Qərbi Azərbaycan torpaqları üzərində özlərinə dövlət quran ermənilərin gözü doymaq bilmir. "Böyük Ermənistan" xülyası ilə yaşayan xəstə təxəyyüllü bu millətin nümayəndələri regiondakı bütün ölkələrə qarşı açıq və ya gizli formada ərazi iddiaları irəli sürür, faşizm ideologiyasının daşıyıcıları rolunda çıxış edirlər. Hadisələrin gedişi belə deməyə əsas verir ki, Ermənistanda və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda, həmçinin ətraf rayonlarda azərbaycanlılara qarşı soyqırımı törədən ermənilərin bu dəfə növbəti hədəfi Gürcüstandır.
Fakt budur ki, əvvəllər də Gürcüstana qarşı ərazi iddiaları irəli sürən ermənilər bu gün artıq konkret addımlar atmağa başlayıblar. Çirkin əməllərinə haqq qazandırmaq üçün öncə beynəlxalq aləmdə haqlı olduqlarına dair rəy yaratmağa çalışır, guya Gürcüstanda digər azlıqlar kimi ermənilərin də hüquqlarının kobud şəkildə pozulduğunu və bunun qarşısını almaq üçün onların sıx yaşadıqları ərazilərin Ermənistana birləşdirilməsinin vacib olduğunu vurğulayırlar. İrəvanda dövlət tərəfindən himayə olunan "Cavakx" cəmiyyəti, "Mitk" analitik mərkəzi, "Yerkir" birliyi, Virk partiyası və "Cavakx xalq hərəkatı" daim bu iddiaları təkrarlayır. Bu üzdəniraq təşkilatların iki il öncə yaratdıqları Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsində yaşayan ermənilərin hüquqlarının müdafiəsi üzrə Əlaqələndirmə Şurası və Ermənistanın Milli Neomühafizəkarlar Hərəkatı xaricdəki lobbinin maliyyə dəstəyi ilə fəaliyyətini daha da genişləndirir.
Adıçəkilən qondarma qurumların dövri olaraq yaydıqları bəyanatlarda deyilir ki, Cavaxetiya tarixi erməni torpağıdır və ermənilər mütləq ona sahib çıxmalıdır. Guya, bu millətin nümayəndələri tarixən həmin bölgədə yaşayıb, lakin XVII əsrin sonlarında türklərin hücumları nəticəsində əhalinin böyük hissəsi məhv edilib və ya başqa ərazilərə köçürülüb. Ermənilərin fikrincə, Cavaxetiyanın çiçəklənmə dövrü onun Rusiyaya birləşdirilməsi ilə eyni vaxta təsadüf edir. İddiaya görə 1918-ci ildə gürcü hərbi birləşmələri, 1921-ci ilin fevralında isə türk ordusu Cavaxetiyada növbəti "kütləvi qırğınlar" törədib. Guya bu hücumlar və sonradan yaranan aclıq və xəstəliklər nəticəsində bölgədəki ermənilərin 50 faizi məhv olub. Məhz bu "faktları" əsas gətirərək, Türkiyədən sonra indi də Gürcüstana qarşı "soyqırımı" iddiaları ilə də çıxış edirlər. Qəribədir ki, həmin iddialarda göstərilən rəqəmləri üst-üstə topladıqda belə çıxır ki, o vaxtlar təkcə Cavaxetiyada 3 milyonadək erməni yaşayıbmış. Halbuki bu gün Ermənistanda heç 3 milyon erməni yaşamır. Bu baxımdan həqiqətən həmin iddialar gülməli olsa da, İrəvanda bu məsələyə ciddi yanaşılır. Ehtimal ki, yaxın vaxtlarda Gürcüstan torpaq iddiası ilə yanaşı "soyqırımı problemi"ylə də üz-üzə qalsın.
Ermənistanın əksər siyasi partiyaları və parlament nümayəndələri Gürcüstan rəhbərliyini Cavaxetiyada şovinist siyasət həyata keçirməkdə günahlandırırlar. İddia edirlər ki, rəsmi Tbilisi hər vasitədən istifadə etməklə Samtsxe-Cavaxetiya vilayətində yaşayan "çoxsaylı" ermənilərin vətəndaşlıq hüquqlarını pozur, öz ana dillərindən istifadələrinə məhdudiyyətlər qoyur, bu dilin regional dil olmasına yanaşmır, dini-mədəni fəaliyyətlərinin qarşısını alır və onları daim təzyiq altında saxlayır. Lakin reallıq budur ki, hazırda Cavaxetiyada dövlət müəssisələri istisna olmaqla, heç bir yerdə gürcü dilində plakatlara və ya reklamlara rast gəlmək mümkün deyil. Əsasən erməni dilində yazılmış həmin plakat və reklamlardan açıq görünür ki, ermənilər Cavaxetiyanı de-fakto Gürcüstandan ayırıblar.
Ermənistan rəhbərliyi də belə hesab edir ki, Gürcüstan beynəlxalq ictimaiyyətin çağrışlarına məhəl qoymur və bu regionda diskriminasiya siyasəti həyata keçirir. Bu gün Ermənistan prezidenti Serj Sarksiyan açıq şəkildə erməni milliyətçi təşkilatlarını dəstəkləyir. Həmin təşkilatlar isə Gürcüstanın daxilində separatçılıq toxumları səpməklə məşğuldurlar. Onu da xatırladaq ki, erməni dilinə regional dil statusu verilməsi təklifini ilk dəfə səsləndirənlərdən biri də Ermənistan prezidenti Serj Sarkisiyandır. 2009-cu ildə Sarkisiyanın bu məsələyə dair bəyanatla çıxış etməsindən dərhal sonra rəsmi Tbilisi sərt reaksiya vermişdi. Hətta bir ara Ermənistan tərəfi daha da irəli gedərək hərbçilərinə sərhədlərini Gürcüstan tərəfə çəkmək barədə tapşırıq vermişdi. Həmin ilin sonlarında baş verən erməni-gürcü toqquşmasından yazan Ermənistanın "Ayk" qəzetinin yaydığı məlumatlara görə, erməni hərbçiləri Gürcüstana aid sərhəd dirəklərini qırmaq istəyərkən, gürcü əsgərlərinin müqaviməti ilə üzləşib. Baş verən atışma nəticəsində bir neçə əsgər ölüb. Dərhal əraziyə Gürcüstan ordusunun hərbi birləşmələri yeridilib. Vəziyyət o həddə çatıb ki, Gürcüstan və Ermənistan sərhəd xidmətlərinin rəhbərləri hadisə yerində danışıqlar aparmağa məcbur olublar. Bundan sonra ara sakitləşib. Amma tərəflər hələ də sərhədin haradan keçdiyi barədə razılığa gələ bilməyiblər. Bu ərazi isə nə az, nə çox 64 kilometrlik hissəni əhatə edir. Belə ki, Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatlara əsasən, ümumi uzunluğu 224 kilometr olan Ermənistan-Gürcüstan sərhədinin 160 kilometri razılaşdırılsa da, erməni tərəfinin inadkarlığı nəticəsində 64 kilometrlik hissə hələ də münaqişəli hesab olunur.
Buradan da görünür ki, regionda hər an erməni-gürcü toqquşması baş verə bilər. Ermənistan tərəfi daim Gürcütanı təxribatlara çəkir. Gah bunu hərbi vasitələrlə, gah da "sivil" yollarla edir. Ermənilər həm də Gürcüstanın cənub bölgəsinin - Şimali Lorinin Ermənistana birləşdirilməsi barədə məsələ qaldırırlar. Ermənistanın "panorama.am" saytında yayılan müraciətdə bildirilir ki, Lori ərazisindən keçən Ermənistan-Gürcüstan sərhədi SSRİ tərəfindən müəyyənləşdirilib. Guya, bu zaman Ermənistanın maraqları nəzərə alınmayaraq tarixi ədalətsizliyə yol verilib. Bu gün Cənubi Loridə yaşayan ermənilər Şimali Lori adlandırılan Gürcüstan torpaqlarına gedib-gəlməkdə çətinlik çəkirlər. Ona görə də bu ərazilər Ermənistana birləşdirilməli və ərazidə aparılan demarkasiya işlərinə son qoyulmalıdır.
Gürcüstan tərəfinin bütün məsələlərə təmkinlə yanaşmasına baxmayaraq, "Cavaxetiya ermənilərinin hüquqlarını müdafiə şurası" kimi qondarma erməni təşkilatları daim BMT-yə, ATƏT-ə, Avropa Şurasına müraciətlər ünvanlayır, bildirirlər ki, dünya ictimaiyyəti rəsmi Tbilisinin bölgədəki erməni fəallarına qarşı törətdiyi təxribatlara göz yummamalıdır. Beynəlxalq təşkilatlardan xahiş olunur ki, erməni dilinə Cavaxetiyada regional dil statusu verilməsinə, ermənilərin "tarixi abidələrinin dağıdılmasına", kilsələrinin gürcülər tərəfindən zəbt olunmasının qarşısının alınmasına köməklik göstərsinlər. 2008-ci ildə Gürcüstan hakimiyyəti tərəfindən ictimai asayişi pozan kütləvi tədbirlərin təşkili, xuliqanlıq və qanunsuz silah saxlama ittihamları ilə həbs edilmiş, erməni millətindən olan "siyasi məhbuslar"ın da bəyanatları yayılmaqdadır. Bu bəyanatlarda Gürcüstan hakimiyyətinin Cavaxetiyada yeni siyasi cəza tədbirlərini həyata keçirəcəyi və bununla da erməni əhalisinin siyasi baxışlarının məhdudlaşdırılacağı, regionda gərginliyin artacağı iddia olunur.
Hazırda Cavaxetiya erməniləri inadla Gürcüstandan muxtariyyət tələb edirlər. Ermənilərin bu ərazidə muxtariyyət yaratmağa cəhd etmələrinin əsas səbəblərindən biri də Samtsxe-Cavaxetiyanın geosiyasi və geoiqtisadi baxımdan əlverişli ərazidə yerləşməsidir. Bu rayon Şimal-qərbdə Acariya, cənubda Ermənistan (Bavra Gömrük məntəqəsi), cənub-qərbdə isə Türkiyə (Vale gömrük məntəqəsi) ilə həmsərhəddir. Gürcüstan ərazisində yerləşən və 2007-ci ildə ölkədən çıxarılan iki Rusiya hərbi bazasından biri Batumidə, digəri isə Axalkalakidə yerləşirdi. Bu da onun geostrateji əhəmiyyəti ilə bağlı idi. Bölgədən mühüm boru kəmərləri və dəmir yolları, təkcə region ölkələri üçün deyil, həm də Qərb dövlətləri üçün çox önəmli olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Batumi-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri keçir. Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun inşası isə yaxın illərdə tamamlanacaqdır və Şanxay ilə Londonu birləşdirəcək nəhəng nəqliyyat dəhlizi reallaşacaqdır. Bu isə regionun inkişafını istəməyən bəzi ölkələri, həmçinin bölgədə həyata keçirilən bütün layihələrdən kənarda qalan Ermənistanı ciddi narahat edir. Bu narahatçılıq Cavaxetiyada yeni münaqişə ocağının yaradılması təşəbbüsləri ilə müşayiət olunur.
Rəsmi Tbilisi isə bunun ermənilər və digər ermənipərəst qüvvələr tərəfindən hazırlanmış ssenari əsasında həyata keçirildiyini dərk edərək, Ermənistanın regionda siyasi proseslərə təsirini neytrallaşdırmaq üçün mümkün olan hər şeyi edir. Gürcüstan hökuməti bu bölgəyə heç də az diqqət ayırmır. Əksinə, yerli əhalinin sosial problemlərinin həlli üçün əsaslı layihələr reallaşdırılır, əhalinin məşğulluğunun təmini məqsədilə ardıcıl iş görülür. Məsələn, ölkənin bir sıra bölgələrində yolların təmirinə böyük ehtiyac olduğu halda, Gürcüstan hökuməti məhz Cavaxetiya ərazisində təmir işləri aparıb. Bu rəsmi Tbilsinin öz vətəndaşları olan ermənilərə münasibətini göstərən ən yaxşı nümunələrdən biridir. Belə çıxır ki, Cavaxetiya ermənilərinə nə qədər diqqət yetirilsə də, faydası olmayacaq. Çünki həm regiondakı, həm də İrəvandakı şovinistlərin məqsədi bölgəni Gürcüstanın tərkibindən ayıraraq, Ermənistana birləşdirməkdir. Elə buna görə də dünya ictimaiyyəti qarşısında özlərinə haqq qazandırmaq üçün yalandan hay-küy salır, nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar.
Son vaxtlar ermənilərin Samsxe-Cavaxetiyaya daha çox "diqqət" göstərməsi yaxın aylarda münaqişəli vəziyyətin alovlanacağından xəbər verir. Bir daha qeyd edirik ki, bu, ermənilərin "Böyük Ermənistan" xəyalları ilə bağlı olan məsələdir və bunun əsası da var. Belə ki, 1985-ci ildə, dünyanın SSRİ-nin dağılacağını gözlədiyi anda dünya ermənilərinin nümayəndələri Afinada "Daşnaksütyun" partiyasının 23-cü qurultayına toplaşaraq Ermənistan sərhədlərinin bu və ya digər tərəfə genişləndirilməsi məsələsini ortaya qoydular. O zaman toplaşanların cüzi üstünlüyü ilə Gürcüstan ərazilərinin deyil, Azərbaycan ərazilərinin ələ keçirilməsinə səs verdilər. Ermənilərin də məskunlaşdığı Azərbaycanın muxtariyyəti olan Dağlıq Qarabağ "əfsanəvi" "Böyük Ermənistan"ın bərpası yolunda ilk addım oldu. Bu məsələnin öz mahiyyəti olub, belə ki, Dağlıq Qarabağ Gürcüstanın ermənilərin məskunlaşdığı Samsxe-Cavaxetiya regionundan fərqli olaraq muxtar vilayət idi. Bu gün Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları işğal edib. Yəqin ki, növbə Samtsxe-Cavaxetiyanındır.
Bütün bu hadisələrin fonunda Gürcüstanda keçirilən son parlament seçkilərinin qalibi olan "Gürcü arzusu"nun lideri Bidzina İvanişvilinin "Mən hələ də başa düşə bilmirəm ki, ermənilər Gürcüstanda niyə yaşayırlar", - bəyanatı da maraqla qarşılanır. Hər halda cənab İvanişvilinin bu bəyanatını, separatçılıq sevdasına düşən ermənilərə konkret mesaj kimi qəbul etmək olar. Bu, həm də o deməkdir ki, Gürcüstanın yeni hökuməti haqlı olaraq, ermənilərin özbaşınalığına, separatçı- təcavüzkar hərəkətlərinə Prezident Mixeil Saakaşvilidən daha sərt cavab vermək əzmindədir.
{nl}
Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.