Şriftin ölçüsü:
23.06.2010 04:57 | Oxunma sayı: 401
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında geniş müzakirə ediləcək əsas mövzulardan biri də İslam dini, onun müasir vəziyyəti, müsəlmanların Avropa cəmiyyətindəki yeri, dinlərarası dialoq məsələsidir. Bu mövzu üzrə Assambleyanın Hüquqi İşlər və İnsan Hüquqları Komitəsinin məruzəçisi Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovdur.
Komitənin iyunun 21-də keçirilən toplantısında R.Hüseynov hesabat məruzəsi ilə çıxış etmiş, İslamın humanist mahiyyətini və təbliğ etdiyi idealların əslində Avropa Şurasının təməl prinsipləri ilə uyğunluğunu ifadə etmişdir: "Dünyadakı böyük dinlərin sonuncusu və ən gənci olan İslamın yaşı artıq 1400-ə çatır. İslamın mahiyyəti və önəmli yeri haqqında düşüncələr, fikir mübadilələri arxada qalan 14 əsr boyunca daim davam etmişdir. Təqdim olunan "İslam, islamizm və islamafobia" adlı məruzə də, əsrlərcə davam edən müzakirələr də bir mühüm suala cavab tapmağa çalışmışdır ki, "İslamın əsas fərqli cəhəti nədən ibarətdir?" Bu sualın saysız-hesabsız cavabları arasında ən dəqiqinin İslamın yaradıcısı Məhəmməd Peyğəmbərə mənsub olduğunu qəbul etmək lazım gəlir. O söyləmişdir: "Hər dinin öz xüsusiyyəti vardır, İslamın başlıca özünəməxsusluğu təvazödür". Təvazökarlıq anlayışı isə özündə ədalətliliyi, dözümlülüyü, mərhəməti, balanslılığı qovuşdurur. Bu gün Avropa Şurasının da həmişə və hər yerdə bərqərar olması uğrunda mübarizə apardığı bu ideallar İslamın və onun təməl kitabı müqəddəs "Quran"ın əsas tələbləri sırasındadır. İslama məhz bu cür yanaşma nəticəsində onun fəlsəfəsini doğru dərk etmək, müasir dünyadakı əhəmiyyətli yerini anlamaq mümkündür. Hazırkı məruzə bir avropalı və başqa dinə mənsub şəxsin belə bir elmi cəhətdən tam düzgün mövqeyini əks etdirməsi səbəbindən diqqətəlayiqdir".
Avropa cəmiyyətində ciddi müzakirələrə səbəb olmuş niqab, qadınların bürünməsi, bütövlükdə İslamda qadına münasibət məsələlərinə toxunan R.Hüseynov demişdir: "Ailə, ailədə qadının yeri, qadına ictimai diqqət İslamda həmişə yüksək qiymətləndirilmiş və XI-XII əsrlərin ən böyük din alimlərindən olan Əbu Həmid Qəzali yazmışdır ki, qadın ailənin, nikah dinin əsaslarından biridir. Məhəmməd Peyğəmbərin məşhur fikirlərindən biri isə budur: "Cənnət anaların ayağı altındadır". Ona görə də İslam ənənəsində qadına münasibətdə diskriminasiya izləri axtarışları uğursuzluğa məhkumdur və qadının İslam mühitində tarixən mövcud olmuş, bu gün də qismən yaşayan hicab, çadra, niqab - bürünmək adətini dini hökm yox, elə adət kimi qavramaq lazımdır. Burada məcburiyyət yolverilməz olduğu kimi, qadağa da qəbuledilməzdir. Bu həqiqət məqamı nəzərdə saxlanılmalı və daim xüsusi vurğulanmalıdır".
İslama, İslam müqəddəslərinə yanaşmalarda hərdən Avropa mətbuatında yer alan qərəzli mövqelərin qəbuledilməz olduğunu bildirən, bəzən ayrı-ayrı terrorçu ünsürlərin bəd əməllərini nə şəkildəsə böyük bir dinlə və bu dinə mənsublarla bağlamaq cəhdlərini rədd edən deputatımız əslində terrorizmin milli və dini mənsubiyyətinin olmadığını söyləmiş, İslamın sülhpərvər, insansevər əqidə sistemi olduğunu vurğulamışdır: "İndi Avropada ikinci əsas din olan İslamın seçkin cəhətlərindən biri də budur ki, o, özündən əvvəlki monoteist böyük dinləri və həmin dinlərin səmavi kitablarını inkar edərək ayaq üstə durmamışdır. Əvvəlki dinlərin müsbət təcrübəsini və müqəddəslərini etiraf edən, onların hər birini "Quran"da xatırlayan İslam lap başlanğıcdan öz barışdırıcı, sülhyaradıcı, tolerant mövqeyini nümayiş etdirir. Ona görə də İslama yanaşmalarda onun digər dinlərdən fərqindən daha əvvəl, digər dinlərlə müştərək, yaxın cəhətləri, təbliğ etdiyi ortaq mənəvi meyarlar əsas götürülməlidir. "Quran"ın ilk iki sözü "mərhəmətli" və "rəhmdil"dir. İslamın baş kitabının Allaha yönəltdiyi və hər bir həqiqi müsəlmandan umduğu həmin keyfiyyət bu dinin humanist mahiyyətinin təsdiqedicisidir. İnsanı yaranmışların zirvəsi sayan və insan həyatına qarşı hər cür qəsdi ən böyük günah hesab edən İslamda hər hansı aqressiya əlaməti axtarmaq qərəzli, yaxud cahil yanaşmalardan törəmişdir. Hər belə təsəvvür dərhal rədd edilməli, yanlış İslam qorxusu anlayışına qarşı hər dəfə İslamın həmrəylik təşviq edən parametrləri qoyulmalıdır".
Yay sessiyasının üçüncü iş günündə Avropada İslam mövzusu plenar iclasda təfərrüatları ilə müzakirə ediləcək və həmin diskussiyalarda 4 əsas məruzəçidən biri danimarkalı deputat Mogens Yensen olacaqdır. Hüquqi işlər və insan hüquqları komitəsinin toplantısında Rafael Hüseynov həmin məruzəyə bir sıra dəyişiklik və əlavələrini təklif etmişdir. Azərbaycanlı deputatın irəli sürdüyü 12 düzəlişin hamısı komitə üzvləri tərəfindən dəstəklənmiş, yekdilliklə qəbul edilmişdir.
{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.