AŞPA-da Azərbaycanın uğurlarından danışılmışdır

Yay sessiyasının dördüncü iş gününün sonunda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini araşdıran maltalı deputat Cozef Debona Qrax və Estoniyadan olan deputat Andres Herkelin "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı məruzəsi dinlənilmişdir. Hər iki məruzəçi son illər ölkəmizdə demokratiyanın, məhkəmə sisteminin inkişafı istiqamətində uğurlu islahatların aparıldığını, dövlət rəsmilərinin onlara material toplamaq üçün lazımi şərait yaratdıqlarını diqqətə çatdırmış, eyni zamanda, seçkilərdə plüralizmə geniş meydan verilməsini arzu etmişlər.
Məruzə ətrafında müzakirələrdə Maykl Hankok və David Ulşir (Böyük Britaniya), Xose Mendes Bota (İspaniya), Tadeuş Livinski (Polşa), Özlem Türkone (Türkiyə), Aksel E.Fişer (Almaniya), Leonid Slutski (Rusiya), Jakka Laakso (Finlandiya) və başqaları Azərbaycanda demokratiyanın inkişafının SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş keçmiş respublikalara nümunə olduğunu, 2008-ci ildə prezident seçkilərinin uğurlu, tam şəffaf, ədalətli və beynəlxalq normalara uyğun keçirildiyini vurğulamış, Azərbaycanla Venesiya Komissiyası arasında sıx əməkdaşlıq yarandığını, AŞ-ın demokratiya, insan hüquqları və qanunun aliliyi prinsipləri sahəsində mühüm irəliləyişlər əldə edildiyini bildirmişlər.
Ermənistanlı deputatlar Armen Rustamyan və Hermina Naqdalyan ölkəmizə qarşı qara yaxmaq niyyətlərinə sadiq qalaraq, Azərbaycanın 1994-cü ildə atəşkəs barədə əldə edilmiş razılığı pozmasından, ölkə rəsmiləri tərəfindən tez-tez müharibə çağırışlarının səsləndirilməsindən, hərbiyə daha çox büdcə vəsaiti ayrılmasından və bunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini təhlükə altına almasından bəhs etmişlər.
Fransalı deputat Rene Ruke həmişə dəstəklədikləri erməni həmkarlarından heç də geri qalmamış, qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "seçkilərin" heç bir ölkə və beynəlxalq təşkilatlar tərəfindən tanınmamasına başqa don geydirməyə səy göstərmiş, bu seçkiləri izlədiyinə görə Azərbaycan tərəfindən qara siyahıya salınmasına etirazını bildirmiş, Azərbaycanın sürətlə silahlanmasının bölgə üçün ciddi təhlükə olduğunu qeyd etmişdir.
Avropa Şurasının demokratiya və insan hüquqları təşkilatı olduğunu xatırladan azərbaycanlı deputat Gültəkin Hacıbəyli ölkəmizin hələ 1918-ci ildə müstəqillik qazandığını, müsəlman Şərqində ilk demokratik quruluşlu dövlətin yarandığını, amma bir müddətdən sonra Qırmızı Ordu tərəfindən işğal olunduğunu, tarixin təkrar edildiyini, Azərbaycanın ərazilərinin 20 faizinin yenidən, amma bu dəfə Ermənistan tərəfindən zəbt edildiyini bildirmişdir.
G.Hacıbəyli demişdir ki, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan da AŞ-ın üzvüdür. O, Ermənistanın işğalçılıq siyasətinin bu qurumda bir dəfə də olsun ciddi müzakirə olunmadığını vurğulamışdır. Demokratiyanın siyasi proses olduğunu bəyan edən Gültəkin Hacıbəyli bu məsələyə ciddi münasibət bəslənilməsinin vacibliyini qeyd etmişdir.
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında ölkəmizlə bağlı demokratik təsisatların varlığı və intensiv fəaliyyətinin demokratiya məktəbi sayılan Avropa Şurasında artıq 5-ci dəfə müzakirəyə çıxarıldığını, bununla əlaqədar son 10 ildə ardıcıl müzakirələr aparıldığını vurğulamış, ölkədəki demokratik vəziyyətin inkişaf sürətini görməməyin mümkünsüzlüyünü bildirmişdir.
R.Hüseynov Azərbaycan Avropa Şurasına daxil olmazdan əvvəl qurumdan gəlmiş ekspertlərlə söhbətində Azərbaycan lideri Heydər Əliyevin söylədiyi "Bizə qarşı tələblər irəli sürülür, şərtlər qoyulur, tənqidlər səslənir. Bilirik ki, bu, Avropa Şurasının üslubudur, bunlar biz AŞPA-ya həqiqi üzv olandan sonra da davam edəcəkdir. Lakin bunlar bizi məqsədimizdən çəkindirə bilməz. Bizim niyyətimiz demokratik bir Avropa dövləti kimi özümüzü təsdiq etməkdir və bu yolda bütün çətinlikləri adlamağa hazırıq" fikirlərinə istinad edərək Avropa Şurası ilə səmərəli əməkdaşlığın, götürülmüş öhdəliklərin ardıcıl şəkildə, tam həcmdə müvəffəqiyyətlə yerinə yetirilməsinin Azərbaycanın bu bəyanata sadiqliyini sübut etdiyini diqqətə çatdırmışdır.
Deputat daha sonra demişdir: İndi Azərbaycanı demokratik inkişaf baxımından 2009-cu ilin Azərbaycanı ilə müqayisə edəndə görürük ki, çox irəlidəyik. 2008-ci illə tutuşduranda bu tərəqqinin bir qədər də çox olduğunu anlayırıq. 2001-ci illə indiki vəziyyəti qarşılaşdıranda fərqin necə böyük olduğu bütün aydınlığı ilə təzahür edir.
Bunun fəlsəfi mahiyyəti ondan ibarətdir ki, sabah Azərbaycanda söz, mətbuat azadlığı, insan hüquqlarına hörmət əvvəlki illərdən daha yüksək səviyyədə təmin olunacaqdır. Azərbaycanla bağlı Avropa Şurasının apardığı monitorinq prosesinin nəticələri uğurludur və artıq bu imtahanları yekunlaşdırmaqla əlaqədar düşünməyin vaxtı yetişmişdir.
Armen Rustamyanın Azərbaycanın ünvanına yağdırdığı böhtanlara cavab olaraq R.Hüseynov bəyan etmişdir: Avropa Şurası ailəsində olduğumuz illərdə biz daha tolerant olmağı, haqqımızda deyilən iftiralara, nifrət dolu çıxışlara dözməyi, ədalətsiz hücumlara eyni tərzdə deyil, təbəssümlə cavab verməyi öyrəndik. Elə məndən öncə çıxış etmiş erməni həmkarımın söylədiyi həqiqətə zidd olan sözləri də mən təbəssümlə qarşıladım. Arzu edərdim ki, belələri nəhayət ki, Avropa Şurasından demokratiya dərsləri alaraq, düz yola gəlsinlər.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov çıxışında bugünkü Azərbaycanın demokratik cəhətdən inkişaf etmiş, AŞ dəyərlərinə uyğun böyük işlər görmüş, bir neçə il bundan əvvəl tamamilə fərqli başqa bir ölkəyə çevrildiyini diqqətə çatdırmışdır.
Son illər Azərbaycanın daha çox avropalaşmasına diqqəti yönəldən S.Seyidov bütün bunların dövlətin həyata keçirdiyi islahatlar sayəsində əldə edildiyini, dövlətimizin başçısının rəhbərliyi altında mühüm islahatlar aparıldığını, AŞ-a demokratik sahədə töhfələr verdiyini, bu istiqamətdə keçmişlə müqayisədə daha çox işlər görüldüyünü bildirmişdir.
Deputat daha sonra qeyd etmişdir ki, Azərbaycan ərazilərinin müəyyən hissəsini itirmiş halda, ağır vəziyyətdə - bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə qarşılaşdığı şəraitdə demokratik islahatlar aparmış və bu sahədə böyük uğurlar əldə etmişdir. Bu çətinliklərə baxmayaraq, Azərbaycanın AŞ-dan çox şeylər əxz etdiyini və Avropa ailəsi ilə bir yerdə olmaqla, nəhəng işlər gördüyünü diqqətə çatdırmışdır.
S.Seyidov Azərbaycan üzrə gələcək məruzənin, indikindən fərqli surətdə, daha mütərəqqi olacağına ümidvar olduğunu bəyan etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva son günlər cəbhə bölgəsindəki hadisələri riyakarlıqla avropalı deputatlara çatdırmaqla onlarda yanlış təsəvvür yaratmağa cəhd edən erməni deputatlara sərt cavab verərək bildirmişdir ki, erməni əsgərləri Azərbaycan ərazisində həlak olmuşlar. Özgə torpağını işğal edənlərin belə aqibətlə qarşılaşması heç də təəccüb doğurmamalıdır.
Ermənilərin çaldığı hava ilə oynayan, Dağlıq Qarabağda keçirilmiş qondarma "parlament seçkiləri"ndə qanunsuz olaraq müşahidəçi qismində iştirak etmiş və indi Azərbaycanda arzuolunmaz "şəxs" elan edilməsindən şikayətlənən fransalı deputata cavabında isə Q.Paşayeva demişdir: Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən də Fransa tanıyır. Ölkəmizin 20 faiz ərazisi, habelə Dağlıq Qarabağın işğal altında olması da dünyaya məlum faktdır. Mənim müvafiq vizam olmasa, Fransaya buraxmazlar. Siz isə qanunu pozaraq Azərbaycan dövlətinin icazəsi olmadan onun sərhədini keçmisiniz. Sizə münasibət də bu hərəkətə uyğun olmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında