Şriftin ölçüsü:
23.11.2012 11:17 | Oxunma sayı: 581
Noyabrın 22-də Bakıda Azərbaycan və Rusiya gənclərinin "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumu işə başlamışdır.
Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri açan gənclər və idman nazirinin müavini İntiqam Babayev forumun artıq ikinci dəfədir keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, bu tədbirin əsas məqsədi Qafqaz regionunda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və səmərəli fikir mübadiləsinin təşkilidir.
Gənclər və idman naziri Azad Rəhimov forumun əhəmiyyətini yüksək qiymətləndirmiş, bu görüşün iki ölkə gənclərinin münasibətlərinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırmışdır. Forumun azərbaycanlı və rusiyalı gənclər arasında dostluq və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün vacib məkan olduğunu deyən A.Rəhimov vurğulamışdır ki, hər iki xalqı ümumi tarix birləşdirir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, Bakıda keçirilən "Yeni nəsil: sərhədsiz məsuliyyət" II Beynəlxalq Gənclər Forumu dostluq və əməkdaşlıq üçün yaxşı platformadır. Əli Həsənov bu forumun keçirilməsinə Azərbaycan və Rusiya prezidentlərinin böyük önəm verdiklərini demişdir.
Azərbaycanın artıq Rusiyanın 83 regionunun 71 subyekti ilə əməkdaşlıq etdiyini deyən şöbə müdiri bu əlaqələrin inkişafında Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərlərinin, iqtisadi-siyasi, humanitar və digər sahələrdə əməkdaşlığın mühüm rol oynadığını vurğulamışdır.
Əli Həsənov qeyd etmişdir ki, bu cür görüşlərin ənənəvi hal alması çox sevindiricidir. Bu görüşlər əməkdaşlığın inkişafına şərait yaradır, kreativ ideyaların həyata keçirilməsinə, yeni layihələrin reallaşmasına kömək edir.
Ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyini deyən Əli Həsənov qeyd etmişdir ki, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərə yeni təkan vermişdir. Sonralar dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Şöbə müdiri bu gün Azərbaycan ilə Rusiya arasında əlaqələrin siyasi, mədəni və bir çox sahələrdə uğurla inkişaf etdiyini söyləmişdir.
Azərbaycanda gənclərin fəaliyyəti və inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edən Əli Həsənov vurğulamışdır ki, forumda Qafqaz regionunun taleyinə biganə qalmayan gənclər toplaşmışdır. Hər zaman bu regionun insanları daim bir yerdə olmuş, bir-birilərini dəstəkləmişlər. Qafqaz regionunda milli azlıqların və etnik qrupların bir ailə kimi yaşadığını deyən Əli Həsənov bölgədə münaqişələrin olduğunu da qeyd etmişdir. Şöbə müdiri vurğulamışdır ki, buna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini misal göstərmək olar. Qonşu ölkələrin təhlükəsizliyi bir-biri ilə bağlıdır. Bütün gənclər regionda sülh və dostluq naminə birləşməlidirlər.
Daha sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin forum iştirakçılarına müraciəti oxunmuşdur.
Forumda çıxış edən Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin şöbə müdiri Sergey Kondratyev belə tədbirlərin iki ölkə gənclərinin əməkdaşlığının daha da genişlənməsinə töhfə verəcəyini bildirmişdir. Rusiyalı qonaq qeyd etmişdir ki, bu forum Azərbaycan və Rusiya gənclərinə mövcud problemləri birgə müzakirə etmək, onların həlli yollarını tapmaq, qarşılıqlı texnologiya mübadiləsi aparmaq imkanı verəcəkdir.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin Azərbaycan ilə Rusiyanın 70 il bir dövlətin tərkibində yaşadığını qeyd etmişdir. Bildirilmişdir ki, indi ölkələrimiz müstəqildirlər və hər birinin öz geosiyasi maraqları vardır. Rusiya müstəqil Azərbaycana bir dövlət kimi xüsusi önəm verir. Bu əlaqələrdə orta və yaşlı təbəqənin rolunun böyük olduğunu vurğulayan səfir gənclərin də bu münasibətlərə dəstək verməsinin sevindirici olduğunu demişdir.
V.Doroxin Azərbaycanın Rusiya üçün regionda olan problemlərin həllində ən əsas tərəfdaş olduğunu bildirmişdir.
Sonra forum öz işini "Qloballaşma və gənclərin dünya görüşü", "Nəsillərin dialoqu: stereotiplərin dağılması - yeni üslubların yaradılması", "Qafqazda multikulturalizm - mədəniyyətlərin inkişafında nadir təcrübə", "Yeni çağırışlar və imkanlar: informasiya cəmiyyətində gənclərin rolu", "Lokal düşün - qlobal hərəkət et", "Gender bərabərliyinə qloballaşmanın təsiri" seksiyalarında davam etdirmişdir.
Forumun iştirakçıları görüşlərini Naxçıvan Muxtar Respublikasında davam etdirəcəklər.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.