Dünya sürətlə dəyişir və bəşəriyyətin möhtəşəm elmi-texnoloji, iqtisadi və nəticə etibarilə həm də siyasi transformasiyalar ərəfəsində olduğu aydınca sezilməkdədir. İzləməkdə olduğumuz tendensiyalar, dünya miqyasında dövlətlərarası münasibətlərin inkişafı istiqamətində formalaşmaqda olan yeni konfiqurasiyalar getdikcə daha maraqlı şəkil almağa başlayır.
Ümumiyyətlə, XX əsrin son onilliklərində dönməz xarakter alan iqtisadi qloballaşmanın öz növbəsində siyasətin də qloballaşmasını şərtləndirən başlıca amilə çevrilməsi artıq göz qabağındadır. Bu zərurətin nəticəsi olaraq Avropa İttifaqının və NATO-nun genişlənməsi prosesi bir sıra dövlətlərin, xüsusilə Rusiya, Çin, İran kimi dövlətlərin maraqlarına zidd olmaqla kəskin müqavimətlə qarşılansa da dünyanın vəhdətə doğru dialektik inkişaf vektorunu dəyişmək və ya durdurmaq mümkünsüz görünür.
Bu gün nə qədər çətin problemlərlə qarşılaşsa da, hesab etmək olar ki, Avropa İttifaqı-dünya dövlətlərinin iqtisadi, siyasi, hüquqi və sivil əsaslarda planet miqyaslı birliyinin ən nümunəvi modelidir. Buna görə də alman filosofu Yurgen Habermas "Avropanın siyasi cəhətdən birləşməsinin uğurunu - dünyanın digər regionları üçün də örnək ola biləcək eksperiment xarakterində" olan hadisə sayır. Bu səbəbdən də Avropa İttifaqının inkişaf perspektivinə hazırda XXI əsrin ən böyük siyasi layihəsi kimi baxılır.
Avropa İttifaqının üç struktur komponenti - (1) Avropa Birliyi, (2) ümumi xarici siyasət və təhlükəsizlik siyasəti, (3) hüquqi sferada mühafizə və məhkəmə orqanlarının əməkdaşlığı İttifaqın "dayaqları" hesab edilir. Bu üç dayaq üzərində qərarlaşan Avropa İttifaqı vahid rəhbərlik təsisatlarına (Avropa Parlamenti, Avropa Şurası, Avropa Komissiyası, Avropa Məhkəməsi, Avropa Hesablama Palatası) və vahid valyutaya malikdir. Avropa Parlamenti və Avropa Şurası avropadaxili məsələlərlə yanaşı, dünyada baş verən hadisələrə, ümumdünya siyasi yenidənqurma və demokratikləşmə proseslərinə də özünün fəal münasibətini bildirməklə qlobal siyasətin istiqamətverici güc mərkəzinə çevrilməkdədir.
XXI əsrin qlobal siyasətə gətirdiyi dəyişiklik ab-havası türk dünyasından da yan keçməyib. Belə mürəkkəb proseslərin axarında Türkiyənin AB qapısında onilliklər ərzində növbə gözləməsi də bir tərəfdən başa düşülən olsa da, digər tərəfdən real və bütövlükdə türk dünyası üçün əlverişli görünmür. Çünki meqasosium formasında təşəkkül tapa biləcək istənilən uğurlu birlik mütləq mənada həmin birliyi təşkil edən dövlətlərin və millətlərin tarixi- sivilizasyon köklərindən qaynaqlanmalıdır. Bunun sübutu kimi AB timsalında üzv ölkələrin hamısının vaxtilə məhz Roma sivilazasiyasından - yəni eyni sivilizasiyadan qoparaq yaranmış etnoslar zəminində təşəkkül tapdığını və əlverişli tarixi şərait yarandıqda asanlıqla birləşə bildiyinin şahidi olduq. Bu baxımdan yanaşdıqda Türkiyənin AB-yə üzv olmasının nəzəri cəhətdən mümkünsüz və strateji baxımdan bütövlükdə türk dünyası üçün əlverişsiz olduğu ortaya çıxır. Belə bir qənaətə gəlirsən ki, zaman-zaman çox müxtəlif səbəblər nəticəsində ayrılıb daha sonra yenidən birləşmək və daha qüdrətli bir şəkildə dünya birliyində özünə yer tutmaq üçün həmişə geriyə nəzər salmaq, keçmişimizi doğru-düzgün dəyərləndirmək və gələcəyimizin layihəsini məhz bu əsaslarda müəyyən etməliyik. O zaman görəcəyik ki, əcdadlarımızın yüzilliklər ərzində qoyub getdiyi tarixi-sivilizasyon qaynaqlarımıza dayaqlanan yol ən əlverişli və ən doğru bir yoldur. Prof. Dr. Mustafa Erkalın göstərdiyi kimi, "türk dünyasının ortaq mədəniyyət mirası" onun yenidən və daha güclü çağdaş təməllərdə birlik durumuna gəlməsinin ən başlıca faktorudur. Bizim üçün bu yol məhz ümumtürk birliyi yoludur.
