Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin layihəsi Milli Məclisin komitələrində müzakirəyə çıxarılmışdır

Milli Məclisin təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya, iqtisadi siyasət, sosial siyasət və aqrar siyasət komitələrinin noyabrın 6-da keçirilmiş birgə iclasında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunmuşdur. Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov iclası açaraq ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışmış, gələn ilin əsas maliyyə sənədinin parlamentə qanunda nəzərdə tutulduğu vaxtda təqdim olunduğunu bildirmişdir.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi "Büdcə sistemi haqqında" Qanunun tələblərinə tam cavab verir. Büdcə zərfinə daxil olan sənədlərdə xüsusi olaraq vurğulanır ki, Azərbaycan iqtisadiyyatı cari ildə də dinamik inkişaf tempini saxlamış və davamlılığını təmin etmək üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirlər gündən-günə səmərəsini artırır. Bildirilmişdir ki, qlobal maliyyə böhranının təsirinə baxmayaraq, Azərbaycan iqtisadi inkişafını davam etdirir və regionda lider dövlət olduğunu sübut edir. Dövlət büdcəsinin əsas parametrləri yüksəlişə doğru gedir. Son 10 il ərzində dövlət büdcəsi 1 milyard ABŞ dollarından 25 milyard dollara yüksəlmişdir. Dünyanın heç bir ölkəsində belə bir dinamika yoxdur. Ümumi daxili məhsulun tərkibində büdcənin xüsusi çəkisi 34 faizdən çoxdur ki, bu da Avropa standartlarına uyğun gəlir. İqtisadi inkişafın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun dinamik inkişafı ölkənin maliyyə sabitliyinin təmin edilməsinə münbit şərait yaratmışdır.
Komitə sədri bildirmişdir ki, neft gəlirlərinin hesablanmasında bir barrel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi haqqında geniş məruzə ilə çıxış etmişdir. Nazir bildirmişdir ki, 2013-cü il üçün dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" Qanuna müvafiq olaraq əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyət və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2012-ci ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meylləri və nəticələri qiymətləndirməklə tərtib edilmişdir. Cari ilin səkkiz ayı ərzində dövlət büdcəsinin gəlirləri 100,6 faiz (10 milyard 991 milyon manat) təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri isə 87,9 faiz (9 milyard 724 milyon manat) icra olunmuşdur. Bu ilin sonuna dövlət büdcəsinin xərclərinin 98 faiz icra olunacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq 2013-cü ilin dövlət büdcəsinin xərcləri ölkənin iqtisadi qüdrətinin daha da artırılmasına, iqtisadiyyatın stimullaşdırılmasına, onun səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına maliyyə təminatı yaradacaqdır.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin sosial və investisiya yönümlüyü saxlanılmaqla xərclərin əhəmiyyətli hissəsi dövlətin təhlükəsizliyi və müdafiə potensialının daha da artırılması, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, sahibkarlığın və kənd təsərrüfatının intensiv inkişafının stimullaşdırılması, əhalinin gəlirlərinin, pensiyaların və digər dövlət tədbirlərinin maliyyələşdirilməsi üçün yönəldiləcəkdir.
Layihənin tərtibi zamanı qeyd olunan amillərlə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin hazırladığı respublikanın iqtisadi və sosial inkişaf konsepsiyasına və əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2013-cü ildə ölkə üzrə real iqtisadi artım 5,3 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun 11,7 faiz artımı proqnozlaşdırılır ki, bu da növbəti ildə qeyri-neft sektorunun inkişafının yüksələn xətlə davam edəcəyi deməkdir. Dövlət büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edən neft gəlirlərinin hesablanmasında bir barrel neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Nazir demişdir ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-in 34,2 faizini təşkil etməklə 19 milyard 154 milyon manat proqnozlaşdırılır ki, bu da 2012-ci illə müqayisədə 2 milyard 116 milyon manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən 3 milyard 453,3 milyon manat və ya 22 faiz çoxdur. 2013-cü il dövlət büdcəsinin gəlirlərinin 11 milyard 350 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 6 milyard 400 milyard manatını Vergilər Nazirliyinin, 1 milyard 380 milyon manatını Gömrük Komitəsinin xətti ilə, 0,1 faizini isə digər daxilolmalar təşkil edəcəkdir.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6400,0 milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 3760,0 milyon manatı qeyri-neft sektorunun, 2640,0 milyon manatı isə neft sektorunun payına düşür.
Vergilər Nazirliyinin xətti ilə daxilolmaların proqnozu 2011-ci il üzrə faktiki daxilolmalara nisbətən 928,1 milyon manat və ya 17,0 faiz, cari ilin proqnozu ilə müqayisədə 488,4 milyon manat və ya 8,3 faiz çoxdur.
S.Şərifov bildirdi ki, 2013-cü il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19 milyard 810 milyon manat proqnozlaşdırılmışdır. Bu, 2012-ci illə müqayisədə 12,1 faiz, 2011-ci ilin faktiki icrasına nisbətən isə 28,7 faiz çoxdur. Xərclərin 50,3 faizi cari, 45,8 faizi əsaslı xərclərə, 3,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 25,4 faiz təşkil edir. Ünvanlı dövlət sosial yardımının təyin olunması üçün istifadə olunan ehtiyac meyarının həddinin və ya əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun artımı da 2013-cü ildə dövlət büdcəsində öz əksini tapmışdır. Gələn ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi xərcləri də artırılacaqdır. Bu sahələrin xərcləri üçün 4 milyard 427,4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu, 2012-ci illə müqayisədə 2,1 faiz, 2011-ci ilin faktiki icrası ilə müqayisədə isə 24,5 faiz çoxdur. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisinin 22,3 faiz təşkil edəcəyi gözlənilir.
Daha sonra Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun büdcə layihəsi ilə bağlı rəyini açıqlamışdır. H.Əsədov demişdir ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsi layihəsi müasir çağırışlara cavab verir və əhalinin rifahı üçün maliyyə təminatı yaradır. İlk dəfə olaraq dövlət büdcəsinin xərcləri 25 milyard ABŞ dollarından yüksək səviyyədə proqnozlaşdırılmışdır ki, bu da rekord göstəricidir. Ən yaxşı göstəricilərdən biri də xarici borclanmanın birdən-birə 2 milyard dollardan 750 milyon manata endirilməsidir. Bu, müasir çağırışlara yaxşı cavabın bariz nümunəsidir. Gələn il ilk dəfə olaraq borclanma aşağı həcmdə olacaqdır. Büdcənin gələn il üçün kəsiri ÜDM-in 1,17 faizi qədər və ya 656 milyon manat nəzərdə tutulmuşdur. Ancaq ehtimallar onu deməyə əsas verir ki, gələn il büdcə kəsiri 1 faizdən aşağı olacaqdır.
Sonra Dövlət Neft Fondunun (DNF) icraçı direktoru Şahmar Mövsümov transfertlər barədə məlumat vermişdir. O demişdir ki, DNF 2013-cü ildə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsinə başlanacaqdır.
Bundan başqa, 2013-cü ildə Fondun Bakının Qaradağ rayonunda neft-qaz və neft-kimya kompleksinin tikintisi layihəsinin maliyyələşdirilməsinə qoşulması da nəzərdə tutulmuşdur.
Onun sözlərinə görə, Fondun xərclərinin 11,35 milyard manatı transfert qismində ölkənin dövlət büdcəsinə ayrılacaqdır.
Fond qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların yerləşdirilməsi üzrə tədbirlərin maliyyələşdirilməsinə 300 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin yekunlaşdırılmasına 107,4 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrasına 34 milyon manat ayıracaqdır. Onun sözlərinə görə, DNF-nin 2013-cü ildə maliyyələşdirməyə başlayacağı yeni layihələrdən biri də ölkənin bütün yaşayış məntəqələrinə çıxışı təmin edəcək yüksək sürətli fiber-optik şəbəkənin qurulması olacaqdır.
Ş.Mövsümov onu da bildirmişdir ki, 2013-cü il üçün Fondun gəlirləri 1 barrel neftin 100 dollar qiyməti əsasında formalaşdırılmışdır.
Sonra gələn ilin dövlət büdcəsi layihəsi ətrafında müzakirələr başlanmışdır. Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Əli Məsimli, Vahid Əhmədov və Musa Quliyev çıxış edərək layihə ilə bağlı rəy və təkliflərini söyləmişlər. Bildirilmişdir ki, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan artım ölkəmizin iqtisadiyyatının sürətli inkişafını nümayiş etdirməklə möhkəm sosial-iqtisadi təmələ əsaslandığını göstərir. Ən əsası, Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsinin öyrənilməsi nəticəsində belə bir qənaət formalaşır ki, ölkəmizdə iqtisadi sahədə hər il yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır.
Müzakirələrdən sonra "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında