Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Əlaqələndiricinin illik məlumatı dinlənilmişdir

Noyabrın 2-də Milli Məclisin növbəti iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərə baxılmışdır. Milli Məclisin sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirmişdir.
Sonra iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Əlaqələndirici, daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun illik məlumatı dinlənilmişdir.
Vilayət Eyvazov bildirmişdir ki, insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə sözügedən cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasını təmin etmək istiqamətində böyük işlər görülür. İcrası məqsədyönlü şəkildə davam etdirilən Milli Fəaliyyət Planına uyğun olaraq, hesabat ilində Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini, uşaq pornoqrafiyasının dövriyyəsini cinayət tərkibi kimi müəyyən edən normalar əlavə edilmiş, habelə insan alverinin və məcburi əməyin qurbanları da daxil olmaqla çətin həyat şəraitində yaşayan şəxslərə dövlət qayğısının hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən "Sosial xidmət haqqında" Qanun qəbul olunmuşdur. Diqqət çəkən məsələlərdən biri də hökumətin qərarı ilə insan alverinin qurbanlarına reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin iki dəfə artırılaraq 400 manat müəyyən edilməsidir.
İnsan alveri qurbanlarına təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımların göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də effektli olmuşdur. Səmərəli fəaliyyətə görə Daxili İşlər Nazirliyi tərəfindən 15 qeyri-hökumət təşkilatı mükafatlandırılmış, habelə onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri beş layihənin icrası üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 33.500 manat qrant ayırmışdır.
Hesabat dövründə beynəlxalq təşkilatlar, eləcə də digər dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə də önəm verilmişdir. ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının və ATƏT-in Bakı Ofisinin nümayəndələrinin iştirakı ilə görülmüş işlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır. ATƏT-in ekspertləri insan alverinin qurbanları üçün sığınacağın, "Qaynar xətt" telefon xidmətinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Nazir müavini qeyd etmişdir ki, cari ilin ötən 10 ayında həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 85 insan alveri faktı aşkar edilmiş, 2 mütəşəkkil dəstə və 6 cinayətkar qrup zərərsizləşdirilmişdir.
Beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxslərdən 3-nün yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən edilmiş 53 qurbandan 19-u Türkiyəyə, 12-si İrana, 2-si Birləşmiş Ərəb Əmirliklərinə, 14-ü Rusiya Federasiyasına aparılmış, 6-sı ölkə daxilində istismara cəlb olunmuşdur. Sığınacağa yerləşdirilmiş 43 qurbanın hər birinə zəruri yardımlar göstərilmişdir. Cinayətlərdən zərər çəkmiş 35 nəfərə birdəfəlik, 18-nə isə Kömək Fondundan müvafiq müavinətlər verilmişdir. İbtidai istintaq və məhkəmə prosesləri dövründə bütün qurbanlar müdafiəçilər ilə təmin olunmuşdur.
İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 115 cinayət aşkarlanaraq 85 nəfər məsuliyyətə cəlb edilmişdir.
Bu hüquqpozmalarla bağlı barəsində inzibati tənbeh tədbiri görülmüş 450-dək qadının hər biri müvafiq indikatorlar əsasında sorğulara cəlb edilmiş, lakin onların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Keçirilmiş reydlər zamanı risk qrupuna aid 267 nəfər müəyyən edilərək 89-u insan alverinin qurbanları üçün Yardım Mərkəzinə, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinə, digərləri qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir. Potensial qurbanlardan 67-nə tibbi, 151-nə hüquqi, 112-nə psixoloji yardımlar göstərilmiş, 50-si işlə təmin edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə düzəlmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar "Qaynar xətt" telefon xidmətinə daxil olmuş 13 minə yaxın məlumat araşdırılaraq təşəbbüskarlara lazımi izahlar verilmişdir.
İnsanların məcburi əməyə cəlb edilməsi ilə bağlı 2 cinayət faktı qeydə alınmışdır. Məcburi əmək hallarının müəyyən edilməsi məqsədilə, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tikinti şirkətlərində, sənaye müəssisələrində və daş karxanalarında monitorinqlər davam etdirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin 484 obyektdə apardığı yoxlamalarla iki mindən çox əcnəbinin və vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsi qaydalarını pozmuş 235 hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür. Bununla bərabər, polis tərəfindən keçirilən reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 455 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onları hüquqazidd əməllərə təhrik edən 200-ə yaxın valideyn barəsində qanunauyğun tədbirlər görülmüşdür. Nərimanov, Nizami və Xətai rayonlarında yaradılmış icma əsaslı "Uşaq polisi otaqları"nda qeydiyyatda olan 27 azyaşlı hüquqi yardım tədbirləri ilə əhatə olunmuş, habelə insan alverinin qurbanı və potensial qurban olan 19 yetkinlik yaşına çatmayan şəxs şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilmişdir.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Əlaqələndirici onu da qeyd etdi ki, ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində mövcud olan yüksək siyasi iradə, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən inkişaf və iqtisadi tərəqqi prosesləri - Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin əsas təminatıdır. Qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Eyni zamanda, beynəlxalq qurumların insan alverinə qarşı mübarizə tədbirlərinin təkmilləşməsinə yönəlmiş təklif və tövsiyələri diqqətlə öyrənilərək bununla əlaqədar perspektiv planlara lazımi düzəlişlər edilir.
Hesabatı təqdir edən deputatlar insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu da yüksək qiymətləndirmişlər.
Vilayət Eyvazov deputatları maraqlandıran məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyulmuş və nəzərə alınmışdır.
İclasda "Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiyaya dair" Sazişin təsdiq edilməsi haqqında məsələ barədə Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat vermişdir. Müzakirələr zamanı deputatlar sənədin xalqımızın milli maraqlarına xidmət etdiyini bildirmişlər. Sonda qanun layihəsi təsdiq olunmuşdur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə", "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" və "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" medallarının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Qanunda dəyişiklik edilməsi barədə məlumat vermişdir.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq olunmuşdur.
Deputatlar Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələrinə də müsbət münasibət bildirmişlər.
Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri də diqqətə çatdırmışdır. Bildirilmişdir ki, yol hərəkəti qaydaları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər kifayət qədər fundamentaldır. Bu dəyişikliklərə əsasən, ictimai təhlükəli xətalarla bağlı cərimə sanksiyalarının artırılması təklif olunur. Komitə sədri onu da əlavə etmişdir ki, ictimai təhlükəsizlik dərəcəsinə görə avtonəqliyyat vasitələri ilə törədilən xətalarla əlaqədar olaraq sanksiyaların artırılması məqsədəmüvafiqdir.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq olunmuşdur.
İclasda parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" və "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihələrini diqqətə çatdırmışdır. Hər iki məsələ səsə qoyularaq qəbul edilmişdir.
Sonra iclasda "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunmuşdur. Layihə ilə bağlı məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov, həmçinin bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklikləri diqqətə çatdırmışdır.
Deputat demişdir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna təklif olunan dəyişiklikdə toplantının keçirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına ediləcək xəbərdarlıqda təşkilatçı barədə dəqiq məlumat verilməsi (fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı) nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Cinayət Məcəlləsinə edilən dəyişiklikdə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub). Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulmuşdur (indiyədək bu məbləğ 100-500 manat idi). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılmışdır.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulmuşdur (bu məbləğ indiyədək 500 manat olmuşdur).
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə edilən dəyişikliyə gəlincə isə, komitə üzvü qeyd etmişdir ki, sənəd üzərində iş aparılarkən dünyanın 30-a qədər ölkəsinin, bütün MDB respublikalarının analoji qanunları və təcrübəsi öyrənilmişdir. Bu dəyişikliklər edilərkən hüquq elminin bugünkü inkişafı, onun tənzimlənmə mexanizminin müasirliyi, dəqiqliyi əsas götürülmüşdür. Dəyişiklik isə əsasən 298-ci maddə ilə bağlıdır. Maddənin sanksiya hissəsində qanunsuz toplantıların keçirilməsi ilə bağlı inzibati tənbeh tədbirləri olaraq xəbərdarlıq və 7 manatdan 13 manatadək cərimə nəzərdə tutulmuşdur. Bu həddindən artıq cüzi məbləğdir. Yeddi manatla qanun pozan şəxsin maliyyə durumuna təsir etmək olmaz. Yeni dəyişikliyə görə, qanunsuz aksiya, mitinq təşkilatçısı olan fiziki şəxslər 1500 manatdan 3000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 6000 manatadək, hüquqi şəxslər isə 15000 manatdan 30000 manatadək cərimə ediləcəklər. Qanunsuz mitinqdə, küçə yürüşündə iştirak edənlərə isə 300 manatdan 600 manatadək cərimə tətbiq ediləcəkdir.
Sonra təklif olunan dəyişikliklər müzakirə olunmuş, deputatların rəy və təklifləri dinlənilmişdir. Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilmişdir.
İclasda "Mədəniyyət haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirə olunmuşdur.
Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov diqqətə çatdırmışdır ki, bu qanun Azərbaycanda mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, müəyyən edilməsi, qorunması, bərpası, inkişafı və yayılması sahəsində münasibətləri tənzimləyəcək, bu sahədə dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edəcəkdir.
Deputatların fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında