Azərbaycanlı deputatın hazırladığı məruzələr Avropa Şurasının diqqət mərkəzindədir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və İnsan Haqları Komitəsi növbəti qış sessiyası ərəfəsində iki iclasını keçirməyi planlaşdırmışdır. Artıq həmin iclaslardan biri qurumun Parisdəki qərargahında baş tutmuşdur. 
Bu iclaslardan məqsəd qarşıdakı sessiyada Assambleyanın gündəliyinə çıxarılacaq məsələləri yekun variantda müzakirə edərək qətnamə layihələrinin qəbul edilməsidir. Hər iki toplantının qarşıya qoyduğu digər vəzifə isə komitədə hazırlanmaqda olan 2 mühüm məruzə ilə əlaqədar Avropada tanınmış ekspertlərin iştirakı ilə dinləmələr keçirməkdir. Hüquqi İşlər və İnsan Haqları Komitəsinin cari yığıncağında "Vətəndaşlıq əldə etmənin sadələşdirilməsi" mövzusu ətrafında dinləmələr keçirilmiş, bir ay sonra isə növbəti toplantıda bənzər dinləmələr "Qeyri-üzv dövlətlərin Avropa Şurası konvensiyalarına qoşulması" problemi ətrafında olacaqdır. Qeyd etmək lazımdır ki, diqqət mərkəzində saxlanılan hər iki məruzə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovla bilavasitə bağlıdır. Dekabrda müzakirə ediləcək məsələ üzrə azərbaycanlı deputat Hüquqi İşlər və İnsan Haqları Komitəsindən Avropa Şurasının əsas məruzəçisidir. Hazırda komitədə ətrafında dinləmələr təşkil edilmiş məsələ üzrə isə ona xüsusi rəy hazırlamaq həvalə edilmişdir. R.Hüseynov mövzu ilə bağlı Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsi xətti ilə həmməruzəçidir.
"Vətəndaşlıq almanın sadələşdirilməsi" məruzəsini Hüquqi İşlər və İnsan Haqları Komitəsində latviyalı deputat Boris Sileviç hazırlayır. Komitə iclasında onun qısa təqdimatından sonra iclasa dəvət edilmiş ekspertlər - Hollandiyadan olan hüquq professoru Rene de Qrut, Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarının Avropa Bürosunun nümayəndəsi, belçikalı İnqe Sturkenbum, Vətəndaşlığı olmayanların Avropa Şəbəkəsinin təmsilçisi İvanka Kostiç problemlə bağlı Avropada mövcud təcrübə və aradan götürülməsini zəruri hesab etdikləri məqamlar haqda fikirlərini bölüşmüşlər. Müzakirələrə qatılan deputat Rafael Hüseynov son onillikdə xüsusi aktuallıq kəsb edən problemlə bağlı demişdir: "Çoxvətəndaşlılıq, yaxud ikili vətəndaşlıq Avropanın, eləcə də dünyanın hansısa ölkələrində qanunla icazə verilən və tənzimlənən, hansısa ölkələrdə müvafiq yerli xüsusiyyətlərdən asılı olaraq məhdudlaşdırılan, ya da ümumən yol verilməyən bir məsələdir. Yəqin ki, hələ bu istiqamətdə müzakirələr çox davam edəcək və yaxın illərdə bu sahədə ortaq məxrəcə gəlinməsi çətin olacaqdır. Lakin miqrantların vətəndaşlıq əldə etmək məsələlərində elə suallar vardır ki, onların cavabı təxirə salınmadan verilməli, müəyyən işlək mexanizmlər hazırlanmalıdır. Əksər Avropa ölkələrində miqrantların vətəndaşlıq əldə etməsi uzun və çətin bir prosesdir. Təbii ki, belə vəziyyət həmin şəxslərdən ötrü insani və siyasi hüquqlarını gerçəkləşdirməkdə mürəkkəb, bəzən isə aşılmaz maneələr yaradır. Belə insanlar isə elə Avropanın özündə minlərlədir. Amma bəs uşaqların təqsiri nədir? Avropada dünyaya gələn, Avropada böyüyən uşaqlar doğulub yaşadıqları ölkənin vətəndaşlığını almaq yolunda saysız-hesabsız əlavə əngəllər, sərt çərçivələrlə üzləşirlər. Onların vətəndaşlıq əldə etməsini maksimal dərəcədə sadələşdirən addımların atılması, bu prosesi nizamlayan ümumavropa səciyyəli sənədlərin hazırlanması vacibdir".
Avropa Şurasında əvvəllər də bir neçə dəfə Axıska türkləri ilə məsələ qaldırmış Rafael Hüseynov müzakirə edilən mövzu kontekstində də həmin problemə bir daha toxunmuşdur. O bildirmişdir ki, 1944-cü ildə Cənubi Gürcüstandan Orta Asiyaya sürgün edilmiş, sonralar Rusiya, Qırğızıstan, Azərbaycan və digər ölkələrdə məskunlaşmış Axıska türkləri indiyədək vətəndaşlıq əldə etmək səmtində ardıcıl olaraq problemlərlə qarşılaşırlar. Sovet İttifaqının dağılmasından sonra Krasnodar bölgəsində yaşayan və ümumi sayı 13 min civarında olan Axıska türklərinə Rusiya vətəndaşlığı verilmədiyindən onlar təməl siyasi, iqtisadi, sosial və digər hüquqlarından yetərincə yararlana bilmirlər.
R.Hüseynovun bu mövzu ilə əlaqədar hazırladığı hesabatın AŞPA-nın 2013-cü ildəki yaz sessiyasında gündəliyə salınması gözlənilir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında