Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası partiyanın yaradılmasının 20 illiyini qeyd etmişdir

Oktyabrın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyanın yaradılması ilə ölkədə demokratiyanın, azadlığın təməli qoyulduğunu bildirmişdir. YAP-ın ictimai ehtiyacların obyektiv tələbatına verilən bir cavab olduğunu deyən N.Əliyeva qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə partiya Azərbaycan xalqının mənəvi potensialını üzə çıxarmağa, daxili və xarici siyasətini qurmağa nail olmuşdur. Şura sədri qadınları cəmiyyətdə hər zaman aparıcı bir qüvvə kimi qiymətləndirən ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə YAP Qadınlar Şurasının 1995-ci ildə yaradıldığını bildirmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova YAP-ın çox çətin və ziddiyyətli bir dövrdə yarandığını və bu yola "Müstəqil Azərbaycan" şüarı ilə çıxdığını bildirmişdir. B.Muradova o çətin dövrlərdə xalqın özünə olan inamının ümummilli lider Heydər Əliyev tərəfindən qaytarıldığını demişdir.
YAP-ın Azərbaycanın bugünkü bütün uğurlarına imza atdığını vurğulayan Milli Məclis sədrinin müavini partiyanın ölkənin ictimai-siyasi mühitinin avanqardı olduğunu demişdir. O, həmçinin Qadınlar Şurasının partiyanın 20 illik fəaliyyəti dövründə mötəbər bir təşkilata çevrildiyini bildirmişdir. O, eyni zamanda, YAP qadın şuralarının regionlarda yaradılmasının tarixi, bu yolda partiyanın fəal qadın üzvlərinin üzləşdiyi çətinliklər barədə də məlumat vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, bu gün partiyanın üzvlərinin 48 faizi qadınlardır və bu, YAP-ın fəaliyyətində qadınların rolunun böyük olduğunu göstərir.
Partiyanın daima yeniliklər gətirərək Azərbaycanın daha da inkişafına nail olduğunu deyən H.Hüseynova YAP Qadınlar Şurasının rəhbərlik etdiyi Komitə ilə daim birgə işlədiyini, qadınların problemlərinin həlli yollarının birgə axtarıldığını vurğulamışdır.
YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov da partiya üzvlərinin təxminən yarısının qadınlar, onların çoxunun isə müəllim olduğunu demişdir. M.Mərdanov partiyanın 20 illik fəaliyyətində Azərbaycan müəllimlərinin zəhmətini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, partiyanın sıralarına bu qədər qadının qoşulması Azərbaycanda qadınların ictimai-siyasi həyatda aktivliyinin göstəricisidir.
Ə.Əhmədov demişdir: "Bu gün YAP Azərbaycan cəmiyyətində özünün güclü mövqeyinə təkcə 600 minə yaxın üzvü olduğuna görə deyil, həm də rasional, müdrik düşüncəsinə görə sahibdir . O, eyni zamanda, Azərbaycanın seçkili orqanlarında qadınların sayının bundan sonra daha da artacağına ümidvar olduğunu bildirmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında