Şriftin ölçüsü:
10.10.2012 11:07 | Oxunma sayı: 655
Xəbər verildiyi kimi, oktyabrın 1-dən 5-dək Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 63-cü sessiyası keçirilmişdir.
Sessiyada 87 üzv dövlət təmsil olunmaqla yanaşı, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələri, BMT-nin ixtisaslaşmış qurumları və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışmış, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Ümumi müzakirələrdən əvvəl BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru xanım Ertarin Kuzinin çıxışı dinlənilmişdir.
Sonra üzv dövlətləri təmsil edən nümayəndə heyətlərinin rəhbərləri çıxış etmişlər.
Sessiyada bir sıra ölkələrin (Kanada, Türkiyə, Əlcəzair, Sudan, Cibuti, Portuqaliya, Pakistan, Moldova, Kosta-Rika, Efiopiya, Tanzaniya və s.) təmsilçiləri çıxışlarında Azərbaycanı BMT QAK-ın İcraiyyə Komitəsinin üzvləri sırasında görməkdən məmnun olduqlarını bildirmiş və bu münasibətlə ölkəmizin nümayəndə heyətini təbrik etmişlər.
Tədbirdə Baş nazirin müavini Əli Həsənov çıxış edərək Ermənistanın yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasətinin nəticəsi olaraq ərazilərimizin 20 faizinin işğalı, 1 milyon qaçqın və məcburi köçkün problemi, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətləri nəticəsində ölkəmizdə bərqərar olmuş siyasi sabitlik, uğurlu iqtisadi islahatların qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına əlverişli imkan yaratması, bu qəbildən olan insanlar üçün dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər, mövcud ehtiyaclar barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Əli Həsənov, eyni zamanda, bu problemin yeganə həllinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları olduğunu bildirərək, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin və beynəlxalq birliyin tələblərinin yerinə yetirilməsinin onların hüquqlarının hərtərəfli təminatı üçün son dərəcə vacib olduğunu qeyd etmiş və beynəlxalq birliyi məsələdə ədalətli mövqe nümayiş etdirməyə, yalnız humanitar xarakterli fəaliyyətlə kifayətlənməyərək, problemi doğuran səbəblərin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa çağırmışdır.
Müzakirələrə yekun vuran və çıxışlarda qaldırılan məsələlərə öz münasibətini bildirən ali komissar Antonio Quterreş Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirmişdir. Antonio Quterreş qaçqın və məcburi köçkünlərə yardım etməyən ölkələrin mövcud olduğunu, onların öz yurdlarından didərgin düşmüş insanların acınacaqlı vəziyyətini dünyaya nümayiş etdirməklə siyasi məqsədlərə nail olmağa çalışdıqlarını, bundan fərqli olaraq, Azərbaycan hökumətinin məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nümunəvi tədbirlər həyata keçirdiyini, BMT QAK-ın bunu alqışladığını və münaqişə həll edildikdən sonra könüllü qayıdışın mümkün olduğunu diqqətə çatdırmışdır.
BMT QAK İcraiyyə Komitəsinin 63-cü sessiyası çərçivəsində təşkilatın büdcəsi, idarəçilik, maliyyə və inzibati nəzarət ilə bağlı müvafiq qərarlar, həmçinin İcraiyyə Komitəsinin 2012-2013-cü illər üçün dəyişikliklər edilmiş büdcəsi qəbul olunmuşdur.
Bundan əlavə, "Qeyri - hökumət təşkilatları ilə illik müzakirələr" adlı sənədə baxılmış, eləcə də İcraiyyə Komitəsinin 64-cü sessiyasının ilkin gündəliyi razılaşdırılmışdır.
Tədbir rəsmi olaraq İcraiyyə Komitəsinin 63-cü sessiyasının hesabatının qəbul edilməsi ilə başa çatmışdır.
Hər il olduğu kimi, bu dəfə də İcraiyyə Komitəsinin iclası günlərində Nansen Qaçqın Mükafatının təqdim olunması mərasimi keçirilmişdir. 2012-ci ildə Nansen Qaçqın Mükafatına uzun illər Somalidə olan qaçqınlar üçün göstərdiyi humanitar xidmətlərə görə Sülh və İnkişaf Naminə Qalkaya Təhsil Mərkəzinin direktoru xanım Hava Aden Mohammed (Puntlənd, şimal-şərqi Somali) layiq görülmüşdür.
Oktyabrın 5-də BMT QAK-ın İcraiyyə Komitəsinin növbəti il üçün sədr və məruzəçisi müəyyənləşmişdir. BMT QAK İcraiyyə Komitəsinin növbəti dövr üçün sədri Kolumbiya, məruzəçisi isə Mərakeş seçilmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.