Azərbaycan xalqı tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna qovuşmuşdur. Xalqımızın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə ilk növbədə, milli lider amili ilə bağlıdır. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider Heydər Əliyev xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.
1991-ci il oktyabrın 18-də istiqlaliyyətini bərpa etmək şansı qazanmış Azərbaycanın ilkin mərhələdə üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Bu mənada, 1993-cü ilin iyun ayınadək xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi gündən-günə yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə lazımi addımlar atılmırdı. 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almışdı: 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.
İqtisadi tənəzzülün sürətlənməsi nəticəsində bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdu. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin sədri seçilməsi onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın xaosdan qurtulması və davamlı inkişaf yoluna qədəm qoymasıdır. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmağa nail oldu.
Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı. Ali Sovetin sədri seçildikdən sonra ulu öndər Heydər Əliyev ona göstərilən etimadı əməli işlə doğrultmağa çalışacağını vurğulayırdı: “Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm”.
Ulu öndər Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də onun zamanında elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülürdü. Bu mənada, umummilli lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi də ehtiramla xatırlanır. Bu iqtisadi inkişaf modeli irəli sürülərkən heç də mövcud dünya ölkələrinin təcrübəsi Azərbaycana köçürülməmiş, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, geniş tranzit-kommunikasiya imkanları, habelə tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alınmışdır.
Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratmış, dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırmışdır. Regionda qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında müsbət presedent yaranmış, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başlamış, respublikamız Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi tərəqqi və inkişafın başlıca təminatçısına çevrilmişdir. Son 19 ildə xarici şirkətlərlə imzalanmış 30-dan çox neft-qaz müqaviləsi iqtisadiyyatın digər sahələrinin inkişafına da əsaslı təkan vermiş, iqtisadi proseslərdə yüksək dinamizmin əldə olunması, əhalinin maddi rifah halının və alıcılıq qabiliyyətinin yüksəlməsi prosesini sürətləndirmişdir.
Planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına rəvac vermişdir. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ümumilikdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Heydər Əliyevin 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” və 1994-cü il 24 oktyabr tarixli “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etmişdir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəlindəki iqtisadi tənəzzül insanların həyat səviyyəsinin ümumiləşmiş göstəricisi olan əhalinin pul gəlirlərinə də mənfi təsir etmiş, 1991-1994-cü illərdə bu göstərici real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. Həmin illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalmışdı. Lakin 1995-ci ildən Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər sayəsində əhalinin gəlirləri də tədricən artmağa başlamışdır. 2003-cü ilədək ölkədə orta aylıq real əməkhaqqı 5,1 dəfə, pensiyalar 5,1 dəfə, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox artmış, habelə əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar yerinə yetirilmişdir.
Həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da, qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesi təmin edildi. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar tez bir zamanda beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlayaraq ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təminatına nail olundu.
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirdi. Dövlət Proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.
Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul olunmuşdur. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.
Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda, sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndər Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.
Ümummilli lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümimi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü idəki 29 faizdən 75 faizə yüksəlmişdir.
Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məsələsinə də xüsusi diqqət yetirən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması özəl sektora dəstək istiqamətində mühüm addımlardan biri olmuşdur. Şuranın əsas məqsədi Azərbaycanda sahibkarlığın inkişafına nail olmaq, sahibkarların dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.
Sahibkarlığa dövlət dəstəyindən söhbət açarkən, aqrar sektorda həyata keçirilmiş islahatlara da xüsusi nəzər yetirmək vacibdir. Azərbaycan iqtisadiyyatında özünəməxsus yer tutan və ölkədə sosial vəziyyətə ciddi təsir gücünə malik olan aqrar bölmədə islahatların aparılması keçən əsrin 90-cı illərinin əvvəllərində o qədər də asan məsələ kimi görünmürdü. Ötən əsrin 70-ci illərində bu sahədə yaradılmış güclü maddi-texniki baza, demək olar ki, məhv edilmiş, İttifaq respublikaları ilə əvvəllər mövcud olmuş təsərrüfat əlaqələri qırılmış, aqrar-sənaye kompleksi özbaşına buraxılmışdı. Ölkə iqtisadiyyatının mühüm sahəsini və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etmək qeyri-mümkün idi. Bu vəziyyəti yalnız aqrar sahədə köklü islahatlar aparmaqla tədricən qaydaya salmaq olardı. Bunun üçünsə, ilk növbədə, torpaqlar özəlləşdirilməli, kolxoz və sovxozlar ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatlar yaradılmalı və digər islahat tədbirləri həyata keçirilməli idi. İslahatın uğurla başa çatdırılması üçün ən başlıca şərt ədalət prinsipinin, həmçinin də torpaq bölgüsündə şəffaflığın gözlənilməsi idi. Aqrar islahatlara başlanılması üçün, ilk növbədə, müvafiq normativ-hüquqi baza yaradıldı: “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, habelə “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu sahədə islahatlar üçün yaxşı zəmin formalaşdırdı.
1997-2000-ci illərdə torpaqların özəlləşdirilməsi həyata keçirildi, yeni tipli təsərrüfatlar, sahibkarlıq subyektləri formalaşdı. Yeni yaradılan təsərrüfatçılıq formalarının fəaliyyətini sonrakı illərdə ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatlarla əlaqələndirmək üçün “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və bir sıra digər qanunlar və bu qanunların tətbiqini təmin edən normativ hüquqi aktlar qəbul edildi. Bundan başqa, aqrar-sənaye kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı maşınqayırma və emal müəssisələrinin özəlləşdirilməsi və onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması prosesinə başlanıldı.
Ümumilikdə, ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkədə yeni iqtisadi sistemə uğurlu keçidi davamlı tərəqqini təmin etmişdir. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda çalışanların orta aylıq real əməkhaqqı 5,6 dəfə artmış, inflyasiyanın səviyyəsi 2-3 faizə qədər enmişdir. Bu illərdə bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçmişdir.
Hazırda özəl sektorun ümimi daxil məhsuldakı payı 82 faiz təşkil edir. Demokratikləşmə prosesinə keçid mərhələsində sahibkarlığın və xüsusi mülkiyyətçiliyin roluna verilən böyük qiymət iqtisadi cəhətdən inkişaf etmiş bir çox dövlətlərin uğurlu təcrübəsinə əsaslanır. İqtisadi cəhətdən fəal və azad, təşəbbüskar, mütərəqqi islahatlara meyilli təbəqə daim proqressiv ideyaları dəstəkləyir, inkişafı buxovlayan bürokratizmə, konservatizmə qarşı çıxır.
Heydər Əliyevdən sonra onun siyasi kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyev son 9 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.
Keçid dövrünü başa vuran respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illərdə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanmasında məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Bu məqsədlərə nail olmaq üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.
Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda regionun ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranın təsirlərinin hələ də qabarıq duyulduğu bir şəraitdə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Xalqımızın hələ neçə-neçə nəsli bu böyük məktəbdən, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Hər bir azərbaycanlı bugünkü inkişafa, firavanlığa, əmin-amanlığa, ictimai-siyasi sabitliyə, ölkəmizin dünyadakı nüfuzunun artmasına görə ümummilli liderimiz Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə borcludur. Ölkə vətəndaşları ürəkdən inanırlar ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla, uğurla davam etdiriləcəkdir. Qədirbilən xalqımız öz ümummilli liderini daim böyük məhəbbət və ehtiramla anacaq, bu dahi şəxsiyyətə olan sədaqətinin ifadəsi olaraq onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəkdir.
Qüdrət KƏRİMOV,
“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.