Hadisələrin bugünkü gedişi göstərir ki, dünya türk dövlətləri üçüncü minilliyə vahid siyasət və mədəniyyət strategiyası üzrə hərəkət etmək və bu tendensiyanı uğur və qətiyyətlə davam etdirmək əzmi ilə ilə daxil olurlar. Bu baxımdan bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən toplantısında dörd türk dövləti - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən ümumtürk bayrağının qəbul olunması XXI əsrdə türk dünyasının bütövləşməsi, vahid gücə çevrilərək dünya siyasətində daha önəmli bir statusa yiyələnməsi yolunda atılmış ən mühüm addımlardan biridir. Ümumtürk vəhdətinə aparan müqəddəs bir yolda başımız üzərində dalğalanacaq bu bayraq "Böyük siyasət"də türk komponentinin mövcudluğunu, zəruriliyini və qüdrətini nümayiş etdirməklə vacib siyasi əhəmiyyət daşıdığı kimi, həm də dünyanın bütün vətənpərvər türkləri üçün böyük mənəvi əhəmiyyətə malikdir. Dünya türklərinin bu uğurlu yola çıxması və cəsarətlə irəliləməsi üçün min illər boyunca tarixin enişli-yoxuşlu yollarını şərəflə qət etmiş ulu türkün tarixinə nəzər saldıqda bu vəhdətin, bu birliyin labüd olduğunu və bu missiyanın məhz XXI əsr türklərinin üzərinə düşdüyünü dərk etmək heç də çətin deyil.
Ən qədim çağlarda Altay və onun hüdudlarında, daha sonrakı zamanlarda isə Asiya və Avropanı qovuşduran çox geniş coğrafiyada dövlət və imperiyalar yaratmış və bu sarsılmaz dövlətçilik ənənələrini bu günə qədər davam etdirərək təkmilləşdirmiş türk xalqlarının dünya tarixindəki əzəmətli həyatı, möhtəşəm mədəniyyəti, ümumdünya proseslərinə istiqamət verməsi-bütövlükdə türk sivilizasiyasının etno-kulturoloji və etno-siyasi potensiyasının tükənməzliyini göstərir. Tarixi inkişaf prosesində türklər qədər intensivliklə dünya mədəniyyətini özünə transformasiya edən və özündən transformasiya edən ikinci bir superetnos (özündən etnoslar törədən superetnos!) nişan vermək bəlkə də mümkün deyil. Müvafiq humanitar elmlər üzrə aparılan araşdırmalar da təsdiq edir ki, hələ islamaqədərki tarixdə türklər böyük dövlətçilik mədəniyyətinin maddi və mənəvi mədəniyyətin, xüsusilə mükəmməl yazı mədəniyyətinin, tranzit texnologiyasının sahibi olmuşlar. Avrasiyanın davamlı dövlətçilik tarixinin yaradıcıları məhz türklərdir. Avrasiyanın özünü bütöv qlobal məkan kimi hiss etməsinin tarixi özünüdərki prosesi məhz türk sivilizasiyasının quruluşyaradıcı təbiəti ilə bağlıdır. Buna görə də türk sivilizasiyasının dünya tarixindəki rolu onun həm islamaqədərki tarixi, həm İslam dövrü, həm də müasir dövrünü ardıcıllıqla və bütövlükdə araşdıran konseptual yanaşmada öz həqiqi dəyərini ala bilər. Vaxtilə islamaqədərki türk sivilizasiyasının nailiyyətlərindən bütün Asiya və Avropa bəhrələndiyi kimi, eləcə də Türk-İslam kontaktından qopan qığılcımlar bütün Şərq sivilizasiyasına yeni energetik potensial gətirmiş, dövlət və din, siyasət və mənəviyyat münasibətlərində dünyanın böyük bir coğrafiyasında müvazinət effektini yarada bilmişdir. Bu - xüsusilə İslam Şərqində nəinki mənəvi həyatı və dini-ortodoksal baxışları, həm də sosial-siyasi həyatı əhəmiyyətli dərəcədə dəyişikliklərə uğradan türk sufiliyinin və irfaniliyinin fəlsəfə və praktikasında öz təsdiqini tapırdı.
Şərqin üç böyük dilində - ərəb, fars, türk dillərində mədəniyyət yetişdirən, Şərqin bütün mütərəqqi meyl və tendensiyalarını (hətta Buddizm və Xristianlığın!) özündə birləşdirən türklərin öz hərbi-siyasi və mədəni-mənəvi qüdrəti ilə Avrasiyada dominant sivilizasiya yaratması tamamilə təbii idi. Çünki türk imperatorluqları epoxasında Qərb imperializminə məxsus istismar rejimi, məğlub etnos və mədəniyyətlərin kökünü kəsmək strategiyası, demək olar ki, olmamışdır. Göytürk, Moğol, Atabəy, Osmanlı, Səfəvi imperiyalarından qopan bütün xalqlar öz tarixi-mədəni həyatını normal şəkildə, təbii axarında davam etdirə bilmişlər. Türk imperatorluq hərəkatının köklü ziddiyyətli məqamları da olmuşdur ki, bunlar da nəticə etibarilə ayrı-ayrı tarixi zamanlarda bir başqasının yox, məhz onun özünün böhranlara uğraşmasına gətirib çıxarmışdır.
Türk tarixindəki etno-kulturoloji diferensiasiya prosesləri tarix boyu müəyyən sapıntı və itkilərlə müşayiət olunsa da, əsasən, öz ümumtürk köklərindən üzülməyən, ancaq getdikcə spesifikləşən türksoylu milli mədəniyyətlərinin yaranması ilə başa çatır. Həmin ümumtürk kökləri o qədər zəngin bir irsdir ki, müasir türk milli mədəniyyətləri məhz onun əsasında ortaq dəyərlərə sahibdirlər. Və həmin varislik xəttilə müxtəlif türksoylu etnoslar sonradan ayrı-ayrılıqda nə əldə ediblərsə, bu da müasir dövrümüzdə bütün dünya türklərinin ümumi sərvətidir.
Dünyanın ən seçkin mədəniyyət və siyasət ənənələrindən birinə malik olan türklərin yaradıcı düşüncəsi bütün zamanlarda qanunauyğun-effektiv modellərdə özünü qurmağı və işləməyi bacarıb. Belə ki, türk milli mədəniyyətləri nə qədər etno-kulturoloji diferensiasiyalara məruz qalsa da sonda yenə də ümumtürk mədəniyyətini formalaşdıra bilib və türk sivilizasiyası statusunda dünya mədəniyyətinin mühüm bir hissəsinə çevrilə bilib. Bu, digər müasir dünya sivilazasiyalarının da keçib gəldiyi uzun yol keçmiş və tarixi sınaqlardan çıxmış bir modeldir. Məsələn, Qərb mədəniyyəti Avropa, Şimali Amerika milli mədəniyyətləri - Qərb-ümumavropa mədəniyyəti - dünya mədəniyyəti vektoru ilə, Ərəb mədəniyyəti də öz növbəsində ərəb milli mədəniyyətləri - ümumərəb mədəniyyəti - dünya mədəniyyəti modelində təşəkkül tapmış məhz bu qanunauyğunluq əsasında qurulmuşdur. Türk milli mədəniyyətlərinin də harmoniyası - onların hər birinin özünəməxsusluğunu yaşatması və təbii şəkildə ümumtürk mədəniyyətinə qovuşması ilə baş tutur. Onların siyasi ənənələri, dövlətçilik mədəniyyəti də bu sarsılmaz təməl üzərində dayanaraq daim inkişaf edir. Dünya milli mədəniyyətlərinin universal-ümumbəşəri sivilizasiyada ahəngdarlaşmasının ən təbii, ən məntiqi və ən perspektivli yolu da elə budur. Çünki bu modeldə dünyanın qlobal inkişafı prosesində milli mədəniyyətlərin və milli dövlətçiliyin yaşaması qarantiyası və labüdlüyü vardır.
Göründüyü kimi, müasir dünyada türk milli dövlətlərinin birliyi ideyasının kökündə bu dövlətləri yaratmış türk xalqlarının etno-genetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etno-mədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu elə bir möhkəm özüldür ki, tarixin ən amansız dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə özünün güclü energetik potensialını yenidən və daha məqsədyönlü şəkildə hərəkətə gətirmək qüdrətindədir.
I Dünya savaşında Türkiyənin öz dövlətçiliyini qoruyub saxlaya bilməsi və Atatürk Cümhuriyyəti dövründə onun yeni, daha müasir əsaslar üzərində möhkəmləndirilməsi ümumtürk tarixinin ən çətin və ən şərəfli səhifələrindən olmaqla bərabər artıq kifayət qədər parçalanmış ümumtürk birliyinin bərpası üçün də yeni zəmin yaratmış oldu.
Mustafa Kamal Atatürk türk dünyasının özünüdərk və özünütəsdiq zərurətini modernləşmə proseslərinə uyğun şəkildə böyük siyasi uzaqgörənliklə belə bəyan etdi: "Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix, yaratdığın sivilizasiyanın məğrurluğu ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu - sənin üçün həm bir haqq, həm də bir borcdur". Atatürkün ideyasına görə, türk sivilizasiyası ulu keçmişinin, yaradıcı indisinin və bunlar üzərində təməllənən böyük gələcəyinin bütövlüyü ilə seçkinliyinin dəyərlərini meydana çıxara, varlığını bütün əzəməti ilə sübuta yetirə bilər: "Milli ideala tam bir vəhdət şəklində yürüməkdə olan türk millətinin böyük millət olduğunu bütün sivilizasiya aləmi az zamanda bir daha tanıyacaqdır. Əsla şübhəm yoxdur ki, türklüyün unudulmuş böyük sivilizasiyalı mahiyyəti və böyük sivilizasiya qabiliyyəti bundan sonrakı inkişafı ilə gələcəyin yüksək sivilizasiya üfüqündə yeni bir günəş kimi parlayacaqdır".
XX əsrin əvvəllərində -bəşəriyyətin yeni dövr tarixində ümumtürk birliyi ideyasını ilk dəfə beynəlxalq siyasət kontekstinə gətirən yenə də Mustafa Kamal Atatürkdür: "Biz bu gün Sovetlər Birliyi ilə dostuq, əməkdaşıq. Amma heç zaman unuda bilmərik ki, orada bizim qan, dil, mədəniyyət qardaşlarımız yaşayır. Və Sovetlər Birliyi bir imperiyadır. Bütün imperiyalar kimi o da dağılacaqdır. Biz hazır olmalıyıq ki, gələcəkdə öz qardaşlarımıza kömək edə bilək".
Mustafa Kamal Atatürkün böyük uzaqgörənliklə söylədiyi fikirləri tarix yalnız XX əsrin son onilliyində həqiqətə çevirdi. Sovet İmperiyasının çökməsi ilə tarixi türk yurdlarına da azadlıq və istiqlal gəldi, daha beş türk dövləti öz müstəqilliyini bəyan etdi. Böyük Atatürkün 70 il öncə müdrik bir uzaqgörənliklə söylədiyi fikirlər Türk Dünyasının yeni lideri Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" cümləsi ilə öz təsdiqini tapdı. Ümummilli lider Heydər Əliyev XX əsrin əvvəllərində təməli qoyulmuş bu ideyanı müstəqillik dövründə gerçəkliyə çevirdi və türk dünyasının lideri kimi ömrünün sonuna qədər həmin ideyanın kəsərli bir strategiya kimi fəaliyyət göstərməsinə yollar açdı. O ümumtürk birliyinin möhkəmlənib inkişaf etdirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmiş, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirmiş, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" biri saymışdır: "Qardaş Azərbaycan xalqı Atatürkün şəxsiyyətinə, onun ideallarına, onun qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.
{nl}
(ardı var)
{nl}
{nl}
Cavanşir FEYZİYEV,
{nl}
{nl}
Milli Məclisin deputatı, fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.