Altmış yaşını arxada qoymuş, mövcud olduğu bütün illərdə demokratik dəyərlərin bərqərar edilməsinə çalışmış Avropa Şurası bu gün də "Demokratiya nədir" sualına cavab axtarmaqdadır. Elə bu səbəbdəndir ki, iyunun 23-də Assambleyada "Avropada demokratiyanın vəziyyəti" devizi altında 4 müxtəlif məruzə dinlənilmişdir.
Bu məruzələrdə bir tərəfdən demokratiyanın Avropanın və dünyanın inkişafına verdiyi töhfələr araşdırıldısa da, digər tərəfdən demokratiyanın üzləşdiyi sınaqlar, müəyyən məqamlarda durğunluq halları nəzərdən keçirilmişdir. Məruzələrin təqdimatı, müzakirələr və məruzələrə təklif edilən düzəlişlər ətrafında fikir mübadilələri 5 saat davam etmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun müzakirələrdə söylədiyi qənaətlər ölkəmizin nümunəsində yeni müstəqillik əldə etmiş, demokratiya yolunda gənc olan əksər dövlətlərin problemlərini əhatə etmişdir: "25 il əsrin dörddəbiridir, amma tarixin illəri adi statistika ilə heç də həmişə uyğun gəlmir. Zamanın sürəti sanki artıb-azala bilir və bəzən 1 il 10 il qədər uzun, tutumlu təsir bağışlayır. Arxada qalan son 25 il məhz belədir. Bu zaman kəsiyini Avropada demokratiyanın inkişafı baxımından nəzərdən keçirəndə həmin müddətin əslində təqvimdəkindən qat-qat böyük olduğu aşkarlanır.
25 il əvvəl Avropada demokratik dövlətlərin, yaxud demokratiya yolu tutaraq irəliləyən ölkələrin sayını indiki ilə müqayisə edəndə buna şahid oluruq ki, həmin rəqəm azı ikiqat artmışdır. Həm də, qapalı rejimlərdən qurtularaq demokratik inkişaf yolunu seçən ölkələr köhnə Avropa demokratiyasını yaradıb yaşatmış ölkələrdən fərqli olaraq, demokratik tərəqqidə ikiqat, üçqat artıq sürətə malikdirlər. Başqa cür də mümkün deyildir. Demokrtiya ailəsinə layiqli üzv ola bilmək, köhnə yolçulara çata bilmək üçün yeni demokratiya ölkələrindən sələflərin onillərlə keçdiyi yolu bir neçə ildə adlamaq tələb olunur.
Mənim ölkəm Azərbaycan belə gənc demokratiyalardandır və bizim yeni müstəqilliyimizin 19 yaşı vardır. Ona görə "yeni müstəqilliyimizin" deyirəm ki, XX əsrin əvvəllərində qazandığımız müstəqilliyi itirərək 70 il sovet rejimində yaşamağa məcbur olmuşduq. Bir dəfə qazanıb itirdiyimizə görə biz indi müstəqilliyin də, demokratiyanın da qədrini bəlkə də başqalarından daha artıq bilirik".
R.Hüseynov Azərbaycanda demokratik irəliləyişlərin əldə edilməsində Avropa Şurasının oynadığı müsbət rola da toxunaraq demişdir: "Müstəqilliyin 19 ilinin 10-nunu biz Avropa Şurası ilə birgə irəliləmişik. 19 il əvvəl Azərbaycanda yeni müstəqillik dövrünün ilk azad mətbuatı yarandı. Bu gün isə Azərbaycanda müstəqil qəzetlərin sayı 200-dən çoxdur. 19 il əvvəl bütünlüklə dövlətin nəzarətində olan 1 televiziya, 1 radiomuz, 1 informasiya agentliyimiz vardısa, bu gün onların sayı 50-dən artıqdır. 19 il əvvəl biz demokratik seçkilər haqqında yalnız eşitmiş, oxumuşduqsa, arxada qalan illərdə 3 parlament, 5 prezident seçkisi, bir neçə referendum və bələdiyyə seçkiləri keçirmiş, hər yeni seçkidə yeni təcrübələr qazanaraq inkişaf etmişik.
Biz və bizim qəbildən olan ölkələr demokratiyanın bəzi ifratları və durğunluqlarının fəsadlarını yaşayan köhnə Avropa demokratiyalarından fərqli olaraq daimi tərəqqidə, demokratik kamilləşmədəyik. Bizdə və bizim kimi bu çətin, amma şərəfli yolu seçərək və ona inanaraq inamla irəliləyən yeni müstəqil dövlətlərdə demokratiyanın vəziyyətini təhlil edərkən həmişə keçilmiş yolun xüsusiyyətləri, eləcə də qazanılmış uğurlar mütləq nəzərə alınmalıdır. Demirəm ki, belə ölkələrə daha yumşaq yanaşmaq lazımdır. Tələblər daim ən ali səviyyədə olsun. Lakin bu yüksək tələbkarlığı edə-edə həmin ölkələrin fədakar səylərini, qazandıqları müvəffəqiyyətləri də unutmaq olmaz. Tələbkar olmaq vacibdir. Ancaq bu tələbkarlıq heç vaxt ikili standartlara, qərəzə deyil, həmişə xeyirxahlığa əsaslanmalıdır".
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun müzakirə zamanı Avropanın ünvanına səsləndirdiyi sərt ittihamlar deputatlar arasında xüsusi maraq doğurmuşdur. Milli Məclisin deputatı demişdir: Avropa Şurası üç fundamental prinsip - demokratiya, insan haqları və qanunun aliliyi əsasında qurulmuşdur. Bu prinsiplər Avropanı cazibədar etmiş, başqa ölkələri də məhz Avropa istiqamətində inkişaf yolu tutmağa vadar etmişdir. Amma hansısa bir mərhələdə Avropanın inkişafı dəyişmiş və onlar maraqları dəyərlərdən daha üstün tutmağa başlamışlar. Bilmək lazımdır ki, dəyərlər və maraqlar biri-birinə zidd olan məsələlərdir. Yaxşı başa düşmək lazımdır ki, harada maraq başlayırsa, orada dəyər məhv olur.
Biz demokratik, insan haqları və qanunun aliliyi dəyərlərinə görə Avropaya gəldik. Amma burada fərqli şeyi - Avropanı yaradan insanların qorxduğu məqamı gördük. Demokratiya, insan haqları və qanunun aliliyi bəzi ölkələr, təşkilatlar və şəxslər tərəfindən öz təsir dairələrini gücləndirmək, başqalarını isə zəiflətmək vasitəsinə çevrilmişdir.
Məsələn, bu yaxınlarda Albaniyada keçirilmiş parlament seçkiləri bütün dünya ictimaiyyəti tərəfindən obyektiv seçki kimi qəbul edilmişdir. Amma Albaniya bu saat öz parlamentini işə sala bilmir. Çünki Avropa İttifaqı, Avropa Parlamenti müxalifətə dəstək verir. Müxalifət isə öz növbəsində tədricən Albaniyanı yavaş-yavaş dağıtmaq istiqaməti götürmüşdür.
Türkiyə Avropanın onun qarşısında qoyduğu bütün məsələləri yerinə yetirsə də, indiyədək Avropa tərəfindən qəbul olunmur.
Azərbaycanın ərazisi işğal altındadır. Amma biz görmürük ki, Avropa özü qəbul etdiyi qətnamələri özündə güc tapıb həyata keçirmək imkanı əldə etsin. Nə üçün gündəlik hadisəyə çevrilmiş beynəlxlaq qanuna riayət etməmək, etnik təmizləmə aparmaq, ölkələri işğal etmək, onların ərazi bütövlüyünü pozmaq kimi hallarla qarşılaşırıq? Niyə Avropa Şurasının üzvü olan ölkələr beynəlxalq qanunu pozmalarına və bununla fəxr etmələrinə baxmayaraq, həmin təşkilatın layiqli üzvü kimi qəbul olunur?
Suallar çoxdur, ancaq bunların cavabı çox asandır. Ona görə ki, Adenaur və Şumon tərəfindən düşünülmüş Avropa artıq mövcud deyildir. Artıq dəyərlər Avropası yox olmuş, maraqlar Avropası gündəmə gəlmişdir. Bu maraqlar Avropası yalnız öz maraqlarını yerinə yetirməklə, gözlərini başqa real hadisələrə dikməklə məşğuldur. Amma tarix bizə diktə edir ki, harada dəyərlər yox olursa, orada maraqlar hökm sürməyə başlayır. Əgər dəyərlər insanları birləşdirirsə, maraqlar onları biri-birindən çəkindirir. Çəkindirən maraqlar Avropanı dağıdacaq və belə maraqlar Avropada separatizm yaradacaqdır.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.