Azərbaycan regionda və dünyada mühüm söz sahibinə çevrilir

Dövlət müstəqilliyinin 21-ci ildönümünü yenicə qeyd etmiş Azərbaycan Respublikasının regiondakı və dünyadakı nüfuzu ildən-ilə deyil, aydan-aya, gündən-günə artmaqdadır. Bu tendensiya əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli, müstəqil, dövlətimizin geostrateji maraqlarını maksimum təmin edən xarici siyasət nəticəsində reallaşır. Bugünkü Azərbaycanın daxili və xarici siyasəti də xalqımızın maraqlarına, milli mənafelərimizin təmin olunmasına, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, rəsmi Bakının dünya siyasətində söz sahibinə çevrilməsinə xidmət edir. 
Bu ilin fevral ayında Azərbaycanın Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan Nüvə Təhlükəsizliyi üzrə Zirvə Toplantısında təmsil olunması da, onun qüdrətindən, dünyadakı nüfuzundan xəbər verir. Çünki qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl və inkişaf səviyyəsi çox yüksək qüdrətli, nüfuzlu dövlətləri iştirak edirdilər. Artıq Azərbaycan da həmin dövlətlər sırasında öz yerini alıb. Bundan əvvəl isə, 2011-ci il oktyabrın 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasına Şərqi Avropadan qeyri-daimi üzv seçilmişdi. Bu da onun dünyada böyük nüfuz qazanmasından xəbər verir.
Bu prosesi bir daha yada salaraq qeyd etmək yerinə düşər ki, dünya təhlükəsizlik sistemini idarə edən mötəbər qurumun qeyri-daimi üzvü seçilmək üçün ölkəmiz çox gərgin bir mübarizəni, deyərdik ki, ölkələrin dünyadakı nüfuz mübarizəsi mərhələsini uğurla sona çatdırmışdı. Məhz həmin səsvermə, dünya ölkələrinin seçim prosesi çox şeyi ifadə edir. Belə ki, səsvermənin gedişində biz 116 səs topladıq, sona qalan digər namizəd - Sloveniya isə cəmi 77 səs ala bildi. Xatırladaq ki, Sloveniya həm Avropa Birliyinin, həm də NATO-nun üzvüdür. Buna rəğmən, hər dəfə səsvermə keçiriləndə Sloveniya daha az səs aldığı üçün Azərbaycan ilə sonadək rəqabət aparmaqdan çəkindi.
Məlumdur ki, sonuncu səsvermədə ölkəmiz daha bir uğura imza ataraq, ona dəstək verən dövlətlərin sayını daha da artırdı və BMT üzvü olan 193 ölkənin 155-i respublikamıza səs verdi. Bununla Azərbaycan dünya təhlükəsizlik sistemində, dünya idarəçiliyində iştirak hüququ qazandı. Aparıcı dövlətlərin liderləri, tanınmış ekspertlər bu hadisəni ümumilikdə ölkəmizin diplomatiya tarixində ən böyük uğur kimi qiymətləndirdilər.
Ötən bir il ərzində Azərbaycan dünyada gedən qlobal məsələlərin həllində fəal rol oynadı. Ölkəmiz bu ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Bu, Azərbaycanın xarici siyasətində böyük dünya miqyaslı siyasi-diplomatik hadisə kimi yadda qaldı. Respublikamızın dünyanın ən mötəbər və ən vacib qurumuna rəhbərlik etməsi, beynəlxalq aləmdə qazanılan uğurun növbəti təntənəsi kimi qiymətləndirildi. Məmnuniyyətlə qeyd etmək istərdik ki, gələn ilin oktyabr ayında Azərbaycan yenidən bu mötəbər quruma sədrlik edəcəkdir.
Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun Avropa ilə Asiyanın qovuşuğunda yerləşən bir ölkə kimi dünyanın bütün güc mərkəzlərinin və aparıcı dövlətlərin diqqət mərkəzindədir. Artıq dünya birliyi etiraf edir ki, bu gün ölkəmiz bölgədə regional baxımdan sabitləşdirici amil rolunu oynayır. Bunun bir səbəbi də odur ki, Azərbaycan Cənubi Qafqazda həm də dünya əhəmiyyətli bir sıra mühüm siyasi və iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış etmiş və bu layihələri uğurla reallaşdırmışdır.
Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan və ölkəmizi regionda, dünyada söz sahibinə çevirən Bakı - Tbilisi - Ceyhan neft boru, Bakı - Tbilisi - Ərzurum qaz ixrac kəmərləri bunun ən bariz nümunəsidir. Bu gün Bakı - Tbilisi - Qars dəmir yolu xəttinin inşasının davam etdirilməsi, Trans-Anadolu qaz boru kəmərinin tikintisi barədə siyasi iradənin nümayiş etdirilməsi Azərbaycanın regiondakı və dünyadakı mövqelərini daha da möhkəmləndirir.
Çünki biz qədim İpək Yolu üzərində yerləşirik və Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası, bu xəttin Xəzər dənizi vasitəsiylə Avro-Asiya regionunu birləşdirməsi, bütövlükdə böyük bir region arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəkdir. Trans-Anadolu qaz boru kəmərinin isə Xəzər hövzəsindəki təbii qaz ehtiyyatlarının Avropaya çatdırılmasında həlledici rol oynayacağı indidən dünyanın bütün iqtisadçıları və siyasətçiləri tərəfindən bəyan edilir.
Ölkəmizin böyük nüfuz qazanmasının digər bir səbəbi də odur ki, rəsmi Bakının yürütdüyü xarici siyasət region və dünya dövlətlərinin üst-üstə düşən və kəsişən maraqlarının uzlaşdırılmasını, uğurlu qarşılıqlı əməkdaşlığın qurulmasını, bununla da sülhün, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsini və regional inkişafın sürətlənməsini təmin etmişdir. Bu gün respublikamız strateji müttəfiqləri ilə əlaqələrini genişləndirir, özünün milli maraqlarını ön planda tutaraq bölgə dövlətləri ilə qarşılıqlı əməkdaşlığı müasir dövrün tələbləri çərçivəsində daim inkişaf etdirir, bu zaman elmi əsaslara söykənən tarazlı xarici siyasətin həyata keçirilməsinə, mehriban qonşuluq münasibətlərinin qurulmasına xüsusi önəm verir. Buna görə də Azərbaycan istisnasız olaraq bu gün regionda söz sahibinə çevrilib.
Qərb dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın yeni dünya düzənindəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu gün ölkəmiz Avropanın nüfuzlu dövlətləri - Almaniya, Fransa, İngiltərə, İtaliya, Belçika, Niderland, Polşa, Rumıniya, Bolqarıstan, Skandinaviya ölkələri və digərləri ilə tam sabit və bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaratmışdır. Bu ölkələrlə imzalanmış onlarla mühüm sənəd həmin münasibətlərin hüquqi bazasını təşkil edir. Dünyanın fövqəldövləti hesab edilən ABŞ-la münasibətlər də enerji, təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf edir. Azərbaycanın beynəlxalq terrorizmə qarşı barışmaz mövqedə dayanması Vaşinqtonda yüksək qiymətləndirilir. Ümumiyyətlə, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən dəhşətli terror hadisələrindən sonra "təhlükəsizlik sərhədləri"nin böyük Şərqi də əhatə etdiyini anlayan Qərb dövlətləri, o cümlədən Amerika ölkəmizin əvəzolunmaz tərəfdaş olduğunu bir daha bəyan etdi.
Rəsmi Bakı Şərq ölkələri ilə də qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirir. Azərbaycan ilə İsrail dövləti arasında əlaqələr daim genişlənir, əməkdaşlıq daha da dərinləşir. Ərəb Liqasına üzv olan ölkələrlə də qarşılıqlı münasibətlər müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə davam etdirilir. Bizi birləşdirən birgə dini dəyərlərimiz münasibətlərimizin inkişafına münbit zəmin yaradır. Dünyanın ən böyük dövlətlərindən biri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin Xalq Respublikası, həmçinin nəhəng intellektual potensiala malik Yaponiya Azərbaycanın siyasi və iqtisadi tərəfdaşına çevrilmişdir.
Ölkəmiz qitənin hətta uzaq bölgələrində yerləşən dövlətləri ilə də əlaqələrini yeni dövrün tələbləri səviyyəsində qurur, əməkdaşlığı genişləndirir. Bu baxımdan Prezident İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri mühüm əhəmiyyət kəsb edir. Əlaqələrin inkişafı, qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsi Azərbaycanı Asiya, həmçinin Cənub-Şərqi Asiya regionunda da söz sahibinə çevirir.
Bugünədək ölkəmizin bəyan etdiyi prinsiplərə sadiq qalması, bir sıra qlobal təhlükəsizlik məsələlərinin müzakirələrində beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək ədalətli mövqedən çıxış etməsi, onun regiondakı və dünyadakı nüfuzunu daha da artırır. Məqsəd və vəzifələri daim təkmilləşdirilən xarici siyasət kursumuz bizə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, faydalı əməkdaşlığı genişləndirmək və əksər ölkələrlə diplomatik münasibətləri inkişaf etdirmək imkanı verir.
Bu gün Azərbaycan Respublikasının xarici ölkələrdə 55 səfirliyinin, 5 təmsilçilik ofisinin, 18 beynəlxalq təşkilat yanında missiyasının və 9 baş konsulluğunun olması da bunu təsdiq edir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir. Bütün bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və Azərbaycan həqiqətlərinin hərtərəfli şəkildə təbliğatı üçün geniş imkanlar yaratmışdır.
Bölgədə və dünyada sülhün, təhlükəsizliyin tərəfdarı olan ölkəmizin göstərdiyi təşəbbüslərin, atdığı addımların böyük dəstək qazanması, alqışlarla qarşılanması onun, həm də beynəlxalq aləmdə söz sahibi olmasından xəbər verir. Bunun nəticəsidir ki, dünyanın tanınmış siyasətçiləri, müxtəlif dinlərin rəhbərləri və təmsilçiləri əldə etdiyimiz böyük nailiyyətləri - tolerantlığımızı, din-dövlət münasibətlərində qazanılmış dəyərləri yüksək qiymətləndirir, qlobal problemlərin həlli yollarında bizimlə birgə əməkdaşlıq etmək üçün Bakıda keçirilən beynəlxalq miqyaslı müxtəlif mötəbər tədbirlərə həvəslə qatılırlar. Belə nüfuzlu tədbirlər bəşəriyyətin ümumi maraqları və qlobal problemlərin, o cümlədən terrorizmin, dini fanatizmin, ekstremizmin və separatizmin aradan qaldırılması naminə dinlərərarası və mədəniyyətlərarası münasibətlərin inkişafına güclü təkan verən amillərdəndir.
Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi dünyada tanınmış, söz sahibinə çevrilmişdir. Bir sıra böyük siyasi xadimlər də etiraf edirlər ki, son illər bu istiqamətdə ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər nəinki region üçün, bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Son olaraq bu il oktyabrın 4-də paytaxtımızda Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya, Qırğızıstan, Estoniya və Latviyanın keçmiş prezidentlərinin, 11 nəfər Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat rəhbərinin və ölkəmizdə akkreditə olunmuş bütün səfirliklərin rəhbər və ya təmsilçisinin iştirakı ilə keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumu bunun ən bariz nümunəsidir.
Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsinin ən əhəmiyyətli səbəblərindən biri də rəsmi Bakının ölkəmizin xarici siyasətini müstəqil şəkildə formalaşdırmasından irəli gəlir. Təsadüfi deyil ki, BMT-yə 1991-ci ildən sonra üzv olan ölkələr arasında müstəqil xarici siyasət yeridən dövlətlər barədə söz açılarkən ilk növbədə Azərbaycanın adı çəkilir. Çünki Azərbaycan heç bir ölkədən asılı vəziyyətdə deyil. Bu amil istər regionda, istərsə də dünyada respublikamıza rəğbəti daha da artırır, onu sözüeşidilən ölkəyə çevirir.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında