Dekabrın 5-də ABŞ Nümayəndələr Palatasının Beynəlxalq Məsələlər Komitəsinin Avropa və Avrasiya altkomitəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilmişdir.
Dinləmələrdə altkomitəni onun sədri Den Berten (İndiana ştatı), konqresmenlər Qreqori Miks (Nyu-York ştatı), Cin Şmidt (Ohayo ştatı), Eliot Engel (Nyu-York ştatı), Deyn Roxrabaxer (Kaliforniya ştatı) təmsil etmişlər. Dinləmələrdə “Heritage Foundation” Tədqiqat Mərkəzi yanında Ketrin və Şelbi Kallom Devislər adına Beynəlxalq Araşdırmalar İnstitutunun böyük elmi işçisi Ariel Koen,“ American Enterprise” İnstitutunun təmsilçisi, elmlər doktoru Maykl Rubin, “Middle East” İnstitutunun nümayəndəsi, professor Aleks Vatanka, Hayfa universitetinin professoru, Cənubi Qafqaz və Xəzər regionu üzrə ekspert Brenda Şeffer çıxış etmişlər.
Altkomitənin sədri Den Berton dinləmələri açaraq bu regionun Cənubi Qafqazda və bütövlükdə regionda təhlükəsizlik məsələləri üzrə altkomitənin maraqlarına uyğun və Birləşmiş Ştatlar üçün mühüm olduğunu xatırlatmışdır. Cənab Berton bildirmişdir ki, ABŞ qətiyyətli olmalı və regionda öz müttəfiqlərinə kömək etməlidir. Altkomitənin üzvləri Qreqori Miks və Cin Şmidt təsdiqləmişlər ki, bu regionda təhlükəsizlik milli təhlükəsizlik məsələsidir.
Panel müzakirələrinin iştirakçıları ABŞ Nümayəndələr Palatasının beynəlxalq məsələlər komitəsinin Avropa və Avrasiya altkomitəsi tərəfindən qaldırılmış məsələ ilə bağlı sualları cavablandıraraq regionda siyasi şərait, təhlükəsizlik və iqtisadi əməkdaşlıq problemləri barədə söhbət açmış, öz tövsiyələrini bildirmişlər.
Professor Brenda Şeffer xatırlatmışdır ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal edilməsi bu regionun əsas problemlərindən biridir. Xanım Şeffer qeyd etmişdir ki, Şimali Osetiya və Abxaziya kimi Dağlıq Qarabağ da qeyri-legitim rejim tərəfindən idarə edildiyi üçün o, ABŞ-ın radarından kənardadır, bu isə həmin ərazilərdə qeyri-leqal fəaliyyətə şərait yaradır. Doktor Şeffer demişdir: “Dağlıq Qarabağdakı rejimə maliyyə yardımı ayrılması qanunların açıq-aşkar pozulması deməkdir”.
Ariel Koen öz nitqində ABŞ hökumətinə təhlükəsizlik məsələlərinə dair tövsiyələr vermiş, həmçinin Trans–Anadolu qaz kəməri layihəsinin reallaşdırılması üçün Azərbaycana və Türkiyəyə kömək tədbirlərini gücləndirməyi məsləhət görmüşdür.
Maykl Rubin qeyd etmişdir ki, ABŞ-ın milli maraqları baxımından Ermənistan zəif bənd kimi çıxış edir. Erməni nüvə alimlərinin İranın nüvə proqramında potensial iştirakı, habelə 2003-cü ildə Ermənistanın silah alaraq onu məxfi şəkildə İrana satması bu fikri təsdiqləyən nümunələrdir.
Panel müzakirələrinin iştirakçıları diskussiyanın sonrakı hissəsində altkomitə üzvlərinin bir sıra suallarını cavablandırmışlar. Konqresmen Eliot Engel Amerika mətbuatında Azərbaycanın, guya, onun ərazisindəki hərbi bazalardan İsrailin İrana qarşı istifadə etməsinə icazə verməsi barədə məlumatlarla əlaqədar sual vermişdir. Doktor Şeffer bu sualın cavabında bildirmişdir ki, belə əsassız bəyanatlar naməlum mənbələrə istinad edir və dezinformasiyadan başqa bir şey deyildir. Konqresmen Miks Türkiyə–Ermənistan protokolunun perspektivləri ilə maraqlanmışdır. Aleks Vatanka və Brenda Şeffer bu məsələni şərh edərək bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən və Azərbaycan ərazisinin işğalına son qoyulmadan bu cür sazişlər həddən artıq radikal təsir bağışlayar və onlar Bakının mənafelərinə uyğun deyildir.
Sonda Cin Şmidt qeyd etmişdir ki, ABŞ Azərbaycanı hərtərəfli dəstəkləməlidir, çünki Azərbaycan təkcə neft sənayesini inkişaf etdirməklə kifayətlənməyib, həm də beynəlxalq təhlükəsizliyin dəstəklənməsinə kömək edən Qərbi Avropa kimi regionlara enerji resurslarının şaxələndirilməsini nəzərdə tutur.
Dinləmələrdə ARDNŞ-in vitse-prezidenti Xaliq Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə, ARDNŞ-in ABŞ-dakı nümayəndəsi Rauf Məmmədov, ABŞ Azərbaycanlılar şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı, “The Turquoise Council of American and Eurasians” təşkilatının direktoru Kamal Öksüz, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin nümayəndələri iştirak etmişlər. Zalda Amerika Erməni Milli Komitəsinin üzvləri də vardı. Onlar Ermənistanın regionda qeyri-konstruktiv siyasəti barədə bütün neqativ bəyanatları eşitmişlər.
Yusif BABANLI
AzərTAc
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.