Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda yerləşən Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Rumi Forumunda “Azərbaycan Avrasiyada İpək yolunun mərkəzi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirmişlər ki, diplomat tarixi “İpək yolu”nun bərpası təşəbbüsündə ölkəmizin rolundan danışmışdır. Səfir məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda 32 ölkədən, 13 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakı ilə böyük “İpək yolu”nun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırmışdır.
E.Süleymanov tarixi “İpək yolu”nun məzmununun dəyişib daha qlobal xarakter aldığını bildirərək hazırda həyata keçirilən regional enerji və infrastruktur layihələrinin “İpək yolu”nun uzandığı marşrut üzrə çəkildiyini əlavə etmişdir. Diplomat iki qitə arasında yük daşımalarını həyata keçirən Azərbaycanın aviaşirkətlərindən birinin də rəmzi olaraq “Silk Way Airlines” adlandırıldığını bildirmişdir. Səfir vurğulamışdır ki, “İpək yolu”nun əsas nəqliyyat və ticarət qovşaqlarından biri olan Azərbaycanda hazırda Bakı-Tbilisi-Qars dəmir yol xətti, eləcə də Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi tikilir.
Regional əməkdaşlığın inteqrasiya proseslərinin əsasında dayandığını bildirən diplomat Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərin yalnız maddi mənfəətlə məhdudlaşmadığı, eyni zamanda, uğurlu regional məkanın qurulmasına xidmət etdiyini qeyd etmişdir. Azərbaycanın qonşu dövlətlər - Türkiyə və Gürcüstan ilə əməkdaşlığının qarşılıqlı faydalı olmasının və hər üç dövlətin sonrakı iqtisadi inkişafına töhfəsinin danılmaz fakt olduğunu əlavə etmişdir.
Regionun Qərbə açılmasının əsasını qoyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindən danışan E.Süleymanov bu layihənin hazırda gündəmdə olan digər enerji layihələrinə - “Cənub dəhlizi” təşəbbüsünün gerçəkləşməsinə təkan verdiyini bildirmişdir. Səfir Avropa İttifaqının əsasında da Polad Birliyinin dayandığını xatırladaraq bu, xüsusda “Cənub dəhlizi” layihəsinin region dövlətləri üçün geniş imkanlar açdığını vurğulamışdır.
Regionun hərtərəfli inkişafında əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin olduğunu vurğulayan diplomat Ermənistanın işğalçılıq siyasətinə son qoyarsa bu layihələrə cəlb edilməsində heç bir əngəl olmadığını diqqətə çatdırmışdır. Ermənistan hakimiyyətinin münaqişənin nizamlanmasında tutduğu qeyri-konstruktiv mövqenin həm bu ölkənin regional inteqrasiya proseslərindən kənarda qalması, həm də erməni xalqının yaşayışının gündən-günə pisləşməsi ilə nəticələndiyi təəssüflə qeyd edilmişdir.
İyirmi bir il ərzində Azərbaycanın iqtisadi və sosial inkişafının, eləcə də beynəlxalq arenada nüfuzunun yüksəlməsində ölkə rəhbərliyinin uğurlu siyasi xəttin yürüdülməsinə sadiqliyə söykənən uzaqgörən strateji baxışının mühüm rol oynadığını bildirən E.Süleymanov dövlətimizin daim öz maraqlarından çıxış etdiyini demişdir. Diplomat “İpək yolu”nun yalnız regionları birləşdirən fiziki yol deyil, həm də mədəniyyətləri bir araya gətirən, sivilizasiyalar arasında körpü yaradan platforma olduğunu və Azərbaycanın da bu prosesə töhfə verdiyini vurğulamışdır.
Sonda auditoriyanın suallarını cavablandıran diplomat Azərbaycanın Rusiya, İsrail və İran ilə münasibətlərindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda həm rus, həm də İran xalqlarının zəngin mədəni irsinə böyük hörmət vardır. İsraillə münasibətlər isə tarixi köklərə malikdir və Azərbaycanda məskunlaşmış yəhudi icması ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir.
Vaşinqtonda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Asim Mollazadə ölkəmizin “İpək yolu”nun üzərində yerləşməsinin sosial-iqtisadi və mədəni mühitin formalaşmasına müsbət təsirlərindən danışmışdır.
Yusif BABANLI
AzərTAc
Vaşinqton
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.