Bakıda Humanitar Forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafını davam edəcəkdir.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
{nl}
Ölkəmizin paytaxtında növbəti bir beynəlxalq tədbir başa çatdı. İki gün dünyanın aparıcı kütləvi informasiya vasitələri xəbərlərin əsas bülletenlərində Bakıdan, Azərbaycandan söz açırdılar. İnformasiya agentliklərinin biri ölkəmizin sosial-iqtisadi inkişafını önə çəkir, digəri dünya siyasətçilərinin Azərbaycan həqiqətləri barədə söylədiklərini qabardır, bir başqası isə bilavasitə forum iştirakçılarının ürək sözlərini səsləndirməklə tədbirin ümumi ab-havası barədə təəssürat yaratmağa çalışırdı. Bütövlükdə isə gündəlikdə olan Azərbaycan idi, dünyanın problemləri idi və planetimizin nüfuzlu insanlarının mövcud problemlərin aradan qaldırılmasına dair önəmli fikir və mülahizələri idi.
Forumun açılışında da qeyd olunduğu kimi bu mötəbər beynəlxalq tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin həmtəsisçiliyi ilə reallaşdırılmışdır. Tədbirin açılışında geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev demişdir:
"2008-ci ildə Bakı prosesi başlamışdır. Bakı prosesi 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə başlamışdır. Bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki, Bakı prosesi başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq tədbirlər keçirilmişdir və nəhayət, Beynəlxalq Bakı Forumu artıq bir forum kimi formalaşmış və indi bu proses uğurla davam edir.
Azərbaycanda multikulturalizm sahəsində əldə edilmiş təcrübə hesab edirəm ki, hamımız üçün çox maraqlıdır. Multikulturalizm forumun mövzularından biridir. Əminəm ki, bu mövzu ilə bağlı çox dəyərli fikirlər səslənəcək, diskussiyalar aparılacaqdır. Multikulturalizmin müsbət gələcəyi haqqında fikirlər çox vacibdir və lazımdır."
Dövlət başçımız forum iştirakçılarının nəzərinə çatdırdı ki, bu gün dünya alimlərini narahat edən istənilən məsələdə gənc müstəqil Azərbaycan dövlətinin özünəməxsus təcrübəsi vardır. "Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar.
Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Multikulturalizmlə bağlı son illər ərzində dünyada müxtəlif fikirlər vardır. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıbdır, onun gələcəyi yoxdur. Biz isə hesab edirik ki, onun bu günü və gələcəyi vardır. Hamımız çalışmalıyıq ki, multikulturalizm meyillərini gücləndirmək üçün öz səylərimizi qoyaq. Bakı Beynəlxalq Humanitar Forumunun məqsədlərindən biri də məhz multikulturalizm meyillərinin gücləndirilməsidir".
Forumun gündəliyində müasir zamanın daha aktual problemləri və beynəlxalq ictimaiyyəti daha çox narahat edən məsələlər dayanırdı. Məsələn, "İqtisadi inkişaf modellərinin humanitar aspektləri", "Konvergensiya edən texnologiyalar və gələcəyin konturları", "Postmodernist mədəniyyətdə dəyərlər sistemi", "İyirmi birinci əsrdə qloballaşma prosesinə yeni metodoloji yanaşmalar", "Müasir təbabətə baxışı dəyişən texnologiyalar və molekulyar biologiya", "Cəmiyyətin həyatında multikulturalizm", "Multikulturalizm və mədəni özünüdərk" və başqa məsələlər tədbir iştirakçıları tərəfindən elə incə məqamlarına qədər müzakirə olundu ki, jurnalistlər bu "Dəyirmi masa"ların hansının daha maraqlı və daha əhatəli keçdiyini qeyd etməkdə çətinlik çəkirdilər. Qonaqları və forumun ölkəmizdən olan iştirakçılarını daha çox məmnun edən əsas məqam isə ondan ibarət idi ki, tədbirin açılışında geniş nitq söyləyən Prezident İlham Əliyev həmin məsələlərin hər biri haqqında öz mülahizələrini ortaya qoymuşdur. Məsələn, müasir cəmiyyətdə çoxmədəniyyətliliyin alternativinin olmadığını dilə gətirən dövlət başçımız xatırladır ki, indi heç bir dövlət özünü təcrid edərək gələcəyini qura bilməz:
"Multikulturalizmin alternativi yoxdur. Mən bu barədə keçən forumda da fikirlərimi bildirmişəm. Bir daha tam əminliklə deyə bilərəm ki, multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünü təcriddir. XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa cəhd etsin. Ona görə, forumda səslənəcək fikirlər, xüsusilə bu mövzu ilə bağlı fikirlər hesab edirəm ki, bizim ümumi işimizə dəyərli töhfə olacaqdır. Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin. Bəzi hallarda təxribat xarakterli addımlar, bəyanatlar, hərəkətlər qeyri-adekvat reaksiya ilə üzləşir və beləliklə qarşıdurma, qarşılıqlı etimadsızlıq meyilləri güclənir. Biz bunu bölgəmizdə də, digər bölgələrdə də görürük. Ona görə, hesab edirəm ki, həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət meyilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət təcrübə əsasında qurmalıyıq. Hesab edirəm ki, əgər bax bu yanaşma üstünlük təşkil edərsə, o zaman dünya daha da əmniyyətli olacaqdır və xalqlararası əlaqələr müsbət, sağlam zəmində qurulacaqdır."
Azərbaycan Prezidenti gənc müstəqil dövlətimizin daha da qüdrətlənməsi, gələcəyimizin daha aydın olması üçün ölkəmizdə həyata keçirilən tədbirləri yada salır və qeyd edir ki, bütün bunlar ilk növbədə Azərbaycan insanı üçün nəzərdə tutulsa da, ümumilikdə bəşər övladının gələcəyinə xidmət edən məsələlərdir:
"Biz Azərbaycanda bu sahəyə böyük diqqət göstəririk. Azərbaycanda savadsızlıq yoxdur, intellektual elita formalaşır, elmin, təhsilin inkişafı sürətlə gedir. Təhsil hər bir cəmiyyəti irəliyə aparan amildir. İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir. Ölkələr var ki, zəngin təbii resurslara malikdir. Ancaq intellektual səviyyə aşağı olduğu üçün o ölkələr dayanıqlı inkişafa nail ola bilməzlər. Ona görə biz Azərbaycanda təbii resurslarımızı, ilk növbədə, intellektual potensiala çevirmək üçün proqramlar tərtib etmişik və vaxtilə bəyan etdiyimiz prinsip - "qara qızılı insan kapitalına çevirmək" prinsipi bu gün artıq işləyir. Azərbaycanda gənc, istedadlı intellektual təbəqə formalaşır. Biz görürük ki, müasir yanaşma olduğu halda dərhal inkişaf da olur, tərəqqiyə meyillər də göstərilir. Təhsilin səviyyəsi yüksək olan ölkələrdə xoşagəlməz hallar da nadir hallarda olur və mübarizə sivil qaydalarla aparılır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində narazılıq halları artmaqdadır. Bəzi hallarda bu narazılıq çox qabarıq şəkildə özünü göstərir - toqquşmalarla, davalarla, qan tökmə ilə nəticələnir. Təhsilin, ümumi mədəniyyətin səviyyəsi yüksək olan yerlərdə isə bu, sülh xarakteri daşıyır. Biz çalışmalıyıq ki, - hər halda biz Azərbaycanda buna çalışırıq, - mədəni, sivil mübarizə yolları üstünlük təşkil etsin. Bu, bizim üçün lazımdır, bölgə üçün lazımdır. Çünki biz bu bölgədə yaşayırıq, biz adada yaşamırıq."
Prezident İlham Əliyev istənilən beynəlxalq tədbirdə olduğu kimi Bakı Forumunda da ölkəmizin yeganə və ən ağrılı problemi olan Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından böyük narahatlıq hissləri ilə söz açdı. Dövlət başçımız qeyd etdi ki, humanitar məsələlərdən danışarkən, əlbəttə, bizi ən çox narahat edən problem haqqında da bir neçə kəlmə söz demək istəyirəm. Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşibdir. İyirmi ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalının altındadır. Bu işğal davam edir. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulmuşdur. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir.
Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törədildi. Bu soyqırımını, bu vəhşiliyi törədənlər hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla üzləşməyiblər. Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir.
BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Onların heç biri icra edilmir. Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul etmişlər. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, öz həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır. Ancaq onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Amma digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyildir.
Yuxarıda qeyd etdiyimiz kimi, Bakı Forumu Azərbaycan və Rusiya prezidentlərinin möhtəşəm dəstəyi ilə keçirilmişdir. Elə forumda Azərbaycandan sonra (110 nəfər) ən böyük heyətlə iştirak edən ölkə də məhz Rusiya idi-78 nəfər. Qardaş Türkiyə 50 nəfərlə, İtaliya 22, Bolqarıstan 20, ABŞ və Almaniya isə hər biri 17 nəfərlə təmsil olunurdu. Forumun açılışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubun səsləndirilməsi də həmin möhtəşəm dəstəyin göstəricisi idi. Alimlərə və siyasətçilərə ünvanlanan məktubda deyilirdi ki, sizin forum ilbəil sərhədlərini genişləndirir, Rusiyanın, Azərbaycanın və digər dövlətlərin həyatında əlamətdar, gözlənilən hadisəyə çevrilir. Dost ölkənin Prezidenti əmin olduğunu bildirirdi ki,qarşıdakı diskussiyaların yekunu müasir çağırışlara cavab verən təzə , konstruktiv ideyalar , elm və mədəniyyət , təhsil və kütləvi kommunikasiyalar sahəsində yeni mühüm təşəbbüslər olacaqdır.
Doğrudan da belə oldu.Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya, Qırğızıstan, Estoniya və Latviyanın keçmiş prezidentlərinin (forumda Bolqarıstanın 3, Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat rəhbərinin və ölkəmizdə akkreditə olunmuş bütün səfirliklərin rəhbər və ya təmsilçisinin iştirak etdiyi forumun sonunda mükəmməl bir Bəyannamə qəbul edildi. Sənəddə deyilir: "Dünyanın müxtəlif regionlarında getdikcə artan qarşıdurma meyilləri ilə yanaşı əməkdaşlığa və qarşılıqlı anlaşmaya zəmin yaradan hazırkı proseslərin universitetlərdə, elmlər akademiyalarında və ayrı-ayrı fondlarda elmi fəaliyyətin diqqət mərkəzində dayanmalı olduğunu düşünürük". Sənədin forumun təşkilatçılarına ünvanlanan bəndində isə göstərilir: "Bu kimi forumların hər il keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edərək Azərbaycan Prezidentinə və hökumətinə, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına bu günlərdə Bakını humanitar problemlərin müzakirəsi mərkəzinə çevirən belə mötəbər tədbiri keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk."
Bir sözlə, beynəlxalq tədbirlərin həqiqi mərkəzinə çevrilən paytaxtımız möhtəşəm bir tədbirə də ev sahibliyi etdi. Ancaq ölkəmizin hərtərəfli inkişafı sübut edir ki, qarşıda bizi daha möhtəşəm tədbirlər gözləyir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.