Azərbaycanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin Avropanın qabaqcıl dövlətləri ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirilir.
Dünya birliyinə inteqrasiya yolunu tutan və çoxşaxəli xarici siyasət həyata keçirən ölkəmiz Asiya regionunu da diqqətdən kənarda saxlamır, qitənin hətta uzaq bölgələrində yerləşən dövlətlərlə də əlaqələrini yeni dövrün tələbləri səviyyəsində qurur, əməkdaşlığı genişləndirir. Bu baxımdan Prezident İlham Əliyevin Sinqapur Respublikasına dövlət səfəri mühüm əhəmiyyət kəsb edir.
Əvvəlcə onu qeyd edək ki, inkişaf etmiş ölkə olan Sinqapur Respublikası Cənub-Şərqi Asiyada, Malakka yarımadasının cənub qurtaracağında Malayziya ilə İndoneziyanın arasında yerləşir. Sinqapur adası və bir-birinə körpülərlə birləşən daha 58 kiçik adadan ibarət ölkənin ərazisi isə 710 kvadratkilometrdir ki, bunun da 10 kvadratkilometri sudur. Sinqapurda beş milyon əhali yaşayır. Bu əhalinin bir milyonu işçi qüvvəsi kimi kənardan gələn əcnəbilərdir. Ölkə parlament respublikasıdır. Dövlət başçısı prezidentdir. Ölkədə ali icra hakimiyyətini geniş səlahiyyətlərə malik olan Sinqapur hökuməti həyata keçirir.
Sinqapur Respublikası müstəqilliyinə 1965-ci il avqustun 9-da qovuşmuşdur. Sinqapur şəhərinin əsasının qoyulması isə 1299-cu ilə aid edilir. Sankritcə "Şir şəhəri" adlanan paytaxtlarını sinqapurlular fəxarətlə "Böyük dünya şəhəri" adlandırırlar. Bütün dünyanın diqqətini cəlb edən digər bir məsələ isə Sinqapurun öz inkişafına görə bir sıra qabaqcıl Avropa ölkələrini də geridə qoymasıdır. Belə ki, adambaşına düşən illik gəlirə görə Sinqapur "Qoca qitə"nin ən inkişaf etmiş dörd dövləti ilə müqayisə ediləcək səviyyədədir. Bu ölkədə adambaşına düşən illik gəlir 62,2 min ABŞ dolları, illik ümumi daxili məhsul istehsalı isə 292 milyard ABŞ dolları həcmindədir. Adambaşına düşən illik gəlir bu ölkədə son illər dünya maliyyə böhranı ilə bağlı müəyyən qədər azalsa da, 2010-cu ildən etibarən artaraq 14,6 faizə yüksəlmişdir. Bu, elə ölkənin iqtisadi real artımıdır. Kənd təsərrüfatının mövcud olmadığı ölkədə ÜDM-də sənayenin payı 27,2 faizdir. Qalan 72,8 faiz isə müxtəlif xidmətlərdən əldə edilən gəlirlərdir. Ölkənin illik büdcə xərcləri 33 milyard, valyuta ehtiyatı isə 180 milyard ABŞ dollarından çoxdur. Bu mənada, ölkəmizin Sinqapur Respublikası ilə qarşılıqlı-faydalı əməkdaşlığı hər iki dövlətə uğurlu gələcək vəd edir. 1994-cü ilin avqust ayından qurulan siyasi-diplomatik əlaqələrimiz və ötən dövr ərzində bu sahədə əldə olunan nailiyyətlər münasibətlərin dərinləşməsinə imkanlar açmışdır.
Ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin əhəmiyyəti barədə fikrimizi bildirməmişdən öncə qeyd etmək istərdik ki, xalqlarımız və ölkələrimiz arasında bir çox bənzərliklər vardır. Azərbaycan da inkişaf etməkdə olan müstəqil ölkədir. Bu mənada, Sinqapurun nümunəsi yenicə müstəqillik qazanmış ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq uğurla inkişaf edir. Digər bənzərlik isə ölkələrimizin çoxmədəniyyətli, çoxkonfessiyalı olmasıdır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır. Hər iki ölkədə müxtəlif etnik və dini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri, ümumilikdə, nümunə ola bilər.
Sinqapur Respublikasının Prezidenti Toni Tan isə belə hesab edir ki, Azərbaycan dini, milli dözümlülük və tolerantlıq məsələlərində qazandığı nailiyyətlərlə Sinqapuru belə geridə qoymuş və ümumilikdə, dünya birliyinə nümunə göstərmişdir: "Azərbaycan zəngin tarixə və mədəniyyətə, rəngarəng adət-ənənələrə malik olan ölkədir və Sinqapur sizin müxtəlifliyinizdən və mədəni irsinizdən çox şey öyrənə bilər. Azərbaycan kimi, Sinqapurda da biz mədəni müxtəlifliyə dəyər veririk, il boyu müxtəlif dini və etnik bayramlar, festivallar keçiririk. Ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı üçün fürsətləri səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin səfəriniz əksəriyyəti səyahət həvəskarı olan sinqapurlularda ölkənizin gözəlliklərinə daha çox maraq oyatdı".
Dünyaya nümunə olacaq yüksək dəyərlərə malik olan Azərbaycan ilə Sinqapur arasındakı siyasi-diplomatik əlaqələrin möhkəmlənməsi, ümumilikdə Cənub-Şərqi Asiya ilə Cənubi Qafqaz regionu arasında inteqrasiyanın dərinləşməsinə, siyasi münasibətlər sisteminin əsaslı təməllərə söykənərək inkişafına təkan verə bilər. Çünki münasibətlərimiz ümumi maraqlara və qarşılıqlı ehtirama söykənir. Sinqapur ilə Azərbaycan beynəlxalq təşkilatlarda və çoxtərəfli forumlarda sıx əməkdaşlıq edirlər. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Sinqapur bizə tam dəstək verdi. Biz bu il 20 illiyi qeyd olunan "Kiçik Dövlətlərin Forumu" kimi beynəlxalq tədbirlərdə də əməkdaşlıq edirik. Qoşulmama Hərəkatına üzv ölkələrin Tehran sammitində isə Cənub-Şərqi Asiyanın bu ölkəsi Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdi. Azərbaycan da öz növbəsində Sinqapuru bütün beynəlxalq təşkilatlarda dəstəkləyir, onunla əlaqələrini genişləndirir.
Həqiqətən də, iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialı vardır. Qeyd etdiyimiz kimi, Sinqapur inkişaf, sosial müdafiə, investisiya imkanları, şəffaflığı və beynəlxalq aləmə inteqrasiyası baxımından dünyada lider ölkələrdən biridir. Azərbaycan da özünün sürətli iqtisadi inkişafı ilə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş, yüksəlişi ilə hətta bir sıra qabaqcıl Avropa ölkələrini də geridə qoymuşdur. "Odlar yurdu"nda ümumi daxili məhsul istehsalı son 9 ildə 300 faizədək artmışdır. Bu və digər yüksək göstəricilər Sinqapur kimi Cənub-Şərqi Asiyanın iqtisadi nəhənginin rəhbərini də təəccübləndirib. Prezident Toni Tan bu məsələyə diqqət çəkərək demişdir: "Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Keçən il ölkənizdə 7,6 faiz artım müşahidə olunub və bu gün Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilib. Sinqapur şirkətləri regiondan kənarda imkanları əhəmiyyətli dərəcədə nəzərdən keçirir və mən inanıram ki, Azərbaycan biznes qurmaq üçün onlara daha cəlbedici olacaqdır. Bu, artıq bizim artmaqda olan ticari və sərmayə əlaqələrimizdən də bəllidir".
Bu məqamda xatırladaq ki, hələ 1997-ci ildə Sinqapurun "Keppel Offshore and Marine" şirkəti ARDNŞ ilə birgə Xəzər Gəmiqayırma Şirkətini yaratmışlar. Bu, Xəzər regionunda ilk beynəlxalq neft-qazma qurğuları, təmiri və modernləşdirilməsi üzrə zavod idi. "Keppel" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayırma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair əməkdaşlıq haqqında saziş imzalayıb. 2010-cu ilin mart ayında Sinqapurun o vaxtkı xarici işlər naziri Corc Yeo Azərbaycana rəsmi səfər edib və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Keppel" şirkəti tərəfindən Bakıda inşa ediləcək yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etmək şərəfinə nail olub. Onu da deyək ki, Sinqapurun "Surbana Corporation", "Sembcorp" və "Franklin Offshore Group" kimi bir sıra şirkətləri də Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər.
Əminliklə demək olar ki, Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, biz qədim İpək Yolu üzərində yerləşirik və Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası, bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması bizim hər iki regionun inkişafına töhfəmiz olacaqdır. Yəni tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox əhəmiyyətlidir.
Azərbaycan tərəfi Sinqapurla iqtisadi münasibətlərin daha da inkişafında maraqlıdır. Ölkəmizin qətiyyətli mövqeyini ifadə edən dövlət başçımız İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir ki, biz iqtisadi əlaqələri genişləndirməyi və bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün digər imkanları da araşdırmağı düşünürük. Ölkələrimizin biznes dairələri bir araya gəlməli və müxtəlif istiqamətlərdə məsələləri müzakirə etməlidirlər. Azərbaycan Prezidenti onu da qeyd etmişdir ki, ölkələrimizin humanitar, mədəni mübadilə və təhsil sahələrində də əməkdaşlıqla bağlı böyük planları vardır. Bu gün azərbaycanlı gənclər Sinqapurun müxtəlif universitetlərində təhsil alırlar və gələcəkdə qarşılıqlı tələbə mübadiləsi davam etdiriləcəkdir.
Sinqapur bu gün Cənub-Şərqi Asiya regionunun həyatında önəmli rola malikdir. Bu baxımdan Sinqapur Azərbaycanın Cənubi Qafqazdakı önəmli mövqeyini xatırladır. Yuxarıda qeyd etdiyimiz kimi, çox dinamik inkişaf edən iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün yaxşı perspektivlər vardır. Bu gün dövlətlərimiz arasında iqtisadi, ticari və enerji sahələrində müəyyən əlaqələr olsa da, bu, hər iki ölkənin mövcud potensialını əks etdirmir. Azərbaycan Prezidenti İlham Əliyevin Sinqapura səfəri də məhz bu potensialdan daha səmərəli istifadə etməyə şərait yaradacaqdır.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.