Son günlər Ermənistandan çox maraqlı məlumatlar gəlməkdədir. Həmin məlumatlardan belə anlaşılır ki, Serj Sarkisyan hakimiyyəti təbliğat maşınını işə salaraq erməniləri inandırmağa çalışır ki, guya, Ermənistanda postsovet məkanı ilə yanaşı, bütün dünyada analoqu olmayan iqtisadi islahatlar aparılıb, ölkənin maliyyə imkanları fasiləsiz artır və bir qədər sonra rəsmi İrəvan Avropa Birliyinə "qoşulmaqla" bağlı danışıqlara başlayacaq.
Sarkisyan komandasındakı bəzi məmurlar isə ümumiyyətlə, reallıq hissini itirərək "çox qısa müddətdən" sonra Ermənistanın "Cənubi Qafqazın Sinqapuru və ya Tayvanı" olacağını deyirlər. Siyasi-iqtisadi problemlər bataqlığına düşmüş İrəvan ictimaiyyəti aldatmağa çalışsa da, tezliklə ölkədə baş verəcək hadisələr hakimiyyətin iç üzünü açacaq. Çünki ictimaiyyət reallığı da, bu dəbdəbəli sözlərin səbəbini də çox yaxşı bilir.
Məsələ burasındadır ki, təcavüzkar Ermənistanın yürütdüyü yarıtmaz daxili və xarici siyasət nəticəsində ölkədəki sosial-iqtisadi vəziyyət xeyli gərginləşib. İnsanların həyat şəraitinin gündən-günə daha da çətinləşməsi, yoxsulluğun səviyyəsinin yüksəlməsi, dilənçiliyin son həddə çatması Ermənistanda sosial partlayışı qaçılmaz edir. Bunu yaxşı anlayan erməni iqtidarı ictimaiyyətin etirazlarının qarşısını almaq məqsədiylə təbliğatı gücləndirib. Ancaq bu zaman unudub ki, insanlar yayılan təbliğat xarakterli məlumatlara deyil, real həyatdakı yaşayış səviyyələrinə görə vəziyyətə qiymət verirlər. Qeyd etdiyimiz kimi, vəziyyət isə çox acınacaqlıdır. Ermənistanın dövlət büdcəsinə nəzər yetirdikdə bunu daha yaxşı anlamaq olar.
Belə ki, bu gün Ermənistanın dövlət büdcəsi 2,2 milyard dollar həcmində nəzərdə tutulsa da, hazırda ölkənin dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollar səviyyəsinədək yüksəlib. Bu isə, sözün əsl mənasında, bir dövlətin çökdüyünü, "iqtisadi xarabalığa" çevrildiyini göstərən ən önəmli faktdır. Digər tərəfdən, Ermənistanın öz ekspertləri, xüsusən, bu ölkənin keçmiş baş naziri Qrant Baqratyan dəfələrlə bəyan edib ki, 2013-cü ildə Ermənistanı çox ciddi maliyyə-iqtisadi böhran gözləyir. Yəni indikindən də ağır vəziyyət olacaq. Ölkənin milli valyutası sürətlə dəyərdən düşməkdədir və 2013-cü ildə Ermənistan dövləti daha 500 milyon dollar xarici borc qaytarmalıdır. Vəziyyətin nə yerdə olduğunu daha yaxşı anlamaq üçün qeyd etmək yerinə düşər ki, Maastrixt müqaviləsinə görə hər bir ölkənin büdcə kəsiri onun ümumi daxili məhsulunun 3 faizini keçirsə, bu, artıq çox ciddi iqtisadi böhranın əlaməti kimi qəbul edilir. 2008-ci ildə dünyada maliyyə böhranı baş verərkən Ermənistanın xarici borcu ümumi daxili məhsulun 13 faizinə bərabər idi. İndi isə ölkənin xarici borcu ümumi daxili məhsulun 45-50 faizini təşkil edir ki, bu da iqtisadi və maliyyə böhranının son həddə çatması deməkdir.
Digər tərəfdən, son məlumata görə artıq Ermənistandan 1 milyard ABŞ dolları həcmində sərmayə xarici ölkələrə çıxarılıb. Yəni, bu dövlətdə sərmayəni saxlamaq özü artıq çox təhlükəli sayılır. Ermənistan MDB məkanında işsizliyin səviyyəsinə görə ön sıralardadır və əhalinin 40 faizindən çoxu işsizdir. Bütün bu faktlar ölkənin həqiqətən də, nə cür ağır vəziyyətdə olduğunu göstərir. Bir sıra ekspertlər belə hesab edirlər ki, bu, ilk növbədə Ermənistanın yürütdüyü təcavüzkar siyasətin nəticəsidir. Ermənistan həyata keçirdiyi xarici siyasət nəticəsində özünü blokada vəziyyətinə salıb və bu proses getdikcə dərinləşməkdədir. Vəziyyətdən çıxmaq istəyən Serj Sarkisyan Rusiyadan, Fransadan və digər dövlətlərdən borc, yardım almağa çalışır. Bir sözlə, Ermənistan dövləti də bu ölkənin əhalisi kimi dilənçi vəziyyətinə düşüb.
Bu gün artıq beynəlxalq təşkilatlar da Ermənistanda sosial-iqtisadi vəziyyətin gərginləşdiyini, korrupsiyanın tüğyan etdiyini, bu bəlanın ölkəni fəlakətə sürüklədiyini, əhalinin geniş təbəqəsinin bundan son dərəcə əziyyət çəkdiyini, narazı qaldığını dilə gətirir, belə gedərsə, sosial partlayışın qaçılmaz olacağını qeyd edirlər. Əlbəttə, Ermənistanda bu cür təhlükəli vəziyyətin yaranmasının səbəbləri çoxdur. Ekspertlərin fikrincə, korrupsiya bataqlığına yuvarlanmış ölkə hakimiyyəti mövcud problemlərin həllinə elə də ciddi maraq göstərmir. Ermənistan iqtidarı beynəlxalq təşkilatların tövsiyyələrinə məhəl qoymayaraq, bu sahədə müvafiq sənədlərin hazırlanıb qəbul edilməsinə ciddi yanaşmır, heç bir mübarizə tədbirləri həyata keçirmir. Belə bir mühitdə bu respublikada gizli iqtisadiyyatın xüsusi çəkisi getdikcə artır. Hər bir vəzifəli şəxsin əsas marağı məhz dövlət əmlakının talanmasına, özünün var-dövlətinin çoxalmasına, biznes sahəsinin genişlənməsinə yönəlib. Bunun nə ilə sona çatacağı isə onları qətiyyən narahat etmir.
Son vaxtlar yaranmış ağır vəziyyətlə əlaqədar Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahının qarşısı, necə deyərlər, mitinq meydanına çevrilib. Bu günlərdə də ermənilər mitinq keçirərək Sarkisyana lənət oxuyublar. Erməni mətbuatının yazdığına görə, budəfəki aksiyanı "Nairit" kimya kombinatının əməkdaşları keçiriblər. İşçilər 11 aydır ödənilməyən əmək haqlarını tələb edirlər. Aksiyada kombinatın yüzdən artıq əməkdaşı iştirak edib. Onlar əvvəlcə işlədikləri müəssisənin qarşısında toplaşıblar. Sonra isə S. Sarkisyanın iqamətgahına yürüş ediblər. Burada etirazçıların qarşısına məktublar şöbəsinin əməkdaşı çıxaraq onların 3 aylıq əmək haqlarını ala bilmələri üçün mümkün olan hər şeyi etməyə çalışacaqlarını bildirib. Lakin pulsuz qalan erməni işçilər əmək haqlarını tam şəkildə və ya ən azı 6 ayını tələb ediblər.
Sosial-iqtisadi sferada getdikcə daha böyük çətinliklərlə üzləşən Ermənistanda dərinləşməkdə olan problemlərdən biri də miqrasiya ilə bağlıdır. Ölkənin iqtisadi çətinliklər məngənəsində boğulması fonunda miqrasiya prosesi daha geniş vüsət almaqdadır. Hakimiyyət tərəfindən görülən preventiv tədbirlər isə sadəcə olaraq əks effekt verməkdədir. Rəsmi statistikaya görə, Ermənistanda əhalinin sayının 3,3 milyon olduğu bildirilir. Lakin reallıqda Ermənistanda indi bundan iki dəfə az insan yaşayır. Araşdırmalar göstərir ki, bu ölkədəki miqrantların sayı yerli əhalinin sayından çoxdur və Ermənistan bu göstəricisinə görə dünyada yeganə ölkədir. Erməni miqrantlar indi daha çox Avropaya üz tutmağa üstünlük verirlər və onların sayında ciddi artım var. Məsələn, elə bu ilin iyulunda Belçikanın qaçqın və vətəndaşlığı olmayan şəxslər üzrə Ali Komissarlığına sığınacaq üçün müraciət edənlərin siyahısına ermənilərin başçılıq etdiyi üzə çıxıb. Ümumilikdə, cari ilin ilk 7 ayı ərzində Belçikadan sığınacaq istəyən ermənilərin sayı 256 nəfər olub. 2009-cu ildə 1100, 2010-cu ildə 986, 2011-ci ildə isə 691 erməni sığınacaq üçün Belçika Krallığına müraciət edib. Ekspertlər qeyd edirlər ki, Ermənistan vətəndaşları müraciət çoxluğuna görə Afrikanın kasıb ölkələri ilə eyni mövqedə qərar tuturlar. Sığınacaq üçün müraciət edən Ermənistan vətəndaşlarının dəlilləri də dəyişməz olaraq qalmaqdadır. Onlar əsasən səfalətdən və siyasi əqidəsinə görə təqib olunmaqdan şikayət edirlər. O da məlumdur ki, Avropa ölkələrinə qanunsuz yolla gələn və gizlənərək yaşayan ermənilərin sayı qanuni gələnlərdən qat-qat çoxdur.
Bu arada, bütün Ermənistan Suriyadan alınan məlumatları narahatlıqla izləyir. Təbii ki, bu narahatlıq Suriya xalqı ilə bağlı deyil. Suriyadakı ermənilərin əksəriyyəti burada baş verən toqquşmalardan qaçaraq ölkəyə gəlmək niyyətindədirlər və onların bir qismi artıq bu addımı atıb. Dəqiq say barədə tam məlumat olmasa da, hətta az sayda qaçqının Ermənistana gəlməsi 1,5 milyon erməninin tərk etdiyi respublikanı daha da ağır vəziyyətə sala bilər. Bunun fərqində olan Daşnaksütyun Erməni İnqilabi Federasiyası liderlərindən Kiro Manoyan deyib ki, vəziyyət çox mürəkkəbdir və ehtiyatlı olmağı tələb edir: Ermənistana gəlmək istəyənlərə kömək göstərməkdən əsla imtina etmək olmaz, lakin bu prosesi təşviq etmək və ya onun təşəbbüskarı olmaq da yolverilməzdir.
Məlumdur ki, Ermənistanda "dəvət olunmayan" ermənilərdən yaxa qurtarmaq üçün "Daşnaksütyun" özünün "Qarabağ bürosu" adlı komitə yaradıb. Bu komitə Suriyadan olan erməni qaçqınlarının Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinin həlli ilə məşğul olur. Onlar Qarabağa gətirilir və burada öz yurd-yuvasından qovulmuş azərbaycanlıların boş qalmış evlərinə yerləşdirilirlər. Erməni millətçiləri belə hesab edir ki, gələcəkdə Livandan qovulacaq ermənilər də Qarabağ bölgəsindəki boş qalmış evlərə yerləşdirilməlidirlər. Bununla həm bölgədə ermənilərin sayını artırmaq, həm də Ermənistandakı daxili gərginliyin qarşısını almaq olar. Radikal "Sardarapat" hərəkatı isə Ermənistan rəhbərliyinə suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş rayonlarında yerləşdirilməsi yolu ilə onlardan yaxa qurtarmağı, hətta onları "Böyük Ermənistan" uğrunda "qurban" verməyi məsləhət görür. Bax, budur erməni vəhşiliyi. Erməni millətçiləri özlərinin çirkin məqsədləri naminə öz xalqını da qırğına verməkdən çəkinmirlər. Ermənistanda hakimiyyətdə olanlar isə öz ciblərini doldurmaq üçün nəinki xalqı sosial-iqtisadi çətinliklər qarşısında qoyur, hətta Ermənistan dövlətini belə məhvə doğru sürükləyirlər.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.