Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqil dövlət quruculuğu prosesinə başlanıldı, bütün sahələrdə islahatların aparılmasına start verildi.

 

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqil dövlət quruculuğu prosesinə başlanıldı,  bütün sahələrdə islahatların aparılmasına start verildi. Bu dövrdə xalqımızın nail olduğu ən böyük uğurlardan biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşması nəticəsində dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatının birgə işlənilməsinə cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.

Bu gün Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması mövcud iqtisadi potensialımızı daha da artırmışdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yeri qoymur. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Xəzər dənizi-Qara dəniz-Baltik dənizi arasında regional əməkdaşlıq layihəsinin də gerçəkləşməsi layihədə iştirak edən ölkələrin iqtisadi imkanlarının daha da artmasına gətirib çıxaracaq. Tərəfdaş ölkələrlə birgə çəkilən neft və qaz kəmərləri Azərbaycana təchizat marşrutlarını şaxələndirməyə, iqtisadi və sosial tələbatları ödəməyə imkan yaradır. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir.

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Başqa sözlə, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı. Hazırda Azərbaycan neftini və qazını müxtəlif istiqamətlərə nəql edən 7 boru kəməri var. Bu kəmərləri genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün geniş imkanlar mövcuddur. Həm də sirr deyil ki, Azərbaycan dövləti neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləmişdir.

Məlumdur ki, Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyə qədər neft sahəsində bütün iri layihələr icra edildiyi üçün hazırda respublikamız özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. Bunun nəticəsi olaraq son bir neçə ildə ölkəmizdə təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artmışdır. “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında mühüm hadisə olmuşdur.

Onu da xatırladaq ki, 2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlanan “Ümid” yatağı ölkəmizin enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün böyük hadisəyə çevrildi.  Bu yatağın kəşfi  ölkəmizi dünyada təkcə neft yox, eyni zamanda, təbii qazla zəngin olan dövlət kimi  tanıtdı. Digər tərəfdən, bu yataq ölkəmizi istəməyənlər tərəfindən Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunan informasiyalara son qoydu. Burada kəşf edilən qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük töhfə verdi.

Başqa  bir məqama da diqqət yetirək. Xəzərin  Azərbaycan sektorundakı “Abşeron”  blokunda Fransanın “Total” şirkəti tərəfindən aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağının olduğu aşkar edilmişdir. İlkin hesablamalarına görə, “Abşeron” yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu, Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti sübutudur. “Abşeron”müstəqillik dövründə Xəzərin Azərbaycan sektorunda kəşf olunan 3 ən böyük qaz yatağından biridir. Prezident İlham Əliyev  “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə demişdir: “Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır”.

Heç şübhəsiz ki, Xəzərdə yeni qaz yataqlarının aşkar edilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirməklə əhəmiyyətini də artırır. Mütəxəssislərin qənaətinə görə, Avropanın enerji təhlükəsizliyi istiqamətində Azərbaycan böyük perspektivlərə malikdir. Yaxın illərdə “Şahdəniz”də qaz ixracı maksimum mərhələyə çatacaqdır. Təbii ki, o zaman enerji təhlükəsizliyi Avropanı indikindən daha da çox düşündürən aktual məsələ kimi qarşıda duracaqdır.

Yeri gəlmişkən, təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoymuşdur. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir.

Avropanın enerji təhlükəsizliyi istiqamətində Azərbaycanın böyük perspektivlərə malik olması barədə bu il dekabrın 6-da İstanbulda Xəzər Strateji İnstitutu, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Türkiyə Nazirlər Kabineti yanında Sərmayələrin Dəstəklənməsi və İnkişafı Fondu, ABŞ-ın Brookings İnstitutunun təşkilatçılığı ilə keçirilən Xəzər forumunda da ətraflı danışılıb. Forumda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin neft strategiyası və bu dahi şəxsiyyətin təşəbbüsü və iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” respublikamızın neft sektoruna 50 milyard dollar, iqtisadiyyata isə 120 milyard dollar investisiya qoyulmasına şərait yaratmışdır. Mühüm transmilli layihələrə imza atan Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. Digər tərəfdən, regionun davamlı inkişafı üçün Xəzər hövzəsinin bütün dövlətləri üzərlərinə düşən vəzifələri yerinə yetirməli, bölgədə mövcud olan separatçılığa son qoyulmalı və münaqişələr öz həllini tapmalıdır. Konkret olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. 

Forumda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev  son 20 ildə ölkəmizin enerji sektorunun dünyada bu sahədə baş verən proseslər fonunda inkişafından danışmış, həyata keçirilən enerji layihələri, ulu öndər Heydər Əliyevin neft strategiyasının  Avropanın və qardaş Türkiyənin enerji təhlükəsizliyi, habelə iqtisadiyyatına verdiyi töhfələrdən ətraflı bəhs etmişdir. OPEK və Rusiya xaricində ilk dəfə olaraq müstəqil neft ixracatçısına və mühüm oyunçuya çevrilən Azərbaycanın qardaş Türkiyə ilə həyata keçirdiyi TANAP layihəsi bu strategiyanın daha bir uğurlu nəticəsidir.

ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts Ermənistan-Azərbaycan münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tez bir zamanda həllinin zəruriliyini vurğulamışdır. R.Qeyts demişdir ki, ABŞ və Azərbaycan Xəzər hövzəsində təhlükəsizliyin təmin olunması üçün faydalı əməkdaşlıq edirlər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə Avropanın və dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə olmuşdur.

Türkiyə xarici işlər nazirinin müavini Naci Koru, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız  da dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Xəzər regionunda sülhün və sabitliyin bərqərar edilməsinin zəruri olduğunu vurğulamışlar.

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  “Xəzər hövzəsi və iqtisadi inkişaf: Böyük İpək yolunun bərpası, şaxələndirmə və davamlı inkişaf” mövzusunda bölmə iclasında çıxış edərək Xəzər hövzəsinin geostrateji əhəmiyyətindən ətraflı söhbət açmışdır. Bu regionda yerləşən 5 ölkənin xalqlarının tarixində islam və xristianlığın vəhdətinin olduğunu diqqətə çatdıran Əli Həsənov demişdir ki, dünyanın ən azı 200 illik neft-qaz ehtiyaclarını təmin edəcək Xəzər regionu geoiqtisadi kontekstdə də dünya üçün ən mühüm məkanlardan biridir. SSRİ-nin süqutundan sonra bu regionda yeni geostrateji vəziyyət yaranmışdır. Müxtəlif güclərin maraqlarının kəsişdiyi bölgədə Azərbaycan həm neytral siyasət yürüdür, həm də bölgənin təhlükəsizliyinə töhfə verir. Məhz ulu öndər Heydər Əliyevin neft strategiyası nəticəsində ölkəmiz Xəzərdə ilk dəfə olaraq İran və Rusiya xaricində öz sərvətinin sahibi kimi çıxış etmiş və karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmağa nail olmuşdur. Bu məsələdə ümummilli liderimiz “bir millət, iki dövlət” kimi xarakterizə etdiyi qardaş Türkiyə ilə birgə hərəkət etmişdir. Ulu öndərin müdrik siyasəti nəticəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri bunun bariz nümunəsidir. Bu boru kəməri, eyni zamanda, Bosfor boğazında tankerlərin sıx hərəkəti ucbatından təhlükə ilə üz-üzə qalmış İstanbulu da xilas etmişdir. Təsadüfi deyildir ki, bu şəhərdə ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Atatürk İstanbulu düşməndən xilas etmiş, Heydər Əliyev isə onu ekoloji fəlakətdən qurtarmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirməklə Azərbaycanın iqtisadi cəhətdən güclü dövlətə çevrilməsini təmin edəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında