Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Azərbaycana rəsmi səfəri çərçivəsində Qəbələdə olmuşdur

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç, xanımı Sebiya İzetbeqoviç Azərbaycana səfəri çərçivəsində oktyabrın 19-da Qəbələyə gəlmiş, bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri, tarixi-dini abidələrlə tanış olmuşlar. 
AzərTAc xəbər verir ki, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Qəbələ Beynəlxalq Hava Limanında hörmətlə qarşılanmışdır.
Hörmətli qonaq əvvəlcə Qəbələ şəhər məscidinin yeni binasının inşası prosesi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, Azərbaycanda milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir. Xalqın mənəvi dəyəri olan ibadət ocaqları, məscidlər hər zaman dövlət tərəfindən qorunur, lazım olduqda təmir və bərpa edilir, yeni məscid binaları inşa olunur. Bildirilmişdir ki, Qəbələnin mərkəzində yeni məscid binasının tikintisinə 2011-ci ilin martında başlanılmışdır. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılmışdır. Minarələrin davamlılığını artırmaq məqsədilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılmışdır. Hazırda binanın daxilində işlər davam etdirilir. Məscidin ərazisindəki məişət binasında da əsas işlər görülmüşdür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar olacaqdır.
Qəbələ konserv zavodunda istehsal prosesi ilə yaxından tanışlıq zamanı məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda "Tetra Pak" xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Ali qonaq Qəbələ limonad zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışdır. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul - kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Sonra qonaq Qəbələdə meyvə-tərəvəz məhsullarının saxlanılması üçün inşa edilmiş soyuducu anbar kompleksi ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun uzun müddət saxlanması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Müəssisədəki meyvəçeşidləmə sexinə də baş çəkən qonağın diqqətinə çatdırılmışdır ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Qəbələ Cümə Məscidini də ziyarət etmişdir. Məscidlə tanışlıq zamanı məlumat verilmişdir ki, 1896-1897-ci illərdə tikintisinə başlanılan məscid 1906-cı ildə istifadəyə verilmişdir. Binanın tikintisində çay daşı və meşə ağaclarından istifadə olunmuşdur. Məscid sovet dövrünədək möminlərin ixtiyarında olmuşdur. Sovet dövründə Azərbaycanda bütün məscidlərin başına gələn bəla bu məsciddən də yan keçməmişdir. Allah evi anbar, klub, məhkəmə salonu, iclas zalı kimi istifadə olunmuşdur. Binada 1980-ci ilin sonundan 2004-cü ilə qədər muzey fəaliyyət göstərmişdir. Sonra muzey oradan köçürülmüş və bina təmir-bərpa işlərindən sonra məscid kimi fəaliyyətə başlamışdır.
Daha sonra beşulduzlu "Qafqaz Resorte" otelində qonağın şərəfinə nahar verilmişdir. Nahardan sonra qonaq 5 hektar ərazidə müasir üslubda inşa edilmiş "Fitnes" sağlamlıq mərkəzi ilə tanış olmuşdur. Bildirilmişdir ki, mərkəz istirahət yeri olmaqla yanaşı, turistlərin müayinə və müalicəsinə də xidmət edir. Burada 700 yerlik amfiteatr, kinozal, saunalar, SPA kabinetləri, hidromasaj otaqları, müalicə vannaları fəaliyyət göstərir. Mərkəzdə, həmçinin 8 yolluq boulinq zalı, reytbol, stolüstü oyun masaları və digər idman qurğuları da quraşdırılmışdır. Uşaqlar üçün xüsusi üzgüçülük hovuzları tikilmiş, uşaq klubu yaradılmışdır. "Fitnes" sağlamlıq mərkəzində eyni vaxtda 300 qonağın istirahət etməsi üçün imkan vardır.
Bakir İzetbeqoviç Qəbələyə səfəri zamanı "Gilan piano" MMC-nin "Beltmann" piano fabriki ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada "Beltmann" markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür.
Qonaq Qəbələyə səfərinin sonunda beşulduzlu "Qafqaz Riverside", "Qafqaz Resort", "Qafqaz Sport" otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşdur.
Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Bakir İzetbeqoviçdə zəngin təəssürat yaratmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında