Bitmək, tükənmək bilməyən erməni terroru beynəlxalq aləmdə böyük hiddət doğurur

Bu gün insanların vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnən, bəşəri cinayət hesab edilən terror aktları bütün beynəlxalq ictimaiyyət tərəfindən nifrətlə qarşılanır. Bunun bir səbəbi də odur ki, ötən əsrin sonundan etibarən dünyanın müxtəlif yerlərində törədilən terror aktlarının sayı sürətlə artdı, daha geniş miqyas aldı. 2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror aktlarından sonra beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparmaq barədə çağırışlar səsləndi. Sanki ABŞ rəsmiləri bundan sonra terror aktlarının acı fəsadlarını, dəhşətlərini dərk etdilər. Çünki bu dövlətin özü terrorizmin acı günlərini yaşadı. 
Bu dəhşətli faciədən sonra bir daha aydın oldu ki, hətta dünyanın ən qüdrətli, güclü iqtisadiyyata, hərbi texnikaya malik dövlətlərinin də terror təhlükəsindən sığortalanmaq imkanı yoxdur. Ötən illər ərzində dünyanın digər qüdrətli dövləti Rusiyanın paytaxtı Moskvada baş vermiş terror aktlarını yada salaq. Həmin terror aktları nəticəsində çoxlu sayda insanlar həlak oldu. Etirazlar daha geniş miqyas aldı, terrorizmə qarşı birgə mübarizə barədə çağrışlar daha gur səslənməyə başlandı. Halbuki erməni terrorunun hədəfində olan Azərbaycan Respublikası müstəqilliyini elan etdiyi ilk gündən dünya birliyini bu bəlaya qarşı birgə mübarizəyə səsləyir, bəşəriyyəti bu təhlükədən xəbərdar etməyə çalışırdı.
Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün artıq dünya siyasətçilərinin böyük əksəriyyəti bilir ki, xalqımız 200 il ərzində erməni şovinistlərinin davamlı olaraq etnik təmizləmə, ağlasığmaz terror aktlarına və soyqırımı siyasətinə məruz qalmış, günahsız insanlar, qocalar, uşaqlar, hətta, hamilə qadınlar insanlığa sığmayan amansızlıqla, qəddarlıqla qətlə yetirilmiş, dəhşətli işgəncələrə məruz qalmışlar. Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri erməni terror təşkilatlarının törətdikləri vandal aktları barədə məlumatlar yaymış, terrorizmə qarşı birgə mübarizənin əhəmiyyətini vurğulamışlar.
Son illər öz hərbi, iqtisadi, siyasi qüdrətini artıraraq dünyanın inkişaf etmiş müstəqil dövlətinə çevrilən Azərbaycan terrorizmə qarşı mübarizə tədbirlərini ardıcıl olaraq həyata keçirir. Terrorizmdən əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşularaq bu müdhiş bəlaya qarşı mübarizədə yüksək fəallıq göstərir.
Dünyanın ən tanınmış terror birləşmələri sırasında Ermənistanın ASALA terror təşkilatının da yer aldığı hamıya bəllidir. Ümumiyyətlə, bu ölkə terror ocağı kimi tanınıb. ASALA terror təşkilatı ilə yanaşı, "Armenakan", "Hnçak", "Daşnaksütun" partiyalarının da proqramının əsasını terrorizm, terror üsulları təşkil edir. XIX əsrin sonları və XX əsrdə bu və digər erməni terror təşkilatları Azərbaycanda və Türkiyədə dəhşətli terror aktları törətmiş, on minlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş və ya ömürlük şikəst olmuşlar.
Ermənilər Azərbaycan ərazilərini işğal etməklə əhalini öz doğma torpaqlarından didərgin salır, dinc əhaliyə amansız divan tutur, sərnişin nəqliyyatlarında və mülki obyektlərdə terror aktları törədirdilər. Belə vandal aktların nəticəsində 2 mindən artıq günahsız insan həlak olmuş, çoxlu sayda insan ağır yaralanmışdır. Dəhşətli terror aktlarından biri 1989-cu il sentyabrın 16-da törədilib. Bakı-Tibilisi sərnişin avtobusu partladılmış, 30 nəfər həlak olmuş və yaralanmışdır. Bu qanlı hadisə elə bir vaxtda törədildi ki, həmin dövrdə Azərbaycanda özbaşınalıq, anarxiya, xaos baş alıb gedirdi. Hakimiyyətdə olanların fərsizliyindən, cəsarətsizliyindən, prinsipial mövqe nümayiş etdirə bilməmələrindən istifadə edən erməni terror təşkilatları insanlığa sığmayan əməllərini, vəhşiliklərini davam etdirirdilər. Bir tərəfdən də Sovet rəhbərliyinin himayədarlığı, ermənilərə göstərdikləri xüsusi qayğı terrorçuları daha da quduzlaşdırmışdı. Bunun ardınca 1990-cı ilin fevralında Şuşa-Bakı, həmin ilin avqustunda Tbilisi-Ağdam marşrutları üzrə hərəkət edən sərnişin avtobuslarında da terror aktları törədilmişdir. Bu partlayışlarda üst-üstə 40-a yaxın günahsız insan qətlə yetirilmişdir. Sonradan məlum olmuşdur ki, bu terror aktlarını A.Avanesyan və M.Tatevosyan törətmişlər.
Ölkədə hökm sürən daxili gərginlik, ayrı-ayrı qruplaşmaların hakimiyyəti ələ keçirmək cəhdləri, bu məqsədlə ətraflarında çoxlu sayda qeyri-qanuni silahlı dəstələr saxlamaları sərhədlərimizin qorunmasını və əhalinin təhlükəsizliyinin təmin olunmasını tamamilə unutdurmuşdu. Erməni silahlı birləşmələri və terrorçuları bundan yararlanaraq azərbaycanlıları amansızcasına qətlə yetirməkdə davam edirdilər. 1990-cı il martın 24-də erməni terrorçuları Qazax rayonuna basqın edərək 6 nəfəri qətlə yetirmişlər. 1991-ci il mayın 30-da Dağıstanın Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarının partladılması da faciəli sonluqla nəticələndi: 11 nəfər həlak oldu, 22 nəfər isə yaralandı.
Erməni terrorçuları öz vəhşiliklərini müxtəlif nəqliyyat vasitələrində - gah sərnişin avtobuslarında, gah qatarlarda, gah da dəniz bərəsində törətməklə iz azdırmağa çalışır, təhlükəsizliyin təmin olunmadığı sahələrdə daha çox faciələr törədirdilər. Fikir verin, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları Azərbaycana məxsus "Mi-8" vertolyotunu atəşə tutaraq partlatmış, nəticədə tanınmış şəxslər, dövlət xadimləri , o cümlədən Rusiya və Qazaxıstandan olan müşahidəçilər də daxil olmaqda 23 nəfər həlak olmuşdur. Bir neçə ay sonra isə - 1992-ci il yanvarın 8-də Türkmənistandan Krasnovodsk-Bakı marşrutu ilə hərəkət edən dəniz bərəsində terror aktı törətməklə 25 nəfəri qətlə yetirmişdilər. Həmin faciədə 88 nəfər yaralanmışdır. Göründüyü kimi, təkcə iki terror aktı zamanı 48 nəfər həlak olmuşdur.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra əhalinin təhlükəsizliyinin təminatı istiqamətində mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirildi. Qısa zamanda Ermənistanın ASALA terror təşkilatının planlaşdırdığı bir neçə terror aktının qarşısı alındı. Əvvəllər terror törədərək günahsız insanları qətlə yetirmiş erməni terrorçularından A.Mkrtıçyan, T.Petrosyan, A.Manqasaryan və T.Arustamyan həbs olunaraq qanuni cəzalarını aldılar.
Türk dünyasının böyük oğlu Heydər Əliyevin apardığı islahatlara, ölkədə yaradılan ciddi nizam-intizama dözməyən, bundan əvvəl hakimiyyətdə olan qorxaq rəhbərlərin cəsarətsizliyindən öz şəxsi mənafeləri naminə istifadə edən və bu hesaba çoxlu var-dövlət toplayan bəzi harınlamışlar 1994-cü ildə ölkədə dövlət çevrilişi etməyə cəhd göstərdilər. Bu məqamdan istifadə edən ermənilər 1994-cü ilin fevral və mart aylarında Bakı dəmir yolu vağzalında Kislovodsk qatarında və metronun 20 Yanvar stansiyasında törədilmiş partlayışlar qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi. Hər iki terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyi məlum oldu. 20 Yanvar metrostansiyasındakı faciədə "Sadval" təşkilatının da iştirakı sübuta yetirildi. Belə faktlardan istənilən qədər göstərmək olar. Göründüyü kimi, erməni terror təşkilatları tərəfindən mütəmadi olaraq terror aktları törədilmiş və çoxlu sayda insanlar - qocalar, qadınlar, uşaqlar həlak olmuşlar.
Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən bu gün də işğal altında saxlanılması, eləcə də beynəlxalq qurumların, özünü demokratik hesab edən dövlətlərin müxtəlif bəyanatlarla kifayətlənmələri və konkret addımlar atmamaları yeni terror aktlarının törədilməsinə rəvac verir. Maraqlıdır ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən ikisi - ABŞ və Rusiya da Azərbaycan kimi terrorun hədəfində olsalar da, hələ də erməni terrorunun aradan qaldırılması üçün əsaslı tədbirlər görmürlər. Həmin dövlətlər təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin beynəlxalq terrorçuların məskəninə çevrilməsi faktına hələ də kəskin münasibət bildirməyiblər. Belə bir vəziyyətdə beynəlxalq hüquq Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində anti-terror əməliyyatları keçirmək və bununla da işğala son qoymaq səlahiyyətini verir.
Bu məqamda, xatırlatmaq yerinə düşər ki, məhz terror aktlarının təşkilatçılarının cəzalandırması üçün ABŞ hərbçiləri tərəfindən Əfqanıstanda və İraqda aparılan əməliyyatlarda çoxlu sayda günahsız insanlar qətlə yetirilmişdir. ABŞ rəsmiləri dəfələrlə bəyan etmişlər ki, həmin ölkələrə qoşun yeritməklərinin səbəbi, onların beynəlxalq terrorçuların yuvasına çevrilməsidir. Belə olan halda fikirləşirsən ki, məgər Azərbaycanın işğal altında olan əraziləri bizim ölkədə terror aktları həyata keçirən erməni terrorçularının yuvasına çevrilməyibmi? Azərbaycan Respublikası Ermənistanın terroru himayə edən dövlət olması barədə məlumatları dünya birliyinə təqdim etdiyi, bu faktların təsdiqini tapdığı bir vəziyyətdə nəyə görə bəzi ölkələr hələ də terrorçu və təcavüzkar Ermənistanı müdafiə edir, himayəsində saxlayır? Minsk qrupunun digər həmsədri Rusiya isə Ermənistana milyardlarla dollar dəyərində silah bağışlayır?
Ermənilərin soyqırıma məruz qalmaları və özlərini yazıq, məzlum, əzilmiş millət kimi təqdim edərək Dağlıq Qarabağ münaqişəsi istiqamətində apaılan danışıqlar prosesində müəyyən imkanlar qazanmaq niyyətləri artıq iflasa uğrayıb. Ötən illər ərzində bir neçə xarici ölkə parlamentində "erməni soyqırımı" iddiasının qəbul edilməməsi ondan xəbər verir ki, artıq dünya ictimaiyyəti erməni yalanlarından bezib. Onlara da məlumdur ki, ermənilərin özləri terrorçudur və soyqırımı törədən də elə məhz ermənilərdir. Ermənistan müxalifətinin "Serj Sarkisyan bu siyasətlə Dağlıq Qarabağı qoruyub saxlaya bilməyəcək" - ittihamına prezident Sarkisyanın "Mən Dağlıq Qarabağı azərbayjanlıların əlindən almaq üçün şəhərlər viran etmişəm, kəndlər yandırmışam, böyüklü-kiçikli yüzlərlə insanı qətlə yetirmişəm. Bəs siz Qarabağ üçün nə etmisiniz? Siz Qarabağı kimdən qorumaq istəyirsiniz?" - şəklində cavab verməsi də Ermənistan Respublikasının terrorizmi dəstəkləyən, vandalizm təfəkkürü ilə idarə edilən dövlət olduğunu bir daha təsdiqləyir.

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında