Respublikamız öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, demokratik inkişaf səviyyəsinə və hərbi, iqtisadi potensialına görə Cənubi Qafqaz regionunun şəksiz lider dövlətinə çevrilmişdir. Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edərək, regionda növbəti və qarşısı alınması çox çətin olan dəhşətli bir müharibənin yenidən başlanmaması üçün xoşməramlı sülh missiyasını davam etdirir. Ölkəmiz həm də beynəlxalq təşkilatlardakı müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsini önə çəkməklə öz milli maraqlarını təmin edir. Rəsmi Bakı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həlli məqsədilə real təkliflərlə çıxış edərək Cənubi Qafqazda sabitliyə nail olmaq üçün böyük səylər göstərir.
Azərbaycan özünün hücum diplomatiyasını həyata keçirməklə Ermənistanın dünya birliyi tərəfindən təcavüzkar dövlət kimi tanınmasını təmin etmişdir. Respublikamız BMT kimi mötəbər beynəlxalq qurumun kürsüsündən xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması üçün məharətlə istifadə edir. Nəticədə, qurumun Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulanmışdır.
BMT-nin 2000-ci ilin sentyabr ayında keçirilən Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərməli olduğunu vurğulayaraq, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycan BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.
Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlanmışdı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.
2010-cu il dekabrın 1-də Qazaxıstanın paytaxtı Astanada 56 üzv, 12 tərəfdaş dövlət və hökumət başçılarının, habelə beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş ATƏT-in VII sammitinin yekun bəyanatı da Ermənistana böyük zərbə hesab oluna bilər. Sənəddə bildirilir ki, münaqişənin nizamlanmasında Helsinki Yekun Aktına, eləcə də 2009-cu il iyulun 10-da Akvildə və 2010-cu il iyunun 26-da Muskokda verilmiş bəyanatlara istinad olunmalıdır. Xatırladaq ki, ABŞ, Fransa, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Muskokda imzalanmış bəyanatda Dağlıq Qarabağ ətrafındakı rayonlar Ermənistan tərəfindən işğal edilmiş ərazilər kimi göstərilib. Bu fakt Ermənistanın təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir. Bu gün də Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Akvil, Muskok və Los-Kabos bəyanatlarında status-kvonun qəbuledilməz olduğunu dəfələrlə vurğulamışlar. Bu, Azərbaycanın xarici siyasətinin əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat işğal altındakı torpaqların azad olunması tələbi kimi başa düşülür ki, bu da ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Ermənistanın təcavüzkar dövlət olduğunu beynəlxalq ictimaiyyət qarşısında bir daha təsdiq etməsi deməkdir.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşma təcrübəsi, iqtisadi istismar və bu ərazilərin viran edilməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ bölgəsi ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə 2010-cu il oktyabrın 7-dən 12-dək həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının (SQM) açıqladığı yekun rəyi də rəsmi İrəvanı ifşa etdi. SQM bir daha Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılma siyasətinin davam etdirildiyini, həmçinin infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini aşkarlamışdır. Missiyanın müşahidələri Ermənistanın, xüsusilə güc tətbiq etməmək prinsipini pozduğunu, işğalla bağlı "status-kvo"nu möhkəmlətmək cəhdlərini bir daha təsdiqləmişdir. Bu da Ermənistanın 1993-cü ildə qoşulduğu 1949-cu il 12 avqust tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyasına və ona əlavə Protokollara ziddir.
Azərbaycanın uğurlu xarici siyasəti Avropa Şurasında da Ermənistanı dalana dirəmişdir. 2001-ci il yanvarın 17-də ölkəmizin Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Həmin dövrdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatı İlham Əliyevin rəhbərlik etməsi və daha sonra onun AŞPA-dakı fəaliyyəti ulu öndərimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Məhz cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bütün bunların məntiqi davamı kimi 2003-cü il yanvarın 27-də Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA-nın vitse-prezidenti və qurumun büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu. Hazırda Azərbaycan - Avropa Şurası əməkdaşlığı daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edərək Ermənistanın təcavüzkar siyasətini ifşa edir, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin haqlı mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır.
Dünyanın ən qüdrətli hərbi-siyasi təşkilatı olan Şimali Atlantika Alyansı - NATO da Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Onu da deyək ki, NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamasa da, təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar. Bugünədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat problemin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində daim qətiyyət nümayiş etdirmişdir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin Yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdır. Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən bəyanat rəsmi İrəvanı təşvişə salmışdı. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdi.
Bu il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammitində Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, Azərbaycan üçün digər mühüm bir hadisəylə - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi ilə də yadda qaldı. Sammitin yekununda qəbul olunan bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunur ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: "Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik".
Azərbaycanın hücum diplomatiyasının uğurlu nəticələrindən biri də odur ki, bu gün dünyanın 120 ölkəsinin üzv olduğu Qoşulmama Hərəkatı da ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Belə ki, hərəkata üzv ölkələrin dövlət başçılarının bu il avqustun 31-də başa çatan Tehran sammitinin yekun sənədinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilmişdir. Sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılır: "Dövlət və hökumət başçıları Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırır".
Xatırladaq ki, bundan əvvəl, bu il may ayının 5-də də Qoşulmama Hərəkatı erməniləri növbəti dəfə məyus edən sənəd qəbul etmişdi. Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində qurumun Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilmiş iclasında qəbul olunan yekun sənədin 382-ci bəndində Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin region üçün təhlükə törətməyə davam etdiyi xüsusi vurğulanmış, hərəkata üzv olan dövlətlər münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll edilməsinin vacibliyini nəzərə çarpdırmışlar.
Sənəddə deyilir ki, Qoşulmama Hərəkatının üzvü olan ölkələrin nazirləri Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanmamış qalmasından, beynəlxalq və regional təhlükəsizliyə təhdid törətməkdə davam etməsindən təəssüflənirlər. Onlar BMT-nin Nizamnaməsində əksini tapmış güc tətbiq etməmək prinsipinin vacibliyini bir daha təsdiq etmiş və tərəfləri münaqişəni danışıqlar yolu ilə, beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri çərçivəsində, xüsusilə suverenlik, ərazi bütövlüyü, beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllini tapmasını tələb etmişlər.
Göründüyü kimi, Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən növbəti dəfə tanınmış və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq arenada dəstəkləndiyi vurğulanmışdır. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini gücləndirməkdə davam edir. Bu sənədin yekdilliklə qəbul olunması və orada Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin əks olunması isə birmənalı şəkildə ölkəmizin növbəti diplomatik uğurudur.
İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində, qurumun baş katibinin məsələ ilə bağlı bəyanatlarında da ölkəmizin ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzkar əməlləri qətiyyətlə pislənilir. Son olaraq, keçən ay İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən illik koordinasiya toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair yekun kommünike qəbul edilmişdir. Sənəddə Azərbaycan ərazilərinin işğalının yolverilməzliyi, bu əməlin BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında tezliklə həll olunmalıdır. Sənəddə Dağlıq Qarabağ bölgəsi və Azərbaycanın işğal olunmuş digər ərazilərində demoqrafik vəziyyətin zorla dəyişdirilməsindən, mülkiyyət hüquqlarının pozulması və mədəni irsin kifayət qədər qorunmamasından ciddi narahatlıq bildirilmişdir. İƏT ölkələri Azərbaycanın işğal altındakı ərazilərdə beynəlxalq humanitar hüququn normalarının və insan haqlarının təmin olunmasına yönəlmiş səylərinə dəstək veriblər. Onu da xatırladaq ki, bu il avqustun 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində keçirilən İslam Zirvə toplantısının dördüncü fövqəladə sessiyasında dünya müsəlmanlarının narahatlığına səbəb olan məsələlər müzakirə olunmuş, sessiyada Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Zirvə toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İƏT-in üzvü olan ölkələrin mövqeyini əks etdirən yekun bəyannamə qəbul olunmuşdur. Bəyannamədə İƏT-in üzvü olan ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa çağırmışlar.
Son vaxtlar Ermənistanın təxribat xarakterli addımlarına beynəlxalq ictimaiyyətin kəskin reaksiya verməsi belə deməyə əsas verir ki, sürətli inkişafı ilə diqqətləri üzərinə cəlb edən Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası kontekstində bu gün dünya Qafqaz həqiqətlərini daha yaxşı anlayır. İstər nüfuzlu beynəlxalq qurumların, istərsə də ayrı-ayrı aparıcı dövlətlərin bu il iyulun 19-da Dağlıq Qarabağın ərazisində keçirilən "prezident seçkiləri" ni pisləyən bəyanatlarla çıxış etməsi və Azərbaycanın mövqeyinin qəti şəkildə dəstəklənməsi bir daha dediklərimizi sübut edir. Təbii ki, bu məsələdə münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun reaksiyası böyük əhəmiyyət kəsb edir. Qondarma seçkilərə öz etirazını bildirən ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) tərəfindən verilən bəyanatda qeyd olunan məqamlar erməniləri pərt vəziyyətinə saldı - desək, yanılmarıq. Bəyanatda deyilir ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımır. Bu il iyulun 19-da həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini əks etdirmir. Regionun qüdrətli dövlətlərindən biri, həmsədr ölkələrdən Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviçin bəyanatı da erməniləri məyus etdi. O bildirdi ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanımır. Rusiya bu münaqişənin nizamlanmasında vasitəçilik səyləri göstərir və münaqişənin BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında sülh yolu ilə həllinin tərəfdarıdır.
Ölkəmiz bütün diplomatik imkanlarını səfərbər edərək Ermənistanı daim beynəlxalq ictimaiyyət qarşısında ifşa edəcəkdir. Bu proses işğalçı dövlətin torpaqlarımızın 20 faizini azad etməsinədək davam edəcəkdir. Ermənistan beynəlxalq hüquq normaları çərçivəsində hazırlanmış böyük sülh razılaşmasına imza atanadək Azərbaycan diplomatiyası, necə deyərlər, həmişə onun başının üzərində domokl qılıncı kimi dayanacaqdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, son nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamənin yerinə yetirilməsinə nail olacaqdır. Həmin qətnamələr isə Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyd etdiyimiz kimi, Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələrində də bu, öz əksini tapmışdır. Onların hamısı eyni şeyi tələb edir - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan Prezidenti beynəlxalq hüquq normalarını daim üstün tutan ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququ olduğunu bir daha xatırladaraq demişdir: "Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq bundan istifadə etmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət, qəti başa düşəcəkdir ki, münaqişə tənzimlənməsə onların bu regionda olması getdikcə mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin - Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik".
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.