Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir

Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi istiqamətində reallaşdırılmış tədbirləri xüsusi vurğulamaq olar.
Regionlarda sosial-iqtisadi sahələrdə müsbət dəyişikliklər baş vermiş, kənd təsərrüfatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikamızda ərzaq təhlükəsizliyinin yaradılması prosesində mühüm uğurlar əldə edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərində özünü qabarıq büruzə verən tənəzzül meylləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.
2012-ci ilin doqquz ayı da ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən mühüm uğurlarla yadda qaldı. Dövlət başçısının düzgün strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi. Kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı giriş nitqində demişdir: " Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin.
Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin".
Dövlət başçımız giriş nitqində daha sonra bildirmişdir:" Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə investisiya qoyulur, görə bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyulur. Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı.
Deyə bilərəm ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə, ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur".
Ölkə Prezidentinin çıxışındakı bəzi göstəricilərə də diqqət yetirək. Sözügedən dövrdə kənd təsərrüfatı 6,3 faiz, ölkəmizin strateji valyuta ehtiyatları 5 milyard dollar, əhalinin pul gəlirləri 12 faiz artmışdır. Bütün bölgələrdə canlanma, inkişaf nəzərə çarpmışdır. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.
İclasda həmçinin bildirilmişdir ki, son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox yüksəlmişdir. Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.
Ölkənin ticarət və tədiyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 milyard ABŞ dolları həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfəyədək artmışdır. İlin sonuna strateji valyuta ehtiyatlarının da 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə Azərbaycan dünyada ilk onbeşlikdədir.
Ölkədə investisiya aktivliyi yüksəkdir. Cari ilin 9 ayında investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 milyard dollar həcmində gözlənilir. Cari ildə təkcə regionlarda 284 yeni müəssisə yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır.
Azərbaycan stabil və dinamik büdcə sisteminə malikdir. Ötən 9 ayda büdcə xərcləri 27 faiz, o cümlədən investisiya xərcləri 20 faiz artmışdır. Qeyri-neft vergi daxilolmaları 14 faiz artmışdır. Büdcə proqnozları tam yerinə yetirilir və o profisitə malikdir.
Azərbaycanda isə hökm sürən sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən diqqətli və məsuliyyətli makroiqtisadi strategiya və siyasətdir. Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları vardır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
İclasda respublikada gedən iqtisadi inkişafın nəqliyyat sektorunda da müşahidə olunduğu, son illərdə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirlərin görüldüyü və bunun cari ilin doqquz ayında da davam etdirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, 2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınmışdır. Yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil etmişdir.
Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.
İclasda qeyd edilmişdir ki, 2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 11 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir. Həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.
"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.
İclasda həmçinin ilin doqquz ayında sosial proqramların icrası sahəsində mühüm tədbirlərin həyata keçirildiyi, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkilinin diqqət mərkəzində saxlanıldığı da diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, ölkəmizdə icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir. Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün iş aparılır. İclasda yuxarıda qeyd edilənlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, İKT və telekommunikasiya sektorunda görülən işlər, sosial müdafiə sisteminin beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulması və s. məsələlər barədə də ətraflı danışılmışdır.
Ölkə Prezidenti yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə də toxunmuş, həyata keçiriləcək tədbirlərlə bağlı tövsiyələrini vermişdir.

{nl}


Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında