İspaniya Senatında Azərbaycana həsr edilmiş konfrans keçirilmişdir

Noyabrın 22-də İspaniya Senatında Azərbaycan ilə İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş "Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi" mövzusunda konfrans keçirilmişdir. 
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycan tərəfdən konfransda Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri, Milli Məclisin deputatı Ayaz Orucov, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc və Ceyhun Osmanlı iştirak etmişlər.
İspaniya tərəfdən konfransda 80 senator və deputat, 70-ə yaxın akademik, professor, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbiri İspaniya Senatının vitse-prezidenti Xuan Xose Lukas açmışdır. O demişdir ki, Azərbaycan İspaniya üçün əhəmiyyətli ölkədir. İspaniya Azərbaycanın uğurlarını diqqətlə izləyir və ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.
Vitse-prezident konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan çox böyük iqtisadi potensiala malikdir və İspaniya şirkətləri Azərbaycana marağı artırmalıdırlar.
Vitse-prezident qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bu münaqişə nəticəsində ölkənin əraziləri işğal edilmiş, bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə adam kütləvi şəkildə məhv edilmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti səmərəli olacaq və münaqişənin tezliklə tənzimlənməsinə xidmət edəcəkdir.
Xarici Əlaqələr və Əməkdaşlıq üzrə Komissiyanın sədri Alexandro Munoz-Alonso Aledo demişdir ki, konfransın əsas məqsədi ikitərəfli münasibətləri dərinləşdirməkdir. Azərbaycan coğrafi ölçülərinə görə kiçik ölkə olduğuna baxmayaraq, onun çox böyük potensialı vardır. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan dövləti neft gəlirlərindən səmərəli istifadəni təmin edir. Komissiyanın sədri çıxışının sonunda vurğulamışdır ki, ikitərəfli münasibətləri möhkəmlətmək zəruridir. İspaniya Azərbaycana dost ölkə kimi həmişə onun yanındadır.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanov konfransın təşkilatçılarına və iştirakçılarına nümayəndə heyəti adından təşəkkür edərək ispan və Azərbaycan xalqlarının ənənələri və mədəniyyəti arasında oxşar cəhətlər olduğunu qeyd etmişdir. O, əmin olduğunu bildirmişdir ki, bu səfər İspaniya-Azərbaycan ikitərəfli münasibətlərində yeni mərhələnin başlanğıcı olacaqdır.
E.Süleymanov Azərbaycanın tolerant ölkə olmasını, burada hər kəsin hər hansı məhdudiyyət olmadan öz dininə etiqad edə bilməsini vurğulayaraq bildirmişdir ki, ölkəmizdə bütün Cənubi Qafqazda ən qədim xristian kilsəsi, habelə katolik kilsəsi və sinaqoqlar fəaliyyət göstərir.
Azərbaycanlı deputat ölkəmizin tarixinə nəzər salaraq demişdir ki, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu və Avropa təsisatlarına inteqrasiya məsələləri Azərbaycanın daxili və xarici siyasətində prioritet istiqamətlərdir. Qeyd edilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.
Elxan Süleymanov iki xalqın tarixinin oxşar cəhətlərindən söhbət açaraq qeyd etmişdir ki, həm Azərbaycan, həm də İspaniya təcavüzkar separatçı rejimdən əziyyət çəkir. Lakin bu iki ölkənin əməkdaşlığının indiki səviyyəsi onların imkanlarına və potensialına müvafiq deyildir. İspaniya demokratiyanın genişlənməsi və möhkəmlənməsi, müvafiq təsisatların yaradılması sahəsində öz təcrübəsini bölüşə bilər.
Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq demişdir ki, Azərbaycanın ən böyük problemi onun ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsidir. Bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətidir. Münaqişə nəticəsində Azərbaycana 431,5 milyard dollar həcmində zərər dəymişdir.
Sonra 2011-ci ildə "Euronews" telekanalı tərəfindən hazırlanmış "Dağlıq Qarabağ: qaçqınların yanında" adlı videoreportaj nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov konfransın təşkilatçılarına Azərbaycan hökuməti adından təşəkkür edərək Azərbaycanın tarixi barədə məlumat vermişdir.
Əli Həsənov demişdir ki, Azərbaycan tolerant ölkədir. Ərazilərimizin 20 faizinin işğal edilməsinə, bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Bakıda erməni kilsəsi indiyə qədər qorunub saxlanmışdır, halbuki Ermənistan tərəfindən işğal edilmiş ərazilər heç kəsin yaşaya bilməyəcəyi xarabalıqlara çevrilmişdir. İnfrastruktur dağıdılmış, qəbiristanlıqlar, məscidlər yerlə-yeksan edilmiş, toponimlər dəyişdirilmişdir. Əli Həsənov onu da qeyd etmişdir ki, onun valideynlərinin məzarları da işğal edilmiş ərazilərdədir.
Əli Həsənov xatırlatmışdır ki, 2002-ci ildə ulu öndər Heydər Əliyev Roma Papası II İohann Paveli qəbul etmiş, elə həmin vaxtda Azərbaycan Prezidenti Bakıdakı Roma Katolik kilsəsinə yeni məbəd tikintisi üçün torpaq sahəsi ayrılması barədə sərəncam vermişdir.
Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir, bizdə bunun üçün şəffaf şərait yaradılmışdır.
Əli Həsənov bildirmişdir ki, Prezident İlham Əliyev 2020-ci ilə qədər olan dövr üçün Azərbaycanın inkişaf strategiyasının işlənib hazırlanması barədə Sərəncam vermişdir. Bu strategiyaya əsasən Azərbaycanda imkansız adam qalmayacaq, qeyri-neft sektoru dinamik inkişaf edəcək, Azərbaycan həyat səviyyəsinin yüksək olduğu, inkişaf etmiş ölkələr sırasına keçəcəkdir.
Əli Həsənov Azərbaycanın Avropaya inteqrasiyası məsələsinə toxunaraq konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, ölkəmiz hələ XIX əsrin axırlarında Avropaya inteqrasiya etməkdə idi. O vaxt Nobel qardaşları Bakıda neft hasilatı ilə məşğul olur, ölkədə mədəni inteqrasiya prosesləri gedirdi. Azərbaycanda sənətkarlıq və üzümçülüklə məşğul olan almanlar yaşayırdı. XX əsrin əvvəlindən Azərbaycan artıq Avropa ölkəsi idi. Lakin inteqrasiya birtərəfli ola bilməz, o, qarşılıqlı olmalıdır. Azərbaycandan Avropaya enerji resursları nəql edilir, SOCAR neft şirkəti respublikanın hüdudlarından kənarda sərmayələr yatırır. Bir sözlə, Azərbaycanın Avropaya inteqrasiyası prosesi 100 illik tarixə malikdir və bu proses indi də davam edir.
Baş nazirin müavini Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq diqqətə çatdırmışdır ki, 200 illik tarixi olan bu münaqişə car Rusiyası dövründə fəallaşmışdır. Əli Həsənov demişdir ki, son 200 ildə Cənubi Qafqaz regionunda cərəyan edən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar dəfələrlə öz doğma yurdundan zorla qovulmuş, etnik təmizlənməyə və deportasiyaya məruz qalmışlar. Öz planlarını mərhələlər üzrə həyata keçirən ermənilər Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürmüşlər.
XX əsrin əvvəlində Dağlıq Qarabağ iki dəfə (1905-1907-ci və 1918-1920-ci illərdə) qanlı erməni-azərbaycanlı savaşlarının arenasına çevrilmişdir. Qədim tarixi və mədəni qaynaqları olan bu münaqişə "yenidənqurma" illərində (1987-1988) yenidən kəskinləşmişdir.
Əli Həsənov XX əsrin dəhşətli cinayətlərindən biri - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı barədə söhbət açmış, qeyd etmişdir ki, həmin gecə 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir.
Bildirilmişdir ki, beynəlxalq qiymətləndirmə təşkilatının ilkin hesablarına görə bu münaqişə nəticəsində Azərbaycan iqtisadiyyatına təqribən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuşdur. Bir milyon qaçqın və məcburi köçkün daim Azərbaycan dövlətinin tam himayəsindədir. Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar, neft strategiyası, bu istiqamətdə ayrılan vəsaitlərin həcmini vaxtaşırı artırmağa imkan verir. Baş nazirin müavini bildirmişdir ki, bütövlükdə ötən müddətdə 26 min qaçqın və məcburi köçkün ailəsi üçün 76 qəsəbə salınmışdır.
Hazırda ölkəmizdə 49 beynəlxalq və 43 yerli humanitar təşkilat xətti ilə bu sahədə müxtəlif layihələr həyata keçirilir. Belə təşkilatlardan biri də İspaniyanın 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Aclığa qarşı hərəkat" beynəlxalq humanitar təşkilatıdır. Əli Həsənov bu təşkilatın xeyriyyəçilik fəaliyyətinə görə onun rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Baş nazirin müavini vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün, beynəlxalq birlik üçün təhlükə mənbəyidir. İşğal edilmiş ərazilərdə narkotiklər yetişdirilir. Beynəlxalq birlik bu fakta göz yummamalıdır, çünki həmin narkotiklər, ilk növbədə Avropaya daşınır.
Təəssüf ki, ATƏT, Avropa Şurası, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası kimi nüfuzlu təşkilatların qəbul etdiyi qətnamələr Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməmiş, onun barəsində isə hətta veto da tətbiq edilməmişdir. Beləliklə, ədalətsizlik davam edir.
Baş nazirin müavini çıxışının sonunda ispaniyalı mütəxəssislərin Azərbaycanda həyata keçirilən nəqliyyat və tikinti layihələrində, habelə alternativ enerji mənbələrinin yaradılması üzrə layihələrdə iştirakının mümkünlüyünü diqqətə çatdırmışdır. O bildirmişdir ki, Azərbaycan bütün sahələrdə İspaniya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Sonra çıxış üçün söz Valensiya Katolik Universitetinin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun direktoru Xesus Salvadora verilmişdir. O, Azərbaycanın tarixi barədə ətraflı məlumat vermişdir. 1988-ci ildə başlanmış münaqişə nəticəsində çoxlu insan tələfatı olduğunu vurğulayan X.Salvador faciəli 20 Yanvar hadisələrinin və Xocalı soyqırımının qurbanlarından da danışmışdır.
X.Salvador vurğulamışdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda strateji rol oynayır. Müstəqillik əldə etdikdən sonra demokratiya yolunu seçmiş Azərbaycanın xarici siyasətinin əsas prioritetləri Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş bütün təhlükələri aradan qaldırmaq, milli təhlükəsizliyi təmin etməkdir. X.Salvador konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, Azərbaycan enerji təchizatı sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır. O vurğulamışdır ki, Azərbaycan ilə diplomatik əlaqələrin genişləndirilməsi zəruridir.
Meksika Parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr aparılmasının tərəfdarlarından biri, Meksika Parlamentinin deputatı Xesus Ramirez Rangel öz çıxışında onun ölkəsindəki Azərbaycan səfirliyinin fəaliyyətindən razı qaldığını bildirmişdir. Xesus Ramirez Rangel siyasi sahədə əlaqələri genişləndirməyin vacib olduğunu bildirmişdir. O, bir məqamı da diqqətə çatdırmışdır ki, Meksika yalnız faktlara əsaslansa da, Ermənistan tərəfindən təzyiq halları mövcuddur. Münaqişənin dinc yolla tənzimlənməsinə üstünlük verən Meksikanın fikrincə, ədalət beynəlxalq təşkilatlar tərəfindən bu problemin həllinə dair sənədlər, qətnamələr qəbul olunmasını tələb edir. Meksikalı deputat Azərbaycanın öz sərhədlərini beynəlxalq hüquq normaları çərçivəsində bərpa olunmasını tələb etdiyini vurğulayaraq qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnamə Ermənistan tərəfindən hələ də həyata keçirilməmişdir və Meksika hökuməti həmin qətnamələrin müddəalarının yerinə yetirilməsini tələb edir. Bu təcavüzə son qoyulmalıdır. Ermənistan müharibədən imtina etməli və regionda sülh yaradılmasını dəstəkləməlidir. Xesus Ramirez Rangel demişdir ki, Meksika Parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə qəbul edilməsi ölkənin yeni xarici siyasətinin əyani nümunəsi, fundamental və tarixi əhəmiyyətli hadisədir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın iqtisadi vəziyyəti barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, XXI əsrin əvvəlində Azərbaycan regionda iqtisadi baxımdan dinamik inkişaf edən ölkəyə çevrilmişdir. Son bir neçə ildə Azərbaycan iqtisadiyyatının həcmi üç dəfə, ölkənin dövlət büdcəsi 13 dəfə artmış, yoxsulluq səviyyəsi 46 faizdən 7,6 faizə düşmüşdür. S.Həsənova vurğulamışdır ki, Azərbaycan Dövlət Neft Fondu neft gəlirlərinin səmərəli toplanması məqsədilə yaradılmışdır. Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də bəyənilmişdir.
Nazir müavini Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq demişdir ki, 1,7 milyon hektar ərazi işğal altındadır, minlərlə abidə, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min yaşayış evi və mənzil dağıdılmışdır. S.Həsənova vurğulamışdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən xarici şirkətlər barəsində müvafiq sanksiyalar tətbiq ediləcəkdir.
S.Həsənova İspaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq xatırlatmışdır ki, hazırda Azərbaycanda İspaniyanın beş məşhur şirkəti fəaliyyət göstərir.
Çıxışlardan sonra müzakirələr olmuşdur. Baş nazirin müavini Əli Həsənov çıxışlara münasibət bildirmişdir. Əli Həsənov Valensiya Katolik Universitetinin direktoruna Azərbaycanın tarixini və inkişafını təhlil etdiyinə görə təşəkkürünü bildirərək diqqətə çatdırmışdır ki, mümkün olan vasitələrdən istifadə etməklə regionda demoqrafik vəziyyəti dəyişmiş ermənilər Dağlıq Qarabağ əhalisinin 65 faizini təşkil edirdi. Azərbaycan Qərbin yolu ilə getmək niyyətində deyildir. Əli Həsənov qeyd etmişdir ki, Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə dəfələrlə bəyan etmişdir ki, Azərbaycan öz yolu ilə gedir.
Baş nazirin müavini Meksika parlamentinin deputatının çıxışını şərh edərək vurğulamışdır ki, Meksika senatının Dağlıq Qarabağ münaqişəsinə dair qərarı beynəlxalq hüquq normaları əsasında qəbul edilmişdir. Əli Həsənov diqqətə çatdırmışdır ki, Meksikada Azərbaycan-Meksika dostluq parkının, həmin parkda ulu öndər Heydər Əliyevin büstünün, habelə Xocalı qurbanlarının xatirə memorialının açılışı olmuş, bu memorial üzərində "soyqırımı" sözü yazılmışdır. Bundan dərhal sonra Ermənistanın xarici işlər naziri E.Nalbandyan Meksikaya səfər etmiş və onlara təzyiq göstərməyə çalışmışdır. Bu faktı Azərbaycan diplomatiyasının uğuru adlandıran Əli Həsənov Meksika Senatına təşəkkürünü bildirmişdir.
Sonra Əli Həsənov suallara cavab vermişdir.
Tədbirdə çıxış edən Arkadio Diaz-Tejera Dağlıq Qarabağ probleminə toxunaraq vurğulamışdır ki, əgər BMT-nin qəbul etdiyi, ədalətin bərpa olunmsı məqsədi güdən qətnamələri yerinə yetirilmirsə, onları qəbul etmək nəyə lazımdır. O bildirmişdir ki, dondurulmuş münaqişələrin həllində mühüm rol oynamalı olan İspaniya Senatı münaqişəyə dair müvafiq qətnamə qəbul etməlidir.
Senatın nümayəndəsi Çikullio konfransa yekun vuraraq qeyd etmişdir ki, BMT-nin qətnamələri yerinə yetirilmir, Madrid prinsipləri həyata keçirilməli, qaçqınlar və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar. O bildirmişdir ki, İspaniya Senatı hüquqi qərar qəbul edəcəkdir. Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmalıdır. Axı, söhbət bir milyon insanın hüquqlarının pozulmasından, onların yaşayış şəraitindən gedir.
Baş nazirini müavini Əli Həsənov İspaniya Senatında aparılmış dinləmələrin faydalı olmasını qeyd edərək demişdir ki, Azərbaycan nümayəndə heyəti bu bir neçə saat ərzində Azərbaycan reallıqları barədə söhbət açmağa, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verməyə çalışmışdır. Təəssüf ki, cəzasızlıq şəraiti münaqişələrin genişlənməsinə, qaçqınların sayının artmasına, günahsız insanların ölümünə gətirib çıxarır. Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü çərçivəsində dinc yolla tənzimlənməsinin tərəfdarıdır.

{nl}

Nigar Hüseynova, AzərTAc-ın xüsusi müxbiri 
Madrid

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında