Şriftin ölçüsü:
23.10.2012 03:28 | Oxunma sayı: 895
Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) nümayəndə heyəti Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində səfərdə olmuşdur.
ÜAK funksionerlərinin səfər çərçivəsində ilk görüşləri Başqırdıstan Respublikasının Prezident Administrasiyasının siyasi və ictimai əlaqələrin inkişafı idarəsinin əməkdaşları ilə keçirilmişdir. Konqresin baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, səfərin məqsədi təşkilatın regional bölməsinin fəaliyyəti ilə tanışlıq və qurumun Başqırdıstan ilə əməkdaşlığının inkişafıdır. Qeyd edilmişdir ki, Azərbaycan ilə Rusiyanın regionları arasında birbaşa əməkdaşlıq haqqında saziş bu səfərin təşkilinə mühüm töhfə vermişdir.
"Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayının qətnaməsinə əsasən təşkilatımız regional bölmələrlə əlaqələri gücləndirməyi prioritet hesab edir", - deyən Mikayıl Hüseynov Başqırdıstan ilə Azərbaycan arasındakı münasibətlərin tarixindən danışmışdır. Baş katib Bakının və Başqırdıstanın neft sənayesi regionları olmasından və ötən əsrin 30-cu illərində Başqırdıstanda neftin tapılmasında azərbaycanlı mütəxəssislərin rolundan bəhs etmişdir. Mikayıl Hüseynov Ufa şəhərində Azərbaycan dilinin tədris olunacağı məktəbin, hüquq müdafiəsi və mədəniyyət mərkəzlərinin açılması və Başqırdıstan ziyalılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili ilə bağlı təkliflər irəli sürmüşdür.
Başqırdıstanın Prezident Administrasiyasının siyasi və ictimai əlaqələrin inkişafı idarəsinin rəisi Danil Azamatov Azərbaycan diasporunun respublikada mühüm yerə malik olduğunu söyləmişdir. Bildirmişdir ki, ÜAK-ın regional bölməsi dövlət miqyasında təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir. D.Azamatov irəli sürülən təklifləri məmnuniyyətlə qəbul etmişdir.
ÜAK-ın Başqırdıstan Respublikası üzrə regional bölməsinin sədri Mirzə Dadaşov təşkilatın fəaliyyətindən danışarkən bildirmişdir ki, il ərzində əldə edilən ən böyük uğur azərbaycanlılardan ibarət yerli "Araz" futbol komandasının bu il Başqırdıstan çempionu olmasıdır. Qurumun respublika əhəmiyyətli tədbirlərdə iştirakı - humanitar proqramlarda fəallıq göstərməsi xüsusi vurğulanmışdır. Bundan başqa, milli və dini bayramlarda, habelə 9 May - Qələbə bayramı ərəfəsində Ufada yaşayan Böyük Vətən müharibəsi veteranlarına pulsuz nahar təşkil edilmişdir. Diqqətə çatdırılmışdır ki, Ufadakı Xəzər restoranı Azərbaycan diasporunun humanitar və sosial problemlərin həlli ilə bağlı keçirilən görüşlərin mərkəzi kimi fəaliyyət göstərir.
Görüşdə Mikayıl Hüseynov Danil Azamatova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, Rusiyada Azərbaycan diasporunun fəaliyyətini işıqlandıran qəzet və jurnallar hədiyyə etmişdir. Qonaqlara isə Başqırdıstanın milli mədəni irsindən bəhs edən kitablar hədiyyə olunmuşdur.
ÜAK nümayəndə heyətinin ikinci görüşü "dəyirmi masa" formatında keçmişdir. Görüşdə Başqırdıstanın Prezident Administrasiyasının, Mədəniyyət Nazirliyinin, Federal Miqrasiya Xidmətinin, Rusiyanın "Xalq Cəbhəsi" partiyasının nümayəndələri və diaspor fəalları iştirak etmişlər. Azərbaycan diasporunun Rusiya cəmiyyətinə inteqrasiyası, "Azərbaycan konqresi" qəzetinin oxucularının regionlarda sayının artırılması yolları, ÜAK-ın regional bölmələri ilə əlaqələrdə müasir informasiya texnologiyalarının tətbiqi və Başqırdıstan ziyalılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili məsələləri müzakirə edilmişdir. Bildirilmişdir ki, ÜAK-ın Başqırdıstan üzrə regional bölməsi Rusiyanın "Xalq Cəbhəsi" partiyasının regional bölməsinə üzv olan ilk diaspor təşkilatıdır. Başqırdıstan hökuməti bu məsələyə xüsusi önəm verir. Diqqətə çatdırılmışdır ki, Başqırdıstan Federal Miqrasiya xidmətinin statistikasına görə bu il respublikaya 4 min 500 Azərbaycan vətəndaşı gəlmişdir.
ÜAK-ın aparat rəhbəri Nemət Nağdəliyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) həyata keçirdiyi inteqrasiya layihələrindən danışmışdır. Bildirilmişdir ki, bu layihələr Rusiyada millətlərarası anlaşmaya və tolerantlığa xidmət edir.
Görüşlərdən sonra nümayəndə heyəti Ufa şəhərinin tarixi yerləri ilə tanış olmuşdur.
{nl}
Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.