Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: BMT Baş katibi də Ermənistan işğala son qoymayınca, regional əməkdaşlığın mümkün olmayacağını təsdiqləyir

BMT Baş katibi tərəfindən hər il hazırlanan və dünya ictimaiyyətinin diqqətinə təqdim edilən "Regional və subregional səviyyələrdə adi silahlara nəzarət" və "Regional və subregional kontekstdə etimad quruculuğu tədbirləri" adlı hesabatların əlavələri dərc edilib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, BMT Baş Assambleyasının hər il qəbul etdiyi eyniadlı qətnamələr əsasında tərtib edilən bu hesabatlarda dövlətlərin beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə verdikləri töhfələr, xüsusilə regional və subregional səviyyələrdə adi silahlara nəzarət və etimad-quruculuğu tədbirləri üzrə onlar tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, bu istiqamətlərdə həyata keçirdikləri siyasət və ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri öz əksini tapır.
Hesabatlarda Azərbaycanla bağlı əks olunmuş məlumatda adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri sahəsində ölkəmizin üzərinə götürdüyü beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi istiqamətində müxtəlif səviyyələrdə davamlı fəaliyyət həyata keçirdiyi və BMT, ATƏT və digər beynəlxalq formatlar çərçivəsində tətbiq edilən müxtəlif mexanizmlərdə fəal iştirak etdiyi qeyd edilir. Bundan əlavə, Azərbaycanın tərəf olmadığı çoxtərəfli mexanizmlərdə könüllü əsaslarda iştirakı onun beynəlxalq sülh və təhlükəsizliyin qorunması işinə dəyərli töhfəsi kimi qiymətləndirilir.
Hesabatlarda regional və subregional səviyyələrdə adi silahlara nəzarət və etimad quruculuğu tədbirlərinin effektiv şəkildə həyata keçirilməsinə mane olan amillər də diqqətdən kənarda qalmayıb. Belə ki, Ermənistanın Azərbaycana qarşı illərlə yeritdiyi ərazi iddiaları, işğalçılıq və etnik təmizləmə siyasəti Cənubi Qafqaz regionunda adi silahlara nəzarət mexanizmlərinin və etimad-quruculuğu tədbirlərinin tətbiq edilməsi yolunda əsas maneə kimi dəyərləndirilir. Bildirilir ki, Ermənistan hərbi gücdən istifadə edərək Azərbaycanın ərazilərini işğal etməklə, orada azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparmaqla və ona tabe olan separatçı rejim yaratmaqla öz beynəlxalq hüquqi öhdəliklərini açıq şəkildə pozur. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonun Ermənistan tərəfindən işğal edilməsi faktı beynəlxalq səviyyədə, o cümlədən BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası tərəfindən dəfələrlə tanınıb.
Daha sonra qeyd edilir ki, Ermənistan Azərbaycana münasibətdə apardığı işğal və etnik təmizləmənin nəticələrinin qorunub saxlanılması məqsədilə qüvvələrin təmas xəttində mütəmadi olaraq atəşkəsi pozmaq, təmas xəttinə yaxın ərazidə yaşayan dinc azərbaycanlı əhalini qətlə yetirmək və mülki obyektləri atəşə tutmaq kimi müxtəlif təxribatlara əl atır. Ermənistan bu cür təxribatların sayının münaqişənin həlli üzrə danışıqlar prosesində intensivləşmənin müşahidə olunduğu dövrlərdə daha da çoxaldığı xüsusilə vurğulanır. Həmçinin adi silahlara nəzarət və etimad quruculuğu tədbirləri sahəsində Ermənistanın öz beynəlxalq öhdəliklərini davamlı olaraq pozması hüquqi və siyasi cəhətdən və konkret faktlar əsasında təhlil edilir, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi və beynəlxalq nəzarətdən kənarda qaldığı silah və hərbi texnikanın sayı və beynəlxalq öhdəliklərə zidd olaraq həyata keçirdiyi müxtəlif hərbi fəaliyyətlər barədə məlumat verilir.
Hesabatlarda Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmayınca, sonuncunun öz qonşularına münasibətdə ərazi iddiaları, işğalçılıq və etnik təmizləmə siyasətindən imtina edərək onların ərazi bütövlüyü və suverenliyinə hörmət etməyincə, Cənubi Qafqaz regionunda adi silahlara nəzarət, etimad quruculuğu tədbirləri və hərtərəfli regional əməkdaşlığın mümkün olmayacağı təsdiq edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında