Tərəflər bir-birinin maraqlarını hər yerdə və həmişə müdafiə edəcəklərini bildirdilər
Azərbaycanın iyirminci əsrin əvvəlində əldə etdiyi dövlət müstəqilliyini əsrin sonuda bərpa etməsindən sonra qazandığı çoxsaylı uğurlardan biri də xarici siyasətdəki nailiyyətlərdir. Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtmasından sonra rəsmi Bakı nəinki region ölkələri, eləcə də dünyanın bütün dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri qurdu. Bu genişmiqyaslı inteqrasiya prosesində türkdilli ölkələrə xüsusi önəm verildi.
Orta Asiyanın aparıcı dövlətlərindən olan Özbəkistanla qurulan, əslində davam etdirilən dostluq və tərəfdaşlıq münasibətləri isə son 14-15 ildə tərəflərin hər ikisi üçün daha səmərəli olan məcraya yönəlmişdir. İki il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkəndə rəsmi səfəri ölkələrarası münasibətlərin zamanın tələbləri səviyyəsində inkişafını təmin etdi. Ekspertlər dost ölkə Prezidenti İslam Kərimovun bu il oktyabrın 12-də Azərbaycana rəsmi səfərinin də Daşkənd - Bakı münasibətlərini daha geniş məcrada inkişaf etdirəcəyinə əmindirlər.
İslam Kərimovun Bakı səfəri çərçivəsində tərəflərin hər ikisi üçün xüsusi əhəmiyyət kəsb edən, birgə müzakirəsinə ehtiyac hiss olunan bütün məsələlər gündəliyə gətirilmişdi. Müzakirələrin nəticəsi olaraq Dövlət başçılarının Birgə Bəyanatı, Xarici İşlər Nazirlikləri arasında 2013-2015-ci illər üzrə Əməkdaşlıq Proqramı, eləcə də, "Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında 2012-2015-ci illər üzrə İqtisadi Əməkdaşlıq Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı"imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı ilə əvvəllər apardığı danışıqları, xüsusən, iki il əvvəl Daşkənddə keçirdiyi görüşü xatırlayaraq bu qəbildən olan təmasların ümumi işə verdiyi səmərədən söz açmışdır: "Sizin gözəl ölkənizə rəsmi səfərlərimi xatırlayıram və Sizin tərəfinizdən mənə, mənim nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərlik mənim üçün çox qiymətlidir. Qarşılıqlı səfərlər bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin fəal inkişafına şərait yaradır. Onlar bütün sahələrdə münasibətlərin inkişafına güclü təkan verir və dövlətlərimiz arasında yaranan münasibətlər bizi çox sevindirir. Müstəqillik əldə edəndən sonra keçən 21 il ərzində ölkələrimiz arasında həqiqətən dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri yaranmışdır".
Dövlət başçımız Özbəkistanla Azərbaycan arasındakı mövcud əlaqələrin təkcə ikitərəfli əməkdaşlıqda deyil, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini yada salmışdır:
"Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Bu, mənim üçün çox xoşdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq qurumlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda bir-birimizi həmişə dəstəkləyirik. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha bir təzahürü olan bu dəstək bizə çox lazım, bizim üçün çox qiymətli idi. Biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Özbəkistanın prinsipial mövqeyinə görə də çox təşəkkür edirik. 2008-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın irəli sürdüyü qətnamənin Özbəkistan tərəfindən dəstəklənməsi də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Biz də bütün beynəlxalq təşkilatlarda qardaş Özbəkistanı həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Başqa sözlə desək, beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti məsələlərinə dair mütəmadi fikir mübadiləsi, habelə bizim bu gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin çox möhkəm və səmimi olmasına dəlalət edir".
Rəsmi Bakı Özbəkistanla siyasi sahədə olduğu kimi iqtisadi sahədə də əhatəli əməkdaşlığa böyük önəm verir . Prezident İlham Əliyev danışıqlardan və müzakirələrdən sonra mətbuat üçün verdiyi bəyanatda həmin məsələyə daha aydın şəkildə münasibət bildirmişdir: "Biz müştərək investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Zənnimcə bunun üçün yaxşı imkanlar vardır.Həm Özbəkistan, həm də Azərbaycan çox böyük iqtisadi və maliyyə potensialına, böyük texniki imkanlara malik olan ölkələrdir. Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilmiş iclası da, mənim fikrimcə, iqtisadi əlaqələrin inkişaf yollarını müəyyən etmişdir. Hesab edirəm ki, ölkələrimiz arasında, təəssüf ki, hələlik lazımi səviyyədə olmayan əmtəə dövriyyəsinin həcminin artırılmasına dair müştərək layihələrin həyata keçirilməsində bizim istehsalçıları dəstəkləməliyik.
Bu gün biz elm, mədəniyyət, təhsil sahələrində, humanitar sahədə əməkdaşlıqla bağlı məsələlərlə yanaşı, həm də daha geniş planda, dünyada bu münasibətlərin necə qurulmalı olması məsələsini, humanitar əməkdaşlıq proseslərində bizim ölkələrin rolu və yeri məsələlərinə konseptual yanaşmanı da hərtərəfli, çox geniş müzakirə etdik. Bizim ortaq fikrimiz belədir ki, biz öz ölkələrimizdə milli mədəni irsimizi qoruyub saxlamalı və möhkəmlətməliyik. Gənclər milli ruhda, öz dəyərlərinə, xalqlarımızın çoxəsrlik tarixi ərzində formalaşmış dəyərlərə sədaqət ruhunda tərbiyə edilməlidir".
Eyni zamanda, Özbəkistan Prezidenti də öz ölkəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini, Daşkəndlə Bakı arasında çoxsaylı əməkdaşlıq və tərəfdaşlıq nümunələrinin yarandığını, qarşılıqlı səfərlərin qarşılıqlı səmərə verdiyini söyləmişdir: " İndi Azərbaycan 10-15 il bundan əvvəl sadəcə, ağlasığmaz olan layihələrin ən mühüm təşəbbüskarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu mənim fikrimcə, bu gün tamamilə yeni kommunikasiya istiqamətidir. O, təkcə bugünkü vəziyyətdə həlledici rol oynamayacaqdır. Mənim bildiyimə görə, bu yolun yaxın vaxtlarda - bu ilin sonuna qədər və ya gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Lakin demək istəyirəm ki, sadəcə, Azərbaycanı Özbəkistanla birləşdirən kommunikasiyaları nəzərə alsaq, bu gün Azərbaycan, İlham Heydər oğlunun qeyd etdiyi kimi, Cənubi Qafqazın əsas, aparıcı, mühüm dövlətlərindən biridir. Üstəlik, Azərbaycanın inkişaf sürəti və dinamikası, bəlkə də, kimlərinsə ciddi həsədinə səbəb olur, Azərbaycanın dostları isə onu tamamilə dəstəkləyirlər.
Bunu nəzərə alsaq, bu gün Azərbaycan təkcə iqtisadi inkişaf baxımından, onun malik olduğu zəngin ehtiyatlardan istifadə edilməsi baxımından lider deyildir. Son illərdə baş verən və indi də davam edən hadisələrə nəzər salsaq, öz təəssüratlarıma əsasən deyə bilərəm ki, mən dörd il bundan əvvəl - 2008-ci ildə burada olmuşam. O vaxtdan dörd il keçib. Bu, praktiki baxımdan çox qısa müddətdir. Lakin mən dünən və bu gün şəhərin bir hissəsini gəzmişəm. Gördüklərim məni, sadəcə olaraq, heyran etdi. Bakıda baş vermiş yeniliklər, dəyişikliklər, quruculuq işlərinin miqyası heyrət doğurur. Praktiki olaraq bütün magistral kommunikasiyalar tamamilə yenilənmişdir. Regionlarda Şərq ölkələri üçün, bəlkə də, qeyri-adi konstruksiyalardan və memarlıq həllərindən istifadə edilməklə aparılan tikinti bir daha belə bir qəti inam yaradır ki, Azərbaycan, sadəcə, Şərqin mərkəzlərindən biri deyil, artıq müasir ölkədir, müasir memarlıq həllərinin tətbiq edildiyi müasir sivilizasiyadır. Heç kəs inkar edə bilməz ki, bütün bunlar, ilk növbədə, bu gün Azərbaycanda təkcə istehsalın inkişafı, ümumi daxili məhsulun artırılması baxımından deyil, həm də Azərbaycan üçün tamamilə yeni olan ayrı-ayrı sahələrin inkişafı baxımından çox böyük dəyişikliklərə dəlalət edir".
Xatırladaq ki, Özbəkistan Prezidentinin Bakı səfəri təkcə ötən illərdəki əməkdaşlığımıza qiymət verilməsi və indiki danışıqların aparılması baxımından deyil, eləcə də növbəti səfərlər üçün qarşılıqlı razılaşmaların əldə edilməsi ilə də yadda qaldı. Bir sözlə, bu gün həm Azərbaycan rəhbərliyi, həm də Özbəkistan dövləti ölkələrimiz və xalqlarımız arasındakı çoxəsrlik tarixi olan dostluq və tərəfdaşlıq münasibətlərinə yeni töhfələr vermək əzmindədirlər. Həmin töhfələr isə artıq günün reallıqları sırasındadır. Xoş olan məqamlardan biri də odur ki, bu həqiqət Bakıda və Daşkənddə necə qiymətləndirilirsə, dünyanın başqa ölkələrində də məhz o şəkildə qəbul edilir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.