Yeni Azərbaycan Partiyası qaliblər partiyasıdır

Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Həmin dövrdə tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində böhran vəziyyəti qorxulu həddə çatmışdı. 
Cəmiyyət ümumxalq inamına malik və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə şəxsiyyət yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana başçılıq etmiş, keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuş, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik Heydər Əliyev ola bilərdi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Həmin müraciətdə deyilirdi: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar".
Böyük tarixi şəxsiyyət Heydər Əliyev ziyalıların müraciəti ilə tanış olduqdan sonra dərhal onlara cavab ünvanlamış, ölkəmizdəki mövcud ağır və dözülməz vəziyyəti təhlil etmiş, çıxış yollarını da göstərmişdir. Ulu öndər ziyalılara cavabını belə yekunlaşdırmışdır:"Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiya və demokratik yollarla həll edilməlidir. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir".
Yeni Azərbaycan Partiyasının yaranması zərurət idi. Dəfələrlə hakimiyyət dəyişikliyindən sonra hər bir Azərbaycan vətəndaşı ölkəni bürüyən böhrandan çıxış yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Partiyanın yaranması isə Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün güc mərkəzinin formalaşması demək idi. Təsadüfi deyil ki, yaranışından cəmi altı ay sonra Heydər Əliyev və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldi.
1993-cü ildə YAP-ın sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olmuşdur. Bu, YAP-a olan ümumxalq inamını bir daha təsdiq etmişdir. Azərbaycan məhz bu andan sonra sabit inkişaf yoluna qədəm qoydu. Neft müqavilələrinin imzalanması, Bakı - Tbilisi - Ceyhan kəmərinin işə düşməsi, Azərbaycanın beynəlxalq qurumlarda layiqincə təmsil olunması göstərir ki, bu illər uğurlu olub."Yeni Azərbaycan Partiyası Azərbaycanın tək bugününün deyil, gələcəyinin partiyasıdır, XXI əsrin, 3-cü minilliyin partiyasıdır". Həyat ümummilli liderimiz Heydər Əliyevin partiyanın 1-ci qurultayında dediyi bu sözlərin həqiqət olduğunu göstərdi.
Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən ölkədə lider partiyaya çevrildi. Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparır.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dəyişir, müasirləşir, insanların həyat səviyyəsi yüksəlir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin uğurla davam etdirilməsi vətəndaşlarda Yeni Azərbaycan Partiyasına inam və etimadı daha da gücləndirir. Sonuncu parlament seçkilərinin nəticələri də bunu bir daha təsdiqlədi. Bu nəticənin əldə olunmasında YAP üzvlərinin, partiyanın yerli strukturlarının səmərəli fəaliyyəti də mühüm rol oynamışdır. Xalqa bir daha bəyan oldu ki, Prezident İlham Əliyevin siyasətinin əsas məqsədi Azərbaycanı zəngin, qüdrətli və firavan dövlətə çevirməkdən ibarətdir. Bu məqsədlə hazırlanmış iri infrastruktur layihələri böyük müvəffəqiyyətlə həyata keçirilir və qarşıdakı dövrdə də böyük proqramların həyata keçirilməsi üçün hər cür imkan yaradılıb. Bütün bunlar ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirir, əlaqələrini genişləndirir və əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edir. Hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Partiyamızın sədri, möhtərəm Prezidentimiz İlham Əliyev bütün ölkəni rayon-rayon gəzir və sosial-iqtisadi problemlərin həllinə çalışır. Məktəb tikintisi, qaçqınlar üçün yeni qəsəbələrin salınması, Neft Fondunda olan vəsaitlərin xalqın ehtiyaclarına sərf olunması, regionların sürətli inkişafı, ən müasir üslubda həyata keçirilən tikinti - quruculuq işləri, büdcənin ilbəil artımı onu göstərir ki, bu inkişaf davamlı və uzunmüddətli olacaq.
Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ərəfəsində regionlarda həyata keçirilən tədbirlər sırasında YAP-ın müsir avadanlıqlarla təchiz olunmuş, hər bir şəraiti olan yeni binalarda yerləşdirilməsi bu partiyanın üzvlərinə böyük töhfədir. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük nüfuz qazanmasını və xalq tərəfindən dəstəklənməsini şərtləndirən ən vacib amil ondan ibarətdir ki, YAP həmişə xalqın maraq və mənafelərinin təminatını özünün başlıca məramına çevirmişdir. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, ölkənin hərtərəfli inkişafı, xalqın rifah halının yüksəldilməsi naminə mühüm tarixi nailiyyətlərin qazanılmasında, dövlət başçısının respublikanı böyük perspektivlərə doğru aparan siyasətinin uğurla həyata keçirilməsində YAP yaxından iştirak etmişdir. YAP-ın təməl prinsiplərindən olan azərbaycançılıq, dövlətçilik, qanunçuluq və sosial ədalət eyni zamanda müstəqil Azərbaycan dövlətinin əsaslandığı ideoloji prinsiplərdir. Bu günlərdə rayonumuzda təşkilatımız üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Sevindirici haldır ki, həmin binanın açılış mərasimində partiyamızın sədri, möhtərəm Prezidentimiz İlham Əliyev də iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
YAP Saatlı rayon təşkilatının inzibati binası orijinal layihəsi və maraqlı memarlıq quruluşu ilə diqqəti cəlb edir. Bu bina həm də şəhərin gözəlliyinə xüsusi stimul verir. Heydər Əliyev prospektində, ulu öndərin adını daşıyan parkda inşa edilən binanın tikintisinə bu ilin mayında başlanılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 432 kvadratmetrdir. Binanın foyesində Azərbaycan xalqının ümummilli lideri, partiyamızın yaradıcısı Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, müxtəlif illərdə Saatlıya səfərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. YAP-ın sədri, Prezident İlham Əliyevin partiyanın tədbirləri və rayona səfərləri zamanı çəkilən fotolar da böyük maraq doğurur.
Binada kompyuter otağı, 50 nəfərlik konfrans zalı vardır. Buradakı inzibati otaqlar müasir səviyyədə qurulmuşdur. Binanın ətrafında da geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. YAP rayon təşkilatına yaradılmış belə gözəl şəraitdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabarovun yorulmaz fəaliyyətini xüsusi olaraq qeyd etmək istərdim.
Hazırda YAP-ın beynəlxalq aləmdəki əlaqələri getdikcə genişlənir. Partiyamız bir sıra ölkələrin siyasi partiyaları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq YAP-ın beynəlxalq əlaqələrinin ildən-ildən möhkəmlənməsinin göstəricisidir.
Yeni Azərbaycan Partiyası həm digər ölkələrin partiyaları ilə ikitərəfli əlaqələrə, həm də beynəlxalq müstəvidə əməkdaşlığa böyük önəm verir. Partiyamızın beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakı artıq intensiv xarakter alıb. O cümlədən, Avropa ölkələrində keçirilən tədbirlərdə partiyamızın nümayəndələrinin fəal iştirakını qeyd etmək yerinə düşərdi. Bu sırada Avropa Xalq Partiyası ilə əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm. Eyni zamanda, YAP-ın təşəbbüsü ilə paytaxtımızda bir sıra beynəlxalq tədbirlər də keçirilib. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafının məntiqi nəticəsidir. Bu inkişafa uyğun olaraq, YAP beynəlxalq qurumlarla əlaqələri, ikitərəfli münasibətləri getdikcə genişləndirir. Beynəlxalq əlaqələrimiz bir sıra ölkələrin partiyaları ilə daha sıx əməkdaşlıqda da özünü göstərir. Bu istiqamətdə müxtəlif sənədlərin imzalanması partiyamızın beynəlxalq aləmdə nüfuzunun yüksək səviyyədə artmasının göstəricisidir.
Yeni Azərbaycan Partiyasının keçib gəldiyi 20 illik yol Azərbaycan xalqının taleyinin 20 illik ayrılmaz bir hissəsi olmaqla, şərəfli bir tarixdir. Ümummilli liderimiz Heydər Əliyevin "Dünənin, bu günün və gələcəyin partiyası" adlandırdığı Yeni Azərbaycan Partiyası ulu öndərin əbədiyaşar ideyalarının işığında xalqımızla, dövlətimizlə birgə böyük gələcəyə doğru inamla irəliləyir.
Azərbaycan xalqı fəxr edir ki, Heydər Əliyev kimi lideri və onun həyata keçirdiyi siyasi kursun uğurlu davamçısı var. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Azərbaycanı çiçəklənən bir ölkəyə çevirməsi danılmaz faktdır. Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, Azərbaycan cəmiyyətində özünəməxsus yol tutmuş qaliblər partiyasıdır.

{nl}

Lütvəli ŞIXƏLİYEV, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında