Vaşinqtonda Cənubi Qafqaz və Xəzər hövzəsi mövzusunda keçirilən konfransda ABŞ hakimiyyətinin bölgəyə dair siyasəti tənqid edilmişdir

ABŞ-ın Cənubi Qafqazdakı siyasi strategiyası nədən ibarətdir? Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə bu sualı Vaşinqtonun nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindəki konfransda vermişdir.
Deputat vurğulamışdır ki, ABŞ-Azərbaycan tərəfdaşlığının uğurla davam etməsi üçün Vaşinqtonun bölgəmizdəki niyyətləri və planları konkretləşdirilməlidir. İki ölkə çoxsaylı birgə maraqları və dəyərləri bölüşür. Lakin son vaxtlar ABŞ-ın Cənubi Qafqaz və Xəzər hövzəsindəki mövcudluğu, demək olar ki, hiss olunmur. Üstəlik Vaşinqtondan qaynaqlanan bir sıra mənfi meyillər, o cümlədən, bölgədə gerçək sülhün əvəzinə, Türkiyə-Ermənistan arasında fərziyəvi yaxınlaşmaya can atması Azərbaycan ictimaiyyətində Birləşmiş Ştatların Cənubi Qafqazdakı rolu haqqında suallar yaratmağa başlamışdır.
Azərbaycan qanunvericisinin belə tənqidi yanaşmasını "Cənubi Qafqaz və Xəzər hövzəsində ABŞ strategiyasının inkişaf etdirilməsi" mövzusunda konfransda çıxış edən digər natiqlər də xatırlatmışlar. Vaşinqtondakı Atlantik Şuranın baş tədqiqatçısı Aleksandros Pitersen qeyd etmişdir ki, ABŞ-ın hazırda Cənubi Qafqazdakı mövqeyi Sovet İttifaqının süqutundan sonrakı mərhələdə ən zəif nöqtəyə çatmışdır. O, uğursuz Türkiyə-Ermənistan sərhəd açılması planlarını tənqid edərək bildirmişdir ki, bu, təkcə Azərbaycanın ABŞ-dan uzaqlaşması deyil, Amerikanın nəticə etibarı ilə Ermənistan və Türkiyə ilə də münasibətlərinin pisləşməsinə gətirib çıxarmışdır.
ABŞ vəziyyətin müsbət tərəfə dəyişməsi üçün bölgəyə dair strategiyasında ciddi dəyişikliklər etməlidir. Xüsusilə də, bölgə dövlətləri ilə münasibətlər hər birinin ABŞ üçün kəsb etdiyi maraq səviyyəsinə uyğun qurulmalı, ABŞ mövcudluğunu diplomatik, iqtisadi, mədəni, bir sözlə, bütün kanallar vasitəsilə bəlli etməli, Cənubi Qafqaz və Xəzər bölgəsinə kiminsə "xüsusi maraq" dairəsi kimi yanaşma cəhdlərindən çəkinməlidir.
ABŞ Ordusu Hərb Kollecinin professoru Stifen Blənk isə Amerikanın bölgəmizdəki strateji uğursuzluğunu Vaşinqtonun bölgə təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət ayırmaması ilə əlaqələndirmişdir. Transmilli təhdidləri prioritet hesab edən ABŞ bölgə təhdidlərinə də göz yummamalı, Cənubi Qafqazın əsas düyünü olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır. Blənk qeyd etmişdir ki, Türkiyə-Ermənistan sərhədinin açılması ilə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında birbaşa asılılıq vardır. Bunları ayırmaq ABŞ-ın milli maraqlarına xidmət etmir. ABŞ Azərbaycana yalnız Əfqanıstandakı ehtiyaclarını ödəyən dövlət kimi qiymət verməməli, Azərbaycanın özünə görə əhəmiyyətini tanımalıdır. O, Vaşinqtonu Nabukko layihəsi, Xəzər hövzəsinin təhlükəsizliyini təmin edən "Kaspian Qard" və digər layihələri sona çatdırmağa çağırmışdır.
Müzakirələrdə çıxış edən Yeni Demokratiyalar İnstitutunun icraçı direktoru Marqarita Assenova bölgəmizdəki münaqişələrin həllində ATƏT-in roluna toxunmuşdur. Xanım Assenova təşkilatın bu missiyanın öhdəsindən gələ bilmədiyini vurğulayaraq, ATƏT-in yeni zirvə toplantısına ehtiyac duyulduğunu bildirmişdir. Son dəfə 1999-cu ildə İstanbulda toplaşan ATƏT yenidən dövlət başçılarını bir araya gətirib sentyabrın 11-i hadisələrindən sonra formalaşan qlobal təhdidləri qiymətləndirməli, Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün təkmilləşdirilmiş mexanizmlər tapmalıdır. Bununla yanaşı, xanım Assenova qeyd etmişdir ki, ATƏT-in tam səmərəli olması üçün ABŞ öz növbəsində, Rusiya ilə həssas məsələləri müzakirə etməkdən çəkinməməlidir.
Konfransı yekunlaşdıran Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun sədri Frederik Starr ABŞ hakimiyyətinə bölgədəki dövlətlərin ehtiyaclarına diqqət yetirməyi tövsiyə etmişdir. O demişdir: "Vaşinqton Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinə aid məsələləri birbaşa həmin dövlətlərlə müzakirə etməli, heç kimin başının üstündən iş görməməlidir". Əgər ABŞ bu ölkələrin köməyi ilə öz təhlükəsizlik ehtiyaclarını ödəyirsə, öz növbəsində, bu ölkələrin təhlükəsizlik problemlərinə diqqət yetirməlidir.
Bölgəyə səfərə hazırlaşan ABŞ dövlət katibi Hillari Klintona da tədqiqatçının tövsiyəsi belə olmuşdur: Bu dəfə gedib dinləyin!

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında