrin qorunmasına göstərdiyi xeyirxah missiyaya xüsusi dəyər verirdi. Bu da bir lider kimi onun Şərq amilinə dərin rəğbəti ilə bağlı idi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhqir edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir  olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir”.

Heydər Əliyevin nəzəri irsi də şəxsiyyəti kimi zəngin və çoxcəhətlidir. O hər şeydən heyrət doğuracaq dərəcədə dəqiq və məzmunlu danışa bilirdi. Məsələn, onun böyük rəssam Səttar Bəhlulzadə və ümumən rəssamlıq sənəti haqqında mülahizələri, sənətşünasları, “Kitabi-Dədə Qorqud”, Füzuli, Mirzə Cəlil, H.Cavid, S.Vurğun haqqında nitqləri təkcə öz parlaqlığı ilə yox, eyni zamanda fəlsəfi məzmunu ilə ədəbiyyatşünasları heyrətdə qoyurdu.

Heydər Əliyevin Azərbaycan üçün, qədim və ulu xalqımız üçün etdikləri neçə-neçə kitaba sığmaz. Tarix onu zaman-zaman xatırlayacaq, onun milli sərvətimiz olan irsini hələ yeni-yeni nəsillər öz gözü ilə, öz qəlbi və zəkasının yeni imkanları ilə oxuyacaq. Və hər dəfə onu yenidən dərk edəcəklər. Hər gələn nəsil əmin olacaq ki, həqiqətən də “Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və kəşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına  haqlı olaraq milli xilaskar kimi həkk olunmuşdur” (Akademik Ramiz Mehdiyev).

Bəli, o böyük insan, tarix yaradan fenomenal şəxsiyyət tarixə də, torpağa da milli xilaskar kimi daxil oldu. Bu gün tarix onun möhtəşəm əməllərinin təsdiqinə xidmət  edir.

 

Nizaməddin ŞƏMSİZADƏ,
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı,
filologiya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında