Şriftin ölçüsü:
23.06.2010 04:33 | Oxunma sayı: 428
İyunun 22-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov gündəlikdəki qanun layihələri barədə məlumat verdikdən sonra "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" qanun layihəsinə baxılmışdır. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov demişdir ki, Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Prezident İlham Əliyev Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsinə dair Milli Məclisə təqdimat göndərmişdir. Ölkənin siyasi sistemində Konstitusiya Məhkəməsinin rolu əvəzolunmazdır. Müasir konstitusionalizmin ideologiyasının təminatı üçün hakimiyyət qolları arasında münasibətlərin Konstitusiyaya uyğunluğuna nəzarət funksiyası Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir. Konstitusiya Məhkəməsinin əsas məqsədi Əsas Qanunun aliliyinin təmin etmək, hər bir şəxsin konstitusion hüquq və azadlıqlarını müdafiə etməkdir.
Əli Hüseynov qeyd etmişdir ki, 2002-ci ildə keçirilən referendumda Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmiş və bu orqana fərdi şikayətlərə baxılması ilə əlaqədar səlahiyyətlər verilmişdir. 2003-cü il dekabrın 23-də "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının yeni qanunu qəbul olunmuşdur. Konstitusiyanın 130-cu maddəsinin birinci və ikinci hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir və onların səlahiyyət müddəti 15 ildir. Qanunvericiliyə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclisdə təyin edilir.
Namizədlikləri irəli sürülən şəxslərin lehinə səs verildikdən sonra hakimlər Milli Məclisdə and içmişlər.
İclasda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd etmişdir ki, rəhbəri olduğu orqan öz işində Konstitusiyanı, qanunları, ədalət prinsipini bundan sonra da rəhbər tutacaqdır. Ümid edirəm ki, yeni tərkib Konstitusiya Məhkəməsinin təcrübəsini daha da təkmilləşdirəcəkdir.
Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsinə dair məsələ müzakirə olunmuşdur.
Əli Hüseynov demişdir ki, ölkəmizdə həyata keçirilən iqtisadi və institusional islahatların vacib şərtlərindən biri də müstəqil və səmərəli məhkəmə sistemidir. Prezident İlham Əliyev tərəfindən məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində son illər bir sıra mühüm addımlar atılmışdır. Məhkəmə sahəsində islahatlara cavabdeh orqan kimi Məhkəmə Hüquq-Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, icra və əmək intizamının möhkəmləndirilməsi, qanun pozuntuları, süründürməçilik və digər halların aradan qaldırılması üzrə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Məhkəmə Hüquq-Şurası tərəfindən xüsusi tələbkarlıq nümayiş etdirilərək hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi üzrə son 3 ildə 40-dan çox hakimin səlahiyyətlərinə xitam verilmiş, 100-dək hakim iltizam məsuliyyətinə cəlb edilmişdir.
Sonra Əli Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Apellyasiya məhkəmələrinə hakim təyin olunmaq üçün irəli sürülən namizədlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, "Məhkəmələr və hakimlər haqqında" qanuna görə, hakimlərin pensiya yaşı 65-dir. Müstəsna hallarda bu həddi 70 yaşa kimi artırmaq mümkündür. Hazırda pensiya yaşına çatan və səlahiyyət müddəti bitən 56 hakim vardır. Ali Məhkəmənin 5 hakimi pensiya yaşına çatmışdır. Onlardan yalnız bir nəfərin yaşı 65-i keçsə də, onun səlahiyyət müddəti 70 yaşına qədər uzadılmışdır. Ali Məhkəmənin səlahiyyət müddəti bitən hakimlərindən yalnız 15 nəfərinin yenidən namizədliyi irəli sürülmüşdür.
Ə.Hüseynov Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Apellyasiya məhkəmələrinə ümumilikdə irəli sürülən namizədlər barədə ətraflı məlumat vermişdir.
İclasda iştirak edən Ali Məhkəmənin sədri Ramiz Rzayev demişdir ki, məhkəmə sistemində səmərəliliyin artırılmasında, qanunların təkmilləşdirilməsində, insan hüquq və azadlıqlarının qorunmasında, hakimlərin müstəqilliyinin təmin edilməsində, məhkəmələrin maddi-texniki bazalarının möhkəmləndirilməsində Prezident İlham Əliyev tərəfindən böyük işlər görülmüşdür və bu işlər davam etdirilir. Burada qəbul olunan təyinatlar və qanunlar əminəm ki, ədalət mühakiməsinin inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin hakimləri vəzifəsinə irəli sürülmüş namizədlər səs çoxluğu ilə təsdiq edilmişlər.
Sonra "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə Hüquq-Şurası haqqında" qanunlara dəyişikliklər və əlavələr edilməsi barədə layihəyə baxılmışdır.
Ə.Hüseynov məhkəmələr və hakimlərin fəaliyyətini tənzimləyən qanunlara təklif olunan əlavələr və dəyişikliklər barədə məlumat vermişdir.
Bunun ardınca "Notariat haqqında" Qanununda dəyişiklik edilmişdir. Bildirilmişdir ki, sözügedən dəyişikliyin mahiyyəti notariusun fəaliyyəti qiymətləndirilərkən onun şəhadətnaməsinin müddətinin daha 5 ilə kimi uzadılmasından ibarətdir.
Qanun layihələri səsə qoyulduqdan sonra qəbul edilmişdir.
Gündəlikdəki digər məsələ "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanun layihəsi olmuşdur. Bildirilmişdir ki, bu əlavə və dəyişikliklər bir sıra yeniliklərlə xarakterizə olunur.
Layihə səsə qoyularaq qəbul edilmişdir.
Axşam iclasında "Azərbaycan Respublikası hökuməti və Vyetnam Sosialist Respublikası hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında", "Azərbaycan Respublikası hökuməti və İslam Konfransı Təşkilatına bağlı beynəlxalq qurum - Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (DƏİKGF) arasında DƏİKGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Bakı şəhərində yerləşməsi haqqında" sazişlər, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" Müqavilə təsdiq edilmiş, Azərbaycan Respublikasının "Olimpiya simvolunun qorunması haqqında" Nayrobi Müqaviləsinə və "Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında" Haaqa Müqaviləsinin Cenevrə Aktına qoşulmasına razılıq verilmişdir.
İclasda Azərbaycan Respublikasının Qax və Zaqatala rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanun qəbul olunmuşdur.
İş gününün sonunda "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsi ikinci və üçüncü oxunuşlarda, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda, "İnvestisiya fondları haqqında" yeni qanun layihəsi isə birinci oxunuşda qəbul edilmişdir.
Sonda Milli Məclisin sədri Oqtay Əsədov növbədənkənar sessiyanın başa çatdığını bildirmiş və Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.