Azərbaycan - Bosniya və Herseqovina münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Sürətli iqtisadi inkişafı ilə beynəlxalq aləmin diqqətini cəlb edən Azərbaycan Respublikası ilə əlaqələri möhkəmləndirmək, etibarlı tərəfdaş kimi onunla yaxın münasibətlər qurmaq, beynəlxalq və regional məsələlərdə eyni mövqeyi paylaşmaq istəyən dünya dövlətlərinin sayı durmadan artmaqdadır. Cənubi Qafqazda maraqları olan Qərb ölkələri, iqtisadiyyatı region iqtisadiyyatının 80 faizini, ixrac potensialının isə 90 faizini təşkil edən Azərbaycan ilə əməkdaşlığı gücləndirməyə xüsusi diqqət yetirirlər. 
Rəsmi Bakı isə həmin dövlətlərlə üst-üstə düşən strateji mənafe birliyi çərçivəsində ikitərəfli səmərəli münasibətlərin qurulmasına xüsusi önəm verir. Bu mənada ölkəmizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrini genişləndirməsi mühüm əhəmiyyət kəsb edir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana ilk dəfə rəsmi səfərə gəlməsi də həmin strateji xəttin daha da gücləndirilərək davam etdirilməsi baxımından önəmlidir.
Əvvəlcə onu qeyd edək ki, Bosniya və Herseqovina ilə Azərbaycanın tarixində bənzərlik elementləri çoxdur. Belə ki, hər iki ölkə vaxtilə başqa ölkələrin tərkibində yaşamışdır. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin qeyd etdiyi kimi, hətta oxşar əlamətdar illər belə üst-üstə düşür: əvvəlcə kommunist rejimində yaşamağımız, daha sonra 1990-cı illərin əvvəllərində müstəqilliyimizi elan etməyimiz, demokratiya yolunu seçməyimiz və məhz buna görə problemlərlə qarşılaşmağımız tamamilə uyğunluq təşkil edir. Həmin illərdə bizim xalqlarımız, dövlətlərimiz soyqırımı problemi, təcavüzlə, ölkənin parçalanmasına yönələn cəhdlərlə üzləşmişdi. 1992-ci ildə ermənilər Xocalıda soyqırımı törətdiyi günlərdə Bosniya və Herseqovina serblərin hücumuna məruz qalmışdı. Bosniyanın şimalını hədəf alan hücumların məqsədi bu bölgələrdən boşnak və xorvatları uzaqlaşdıraraq serb dövlətini qurmaq idi. Bu hücumlar bölgədəki digər etnik qruplar üçün tam bir fəlakətə çevrilmişdi. Baş verən dəhşətli hadisələr nəticəsində təxminən 15 minədək boşnak qətlə yetirilmiş, 7 min 500-ü itgin düşmüşdü.
Vaxtilə dəhşətli faciələrlə qarşılaşan hər iki ölkənin bu gün bir-birini dəstəkləməsi qədər təbii heç nə ola bilməz. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən çoxsaylı dövlətlərdən biri də Bosniya və Herseqovinadır. Azərbaycana rəsmi səfəri zamanı ölkənin Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində növbəti dəfə rəsmi Sarayevonun mövqeyini açıqlamışdır. Cənab İzetbeqoviç bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həll olunmasının vacibliyini qeyd etmişdir. O kəskin şəkildə bəyan etmişdir ki, "Sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir".
Bosniya və Herseqovina ilə Azərbaycanı birləşdirən, yaxınlaşdıran digər mühüm məqam isə ondan ibarətdir ki, hələ 40 il bundan əvvəl Sarayevo ilə Bakı arasında dostluq sazişi imzanlanmış və onlar qardaşlaşmış şəhərlər olmuşlar. Təbii olaraq həmin dövrdə əlaqələr daha sıx idi. Ancaq zaman və gedən qarışıq proseslər bir çox şeyi dəyişdirdiyi kimi, əlaqələrimizin də demək olar ki, tamamilə kəsilməsinə səbəb olmuşdu. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana ilk dəfə rəsmi səfərə gəlməsi bu əlaqələrin yenidən yüksək səviyyəyə çatmasına və münasibətlərimizin inkişaf etməsinə şərait yaradacaq, dövlətlərimizin əməkdaşlıq tarixində yeni səhifə açacaqdır. Münasibətlərin inkişafının hər iki tərəf üçün faydalı nəticələr doğuracağına əminliyini vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "...Bizim bütün səviyyələrdə daha çox təmaslara ehtiyacımız vardır: siyasi, işgüzar, ictimai və mədəniyyət xadimləri səviyyəsində. Biz tammiqyaslı əməkdaşlığa nail ola bilərik. Biz indiyə qədər siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və eləcə də iqtisadi əməkdaşlığın yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq. Lakin əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək və möhkəmlənəcəkdir".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər əməkdaşlığın möhkəmlənməsinə çox yaxşı zəmin yaradır. Oktyabrın 18-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan - Bosniya və Herseqovina sənədlərinin imzalanması mərasimi olmuşdur. Tərəflər arasında "Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" "Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanmışdır. Yəni əlaqələrimizin inkişaf etdirilməsi üçün hüquqi baza da mövcuddur. Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquqi müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəlmişlər.
Dövlət başçımız cənab İlham Əliyev əməkdaşlıq üçün maraq doğuran sahələri qeyd etmişdir. Bildirmişdir ki, beynəlxalq təşkilatlardakı qarşılıqlı əməkdaşlığımız mövcuddur. Bosniya və Herseqovina BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdə bizə dəstək vermişdir. Biz də öz növbəmizdə beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda rəsmi Sarayevonu dəstəkləyirik. Bundan belə, həm də iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir.
Bosniya və Herseqovina respublikamıza maraq göstərir. Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç bildirmişdir ki, Azərbaycanın yüksək keyfiyyətli və münasib qiymətə təklif etdiyi təbii qazı böyük qaz istehlakçısı olan ölkəsi üçün cəlbedicidir. O , iqtisadi cəhətdən güclənən, böyük maliyyə mənbələrinə malik olan Azərbaycanın sərmayəsini də Bosniya və Herseqovinaya cəlb etmək istədiklərini demişdir: "Ümid edirəm ki, Azərbaycan qazı bizim ölkəyə də çatacaqdır. Çünki bu qaza və Azərbaycanın sərmayələrinə bizim də ehtiyacımız vardır. Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti vardır".
Həqiqətən də ölkələrimiz Azərbaycanın həyata keçirdiyi çox böyük energetika və nəqliyyat layihələrində də səmərəli şəkildə əməkdaşlıq edə bilərlər. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələrini gerçəkləşdiririk. Bu, gələcəkdə Xəzər və Balkan regionunu bir-birinə daha da yaxınlaşdıracaq, iqtisadi əlaqələrimizin inkişafına rəvac verəcəkdir. Bu da reallıqdır ki, regional əməkdaşlıq məsələsində də dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Rəsmi Bakı hesab edir ki, Balkan regionu ilə Cənubi Qafqaz regionu arasında əlaqələr daha da sıx olmalıdır, əməkdaşlıq daha da güclü olmalıdır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, Bosniya və Herseqovina, həmçinin ona qonşu olan ölkələrlə əlaqələrimiz Balkan regionu ilə əməkdaşlığın inkişafına göstərdiyimiz maraq və diqqətdən irəli gəlir.
Cənab Bakir İzetbeqoviçin Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlərdə iki ölkə arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, iqtisadi və turizm, təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu qeyd edilmişdir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinin Azərbaycana səfəri uğurla başa çatmışdır. Bir çox ekspertlər belə hesab edirlər ki, bu səfərdən sonra iki ölkə arasındakı münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoyacaq və özünün inkişaf dövrünü yaşayacaqdır. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etməsi isə göstərir ki, rəsmi Sarayevo ölkəmizlə sıx münasibətlərin qurulmasında maraqlıdır.
Göründüyü kimi, sürətlə inkişaf edən Azərbaycan Respublikasının dünyanın bir sıra dövlətləri ilə əlaqələri genişlənir, mövqeləri güclənir, beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Bu gün hər bir azərbaycanlı ölkəmizin yüksəlişi ilə fəxr edir. Cənubi Qafqaza nəzər yetirən istənilən dost ölkənin lideri burada iqtisadi inkişafın Azərbaycan möcüzəsinin yaşandığını heyranlıqla izləyir, böyük nailiyyətlər əldə etdiyinə görə Azərbaycan xalqını təbrik edir, dünyada inkişafın simvoluna çevrilən Bakıya heyran qaldıqlarını gizlətmirlər. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin Azərbaycana səmimi duyğularını ifadə edən bu sözləri də hər bir azərbaycanlıda qürur hissi oyadır: "Düşünürəm ki, Azərbaycana səfərə gələcək bosniya və herseqovinalılar mənim kimi Sizin ölkənizin və paytaxtınızın gözəlliyinə heyran olacaqlar. Nümayəndə heyətimizin üzvləri və mən Bakının gözəlliyinə heyran qaldıq... Sözün əsl mənasında, çox abad və gözəl şəhərdir. Bu, sizin necə xalq olduğunuz haqqında çox şey deyir".

{nl}

Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında