Heydər Əliyev Partiyası (əvvəli qəzetin 22 noyabr 2012-ci il tarixli sayında)

Xilaskarlıq missiyası
Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.
Bugünkü prizmadan baxanda bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı dövlətdə kifayət qədər düşməni olan Heydər Əliyevin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərini israr edir, bir-birini günahlandırır, canlarını təhlükədən qurtarmağa, sığortalanmağa çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi, qiyamçıların gözünü qan tutduğu bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi Heydər Əliyevdən savayı kim edə bilərdi ki?
Ulu öndər Heydər Əliyev bir qrup ziyalı ilə birgə Bakıdan Gəncəyə yola düşərək baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırdı, özünün müdrik və uzaqgörən addımları ilə silahlı qarşıdurmanın miqyasının genişlənməsinin qarşısını aldı. Gəncədə olarkən "hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş şəxslər, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar" - deyən ulu öndər bir daha prinsipial mövqeyini ortaya qoymuş, AXC-Müsavat cütlüyünün ölkəni vətəndaş qarşıdurması həddinə çatdırdığını açıq bildirmişdi.
Heydər Əliyevin çox qısa bir zamanda əvvəlcə Ali Sovetin sədri seçilməsi, məlum səbəblərdən Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlaması və nəhayət, Prezident seçilməsi onun ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də ulu öndərlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Heydər Əliyev 15 iyunda yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Tarixən bir çox dövlətlər ekstremal şəraitlərdə dünya səhnəsindən silinmək, tamamilə məhv olmaq təhlükəsi ilə üzləşmişlər. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını qorumuş, millətlər isə dirçəlmişdir.
Məhz bu tip dahi şəxsiyyətlər və siyasi liderlər kimi, ulu öndər Heydər Əliyev də hakimiyyətə gəldiyi ilk gündən de-yure müstəqil sayılan Azərbaycanı de-fakto qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanat səviyyəsindən çıxardı. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ümummilli lider müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri ustalıqla, münasibətlərə xələl gətirmədən aradan qaldırdı. 1993-95-ci illərdə dövlətçiliyə yönəlmiş qəsdlərin qarşısı qətiyyətlə alındı, terrora son qoyuldu.
Heydər Əliyevi və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını hakimiyyətdə görmək istəyən, bunu ölkənin yeganə nicat yolu hesab edən Azərbaycan xalqı 1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. 1993-cü il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində "...Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm" - deyən, ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürərək onun sürətlə həyata keçirilməsinə başladı.
Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə həm də partiyanın həyatında yeni dövrün əsası qoyuldu. YAP-ın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, partiyanın ölkənin siyasi həyatında tutduğu mövqe möhkəmləndi. O, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Partiyanın yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həllinə səfərbər olaraq ölkədə gedən ictimai-siyasi proseslərə fəal surətdə qoşulmuşdu.
Ölkədə xalqın iradəsi ilə baş vermiş qanuni hakimiyyət dəyişikliyi nəticəsində Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi dövlətin müstəqilliyinin praktik müstəvidə özünü göstərməsi üçün real əsaslar yaratdı. Ümumilikdə, Heydər Əliyev bu və digər islahatlarla YAP-ın hüquqi və demokratik dövlət yaratmaq niyyətini praktik surətdə gerçəkləşdirməyə nail oldu.
Çox qısa zamanda YAP-ın siyasi proqramında əksini tapmış bir çox məsələlər praktik surətdə gerçəkləşdirilməyə, cəmiyyətdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğuna xidmət edən islahatlar dönməz və daimi xarakter almağa başladı. Heydər Əliyev xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail oldu, onun daimiliyini, əbədiliyini təmin etməklə ümummilli liderlik zirvəsinə yüksəldi.
Bu gün Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən "Heydər Əliyev partiyası" adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə əks etdirir. Ulu öndər Heydər Əliyev 1993-2003-cü illərdə ölkənin uğurlu idarəçiliyi timsalında partiyanın proqramının praktik surətdə gerçəkləşdirilməsini təmin etmiş, eyni zamanda, həmin proqramda yer almış müddəaların praktikliyini sübuta yetirmişdir.
Uğurlu yolun yeni mərhələsi
1994-1995-ci illər partiyanın fəaliyyətində təşkilatlanma mərhələsinin intevsivləşdiyi bir dövrdür. Bu dövrdə partiyanın ideyaları cəmiyyətdə sürətlə yayılmış və dəstəklənmiş, həyata keçirilən islahatlar YAP-a olan ictimai inamı daha da möhkəmləndirmişdi. Heydər Əliyevin ölkədə insan hüquq və azadlıqlarının qorunması, fikir plüralizminin dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkədə çoxpartiyalı siyasi sistemin formalaşmasına da təkan vermişdi. 1995-ci ildə YAP-ın parlament partiyasına çevrilməsi onun cəmiyyətdəki mövqelərini daha da gücləndirmiş, hüquqi, demokratik dövlət quruculuğu prosesindəki imkanlarını genişləndirmişdi.
1995-1998-ci illər YAP-ın fəaliyyətində məzmun və keyfiyyətcə yeni dövr kimi xarakterizə edilir. Çoxpartiyalı siyasi sistemin formalaşması ilə müşayiət olunan bu illərdə partiyanın üzvlərinin sayı 130 min nəfəri ötmüşdür.
Siyasi partiyanın gücü və qüdrəti təkcə elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, həm də qarşıya qoyduğu vəzifələri həyatda tətbiq etmək imkanları ilə ölçülür. Ölkə rəhbərliyinin sosial, iqtisadi, hüquqi, mədəni sahədə həyata keçirdiyi islahatlar, əhalinin sosial müdafəsinə göstərdiyi qayğı, siyasi rəqiblərə münasibətdə dözümlülük nümayiş etdirməsi, söz, mətbuat azadlıqlarına geniş yer verməsi YAP-ı alternativi olmayan siyasi təşkilat kimi tanıtmışdır.
Ümummilli lider Heydər Əliyev YAP-ın birinci qurultayındakı çıxışında gənclərin partiyanın sıralarında geniş təmsil olunması vacibliyinə xüsusi diqqət çəkir, onların içərisində partiyaya sədaqətli insanların çoxluq təşkil etdiyini deyirdi. Onun qoyduğu bu vəzifənin icrası istiqamətində ən mühüm addım da elə YAP-ın birinci qurultayında ARDNŞ-in birinci vitse-prezidenti, MOK-un prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin partiya sədrinin müavini seçilməsi oldu. Bu tarixi seçim bir sıra reallıqlarla şərtlənirdi: əvvəla, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açmışdı. MOK prezidenti İlham Əliyev ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirmişdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlər görülmüşdü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhlu təbəqə kimi tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.
Digər tərəfdən, İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti kimi yüksək diplomat səriştəsinə, idarəçilik keyfiyyətlərinə malik olduğunu sübut etmiş, "Əsrin müqaviləsi" ilə bağlı aparılan danışıqların Azərbaycanın milli maraqlarına uyğun məcrada davam etdirilməsində, prosesin uğurla yekunlaşmasında ulu öndərə yaxından yardımçı olmuşdu.
Bütün bunlar İlham Əliyevin YAP siyasi rəhbərliyində təmsil olunmasını ictimai və sosial zərurət kimi ortaya çıxarmışdı. Bu tarixi seçim az sonra partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynayacaqdı.
YAP-ın iqtidar partiyası olaraq seçkilərdə qazandığı böyük uğurlar həm də siyasi varislik prinsipinin etibarlı şəkildə qorunması ilə bağlı idi. Qeyd etdiyimiz kimi, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 1999-cu ildə YAP sədrinin müavini seçilməsi partiyanın siyasi perspektivinə olan ümidləri daha da möhkəmləndirmiş, onun gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynamışdı.
Hər bir siyasi partiyanın cəmiyyətdə layiqli mövqe qazanması və onu qoruyub saxlaması, milyonların inam və etimad ünvanına çevrilməsi həm də onun rəhbərliyində dayanan insanların şəxsi liderlik keyfiyyətləri ilə bağlıdır. Bu mənada, hakim Yeni Azərbaycan Partiyasının da dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərinə yol açan vacib amillərdən biri siyasi varislik ənənələrinin təmin olunmasıdır. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır.
Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsindən gedir. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.
Müstəqil Azərbaycanın 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur. Konkret siyasi şəaitdə Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin labüdlüyünü şərtləndirən amillər, şübhəsiz, bu kursun bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata kecirilməsinə yönəlməsindən ibarət olmuşdur.
Prezident İlham Əliyevin mövcud siyasi kursa dair baxışlar sisteminin institutlaşmış xarakter daşıması, bu baxışların taktiki, strateji və perspektiv rakursunda Heydər Əliyev siyasətinin ehtiva etdiyi prioritetlərin dayanması, ən əsası, ulu öndərin siyasət məktəbində yetişmiş peşəkar diplomat kimi şəffaf keçmişə, müasir lider imicinə malik olması onun ictimai rəydə önə çıxmasını şərtləndirən başlıca məqamlar sırasında xüsusi vurğulana bilər. Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi dünyada məşhur ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnmiş, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə birləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşmış İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.
Ötən dövr ərzində İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş böyük nailiyyətlər məlum zaman çərçivəsinə sığmayaraq, XXI yüzilliyin simvolu hesab olunan "sürət, dinamika" anlayışlarını öz inkişaf göstəricilərində ehtiva etmişdir. Yeni əsrin tələbləri baxımından bu, olduqca mühüm əhəmiyyət daşıyır, böyük və ya kiçikliyindən asılı olmayaraq, istənilən dövlətin müasir beynəlxalq sistemdə özünə yer tuta bilməsini, öz mövcudiyyətini davam etdirməsini şərtləndirən əsas amillərdən biri kimi çıxış edir.
Amerikalı intellektual T.Fridman qeyd edir ki, "XX əsrdə böyük dövlətlər kiçikləri "udurdusa", XXI əsrdə "sürətli" dövlətlər ləng, asta templə gecikən ölkələri "həzm edəcəkdir". Beləliklə, yeni yüzildə dövlətlərin coğrafi ərazi böyüklüyü onun dünya siyasətində rolunu müəyyən edən amil kimi artıq öz mahiyyətini itirir və yerini sürətli inkişaf tempinə nail olan ölkələrə verir. Hakimiyyətə gəldikdən sonra Prezident İlham Əliyev də yeni əsrin praqmatik və rasional düşüncəli lideri kimi Azərbaycanın qloballaşma dövründə dünya miqyasında cərəyan edən pozitiv inkişaf meyillərinə uğurla inteqrasiya olunması, beynəlxalq iqtisadi münasibətlər sistemində layiqli yerini tutması istiqamətində mühüm addımlar atmaqdadır.
Beləcə, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranaraq fəaliyyətə başladı və öz liderlərinin müstəsna xidmətləri ilə 20 illik çox şərəfli bir yol keçdi.
Xalqın Heydər Əliyev fenomeninə böyük inamı və bu inama olan yüksək ehtiram sarsılmaz vəhdət yaradaraq qısa zamanda YAP-ın siyasi gücünün əsaslarından birinə çevrildi və onun gələcək uğurlarını təmin etdi. YAP və onun liderlərinin qətiyyətli addımları nəticəsində respublikamız üzləşdiyi bir çox problemləri geridə qoyaraq yeni inkişaf mərhələsinə adladı. Cəmiyyət həyatının müxtəlif sferalarında davamlı tərəqqi və intibahın əsası qoyuldu.
Çoxluğun inamı bu dəfə də ali həqiqət kimi özünü təsdiqlədi. Yeni Azərbaycan Partiyası əzmkar fəaliyyəti ilə Azərbaycanın nicat ünvanına, qürur yerinə çevrildi. Onun əvəzsiz lideri Heydər Əliyev bizim üçün, gələcək nəsillərimiz üçün müstəqil dövlət qurdu. Bu dövlətin aydın, uğurlu sabahını təmin etdi, səsimizi, sözümüzü dünyaya yetirdi. Azərbaycan üçün işıqlı bir yol müəyyənləşdirdi. Bu gün biz Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində bu yolla müqəddəs amallarımıza doğru inamla addımlayırıq.

{nl}

Arzuman MURADLI, YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında