Azərbaycan və çeçen xalqları arasında dostluq münasibətlərinin qədim tarixi vardır

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov noyabrın 15-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə Çeçenistan Respublikasının başçısını Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Ramzan Kadırov parlamentin inzibati binası, iclas zalı ilə tanış olmuşdur.
Sonra ali qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına gələrək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, eləcə də Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşləri əks etdirən foto, video və digər materiallara baxmışdır.
Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov arasında görüş olmuşdur.
Oqtay Əsədov demişdir ki, Azərbaycan və çeçen xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixi vardır. Respublikalarımız arasında da geniş əlaqələr mövcuddur. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf etməsinə təkan verəcəkdir.
Milli Məclisin sədri Azərbaycanın sürətli inkişafı, regiondakı lider mövqeyi və dünyada getdikcə artan nüfuzu barədə qonağa ətraflı məlumat vermiş, Azərbaycan ilə Çeçenistan arasında, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan daha çox inkişaf edə bilərdi. Lakin Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və bunun nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə yaradır. Azərbaycan xalqı və dövləti bu problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır.
Oqtay Əsədov bu münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə və Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü müdafiə etdiyinə görə, Çeçenistan tərəfinə minnətdarlıq etmişdir.
Ramzan Kadırov onlara göstərilən qonaqpərvərliyə və dostluq münasibətlərinə görə minnətdarlığını bildirmişdir.
Azərbaycanın sürətli inkişafının göz önündə olduğunu bildirən R.Kadırov demişdir ki, Bakının siması günbəgün dəyişir. Bu da ölkənin iqtisadi inkişafının göstəricisidir.
Çeçenistanın da inkişaf yoluna qədəm qoyduğunu vurğulayan qonaq demişdir ki, indi Çeçenistanda da yaxşı investisiya mühiti formalaşır. Azərbaycanın iş adamları Çeçenistan iqtisadiyyatına sərmayə yatıra bilərlər və bu hər iki tərəfin xeyrinə olacaqdır.
Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Azərbaycanın və Çeçenistanın regionları arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında