Finlandiya parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilmişdir

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun təşəbbüsü ilə Helsinkiyə, Finlandiya parlamentinə (Eduskunta) gəlmişdir. Noyabrın 7-də Finlandiya parlamentində Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzünün nəticələrinə dair qətnamə layihəsinin müzakirəsi ilə əlaqədar "Dağlıq Qarabağ - işğal edilmiş və unudulmuş ərazilər" mövzusunda dinləmələr olmuşdur. 
Dinləmələrdə Finlandiya parlamentinin üzvləri, Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Ayaz Orucov, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri deputat Elxan Süleymanovun başçılığı ilə bu qrupun üzvləri Fazil Mustafa, Zahid Oruc və Ceyhun Osmanlı iştirak etmişlər.
Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero LEHTİ tədbiri açaraq qeyd etmişdir ki, Azərbaycan ilə Finlandiya arasında əməkdaşlıq yüksək səviyyədədir. Finlandiya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımış və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradılmışdır. Lakin iqtisadi əlaqələr arzu edilən səviyyədə deyildir, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial vardır.
Eero Lehti demişdir ki, bu gün Finlandiya parlamentində müzakirə edilən Dağlıq Qarabağ münaqişəsi Finlandiya KİV-lərində yetərincə işıqlandırılmır. 20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır.
Eero Lehti qeyd etmişdir ki, bugünkü dinləmənin məqsədi regionda kəskin münaqişələrdən biri sayılan Dağlıq Qarabağ problemini bir daha müzakirə etməkdir. Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər.
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan SÜLEYMANOV çıxış edərək, Azərbaycan üçün çox əhəmiyyətli olan bu seminarın keçirilməsinə görə Finlandiya parlamentinin üzvlərinə təşəkkür etmişdir. Finlandiya Avropa İttifaqının fəal üzvlərindən biridir və demokratik, hüquqi dövlət quruculuğu sahəsində təcrübəyə malikdir. Azərbaycan üçün demokratiyanın genişləndirilməsində və ölkədə müvafiq təsisatların yaradılmasında Finlandiyanın təcrübəsindən istifadə etmək vacibdir.
Natiq Azərbaycan dövlətinin tarixi haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və dinlərin dinc yanaşı mövcud olduğu, mədəniyyətlərin qaynayıb-qarışdığı, qarşılıqlı nifrətə yer olmayan bir ölkə kimi formalaşmış və inkişaf etmişdir.
Elxan Süleymanov Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açaraq vurğulamışdır ki, bu problemin beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bu günə qədər yerinə yetirilməmişdir. Həmin sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən zonalara çevrilmişdir. Bu ərazilərin azərbaycanlı əhalisinin hüquqları kütləvi şəkildə pozulmuşdur, işğalçı qüvvələr etnik təmizləmə siyasəti aparmış, bunun nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. E.Süleymanov demişdir ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində ciddi mövqe tuta bilər. Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər.
AŞPA-nın fəxri üzvü Jaako LAAKSO çıxışında qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək səhvdir, çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar snayper güllələrindən həlak olurlar. Son vaxtlar müharibə təhlükəsi artmışdır. Finlandiya hökuməti öz növbəsində beynəlxalq hüquq çərçivəsində regionda sülhə nail olmağa kömək edə bilər. Jaako Laakso vurğulamışdır ki, beynəlxalq birlik ərazi bütövlüyü prinsipindən çıxış edərək münaqişənin dinc yolla tənzimlənməsinə dair danışıqları dəstəkləyir. Təəssüflə qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişə zonasında vəziyyəti dəyişməmişdir. Jaako Laakso humanitar faciə barədə söhbət açaraq, öz torpaqlarına qayıtmağa imkanı olmayan bir milyondan çox qaçqın və məcburi köçkün probleminə diqqəti cəlb etmişdir. O qeyd etmişdir ki, Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və tərəqqinin bərqərar olmasına kömək etməlidir.
Sonra Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək, mühüm məsələyə həsr olunmuş bu tədbirin təşkilinə görə Azərbaycan Hökuməti adından Finlandiya parlamentinin rəhbərliyinə və deputatlara təşəkkürünü bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov demişdir ki, son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilmiş və bununla da XX əsrin əvvəllərində bu ərazilərdəki demoqrafik vəziyyət xeyli dəyişmişdir. Ermənilər öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirmişlər. 1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, onların yaşadıqları kəndlər talan edilmiş, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınmışdır. 1918-ci il mayın 28-də müstəqilliyini bəyan edən Azərbaycan yenə də erməni millətçilərinin torpaq iddiaları ilə üz-üzə qalmışdır. Azərbaycan torpaqlarında, yəni vaxtilə Rusiyanın tərkibinə Azərbaycan xanlığı kimi daxil olmuş İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq ideyası ortaya atılmış, həmin dövrdə Azərbaycan siyasətçiləri tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə getməyə məcbur olmuşlar. Nəticədə 1918-ci ildə İrəvan xanlığı (sonradan İrəvan quberniyası) ərazisində 9,7 min kvadratkilometrlik kiçik bir Ermənistan dövləti yaradılmış, sonralar onun ərazisi Azərbaycan Respublikasının torpaqları hesabına tədricən böyüdülərək 29,8 min kvadratkilometrə çatdırılmışdır. Bu məkrli siyasətin Sovet hakimiyyəti dövründə də davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini demişdir ki, 1923-cü ildə Moskvanın köməyi ilə Azərbaycanın az sayda ermənilərin yaşadığı ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bu zaman, muxtar vilayətin inzibati sərhədləri elə tərtib edilmişdir ki, burada ermənilərin say etibarilə əksəriyyət təşkil etməsi təmin olunsun. Bundan sonra azərbaycanlıların öz tarixi torpaqlarından zorla qovulması və onlara qarşı etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanmış, nəticədə XX əsrdə müxtəlif dövrlərdə iki milyona yaxın soydaşımız öz tarixi vətənindən deportasiya edilmişdir.
Bu deportasiyanın SSRİ hökuməti tərəfindən məqsədli şəkildə həyata keçirildiyini bildirən Əli Həsənov demişdir ki, tarixi saxtalaşdırmaq, təhrif etmək və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirərək Ermənistanı monoetnik dövlətə çevirmək ermənilərin işğalçılıq siyasətinin tərkib hissəsidir. Məhz bu üsulla 1935-1989-cu illərdə Ermənistanda minlərlə Azərbaycan toponimi xəritələrdən silinmişdir. Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri olduqdan sonra onun rəğbətindən istifadə edən ermənilər "böyük Ermənistan" yaratmaq iddialarını daha da fəallaşdırdılar. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan olunduğunu, bütün infrastrukturun dağıdıldığını faktlarla diqqətə çatdıran Baş nazirin müavini Xocalı soyqırımı barədə də Finlandiya parlamentinin üzvlərinə məlumat vermişdir.
Əli Həsənov demişdir: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirdilər. Nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla, işgəncələrlə öldürüldü, 487 nəfər şikəst edildi, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Beləliklə, beynəlxalq qiymətləndirmə təşkilatlarının ilkin hesablamalarına görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dolları dəyərində ziyan vurulmuş, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ağır iqtisadi böhran və bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdır.
Azərbaycan Hökumətinin əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər gördüyünü diqqətə çatdıran Baş nazirin müavini demişdir ki, ölkədə aparılan uğurlu iqtisadi islahatlar, neft strategiyası nəticəsində Dövlət Neft Fonduna yığılan ilkin vəsait də 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılmışdır. Ölkədə mövcud olan 12 çadır düşərgəsindən sonuncusu 2007-ci ilin dekabrında ləğv edilmiş, həmçinin ötən dövrdə fin tipli 9 şəhərcikdə yaşayan məcburi köçkünlər də yeni qəsəbələrə köçürülmüşlər. Ümumiyyətlə, ötən dövrdə 26 min ailə 130 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün bütün infrstruktura malik 76 qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 1993-2012-ci illərdə 5,3 milyard ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Bu vəsaitin 3 milyard dolları dövlət büdcəsindən, 1,375 milyard dolları Dövlət Neft Fondundan və 930 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ödənilmişdir.
Bu irəliləyişlərin əldə edilməsinin Azərbaycan Hökumətinə heç də asan başa gəlmədiyini və problemin tam həll olunmadığını diqqətə çatdıran Əli Həsənov qeyd etmişdir ki, 400 min məcburi köçkün hələ də yaşayış üçün əlverişsiz olan tikililərdə, çətin şəraitdə yaşayır. Bu baxımdan, Azərbaycanın hələ də beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyacı vardır. Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. Bir milyondan çox qaçqın və məcburi köçkünə qayğı göstərmək həddindən artıq böyük bir yükdür. Bu problemin yeganə həlli Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasıdır. Lakin Azərbaycandakı 700 min məcburi köçkün atəşkəsin əldə olunmasından 18 il keçməsinə baxmayaraq, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə hələ də öz evlərinə qayıda bilmir.
Belə ciddi humanitar problemi olan Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, bölgənin lider dövlətinə çevrilməsindən, yoxsulluq səviyyəsinin azalmasından, yeni iş yerlərinin açılmasından, beynəlxalq aləmdə nüfuzunun artmasından, keçən il 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən danışan Əli Həsənov demişdir ki, cari ilin 9 ayı ərzində iqtisadiyyat 1,1 faiz, qeyri-neft sektorunda 10,3 faiz, kənd təsərrüfatına isə 6,3 faiz artmış, ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşmışdır. Davos İqtisadi Forumunun hesablamalarına əsasən, "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2012-2013" hesabatında makroiqtisadi sabitliyə görə Azərbaycan dünyada 18-ci yerdə, rəqabət qabiliyyətliliyi cədvəlində ötən ilə nisbətən 9 pillə irəliləyərək 46-cı yerdədir. İnflyasiya cəmi 1,5 faizdir, əhalinin pul gəlirləri 13,6 faiz artmışdır.
Azərbaycan yuxarı orta gəlirli, yüksək insan inkişafına malik olan ölkələr sırasında olaraq, regionun lider dövlətinə çevrilmiş, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkədir.
Hazırda qarşıda duran ən əsas iqtisadi vəzifə, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək on ildə qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması, qeyri-neft sektorunda onun xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğu barədə Prezident İlham Əliyevin fikirlərini diqqətə çatdıran Əli Həsənov demişdir ki, münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza vardır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 4 qətnamə qəbul edilmişdir. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa edilməsi tələb edilmişdir.
ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır ki, davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Bu qərar və qətnamələr birmənalıdır. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmur. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin müntəzəm surətdə pozulduğunu diqqətə çatdıran baş nazirin müavini demişdir ki, işğal altında olan Dağlıq Qarabağın və ətraf rayonların demoqrafik, sosial, inzibati strukturu dəyişdirilmişdir. ATƏT-in iki missiyası - faktaraşdırıcı və qiymətləndirmə missiyaları həmin ərazilərə səfərləri zamanı hər şeyin dağıdıldığını və beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq, həmin ərazilərə başqa ölkələrdən etnik ermənilərin köçürüldüyünü təsdiq etmişlər. Bu ərazilərdə ermənilər tərəfindən bərpa və məcburi məskunlaşdırma prosesi davam edir. Bu, münaqişənin real mənzərəsi olmaqla, Ermənistan tərəfindən törədilir.
Ermənistan işğal edilmiş ərazilərdə yerləşən Xocalı hava limanını qanunsuz şəkildə bərpa etdirərək buraya mülki uçuşların təşkilinə cəhdlər edir. Ermənistanın bu cəhdləri, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də mülki aviasiya haqqında Çikaqo Konvensiyasının tələblərinə zidd olmaqla bərabər, regionda olduqca həssas olan vəziyyəti daha da gərginləşdirmək, nizamlama prosesini pozmaq məqsədi daşıyır.
Eyni zamanda, nəzarətimizdə olmayan ərazidə narkotik vasitələr əkilib-becərilir, transmilli cinayətkarlığın digər təhlükəli növləri baş verir, həmin zona böyük həcmdə narkotiklərin MDB və Avropa ölkələrinə tranzit marşrutuna çevrilib. Buna görə də BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinə işğalda olan ərazilərdə monitorinqin aparılması barədə müraciət etmişik.
Əli Həsənov demişdir: Mən bu fürsətdən istifadə edərək, Azərbaycan tərəfinin ən yüksək səviyyədə dəfələrlə bəyan edilmiş mövqeyini burada bir daha təkrarlamaq istəyirəm. Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərindən irəli gələrək hesab edir ki, münaqişənin davamlı həlli yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının Azərbaycan tərkibində beynəlxalq praktikadan irəli gələn və hər iki icma üçün bərabər hüquq və azadlıqların təmin edilməsinə və onların dinc şəkildə birgə yaşayışına zəmanət verən özünüidarə formasında ola bilər. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bu sahədə dünyada, xüsusilə Avropada mövcud olan ən qabaqcıl təcrübəni tətbiq etməyə hazırıq. Münaqişə yalnız Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilə bilər.
Ermənistanın danışıqlar prosesini uzatmaqla mövcud status-kvonu saxlamağa çalışdığını diqqətə çatdıran Əli Həsənov demişdir ki, bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə, beynəlxalq aləm üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüququn fundamental əsaslarını pozanların işğalçı siyasətinə son qoymalı, ikili standartlardan və ədalətsizlikdən əl çəkməli, prinsipial mövqe nümayiş etdirməli, beynəlxalq hüquqa əsaslanan addımlar atmalı, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.
Dinləmələrdə Avropa İttifaqının Qafqaz regionu üzrə sabiq xüsusi nümayəndəsi, səfir Heyikki TALVİTİE də çıxış etmişdir. O, diqqətə çatdırmışdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqlar heç bir nəticə verməmişdir. Minsk qrupunda təmsil olunmuş ölkələrdə güclü erməni lobbisinin fəaliyyət göstərməsi Azərbaycanın bununla əlaqədar haqlı narazılığına əsas verir.
Sonra müzakirələr başlanmışdır. Debatlarda çıxış edən Azərbaycan parlamentinin üzvləri diqqətə çatdırmışlar ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə qazandığından çox itirmişdir. Azərbaycan Ermənistanı bütün beynəlxalq və regional layihələrdən təcrid etmişdir.
İqtisadi inkişaf nazirinin müavini Sevinc HƏSƏNOVA "Azərbaycanın iqtisadi perspektivləri" mövzusunda məruzəsində ölkəmizin dinamik inkişafı haqqında söhbət açmışdır. S.Həsənova Azərbaycan iqtisadiyyatının üç dəfə, dövlət büdcəsinin 13 dəfə artmasını vurğulayaraq diqqətə çatdırmışdır ki, bunlar dünyada analoqu olmayan göstəricilərdir.
Nazir müavini Azərbaycanın Finlandiya ilə iqtisadi əlaqələrindən söhbət açaraq qeyd etmişdir ki, iki ölkə arasında əmtəə dövriyyəsinin 60 faiz artmasına baxmayaraq, bu həcmi daha da yüksəltmək üçün yaxşı potensial vardır.
S.Həsənova onu da diqqətə çatdırmışdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 150 min ev, 7 mindən artıq ictimai bina, 1500-dən çox məktəb, uşaq evləri, 700-dən çox tibb məntəqəsi, 500 tarixi abidə, 6 min istehsalat obyekti məhv edilmişdir.
Helsinki Universiteti yanında Aleksandr İnstitutunun tədqiqatçısı Mikko PALOKORPİ demişdir ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, uzun sürən münaqişədir. Onu aradan qaldırmaq cəhdləri dondurulmuşdur. Mikko Palokorpi qeyd etmişdir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Əhalinin inkişafında fərq müşahidə edilir, Azərbaycanda əhalinin artımı daha yüksəkdir. Ermənistanda isə əhali ölkəni kütləvi surətdə tərk edir. Bu isə Ermənistanda iqtisadiyyatın sürətli tənəzzülünə səbəb olacaqdır. Beləliklə, Ermənistan beynəlxalq aləmdə unudulacaqdır.
M.Palokorpi diqqətə çatdırmışdır ki, bu ilin yazında Bakıda keçirilmiş seminarda Aland adaları probleminin həllinin fin modelindən söhbət getmişdir. Bu problemin həllinə 20 il vaxt gərək olmuşdur və yeni nəsil başa düşmüşdür ki, yeganə çıxış yolu muxtariyyətdir.
Finlandiya parlamentinin üzvü Elizabet NAUKLER "Aland adaları - muxtariyyətin Finlandiya modeli" mövzusunda məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Aland adaları probleminin həlli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi variantı ola bilərdi. Finlandiyanın bu təcrübəsindən çox ölkənin istifadə etdiyini vurğulayan E.Naukler ümidvar olduğunu bildirmişdir ki, Qarabağ münaqişəsi hərbi əməliyyatlarsız, danışıqlar yolu ilə həll ediləcəkdir.
Çıxışlardan sonra Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov Finlandiya parlamenti üzvlərinin və ekspertlərin toxunduqları bəzi məsələlərə aydınlıq gətirmişdir.
Əli Həsənov natiqlərə minnətdarlığını bildirərək demişdir ki, bu gün Azərbaycanda 30 min erməni yaşayır, beləliklə, Dağlıq Qarabağ münaqişəsi zamanı ikitərəfli deyil, birtərəfli etnik təmizləmə siyasəti yeridilmişdir. Əli Həsənov, həmçinin diqqətə çatdırmışdır ki, Ermənistanda 2,7 milyon nəfər adam yaşamır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, son 15 ildə Ermənistanı 1,5 milyon adam tərk etmişdir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatı təsdiq edir ki, 9 ay ərzində ölkəni 90 min erməni tərk etmişdir. Öz ölkəsini sevən ermənilər başa düşməlidirlər ki, Sarkisyan və Koçaryan hökumətinin məsuliyyətsiz və səriştəsiz siyasəti ölkəni ağır vəziyyətə gətirib çıxarmışdır.
Əli Həsənov Aland adaları modelindən bəhs edərkən demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə bildirmişdir ki, Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusu verilir, lakin Ermənistan münaqişənin nizama salınmasının bu variantını da qəbul etmək istəmir. Nə üçün qəbul etmir? Çünki Koçaryan və Sarkisyan özlərini erməni xalqının qəhrəmanları kimi qələmə verərək məhz bu münaqişə, Azərbaycan torpaqlarının işğalı sayəsində hakimiyyətə gəlmişlər.
Yüz min suriyalı qaçqının yerləşdirilməsi məsələsinə gəldikdə isə Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsini Sarkisyan rejimi təşkil etmişdir.
Əli Həsənov demişdir ki, Azərbaycan neftinin Ermənistan ərazisindən nəqli üzrə tranzit marşrut yetərincə rəqabətqabiliyyətli və sərfəli olardı, lakin Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistan beynəlxalq və regional layihələrdən təcrid olunmuşdur ki, bu da ölkə iqtisadiyyatının tamamilə dağılmasına gətirib çıxarır.
Dağlıq Qarabağın ayrılması məsələsinə gəldikdə isə Azərbaycan Prezidenti və xalqı bildirmişlər ki, bu barədə heç bir güzəşt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan başqa dövlətlərin ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və öz dövlətinə də belə münasibət tələb edir.
Parlamentin foyesində Xocalı soyqırımı haqqında kitabların və digər materialların sərgisi təşkil edilmişdir.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri 
Helsinki


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında