Şriftin ölçüsü:
12.11.2012 10:16 | Oxunma sayı: 724
İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi məsələsi Azərbaycan hökumətinin dəstəyi, ATƏT-in Bakı ofisi və Mətbuat Şurasının noyabrın 10-da birgə təşkil etdikləri seminarda müzakirə olunmuşdur.
AzərTAc xəbər verir ki, seminarda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Mətbuat Şurasının üzvləri, ATƏT-in və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun jurnalistlərin təhlükəsizliyi ilə bağlı gördüyü işlər barədə məlumat vermişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək gündəlikdəki mövzunun əhəmiyyətini vurğulamış, media nümayəndələrinin kütləvi tədbirlərin işıqlandırılmasındakı rolundan bəhs etmişdir.
Jurnalistlərin kütləvi tədbirlər zamanı öz yerlərini düzgün müəyyənləşdirmələrinin vacibliyinə toxunan şöbə müdiri demişdir ki, belə olan halda tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqlar da baş verməz. Bu seminarın məqsədi də kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyətlərini necə qurmalı olmalarına, onların geyim formasının və yerlərinin necə müəyyən edilməsinə aydınlıq gətirməkdən ibarətdir. Əli Həsənov bildirmişdir ki, mətbuat işçilərinin vəsiqələrinin forması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu aydınlaşdırılmalıdır. Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir. Belə seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulmuşdur.
Azərbaycanda mətbuat azadlığının tam təmin olunduğunu vurğulayan Prezident Administrasiyasının şöbə müdiri demişdir: "Azərbaycanda son 10 ildir ki, bu sahənin işinin təkmilləşdirilməsi ilə məşğul oluruq. KİV haqqında, məlumat azadlığı haqqında qanunlar, insan hüquq və azadlıqlarının təmin olunması üzrə dövlət proqramı və ondan irəli gələn vəzifələr - bütün bu çərçivədə jurnalistlərin daha təhlükəsiz, maneələrlə rastlaşmamaq üçün kütləvi tədbir iştirakçılarına qarışmadan kənarda, müvafiq geyim formasında lazımi yerlərdə dayanaraq tədbirləri işıqlandırması qaydasının beynəlxalq standartlara çatdırılması istiqamətində bu seminarda müzakirələr aparılacaqdır.
Azərbaycanda KİV sahəsində qanunvericilik bazasının kifayət qədər təkmilləşdirildiyini xatırladan Əli Həsənov bu günlərdə dünyanın diqqətinin ölkəmizə yönəldiyini vurğulamışdır. Şöbə müdiri qeyd etmişdir ki, Azərbaycanda böyük bir beynəlxalq tədbir - VII İnternet İdarəçilik Forumu keçirilmişdir. Dünyanın 100-dən çox ölkəsini əhatə edən 1500-ə qədər internet idarəçisi, mətbuat və informasiya sahəsində çalışan məsul şəxslər, jurnalistlər, dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri bu tədbirdə iştirak etmişlər. Belə bir tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq aləmdə Azərbaycan ilə bağlı həqiqətlərin daha geniş coğrafiyada yayılmasına şərait yaradır. Azərbaycan da söz və mətbuat azadlığının təmin olunması sahəsində postsovet məkanının digər ölkələri kimi, müəyyən problemlərlə qarşılaşır.
Bəzi problemlərin Azərbaycanın imicinə mənfi təsir göstərdiyini də diqqətə çatdıran Əli Həsənov demişdir ki, bu, bəzi qrupların, təşkilatların qərəzli mövqeyinin nəticəsi kimi meydana çıxır. Bəziləri isə məlumatsızlığın və peşəkarlığın az olmasından irəli gəlir. Bu gün bizim buraya toplaşmağımızın səbəbi də məhz peşəkarlığın az olmasından irəli gələn problemləri müzakirə edib aradan qaldırmaqdır.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç seminarda çıxış edərək demişdir ki, mitinq və nümayişlərdə jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır. Jurnalistlərin də vəzifəsi özlərini media nümayəndəsi kimi təqdim etməkdir, tədbirin iştirakçısına çevrilmək deyildir. Mən əminəm ki, bu cür tədbirlər bundan sonra da keçiriləcəkdir. Bu tədbirlər cəmiyyətin tərəqqisinə xidmət edir.
ATƏT-in rəsmisi demişdir ki, belə seminarlar Azərbaycan tərəfinin istəyi ilə həyata keçirilir. Bu cür tədbirlərin davamlı olması vacibdir. Bu, həmçinin praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Çalışmalıyıq ki, məlumat mənbələrinə çıxarkən jurnalistlər problemlərdən uzaq olsunlar.
Daxili işlər nazirinin müavini Oruc Zalov çıxışında polis-jurnalist münasibətlərinə toxunmuşdur. Nazir müavini demişdir ki, polislə ictimaiyyət arasında əlaqələri gücləndirmək məqsədilə tez-tez polis əməkdaşları müxtəlif seminarlarda iştirak edirlər.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay da medianın inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Sonra seminar işini bölmə iclasında davam etdirmişdir.
Üçgünlük seminarda kütləvi tədbirlərdə jurnalistlərin iştirakının metodologiyası, polis və kütləvi tədbirlərdə iştirak edən jurnalistlər arasında münasibətlər, jurnalistlərin müvafiq qurumlar tərəfindən keçirilən kütləvi tədbirləri işıqlandırması ilə bağlı məsələlər müzakirə olunacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.