"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr və dəyişikliklər ediləcəkdir

Milli Məclis "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna, həmçinin Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr və dəyişikliklər edəcəkdir.  
AzərTAc xəbər verir ki, bu barədə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 23-də keçirilmiş iclasında məlumat verilmişdir.
Komitənin sədri Əli Hüseynli demişdir ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov qanunvericilik təşəbbüsü qaydasında yuxarıda adı çəkilən qanunlara əlavələrin və dəyişikliklərin edilməsi ilə bağlı yeni layihə hazırlamışdır. Bu dəyişikliklər həmin qanunların təkmilləşməsinə və qanunlardakı bəzi boşluqların aradan qalxmasına xidmət edəcəkdir.
Sonra layihənin müəllifi R.Cəbrayılov həmin dəyişikliklər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, qanunlara təklif olunan dəyişikliklərdə əsasən qanunsuz toplantıların təşkilatçılarının və iştirakçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsi, cərimə və digər sanksiyaların sərtləşdirilməsi nəzərdə tutulmuşdur.
"Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun "Toplantının keçirilməsi barədə xəbərdarlıq" adlanan 5-ci maddəsinə edilən əlavədə deyilir ki, toplantı təşkilatçıları barədə məlumatlar, yəni fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı konkret göstərilməlidir. "Toplantının təşkilatçısı" adlanan 6-cı maddəyə təklif olunan əlavədə isə deyilir ki, yığıncağın, mitinqin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir.
Qeyd edilmişdir ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar. Ona görə də, Cinayət Məcəlləsində nəzərdə tutulmuş cərimələrin məbləği artırılmalıdır.
Cinayət Məcəlləsinin "Toplantıları keçirmə qaydasını pozma" (maddə 169) maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda təşkilatçı 5000 manatdan 8000 manatadək cərimə oluna və ya iki ilədək müddətə islah işləri, yaxud da iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000 manatdan 8000 manatadək cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Həmin Məcəllənin 233-cü maddəsinə təklif olunan əlavədə isə deyilir ki, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza, yaxud da iki ilədək müddətdə islah işləri və üç ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən olunmuşdur.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdə isə inzibati tənbeh növləri, inzibati cərimə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin keçirilməsinə mane olmaya görə məsuliyyət və digər məsələlər nəzərdə tutulmuşdur.
Komitə üzvləri, eləcə də iclasda iştirak edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova layihə ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Sonda hər üç qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında