Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. Əvvəlcə cari məsələlərə baxılmışdır.

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilmişdir. Əvvəlcə cari məsələlərə baxılmışdır. Yeni Azərbaycan Partiyası  sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirmişdir ki, dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk dəfə olaraq Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev də bu münasibətlə xalqı təbrik etmişdir.

Tarixdə ilk dəfə Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarın qəbulu ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından xəbər verir. Dövlətimiz öz tarixində ilk dəfə olaraq 2015-ci ildə Avropa Olimpiya Oyunlarını keçirməklə Azərbaycanın müasir tarixinin çox şərəfli bir səhifəsini yazacaqdır.

Milli Məclisin sədri Oqtay Əsədov bu hadisəni yüksək dəyərləndirərək bildirmişdir ki, bütün bunlar ölkədə aparılan məqsədyönlü siyasətin uğurlarıdır. Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycan Prezidentinin apardığı siyasətin qələbəsidir. Milli Məclisin sədri bu münasibətlə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını və təbrik etmişdir.

Sonra gündəlikdəki qanun layihələri müzakirə başlanılmış və Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sazişlər təsdiqləndi. Bu sənədlərin içərisində Azərbaycan Hökuməti və Türkiyə Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında, həmçinin bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Sazişlər, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsinin fəaliyyətinin nizamlanması haqqında Protokol, Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı qanun layihələri vardır.

Bundan başqa, iclasda Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında, həmçinin cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında beynəlxalq sənədlər də təsdiqlənmişdir. Lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli hüquqi, iqtisadi və təşkilati şəraitin yaradılması haqqında Sazişlər, Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında, Azərbaycan və Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Sazişlərin təsdiq edilməsi barədə qanun layihələri də qəbul olunmuşdur.  

Eyni zamanda, iclasda Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında, həmçinin Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında Memorandumların təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunları da ləğv edilmişdir.

Bu sənədlərlə bağlı məlumat verən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu memorandumlarda SSRİ dövründə mövcud olmuş qaydalar əksini tapmışdır. Hazırda isə Azərbaycan bütün ölkələrlə münasibətləri tənzimləyən viza sistemi yaratmışdır. Eyni zamanda, sərhəd rejimini, təhlükəsizliyi tənzimləyən qanunlar mövcuddur. Miqrasiya, vətəndaşların gedib-gəlməsini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılmışdır. Hüquqi baxımdan bu memorandumların müddəalarına ehtiyac qalmamışdır. Ona görə də hər iki dövlətin səlahiyyətli orqanları müddəti başa çatmış bu memorandumların ləğvi barədə mövqelərini bildirmişlər. 

Sonra iclasda İnzibati Xətalar, Cinayət-Prosessual və Cinayət məcəllələrinə təklif edilən redaktə xarakterli dəyişikliklər təsdiqlənmişdir.

Gündəlikdə olan digər 6 məsələ - Cinayət, Mülki, İnzibati Xətalar və İnzibati Prosessual məcəllələrinə, həmçinin “Həmkarlar ittifaqları haqqında” və “Mühasibat uçotu haqqında” qanunlara təklif edilən dəyişikliklər isə siyasi partiyalara dair qanunvericiliklə bağlı  idi.

Bildirilmişdir ki, Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilməsi nəzərdə tutulur. Həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə cərimə və cəzalar nəzərdə tutulmuşdur.

Sonda qanun layihələri səsə qoyularaq qəbul edilmişdir.

İclasda həmçinin Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi, Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilməsi, “Sosial müavinətlər haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul edilmişdir.

Bununla da Milli Məclisin iclası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında