Bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edən və Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən qüdrətli Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu xarici siyasət onun beynəlxalq aləmdə böyük nüfuz qazanmasını təmin etmişdir. Ölkəmizin milli və dövlətçilik baxımından bütün maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın xarici siyasətinin əsas prioritetlərini müəyyən edərkən qətiyyətlə deyirdi ki, bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir.
Ulu öndər Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı maraqların təmin olunmasına istiqamətlənmiş bərabərhüquqlu əlaqələr qurmasının və bu zaman, yenə qarşılıqlı olaraq bir-birinin işinə qarışmamaq prinsiplərinin ön planda tutulmasının vacibliyini vurğulayırdı. Qürurla deyə bilərik ki, həmin prinsiplər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 10-da Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bəyan etdiyi fikirlər də belə deməyə əsas verir.
Cənab Prezident bildirmişdir ki, Azərbaycan Respublikası dövlətlərarası əlaqələrdə yalnız bərabərhüquqlu münasibətləri qəbul edir və bu siyasət bundan belə də davam etdiriləcəkdir: "Biz bunu dəfələrlə bəyan etmişik. Mən dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik". Dövlət başçımızın həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın dünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Ölkəmizin ABŞ, Rusiya, Türkiyə, Almaniya, Avstriya, Fransa, İngiltərə, İtaliya, Belçika, Latviya, Litva, Macarıstan, Polşa, Rumıniya və digər Qərb dövlətləri ilə də əlaqələri bunu bir daha sübut edir. Biz hər gün həmin ölkələrlə iqtisadi əməkdaşlığın və siyasi dialoqun intensiv şəkildə inkişaf etməsinin, qarşılıqlı etimadın daha da güclənməsinin şahidi oluruq. İnkişaf etmiş demokratik dövlətlərlə ikitərəfli sənədlərin imzalanması, qarşılıqlı yüksək səviyyəli rəsmi dövlət səfərləri, beynəlxalq konfranslar və dünya forumlarında fəal iştirak etmək, hətta həmin forumları ölkəmizdə yüksək səviyyədə keçirmək Azərbaycanın gündəlik diplomatik həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Son illər Qazaxıstan, Özbəkistan, İran, Çin, Yaponiya və Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəni əlaqələrimiz elm və təhsil sahələrində əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. Bu ölkələrlə bir sıra yüksək səviyyəli səfərlər təşkil olunmuş, çoxsaylı sənədlər imzalanmışdır. Azərbaycan ilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman, İndoneziya, Pakistan, Malayziya və Bruney ilə əlaqələr genişlənir, onların inkişafı istiqamətində konkret addımlar atılır.
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində dövlət başçımız bir çoxumuzun diqqətindən kənarda qalan, amma əslində böyük əhəmiyyət kəsb edən bir məsələyə - Latın Amerikası dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətinə toxunaraq demişdir: "Biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər üzərində qurulmalıdır".
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Latın Amerikası dövlətləri Azərbaycan ilə siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlara malikdirlər. Latın Amerikası dövlətlərinin rəsmi şəxslərinin Azərbaycana səfərləri, o cümlədən nümayəndə heyətlərimizin bu ölkələrə səfərləri davamlı xarakter almışdır. Xüsusilə, son vaxtlar Latın Amerikası ölkələrində, Kolumbiya və Meksikanın parlamentlərində Xocalı soyqırımı ilə əlaqədar qərarlar qəbul olunmuşdur ki, bu da xarici siyasətimizin növbəti uğuru kimi qiymətləndirilməlidir. Argentina və Braziliya ilə də əlaqələrin gücləndirilməsi istiqamətində siyasi-diplomatik fəaliyyət davam etdirilir.
Ölkəmizin dünya dövlətləri ilə bərabərhüquqlu münasibətləri inkişaf etdirmək istiqamətində əsaslı xarici siyasət strategiyası onun dünyanın nüfuzlu beynəlxalq təşkilatlarındakı mövqelərini gücləndirir. Azərbaycanın həmin təşkilatlardakı fəaliyyəti və yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, xarici siyasətdəki uğurlarımızı daha da artırmışdır. Bu illər ərzində BMT, Avropa Şurası, Avropa Birliyi, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Müstəqil Dövlətlər Birliyi, GUAM, Türkdilli Dövlətlər Birliyi kimi nüfuzlu beynəlxalq qurumlar ilə fəal əməkdaşlıq qurulmuş, dünyanın aparıcı dövlətləri ilə münasibətlər daha da möhkəmləndirilmişdir. Bu məqamda xatırladaq ki, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilmişdir. Azərbaycanın bu quruma üzvlüyü təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət etmişdir. Ölkəmizin hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edən qurumun 120 üzvü həmin gündən birtərəfli qaydada Azərbaycana dəstək nümayiş etdirmişlər.
Qoşulmama Hərəkatına üzv dövlətlər birmənalı şəkildə respublikamızın ən ağrılı problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini müdafiə edir, Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləyir. Nazirlər Kabinetinin iclasında dövlət başçımız İlham Əliyev hərəkata üzv ölkələrin dövlət başçılarının bu il avqustun 31-də başa çatan Tehran sammitini yada salaraq, sammitin yekun sənədində ədalətli mövqeyin müdafiə olunmasını yüksək qiymətləndirmişdir: "...Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür".
Bu gün Azərbaycanın atdığı uğurlu diplomatik addımlar nəticəsində dünyanın bütün aparıcı dövlətləri - ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya, Çin, Yaponiya, İran, İtaliya, Rumıniya, Polşa kimi ölkələr birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistanı işğalçı dövlət kimi qəbul edirlər. Həmçinin nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, dəstəkləyirlər. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatların qəbul etdiyi müvafiq qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü bir daha tanınır, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılması tələb edilir.
Azərbaycan beynəlxalq hüquq normalarından çıxış edərək Ermənistan silahlı qüvvələrinin heç bir şərt irəli sürülmədən zəbt etdikləri torpaqlarımızı tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini tələb edir. Ölkəmiz bəyan edir ki, BMT Təhlükəsizlik Şurası sədrinin torpaqlarımızın dərhal azad edilməsini tələb edən 6 bəyanatı da nəticəsiz qalmışdır. Təcavüzkar Ermənistan isə beynəlxalq təşkilatların tələblərinə saymamazlıqla yanaşaraq, Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqların dalana dirənməsi üçün əlindən gələni edir, qeyri-konstruktiv mövqedən çıxış edərək, hətta təxribat xarakterli addımlar atmaqdan belə çəkinmir. Rəsmi İrəvan bu yolla status-kvonun saxlanılmasına çalışır. Ancaq Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində birbaşa iştirak edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin Akvil, Muskok və Los-Kabos bəyanatlarında status-kvonun qəbuledilməz olduğu dəfələrlə vurğulanmışdır. Təqdirəlayiq haldır ki, Liviya məsələsində BMT TŞ-nin qərarının yerinə yetirilməsini öz üzərinə götürən Şimali Atlantika Alyansı - NATO dəfələrlə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulamışdır.
Biz bu ilin may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsinin şahidi olduq. Sammitin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunmuşdur ki, NATO Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalır və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu ölkəmizin xarici siyasətinin növbəti uğuru kimi qiymətləndirərək demişdir: "Bu, ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz".
İnamla deyə bilərik ki, Azərbaycanın uğurlu diplomatiyası bu gün Ermənistanın işğala haqq qazandırmağa çalışan bütün tezislərini darmadağın etmişdir. Ermənilər iddia edirlər ki, Dağlıq Qarabağda yaşayan ermənilər öz müqəddəratını təyin etməlidirlər. Əgər məsələyə bu məntiqlə yanaşılsa, onda belə çıxır ki, ermənilər, məsələn, Amerikanın Los-Anceles ştatında, Fransanın Marsel vilayətində, Rusiyanın Krasnodar vilayətində, Gürcüstanın Samsxe-Cavaxetiya rayonunda erməni dövləti yaratmalıdırlar. Bu, mümkün olan şey deyil. Onda nə üçün burada Azərbaycan istisna olmalıdır? Nə üçün ikinci erməni dövləti də məhz Azərbaycan ərazisində yaradılmalıdır? Digər tərəfdən, bu kimi cəhdlər beynəlxalq hüququn kobud şəkildə pozulmasına gətirib çıxarır.
Nazirlər Kabinetinin iclasında bu barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır". Ötən ilin oktyabr ayında Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi üzvü seçildi. 20 il əvvəl, demək olar ki, heç kəsin tanımadığı bir ölkə indi dünyanın 15 dövlətindən birinə çevrilmişdir. İndiyədək heç bir ölkə BMT Təhlükəsizlik Şurasına seçilərkən quruma üzv olan ölkələrin dörddə üçdən çoxunun səsini qazana bilməmişdi. Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq həmin rekorda imza atmış oldu. Bu mötəbər quruma üzvlüyə keçirilən səsvermədə namizəd olan ölkəmizə Qoşulmama Hərəkatının Asiyadan olan 53, Afrikadan 38 və Latın Amerikasından 26 üzv dövləti səs vermişdir. Bu, rəsmi Bakının yürütdüyü balanslaşdırılmış xarici siyasətin təntənəsidir. Qətiyyətlə deyə bilərik ki, cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün bu hadisə tarixi nailiyyətdir. Ölkəmizin mötəbər quruma seçilməsi, həm də beynəlxalq birliyin Ermənistana açıq mesajı idi. Həmin mesaj isə bundan ibarət idi ki, 20 illik müstəqillik tarixi olan Azərbaycan bu gün hətta diplomatik əlaqə qurmadığı bəzi dövlətlər tərəfindən də dəstəklənirsə, sürətlə inkişaf edən əlaqələrini durmadan genişləndirən, yeni dostlar qazanan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəmiz gələcəkdə daha çox dövlətin dəstəyini alacaq və onun yürütdüyü xarici siyasət nəticəsində Ermənistan dünyadan tamamilə təcrid olunmuş aciz, miskin vəziyyətə düşəcəkdir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyimizə vəd vermişdik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək, artıq özünü digər formatlarda büruzə verməkdədir.
Bu günlərdə baş tutan İkinci Bakı Beynəlxalq Humanitar Forumuna beynəlxalq aləmdə böyük nüfuza malik on sabiq Prezident, 11 Nobel mükafatçısı, məşhur professorlar, dünya elm, mədəniyyət elitasının nümayəndələri də daxil olmaqla 62 ölkədən, ümumilikdə, 700-dək qonağın gəlməsi də Azərbaycanın beynəlxalq arenadakı nüfuzundan xəbər verir. Bu, həm məzmun, həm mahiyyət baxımından vacibdir, eyni zamanda, ölkəmizlə tanış olmaq üçün onlara imkan yaradılmışdır. Forum öz işini yekunlaşdırandan sonra bölgələrə səfərlər təşkil edilmişdir. Əlamətdar hadisədir ki, qonaqlar Naxçıvan, Lənkəran, Qəbələ və Gəncə şəhərlərinə təyyarələrlə uçmuşlar. Bu, o deməkdir ki, həmin şəhərlərdə infrastruktur yüksək səviyyədədir. Onlar tarixi yerlərlə tanış olmuşlar və Azərbaycan haqqında daha da dolğun təəssürat əldə etmişlər. Yəni hər baxımdan forumun yekunları ölkəmiz üçün çox müsbət olmuşdur.
Söhbət beynəlxalq tədbirlərdən, toplantılardan düşmüşkən, xatırladaq ki, bu ilin fevralında Azərbaycan Respublikası "Böyük iyirmilər"in sammitinə dəvət olunaraq iqtisadi cəhətdən inkişaf etmiş ölkə kimi dünyanın kasıb dövlətlərinin problemlərinin həllinə cəlb edilmişdir. Heç kəs unutmayıb ki, biz cəmi 20 il əvvəl məhz bütün dünyanın köməyinə ehtiyacı olan bir ölkə idik. İndi isə "Böyük iyirmilər"in sırasına dəvət olunuruq, qlobal problemlərin həlli yolları barədə mövqeyimizi bildiririk. Hansı səviyyəyə yüksəlməyimizi görmək istəyənlər, təkcə bu fakta diqqət yetirsələr kifayətdir.
Müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyası daim müasir dövrün tələblərinə uyğun olaraq elmi əsaslarla təkmilləşdirilir, çevik xarici siyasətin həyata keçirilməsi mövqelərimizin möhkəmlənməsinə, əlaqələrimizin genişlənməsinə, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin daha da möhkəmlənməsinə rəvac verir. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə yüksək səviyyəli iqtisadi əməkdaşlıq əlaqələri qurub.
Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti, Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bəyan etdiyi fikirlər belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqeləri daim möhkəmlənəcəkdir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.