“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda səslənən fikirlər də bunu təsdiqləyir
Müdrik şəxsiyyət Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan hazırda dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Ölkəmiz bu gün beynəlxalq aləmdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, iqtisadi yüksəlişin məkanı və mühüm əhəmiyyətli tədbirlərin keçirildiyi mərkəz kimi tanınır. Bu, ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində sürətlə inkişaf edən müstəqil dövlətimizin real mənzərəsidir. Müstəqilliyimizin 21 illik tarixində respublikamızın nail olduğu uğurlar bir daha təsdiqləyir ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, yüksək dinamizmlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda tərəqqi və yüksəliş dövrünü yaşayır. Sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkəmizi beynəlxalq aləmdə aparıcı dövlətlərdən birinə çevirib. Respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik dəyərlərə, qanunçuluğa və hüquq qaydalarına ciddi şəkildə riayət olunmasına söykənir. Ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, davamlı ictimai - siyasi sabitliyin qorunub saxlanılması inkişaf etmiş dövlətlərin, həmçinin iri şirkətlərin sərmayə axınını daha da sürətləndirmişdir. Bu da sürətli iqtisadi tərəqqinin başlıca amillərindən biri kimi dəyərləndirilir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda lider dövlətdir. Müstəqil xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda keçirilən “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda da bu barədə ətraflı söhbət açılmışdır. Konfransda səslənən fikirlər bir daha təsdiqlədi ki, bu gün ölkəmiz dünya birliyinə sürətlə inteqrasiya edir, mövqelərini getdikcə möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Həyata keçirilən düşünülmüş və məntiqli xarici siyasətin nəticəsi olaraq Azərbaycan demokratik dəyərlərə yiyələnmiş, nüfuzlu və mötəbər beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirmiş, bu qurumların aparıcı üzvlərindən birinə çevrilərək özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi düşüncəsi sayəsində onun müəyyənləşdirdiyi prinsiplər uğurla həyata həyata keçirilmiş, bunun da nəticəsində ölkədə yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Konfransda çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məhz bu məqamları xüsusi vurğulayaraq demişdir: “...Əslində, Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun inkişaf perspektivinə, onun dünyaya siyasi və iqtisadi inteqrasiyasına yardım göstərmişdir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açmış, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir. Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun vermişdir. Məhz qlobal və regional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı. İlk növbədə, Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verdi. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Azərbaycan öz sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir”.
Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş siyasi və iqtisadi strategiyası ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirdi. Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyan ölkəyə çevrildi. Möhtərən Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. Bu illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enmişdir. Ölkə vətəndaşlarını ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması istiqamətində dövlət başçısının verdiyi vədlər layiqincə yerinə yetirilmiş və son doqquz il ərzində Azərbaycanda bir milyondan çox yeni iş yerləri yaradılmışdır. Bir vaxtlar Azərbaycan vətəndaşları iş axtarmaq üçün xarici ölkələrə üz tuturdularsa, indi xarici ölkə vətəndaşları işləmək üçün bizim respublikamıza gəlirlər. Regionlarda tikilib istifadəyə verilmiş hər cür infrastruktura malik sənaye və istehsal müəssisələri dünya standartlarına uyğunlaşdırılıb. Son illərin təcrübəsi və qazanılan uğurlar da təsdiqləyir ki, Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır. Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu təşkilatlarının hazırladıqları reytinq cədvəllərində ölkəmizin adı öncül yerlərdə qərarlaşır. Fakt üçün diqqətə çatdıraq ki, Dünya İqtisadi Forumunun dərc etdiyi “Qlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuşdur.
Dünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. “Standard and Poors” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq, nüfuzlu “Standard and Poors” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu “stabil”dən “pozitiv”ə yüksəltmişdir.
Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair “Doing Business - 2009” hesabatında Azərbaycan 181 ölkə arasında islahatçı ölkə elan edilib. Bununla hesabatın tərtib edilmə tarixində ən böyük rekord müəyyənləşdirilmiş, ölkəmiz MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Prezident İlham Əliyevin məntiqli və davamlı islahatları sayəsində Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycanda aparılan demokratik islahatlar ölkəmizin dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə də xidmət etmişdir. Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət proqramları beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Avropa İnsan Hüquqları Konvensiyasına qoşulan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilmiş, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin etmişdir. Bütün bu nailiyyətlərin nəticəsidir ki, müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçilmişdir. Azərbaycan BMT-nin sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunmuş və dünyada yüksək tribuna qazanmışdır. Bu, ölkəmizin dünya birliyində qazandığı etimadın, inamın təzahürüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçilməsini ölkəmizin müstəqillik tarixində ən yüksək uğuru kimi dəyərləndirərək demişdir: “Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir”.
Ölkəmizin qazandığı tarixi uğurları qoruyub saxlamaq və daha da inkişaf etdirmək, həmçinin dünya miqyasında öz mövqelərini daha da gücləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə fərman imzalamışdır. Respublikamız üçün tarixi əhmiyyətli sənəd hesab edilən konsepsiya 2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir. Akademik Ramiz Mehdiyev bu sənədin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq demişdir: “İlk növbədə qeyd etməliyik ki, təqdim olunan konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva etmişdir”.
Akademik vurğulamışdır ki,“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır. Qeyd olunmuşdur ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Bu da böyük tarixi şəxsiyyətin siyasi kursunun alternativinin olmamasının təzahürüdür.
Ölkəmizin sürətli inkişaf yolunda inamla irəliləməsi dünya miqyasında yüksək qiymətləndirildiyi halda, bəzi antiazərbaycan dairələrinin bundan qısqanclıq hissi keçirmələri təəssüf doğurur. İşdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmış bir qrup narazı adamın “Azərbaycan Ziyalılar Cəmiyyəti” adı altında düşmən dəyirmanına su tökmələri, bütövlükdə azərbaycanlıların maraqlarına zidd olaraq Moskvada yaradılmış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının və İctimai Palata adlı qondarma qurumun üzvlərinin qeyri-ciddi bəyanatlarla çaşqınlıq yaratmaq cəhdləri baş tutmayacaq. Çünki ölkəmizin sürətli inkişafı, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qəbul edilən dövlət proqramları xalqın Prezidentin ətrafında daha sıx birləşməsini təmin etmişdir. Bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.