Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov türkdilli ölkələrin gömrük rəhbərlərinin görüşündə iştirak etmək üçün Naxçıvana gələn Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız, Qırğız Respublikası Dövlət Gömrük Xidməti sədrinin birinci müavini Zamirbek Malabekov və Qazaxıstan Respublikası Maliyyə Nazirliyi yanında Gömrük Nəzarəti Komitəsinin sədr müavini İqor Tenin ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonaqları salamlayan Ali Məclisin sədri Vasif Talıbov 2009-cu ildə Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün tarixi əhəmiyyətini qeyd etmiş, həmin vaxt imzalanan "Naxçıvan Bəyannaməsi"nin və "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"nin qarşılıqlı əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyini vurğulamışdır.
Ali Məclisin sədri demişdir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlər - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri gömrük işi sahəsində də özünü göstərir.
Türkdilli ölkələrin gömrük rəhbərlərinin Naxçıvanda keçirilən ilk görüşünü münasibətlərin yüksələn xətlə inkişafının daha bir göstəricisi kimi dəyərləndirən Ali Məclisin sədri keçirilən bu görüşün mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, gömrük işi sahəsində əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Türkiyə Respublikası gömrük və ticarət nazirinin müavini Ziya Altunyaldız türkdilli ölkələrin gömrük rəhbərlərinin görüşünün yüksək səviyyədə təşkilinə görə qonaqlar adından minnətdarlıq edərək demişdir ki, türkdilli ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üçün əlverişli şərait vardır. Bu şəraitdən səmərəli istifadə olunması üçün türkdilli ölkələrin gömrük rəhbərləri bundan sonra da qarşılıqlı səylər göstərəcəklər.
Ziya Altunyaldız Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının gömrük orqanları ilə qarşılıqlı əməkdaşlığın məmnunluq doğurduğunu vurğulamış, gömrük işi sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirmişdir.
Görüşdə iştirak edən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibinin müavini Qismət Gözəlov şuranın fəaliyyəti barədə məlumat vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında