Rusiyanın paytaxtı Moskvaya səfər edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oktyabrın 31-də "Media forum" saytının suallarını cavablandırmışdır.
- Rusiyaya səfərinizdə məqsəd nədir?
- Səfərim işgüzar xarakter daşıyır və bu ölkənin Prezident Administrasiyasının dəvəti ilə həyata keçirilir. Bu, əvvəlcədən planlaşdırılan səfərdir. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi ilə Rusiya Prezidenti Administrasiyasının müvafiq idarəsinin nümayəndələri arasında hər il belə qarşılıqlı səfərlər olur. Mən Moskvaya, onlar Bakıya səfərlər edirik. İki ölkə arasında formalaşan, təməli Azərbaycan və Rusiya prezidentləri tərəfindən qoyulan qarşılıqlı əlaqələrin bəzi aspektlərini müzakirə edirik, əməkdaşlıq sahələrini, prioritetləri müəyyənləşdiririk. Eyni zamanda bir-birimizi həyata keçirilən işlərin vəziyyəti ilə tanış edirik.
- Rusiyanın hansı rəsmiləri ilə görüşmüsünüz?
- Səfərin təfərrüatını açıqlamaq niyyətində deyiləm. Əvvəlcədən nəzərdə tutulduğu kimi mənə aid olan sahələrə cavabdeh rəsmilərin əksəriyyəti ilə görüşmüşəm. Səfər isə davam edir.
- Moskva Azərbaycanı Avrasiya İttifaqına dəvət etsə də, rəsmi Bakı bununla razılaşmayıb. Qəbələ RLS-in icarəsi ilə bağlı müqavilənin uzadılıb-uzadılmaması haqda da hələ razılıq əldə olunmayıb. Əvvəlki dövrdə Rusiya Azərbaycan qazını almaq istəsə də, bu, mümkün olmadı və məsələ ciddi fikir ayrılığı yaratmışdı. Bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz? Prezidentlər İlham Əliyevlə Vladimir Putinin münasibətlərində soyuqluq yaranması haqda deyilənlərlə razısınızmı?
- Hər halda mənim keçirdiyim görüşlər, apardığım danışıqlar, ünsiyyətdə olduğum insanların mövqeyi onu göstərir ki, həm Rusiya, həm də Azərbaycan tərəfi öz prezidentlərinin iradəsinə söykənərək gələcəkdə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıqda maraqlıdır. Bu gün bizim əməkdaşlığımız ciddi strateji tərəfdaşlıq istiqamətində davam edir. Hesab edirik ki, buna mane olacaq ciddi nüanslar da yoxdur.
İki ölkə arasında müxtəlif məsələlərlə bağlı fikir ayrılıqlarına gəlincə, bizim ümumi maraqlarımız olduğu kimi fərqli maraq və mövqelərimiz də var. Bəzən maraqlarımız üst-üstə düşmür. Azərbaycan və Rusiya müstəqil dövlətlərdir. Hər bir ölkənin mövqe və maraqlarının əsasında onun milli maraqları, xalqın və dövlətin mənafeləri durur. Mən hansı məsələlərin necə, nəyin əsasında həll ediləcəyini müzakirə etmirəm. Çünki mən bunlarla bağlı qərar verəcək dövlət məmuru deyiləm. Belə strateji məsələlərlə bağlı mövqeni prezidentlər bildirir, qərarı onlar verir. Biz də dövlət başçılarını təmsil edən məmurlar kimi özümüzə aid olan məsələləri həll edir, həyata keçiririk.
Dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında fikir ayrılığının olması haqda yazılanlar da mətbuatın mülahizələridir. Bu mülahizələrin əksəriyyəti kimlərinsə maraqlarından çıxış edərək irəli sürülür, bəziləri də sadəcə olaraq jurnalist fantaziyasının məhsuludur. İki ölkənin prezidentləri arasında münasibətlər işgüzar xarakter daşıyır, hər iki dövlət başçısı öz ölkəsinin maraqlarını ifadə edir, ortaq maraqları da görürlər və bunun üzərində münasibət qururlar.
- Qəbələ RLS danışıqları necə gedir? Əsas fikir ayrılığı nədədir?
- Bu mənim sahəm olmadığına görə danışıqlardakı vəziyyət haqda bir söz deyə bilmərəm. Azərbaycan və Rusiyanın Nazirlər kabinetləri, Müdafiə nazirlikləri bununla bağlı danışıqlar aparır.
- Moskvaya səfərinizin Rusiyada yaşayan azərbaycanlıların yeni yaratdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə əlaqəsi varmı? Bu təşkilatı təsis edən şəxslərdən kimlərləsə görüşmüsünüzmi? Rusiya rəsmiləri ilə keçirdiyiniz görüşlərdə bu məsələni də müzakirə etmisinizmi?
- Mənim Rusiyaya səfərimin yeni yaradılan hansısa qeyri-hökumət təşkilatı ilə, onu yaradanlarla bağlılığı, əlaqəsi yoxdur. Səfər zamanı yalnız Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin bəzi aspektlərini, o cümlədən mədəni, ictimai-siyasi sahədə, mətbuat, qeyri-hökumət təşkilatları, diaspor sahəsində əlaqələrimizi müzakirə etmişik, gündəlikdə bu məsələlər olub.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışıq. 2013-cü ildə Rusiyada regionlararası forum keçirəcəyik. Forumun təşkilati məsələlərini, gündəliyə daxil ediləcək məsələləri, kimləri qonaq kimi dəvət etməyi, tədbiri Rusiyanın hansı vilayətində keçirmək kimi məsələləri müzakirə etdik. Bütün bunların fonunda sizin dediyiniz məsələləri aktual saymıram. Ona görə də başqa məsələləri müzakirə etməmişik.
- Rusiyada diaspor nümayəndələri ilə görüşmüsünüzmü?
- Xeyr, diaspor təmsilçiləri ilə görüşüm olmayıb.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqı yeni təsis olunanda "Media forum" saytına bildirmişdiniz ki, təşkilat təmsilçiləri bunu hansı məqsədlərlə yaratdıqlarına dair açıqlama verəndən sonra məsələyə münasibət bildirəcəksiniz. Təşkilat təmsilçiləri xeyli açıqlama veriblər və onların arasında ziddiyyətli fikirlər də var. İttifaqın Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparmaq üçün yaradıldığı haqda deyilənləri necə qiymətləndirirsiniz?
- Biz bu təşkilat haqda hələ heç bir fikir söyləməmişik. Mən bu gün də hər hansı münasibət bildirməyəcəm. Mətbuatda yazılanların çoxu jurnalistlərin mülahizələridir, mətbuatın ayrı-ayrı mənbələrdən əldə etdiyi informasiyalar, hansısa təhlillər əsasında gəlinən qənaətlərdir. Təşkilatı yaradan insanlardan bəziləri müəyyən açıqlamalar veriblər, məsələyə münasibət bildiriblər. Hələ mövqeyini açıqlamayanlar da var. Hər halda hesab edirik ki, bu gün bununla bağlı dövlət səviyyəsində hansısa açıqlamanın verilməsi, münasibət bildirilməsi, ciddi müzakirələrin aparılması aktual deyil.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçilərindən olan baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıya gəlməsi və ittifaqla bağlı məsələni Prezident İlham Əliyevlə müzakirə etmək istəməsi, amma Prezidentin qəbuluna düşə bilməməsi barədə deyilənlər doğrudurmu?
- Mənim bu haqda nə məlumatım, nə də cənab Prezidentin kimi, niyə, nə vaxt qəbul edəcəyini müzakirə etmək səlahiyyətim var.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqında Azərbaycan hakimiyyəti ilə münasibətləri yaxşı olan, hakimiyyətə yaxınlığı ilə seçilən Vahid Ələkbərov, Araz Ağalarov, Abbas Abbasov, Telman İsmayılov, İsgəndər Xəlilovla yanaşı, indiki iqtidarı dəstəkləməyən Rüstəm İbrahimbəyov, Söyün Sadıqov da təmsil olunurlar. Sizcə, hakimiyyəti dəstəkləyənlərlə dəstəkləməyənlərin bir təşkilatda birləşməsi necə baş verib, yaxud bunu kim təşkil edib? Hakimiyyətin təşkilatı dəstəkləməməsinin əsas səbəblərindən birini də bunu göstərmək olarmı?
- Bunu onların özlərindən soruşarsınız. Dövlətin münasibətlərinə gəlincə, bununla bağlı mövqeyimi bildirmişəm. Dövlətin müxtəlif məsələlərlə bağlı mövqeyi ayrı-ayrı insanlar arasındakı münasibətlər, müxtəlif şəxslərin prezidentlə münasibətləri, yaxud ailə-məişət məsələlərində olan münasibətlər üzərində qurulmur. Dövlətin bütün daxili və xarici strukturlarla münasibətləri xalqın maraqlarından çıxış edilərək qurulur. Xalqın maraqlarına uyğun gələnlərlə əməkdaşlıq olunur, fəaliyyət dəstəklənir. Millətin maraqlarına cavab verməyənlərlə əməkdaşlıq qurulmur, xalqın maraqlarına zidd olanlara dövlətin mövqeyi də müvafiq olur. Ona görə də bu məsələyə münasibət bildirmək istəmirəm. Kimin harada, necə təmsil olunması da onların şəxsi işidir. Onların özlərindən soruşsanız, hər halda bunu əsaslandırarlar.
- Prezident İlham Əliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını və bununla bağlı gedən müzakirələri necə qiymətləndirir?
- Bununla bağlı nə məlumatım, nə də bəyanat verməyə səlahiyyətim var.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.