QİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası başa çatmışdır

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 40-cı plenar sessiyası noyabrın 28-də öz işini davam etdirmişdir.  
AzərTAc xəbər verir ki, Türkiyədən olan deputat, QİƏT PM sədrinin müavini Ənvər Yılmazın sədrliyi ilə keçən sessiyada Ukraynanın QİƏT PM-dəki nümayəndə heyətinin üzvü Lilia Qriqoryeviç "QİƏT-ə üzv olan dövlətlərin sosial təminat sistemində islahatlar" mövzusunda məruzə ilə çıxış etmiş, müzakirələr aparılmışdır.
Məruzə və müzakirələrdə qeyd olunmuşdur ki, dünyada baş verən qlobal maliyyə böhranı bir sıra ölkələrdə işsizlik problemi yaratmış, yoxsulluğun səviyyəsi artmışdır. Lakin QİƏT-ə üzv ölkələrin bəzilərində, o cümlədən Azərbaycanda həyata keçirilən sosial islahatlar nəticəsində əhalinin aztəminatlı təbəqəsinin rifah halı yaxşılaşmış, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində ciddi islahatlar həyata keçirilmişdir.
"QİƏT-ə üzv dövlətlərin şəhərləri: iqtisadi, ekoloji, mədəni və sosial inkişaf problemləri" mövzusundakı məruzə ətrafında aparılan müzakirələr zamanı qloballaşan dünyada ölkələrin hazırladıqları inkişaf strategiyası, şəhərlərin modernləşdirilməsi, yeni infrastrukturların yaradılması və bu proseslərlə paralel olaraq ekoloji problemlərin həlli, mədəni abidələrin qorunması və s. məsələlər diqqət mərkəzində olmuşdur. Çıxış edənlər konkret olaraq Azərbaycanın paytaxtını misal çəkmiş, Bakı şəhərində həyata keçirilən yenidənqurma, tikinti işlərinin müsbət nəticələri, ekoloji problemlərin həlli ilə bağlı həyata keçirilən layihələr xüsusi qeyd edilmişdir.
Sonra qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Jalə Əliyeva çıxış etmiş, komitənin 39-cu iclasında qəbul olunmuş tövsiyə xarakterli qərarları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Azərbaycanın QİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi sədrinin müavini Asəf Hacıyevin sədrliyi ilə davam edən sessiyada maliyyə və təşkilati məsələlərə baxılmış, QİƏT PM-in sədrinin iki müavini seçilmişdir. Sədr müavinləri Bolqarıstan və Yunanıstandan olmuşdur.
QİƏT PM-in 2013-cü ilin büdcəsi 1 milyon 100 min avro təsdiqlənmişdir. Eyni zamanda, büdcə-audit komissiyası seçilmişdir. Komissiyaya 2014-cü ilin büdcəsinin layihəsinin hazırlanması və büdcənin icrası təftişi tapşırılmışdır.
QİƏT-in reqlamentinə də dəyişiklik edilmişdir. Dəyişiklikdə deyilir ki, quruma üzv ölkələrin nümayəndələri Assambleyanın baş katibinin müavini postuna iki dəfədən artıq seçilə bilməzlər.
İclasda bir sıra mühüm qərarlar qəbul olunmuşdur.
Bildirilmişdir ki, gələn il fevralın 26-da İstanbulda QİƏT PM-in yaranmasının 20-ci ildönümü ilə əlaqədar Daimi Komitənin iclası keçiriləcəkdir. Gələn ilin mayında isə Bolqarıstanın Varna şəhərində QİƏT PM-in parlament rəhbərlərinin görüşü olacaqdır. Assambleyanın 2013-cü il yaz sessiyasının keçiriləcəyi tarix və yer də müəyyənləşmişdir.
İclasın sonunda Azərbaycan Respublikası Milli Məclisinin və QİƏT Parlament Məclisinin sədri Oqtay Əsədov çıxış etmiş, müzakirə olunan məsələlərin, qəbul edilmiş qərarların və tövsiyələrin əhəmiyyətinə toxunmuşdur.
O.Əsədov demişdir ki, iclasda təşkilatın gələcək fəaliyyətinin daha məhsuldar olması baxımından bir sıra mühüm qərarlar qəbul edilmiş, təşkilatın prosedur qaydalarına və reqlamentinə dəyişikliklər olunmuşdur. Plenar sessiyanın olduqca məhsuldar keçdiyini vurğulayan O.Əsədov bildirmişdir ki, QİƏT PM-in Baş Assambleyasının 41-ci plenar sessiyası 2013-cü il mayın 21-dən 23-dək Bolqarıstanda keçiriləcəkdir.
Sessiyanın gündəliyinə komitələr çərçivəsində "Qara dənizdə axtarış və xilasetmə işləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsi", "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin geniş Qara dəniz regionunda regional əməkdaşlığının 20 ili", "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin universitetləri arasında diplomsonrası təhsil səviyyəsinin əməkdaşlığının üstünlükləri və perspektivləri" məsələləri müzakirə olunacaqdır.
O.Əsədov sədrliyin Bolqarıstana keçdiyini elan etmiş və sədrliyin simvolunu bolqarıstanlı həmkarına təqdim etmişdir.
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva çıxış etmiş, QİƏT PM-in Baş Assambleyasının 40-cı plenar sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, QİƏT Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən iclası qarşıya qoyulan məqsədlərə nail olmuşdur. Azərbaycanın sədrliyi müddətində təşkilat daha da səmərəli fəaliyyət göstərmişdir. Sessiya zamanı müzakirə edilən məsələlər bunun bariz nümunəsidir.
Xanım T.Tsaçeva demişdir ki, QİƏT PA region ölkələri arasında birgə əməkdaşlıq proseslərini daha da sürətləndirə bilər. Ümid edirəm ki, Bolqarıstanın sədrliyi müddətində təşkilat qarşısına qoyduğu məqsədlərə çatmaq və daha da səmərəli fəaliyyət göstərmək üçün səyləri davam etdirəcəkdir.
Sonra Oqtay Əsədov QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyasının başa çatdığını elan etmişdir.
Qeyd edək ki, plenar sessiyada QİƏT-ə üzv olan 12 ölkədən 11-nin nümayəndə heyəti, 15-dən çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdir.
* * *
QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyası başa çatdıqdan sonra nümayəndə heyətlərinin başçıları mətbuat konfransı keçirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında