Erik RUBİN: Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə kömək etmək Barak Obama administrasiyası üçün prioritet məsələlərdən biri olaraq qalacaqdır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubin Birləşmiş Ştatların Azərbaycan ilə yüksək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dəstəyi davam etdirəcəyini bildirmişdir. E.Rubin bu sözləri Azərbaycan Amerika Alyansının (AAA) "Bakılı qonaqlar ilə Vaşinqtonda bir axşam" adlı qala-tədbirində demişdir.
AAA-dan AzərTAc-a verilən məlumata görə, E.Rubin ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinə toxunaraq demişdir: "Bu tədbir ona görə mühümdür ki, burada təkcə hər iki tərəfin rəsmiləri deyil, həm də biznes dairələrin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Bu, çox müsbət haldır. Buraya toplaşan insanlara baxanda ölkələrimiz arasında münasibətlərin 20 ildən artıq bir müddət ərzində nə qədər inkişaf etdiyinin şahidi oluruq. Biz qarşıdakı illər ərzində də bu tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əlimizdən gələni etməliyik".
Ölkələrimiz arasında ticarət əlaqələrinin səviyyəsinin və sərmayələrin həcminin artdığını vurğulayan E.Rubin qeyd etmişdir ki, xüsusilə də enerji sahəsində böyük uğurlar əldə olunmuşdur. Azərbaycan və ABŞ qlobal səviyyədə Əfqanıstan məsələsində birgə çalışır. Bütün bunlar növbəti dörd ildə də əlaqələrin inkişaf etdirilməsi üçün möhkəm bir əsas yaratmışdır.
Dövlət katibinin köməkçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ Administrasiyası üçün prioritet məsələ olaraq qalacağını vurğulamışdır. "Dağlıq Qarabağ məsələsinə gəldikdə, biz 20 ildən artıqdır ki, davam edən olduqca ağrılı münaqişənin ədalətli və davamlı həllinə kömək etməyi prioritet məsələlərdən biri hesab edirik. Bu, növbəti dörd il ərzində bizim üçün ən yüksək prioritet məsələlərdən olacaqdır. Biz regionun bütün xalqlarının faydalanacağı, uzunmüddətli, eləcə də sadiq qaldığımız prinsiplər əsasında müsbət nəticənin əldə olunmasına kömək etmək üçün əlimizdən gələni edəcəyik. Bununla yanaşı, münasibətlərin inkişafına gəldikdə, bizim münasibətlərimiz sadəcə bir və ya iki məsələ ilə bitmir. Bu, daha geniş və dərin, bölüşdüyümüz birgə dəyərlərə və istəklərə əsaslanan münasibətləri əhatə edir. Bunlardan biri Azərbaycanın dərin demokratik köklərə əsaslanan təsisatların və açıq vətəndaş cəmiyyətinin qurulması işində tərəqqi əldə etməyə davam edəcəyinə ümidlə bağlıdır. Biz bu sahədə inkişafın şahidi olmuşuq və növbəti dörd ildə də Azərbaycanın inkişafına dəstək verilməsində birgə işi davam etdirə biləcəyimizə ümid bəsləyirik", - deyə E.Rubin bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında