Azərbaycanın Avropa Şurasına daxil olduğu ilk aylardan ölkəmizə qarşı olan müəyyən qüvvələr Ermənistanın təcavüzü, Dağlıq Qarabağ problemi qaldırılarkən hər dəfə diqqəti bu məsələlərdən yayındırmaq üçün süni "siyasi məhbus" problemini ortaya atmışlar. Heç bir hüquqi əsası olmayan bu qondarma mövzunun aradan götürülməsi üçün Azərbaycan nümayəndə heyəti uzun müddət Avropa Şurasında gərgin iş aparmışdır. Nəhayət ki, həqiqət yerini tutmağa başlayır.
AzərTAc xəbər verir ki, iyunun 24-də AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin iclasında hansısa ölkədə uydurma "siyasi məhbus" axtarışına başlamazdan əvvəl bu anlayışın mahiyyətini müəyyənləşdirmək qərara alınmışdır. Həmin toplantıda komitə üzvlərindən əlavə dəvət edilmiş məşhur Avropa hüquqşünasları Stefan Treksel, Andre Qrotrian, Cavyer Qomes Bermudes də iştirak etmişlər.
Dinləmələrdə komitə üzvü, bu problemlə bağlı bir neçə əhəmiyyətli sənədin müəllifi olan Rafael Hüseynov fəallıq göstərmişdir. Ekspertlərin çıxışından sonra ilk söz alan R.Hüseynov əvvəlcə bu məsələnin Avropa Şurasında araşdırılması və qəbul edilmiş sənədlər haqqında danışmışdır: "Avropa Şurası yarım əsrdən artıqdır ki, siyasi məhbus problemini qaldırır. Assambleyada ilk dəfə siyasi məhbus məsələsi ilə əlaqədar sənəd hazırlananda 1956-cı ilin oktyabrı idi. O vaxt Qərbi Avropada siyasi məhbuslar məsələsinin həll edilməsinin zəruriyyəti ətrafında qızğın müzakirələr gedirdi. Sonrakı onilliklərdə də Avropa Şurası daim bu vacib problemi gündəmdə saxladı. Həm də Assambleya siyasi məhbus məsələsinə hansısa ölkənin daxili işi kimi yanaşmadığından yalnız Avropada deyil, başqa qitələrin dövlətlərində də eyni hadisələri izlədi, müzakirə etdi, məsələnin müsbət həllinə töhfəsini verməyə çalışdı. Hələ 1978-ci ildə Çilidə, 1980-ci ildə Argentinada siyasi məhbusların hüquqlarının qorunması haqqında Assambleyada hazırlanmış sənədlər, edilmiş çıxışlar, atılmış addımlar buna əyani sübutlardır.
"Bir ölkədə bir siyasi məhbusun da varlığı çoxdur" fikrini fəaliyyətində əsas tutan Avropa Şurası, üzv dövlətlərdə oxşar situasiyalarda daha qətiyyətli hərəkət etmişdir. Litvada, Ukraynada, Ermənistanda, Gürcüstanda və digər üzv dövlətlərdə siyasi məhbus problemi ilə bağlı sənədlər hazırlanmış, fikir mübadilələri aparılmışdır. Bu istiqamətdə iş indi də davam edir və problem birdəfəlik həll edilməzsə, Avropa Şurası var olduqca bu fəsadı yox etmək səmtində səylər də tükənməyəcəkdir".
Bütün bunlara baxmayaraq indiyədək kimə "siyasi məhbus" adı vermək olar sualına konkret, arqumentləşdirilmiş cavab tapılmamasına təəssüfünü bildirən Rafael Hüseynov demişdir: "Təəccüblü bir məqam var. Avropa Şurası 50 ildən uzun bir zaman kəsiyində bu məsələyə diqqət versə də, indiyədək birinci növbədə cavab tapmalı olduğu sualı özü və başqaları üçün aydınlaşdırmamışdır. "Siyasi məhbus nədir?" sualına sona qədər aydın, inandırıcı, arqumentli cavab indiyədək verilməmişdir. Bir tərəfdən bunun obyektiv səbəbi var. Çünki bu ifadədəki sözlərdən biri hüquq elmi ilə bağlıdırsa, digəri siyasətlə əlaqədardır. "Siyasi məhbus" ifadəsi iki fərqli qütbü birləşdirməyə cəhd edir. Lakin məlumdur ki, heç də həmişə siyasi baxış və yanaşma ilə konkretliyə bağlı hüququn mövqeləri üst-üstə düşmür. Təsadüfi deyil ki, hüquq elmində və Avropa presedent hüququnda da "siyasi məhbus" anlayışı, ona verilən dəqiq qiymət hələ ki, mövcud deyildir.
Bütün bunları nəzərə alaraq mən 2003-cü ildə "Siyasi məhbus" məfhumuna universal meyarların müəyyənləşdirilməsi problemi" adlı ayrıca sənəd hazırlamışdım. Çünki Assambleya rəhbərliyinin təşəbbüsü ilə Alkema, Arabaçiyev və Trekseldən ibarət yaradılmış qrupun 2002-ci ildə təqdim etdiyi 5 bənddən ibarət "siyasi məhbus" kriteriləri tənqidə dözmür, vaxtında da çox mübahisələr doğurmuşdu. Həmin meyarlar o qədər yayğındır ki, onları tətbiq etməklə Avropanın istənilən ölkəsində siyasi məhbusların olduğunu iddia etmək mümkündür. Hətta 2002-ci ilin mayında Assambleyada bu mövzuda hazırlanmış növbəti sənəd "Avropada siyasi məhbuslar" adlanırdı və qitənin digər ölkələrində də problemi artıq Avropa Şurası ekspertlərinin ortaya qoyduğu meyarlarla araşdırmağa dəvət edirdi. Lakin o dövrdə hüquqi işlər komitəsində gedən müzakirələrdə təklif edilən meyarların mübahisəliliyi səbəbindən bunu etməyin yolverilməz olduğu qətiyyətlə söyləndi və ona görə də həmin kriterilərlə Avropada siyasi məhbus axtarmaq ideyası hərəkətə gəlmədi. Halbuki, eyni kriterilər həmin vaxt bir üzv dövlətə - Azərbaycana tətbiq edilirdi və "bunlar doğru prinsiplərdirsə, niyə digər üzv dövlətlərə tətbiq edilmir?" suallarına kimsə tutarlı cavab verə bilmirdi.
Avropada, o cümlədən bir sıra üzv dövlətlərdə siyasi məhbus məsələsinin hamı tərəfindən qəbul ediləcək ağlabatan meyarlar müəyyənləşdirərək araşdırılmasını mən 2009-cu ilin mayında hazırladığım bir başqa sənəddə də əks etdirmişəm. Aqramonun elə həmin günlərdə, məndən iki həftə sonra hazırladığı və Assambleyanın bir çox nüfuzlu deputatının imzaladığı sənəd də təxminən eyni niyyəti ifadə edir, nəhayət ki, "siyasi məhbus" məfhumuna elmi, əsaslandırılmış cavabı müəyyənləşdirəcək məruzəçinin təyin olunmasını istəyir. Bu istək mütləq dəstəklənməli və reallaşdırılmalıdır.
Konkret meyarlar olmadan bu problemlə bağlı hər hansı ölkə üzrə araşdırmalar aparmaq həm düzgün deyil, həm də Avropa Şurasının nüfuzuna xələl gətirən cəhətdir".
R.Hüseynovun təkzibedilməz dəlillərə və güclü məntiqə əsaslanan müddəaları toplantı iştirakçılarını müzakirələri elə bu istiqamətdə aparmağa yönəltmiş, çıxış edən deputatlar - Klod Naqi, Konde Bajen, Diaz Tejera və digərləri Azərbaycan nümayəndəsinin mövqeyinin problemə ən düzgün yanaşma olduğunu, hər hansı ölkədə bu məsələni araşdırmağa "siyasi məhbus" anlayışının müəyyənləşdirilməsindən sonra başlamağın obyektiv həll yolu olduğunu təsdiqləmişlər.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.