Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib

Ümummilli liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb.

Ümummilli liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi və siyasi əsaslarının möhkəmləndirilməsində, dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində, sözün həqiqi mənasında, böyük işlər görüb. Ulu öndərimizin həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda həyata keçirdiyi layihələri, reallaşdırdığı bütün işləri sadalamaqla qurtaran deyil. Bu böyük və bənzərsiz ŞƏXSİYYƏT millətini bütün bəlalardan hifz edərək qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib.

Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Bu səbəbdən də, Heydər Əliyevin adı bu gün, həqiqətən, Azərbaycan dövlətinin rəmzi kimi səslənir. Bugünkü güclü, qüdrətli Azərbaycanı o, öz əlləri ilə qurub-yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Ümummilli liderimiz ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyalarını işləyib hazırlayıb və reallaşdırılmasını təmin edib. Ona görə də, xalqımız Heydər Əliyev kimi ümummilli lideri ilə fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etdi. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Xüsusi intellektual təbəqənin formalaşdırılması istiqamətində normativ baza yaradıldı və buna müvafiq olaraq praktik müstəvidə əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Belə ki, azərbaycanlı tələbələr Moskva, Leninqrad, Xarkov, Kiyev, Minsk, Voronej və s. şəhərlərdə fəaliyyət göstərən nüfuzlu ali təhsil müəssisələrində öz təhsillərini başa vuraraq ölkəmizə qayıdır və kadr potensialı kimi müxtəlif sahələrdə çalışırdılar. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.

Ulu öndər Heydər Əliyev təhsil sektorunun inkişafının zərurətini məhz bu cür dəyərləndirirdi: “Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər onlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç vaxt unutmamalıyıq”.

Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Əgər o zamanadək Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış ölkə kimi səciyyələndirilirdisə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və 70-ci illərin sonu-80-ci illərin əvvəlində bütün sahələrdə mütəmadi inkişaf meyilləri qeydə alındı.

Bununla yanaşı, siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu.

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyəti və misilsiz xidmətləri müstəqillik illərində də özünü göstərdi. Hələ 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasındakı hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.

Mövcud durum 1991-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Ali Sovetin sədri seçilən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə  Heydər Əliyevin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımızın qaldırılması, milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərarın qəbul edilməsi, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, Naxçıvanda Kommunist Partiyasının fəaliyyətinin dayandırılması  Sovet ordusu, əsgəri birliklərinin Naxçıvan ərazisindən çıxarılması ilə Naxçıvan MR-in müstəqil inkişafı üçün ilkin zəmin yaradıldı və sabitliyə real təhdid yaradan faktorların neytrallaşdırılması istiqamətində mühüm işlər görüldü.

O zaman Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin “marionetka”ları qismində çıxış edən hakimiyyətdəki “piyada”lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin muxtar respublikada etdiyi çevriliş cəhdi oldu. Amma ulu öndər Heydər Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin qarşısı alındı.

Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Tarixi faktdır ki, 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Keçmiş SSRİ-yə daxil olan respublikalarda öz müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək verdikləri halda, başda Ayaz Mütəllibov olmaqla o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi.

Eyni zamanda, özlərini xalqın təmsilçiləri adlandıran bir qrup “demokratlar” aralarındakı anarxist və ambisioz münasibətlərə görə məqsədyönlü fəaliyyət göstərə bilmir, konkret nəticə əldə etmək üçün ardıcıl mübarizə apara bilmirdilər. Bu da nəticə etibarilə Azərbaycan xalqının müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi. Bir sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi.

Beləliklə, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra daha kəskin problemlər və kataklizmlərlə qarşı-qarşıya qaldı. O zamankı hakimiyyətin müstəqilliyə etinasız yanaşaraq və xalqımızın ali maraqlarını ayaqlar altına ataraq Azərbaycanı Rusiyanın forpostuna çevirmək uğrunda xüsusi fəallıq nümayiş etdirməsi və Moskvadan verilən tapşırıqlar əsasında hərəkət etməsi, bütün bunların fonunda isə yanlış strategiya seçməsi ilk növbədə torpaqların itirilməsinə xüsusi şərait yaratdı. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə bilməyəcəyini anlayan Mütəllibov hakimiyyəti çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması mənasına gəlmirdi.

Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin “piyada”sı kimi çıxış etməkdən başqa, xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Məhz, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri və xarici imperialist güclərin maraqlarına xidmət etmələri nəinki qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsini mümkün etmədi, eləcə də ölkəni fərqli korporativ maraqlara malik olan subyektlərin mübarizə meydanına və ideoloji poliqonuna çevirdi. Belə bir durum isə 1993-cü ilə, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik və anarxist meyilllərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Təbii ki, ölkənin düşdüyü xaotik vəziyyətdən çıxarılmasında ulu öndər Heydər Əliyevin şəxsi keyfiyyətləri, idarəçilik bacarığı ilə yanaşı, yenicə yaradılmış Yeni Azərbaycan Partiyası da əhəmiyyətli rol oynadı.

Burada haşiyəyə çıxaraq vurğulayım ki, həmin vaxt yaranmış mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə YAP-ın yaradılması ilə bağlı müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə də, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi.

Ümumiyyətlə, YAP-ın yaranması, ümummilli lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.

Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

O dövrdən başlayaraq, Azərbaycan xaos və anarxiya mərhələsini arxada qoyaraq, yeni inkişaf erasına daxil oldu. Bu yolda isə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası əhəmiyyətli rol oynadı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf və tərəqqi strategiyasının mühüm istiqamətlərindən birini də müstəqil enerji siyasəti təşkil edir. Heç şübhəsiz, ümummilli liderin uzaqgörən enerji siyasətinin fonunda milli sərvətimiz milli mənafeyə yönləndirildi və bunun sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı daha da sürətləndi, eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandı və bununla da dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətli irəliləyişin əsasını qoymuş oldu.

Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində “Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi strategiyanın fonunda milli təhlükəsizliyə real və potensial təhdid yaradan ünsürlərin neytrallaşdırılması, münasibətləri sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası antaqonist əlaqələrə son qoyularaq ümumi konsensusun əldə edilməsi, parlament və hökumət böhranı şəklində təzahür edən və mürəkkəb siyasi-hüquqi kataklizmlərlə müşayiət edilən daxili siyasi böhranın aradan qaldırılması və ümumilikdə ictimai-siyasi sabitliyin təmin edilməsi artıq qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu vəzifəsinin fonunda növbəti strateji istiqamətlərin müəyyən edilməsini diktə edirdi. Bu istiqamətlər sırasına siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, legitimləşdirmə tendensiyasının sürətləndirilməsi fonunda siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr aid idi. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Məhz sadalanan vəzifələrin yerinə yetirilməsi istiqamətində hüquqi-normativ bazanın yaradılması strateji əsas oldu. Beləliklə, xalqımızın əbədiyaşar lideri Heydər Əliyevin gərgin əməyi sayəsində 1995-ci il noyabr ayının 12-də xalq referenduma gedərək öz dövlətçiliyinin əsas hüquqi istiqamətlərini müəyyənləşdirəcək başlıca siyasi-hüquqi sənəd olan Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdi.

Yeni Konstitusiya dövrün tələbləri, reallıqları və qanunauyğunluqlarına görə mükəmməl və təkmil siyasi-hüquqi sənəd idi. Konstitusiyanın hazırlanmasında dünya dövlətlərinin konstitusiya təcrübəsindən geniş istifadə edilməsi ilə yanaşı, respublikamızın tarixi ənənələri, spesifik özəllikləri və xalqımızın mentaliteti də nəzərə alınmışdı. Ana Qanunda bütün demokratik prosedurlar və prinsiplər öz əksini tapmış, eləcə də, insan və vətəndaş hüquq və azadlıqları geniş surətdə təsbit edilmişdi (Konstitusiyanın 48 maddəsi, yəni, üçdəbiri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdi). Hakimiyyət bölgüsünün (qanunverici, icraedici və məhkəmə hakimiyyəti) təsbit edilməsi isə hakimiyyətin effektivliyinin artırılmasına xüsusi şərait və zəmin yaradan hüquqi əsas idi. Məhz bunların fonunda ictimai-siyasi institutlaşma prosesinə də start verildi. Ümumxalq səsverməsi - referendum əsasında ölkə konstitusiyasının qəbul edilməsindən sonra qarşıda duran ictimai-siyasi institutlaşma vəzifəsinin fonunda parlament seçkilərinin keçirilməsi istiqamətində strateji addımlar atıldı.

Ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, əməlləri, yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaradıb. Sevindirici haldır ki, ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir. Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, cənab İlham Əliyev dövlət sükanı arxasına keçdikdən sonra Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.

Xalq İlham Əliyevə səs verməklə, əslində, Heydər Əliyev kursunun davamına, Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər neftinin çoxvariantlı marşrutla dünya bazarına çıxarılmasına, tikinti, quruculuq və abadlıq işlərinin daha da genişləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, Azərbaycanın Cənubi Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına, güclü və müasir ordu quruculuğuna, bütövlükdə Azərbaycanın sürətli və davamlı inkişafının yeni mərhələyə qaldırılmasına, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. Ona görə də, Prezident İlham Əliyev fəaliyyətinin ilk günlərindən xalqın sonsuz məhəbbətini qazandı - müdrik siyasəti, Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və uzaqgörənliyi, xalqına olan sonsuz sevgisi ilə!

 

Siyavuş NOVRUZOV,
YAP icra katibinin müavini,
Milli Məclisin Intizam komissiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında