Dövlət başçısının Zaqatalaya növbəti səfəri rayonda böyük məmnunluq yaratdı
{nl}
"Bu iki şəxsin - bizim rayonun icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə son bir həftədə hansı şəkildə çalışmasının, gecəli-gündüzlü inşaatçıların, təmirçilərin yanında olmasının, həlli daha vacib olan bütün məsələləri dərhal həll etmələrinin çoxsaylı şahidlərindən biri də mən idim. Onların həmin fəaliyyətinin bir adı var idi - dövlət qarşısında məsuliyyət və insana, rayon sakinlərinə xidmət.
Bu adamlar cənab dövlət başçımız İlham Əliyevin may ayında Zaqatalada olarkən bizə verdiyi vədin reallaşdırılmasını təmin etdilər. Möhtərəm Prezidentimiz Zaqatalaya zəlzələdən sonrakı ikinci səfərində tamamilə başqa bir mənzərənin şahidi oldu. O, may ayında gələndə dağılmış yaşayış binalarını, uçmuş sosial obyektləri və gözü yaşlı insanları görmüşdü. İndi isə tikilmiş yeni məktəblərin, bərpa edilmiş sosial obyektlərin və insanların üzündəki sevincin, təbəssümün şahidi oldu. Prezident verdiyi tapşırıqların bu şəkildə yüksək səviyyədə yerinə yetirilməsindən məmnun idi. Ancaq daha böyük məmnunluq hissi ilə yaşayan dörd ay qabaq özünü "evi yıxılmış" kimi qəbul edən, indi isə "evi tikilmiş" olan zaqatalalılar idi".
Bu sözləri Gözbarax kənd sakini Əhməd Qurbanov dövlət başçımızın Zaqatala səfərindən sonra mənimlə olan söhbətində dedi. Əhməd müəlim əlavə elədi ki, cənab İlham Əliyevin verdiyi sözə bu şəkildə əməl olunması tamamilə təbii, tamamilə gözlənilən idi. Çünki o, bizim hər birimizin fəxri olan Heydər Əliyev kimi siyasət dahisinin siyasi kursunu davam etdirir: "Mən Gözbaraxda cənab Prezidentə ulu öndərimiz haqqında yazdığım şeirin bir bəndini oxudum:
"Yaxşı ki, yerində İlham var, baba.
Millətimiz ondan güc alır bu gün".
Hələ mənim yadımdan çıxdı. Cənab Prezidentə deyəcəkdim ki, onun tapşırığı ilə Zaqatalada yeni tikilən binalar 9 bal gücündə zəlzələyə davamlıdır. Cəmi 9 bal. Ancaq onun əməlləri nəticəsində xalqın öz liderinə olan inamı, ehtiramı 19-20 bal gücündə zəlzələyə davamlıdır. Bəlkə də artıq. Çünki xalq ondan səmimiyyət görüb, verdiyi sözə əməl eləmək kimi bir iradə, qətiyyət görüb".
Əhməd Qurbanovun fikirlərinin hamısıyla hamımız razıydıq. Ancaq mən həmin fikirlərin əksəriyyətinə həm də şərik idim. Çünki dövlət başçımızın Zaqatalaya səfərindən əvvəlki üç gündə həm Orucəli Hacıyev, həm də Mübariz Əhmədzadə ilə dəfələrlə bir neçə tikinti yerində görüşmüş, həmsöhbət olmuşdum. Orucəli müəllim tikinti-bərpa işlərinin bir an belə ləngiməməsi üçün çoxlarının qibtə edəcəyi bir təşkilatçılıq nümunəsi nümayiş etdirirdi. Görüşdüyümüz son üç gündə məndə elə bir təsəvvür yaranmışdı ki, bu dinamiklik cənab dövlət başçısının səfəri ərəfəsində olduğumuza görədir. Ancaq Mübariz müəllim qeyd etdi ki, Prezidentin Zaqatalaya 9 may səfərindən keçən hər gün məhz bu şəkildə gərginlik və operativliklə başa çatıb: "Fövqəladə Hallar Nazirliyinin burada yaradılmış qərargahının son dörd aylıq fəaliyyəti bu nazirliyin adını ən yüksək səviyyədə doğrultdu - desəm, bəlkə də ifrata varmış olmarıq. May ayında insanların heç biri inanmırdı ki, payıza qədər Zaqatalada bu həcmdə, bu miqyasda iş görülə bilər. İndi inanırlar. İndi hamı Azərbaycan dövlətinin gücünü gördü, dövlət başçımızın qətiyyətinin şahidi oldu. Ən başlıcası qonşularımız, xüsusən, bədxahlarımız gördülər ki, tamamilə bərbad hala düşmüş Azrbaycan dövlətini cəmi 20 ildə regionun ən qüdrətli dövlətinə çevirmiş Heydər Əliyev siyasəti tamamilə dağılmış zəlzələ bölgəsini cəmi 4 ayda abad kəndə, şəhərə çevirmək iqtidarındadır. Nə yaxşı ki, indi çoxlu mətbuat vasitələri var. Zaqatalanın bu gününü yazıb, çəkib işıqlandırır, dünyanın hər yerindəki bədxahlarımıza Azərəbaycan həqiqətlərini çatdırırlar".
Mübariz Əhmədzadənin sözünə qüvvət, Fövqəladə Hallar Nazirliyinin işçiləri bu aylar ərzində həqiqətən fədakarlıq göstəriblər. Zaqatala şəhər 2 saylı məktəbdə son tamamlanma işlərinə nəzarət zamanı Orucəli Hacıyevlə səhərə qədər bir yerdə olduğumuz müddətdə nazir Kəmaləddin Heydərov bir neçə dəfə ona zəng vurdu, vəziyyətlə maraqlandı, tapşırıqlar verdi.
Gecə saat 3 radələrində Qəbələdən əlavə texnikanın yetirilməsi barədə göstəriş olanda isə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Bəhmənli kəndində idi. O, burada Heydər Əliyev Fondu hesabına tikiləcək yeni məktəb binasının ətrafının abadlaşdırılmasına nəzarət edirdi.
Görürsünüzmü, bu aylar, bu günlər ərzində nə qədər gərginlik yaşanıb. İcra hakimiyyəti başçısının sözlərini xatırlayıram: "Bunlar insana yüngüllük gətirən gərginlikdir".
Zəlzələdən sonra Zaqatalada həyata keçirilmiş tədbirlər, görülmüş işlər barədə çox yazılıb, çox danışılıb. Biz də bu barədə kifayət qədər söz açmışıq. Ancaq elə bilirəm ki, Gözbarax kənd sakini, Qarabağ müharibəsinin veteranı Mahir Soltanovun dediklərini heç birimiz deyə bilməmişik. Xatırladım ki, dövlət başçımız İlham Əliyev sentyabrın 9-da Zaqatalada olarkən Mahir üçün tikilən fərdi yaşayış evində də olmuşdu. Mahir bizimlə söhbətində evinin indiki vəziyyəti barədə danışmazdan əvvəl dörd ay əvvəl - may ayının 9-da (Prezident mayda da Zaqatalaya ayın 9-da gəlmişdi) eşitdiyi söhbətələri yada saldı: "O zaman cənab Prezident bizə dedi ki, burada dağılmış evlərin hamısı bərpa olunacaq, üstəlik bütün bunlar əvvəlkindən həm möhkəm olacaq, həm də geniş. Sonra Prezident dedi ki, bu evlərin yeni tikilməsindən sonra, istifadəyə verilməsi zamanı da sizinlə birlikdə olacağıq. Doğrusu, mən o qədər də əmin deyildim. Çünki uçub-dağılmış evimiz həm möhkəm idi, həm də 170 kvadratmetr. Bundan yaxşısını təsəvvür etmirdim. Gizlətmirəm, bir tərəfdən də qulağıma səs çatmışdı ki, hərəyə bir otaq tikib verəcəklər, vəssalam. Sonra bizim evin bərpası üçün işə başlayanda əvvəlki fikirlərimə və eşitdiyim sözlərə inandığıma görə xəcalət çəkdim. Fövqəladə Hallar Nazirliyi mənə 240 kvadratmetrlk, yəni, əvvəlkindən iki dəfə geniş və əvvəlkindən on dəfə möhkəm bir ev tikib verdi. Hər dəfə icra hakimiyyətinin başçısının bizim üçün tikilən evin inşasına baş çəkdiyini görəndə üzdə özümü sakit göstərsəm də, içəridə "hərəyə bir otaq tikib verəcəklər" ifadəsinə inanmadığıma görə utanırdım. İndi mənim iki mərtəbəli, beş otaqlı evim nazir, icra hakimiyyətinin başçısı, nazir müavini və digər rəsmilərdən sonra həm də dövlət başçımızın ziyarət etdiyi bir mənzil oldu. Müharibə əlilinin Ali Baş Komandanı öz evində qarşılaması -bunun adını jurnalistlər yaxşı bilər, mən ifadə edə bilmirəm. Arzu edirəm təbii fəlakətdən dağılmış rayonlar bərpa edildiyi zaman olduğu kimi, işğal olunmuş ərazilərimizin bərpası zamanı da gənc və qüdrətli Prezidentimizin, Ali Baş Komandanımızın uğurları ilə fəxr edək.
Mən inanıram ki, həmin günlərdə də indiki kimi gözümüzdə sevinc yaşı görünəcək: Bu Prezident bizim hər birimizin dayağı, köməyidir, - ifadəsini Qarabağın bütün kəndlərində, şəhərlərində eşidə biləcəyik. Ona görə inanıram ki, o, bizim inana bilmədiklərimizi reallığa çevirir".
... Dörd ay əvvəl hazırladığı reportajı "Zaqatalada tikili, qurulu heç nə qalmadı" -sözləri ilə başlayan televiziya müxbiri Esmira Sultanovanın gözü yaşarmasa da, səsi həqiqətən hönkürtünü xatırladırdı... Dörd ay sonra həmin gözəl xanım yenə də Zaqataladan söz açırdı: - "İndi Zaqatalada yeni tikilmiş evlər, məktəblər, inzibati binalar, uşaq bağçaları var". Bu dəfə isə xanım həmkarımızın səsi fərəhli olsa da, fəqət, gözlərindəki sevinc yaşları açıq-aydın görünürdü. Çünki, təbii fəlakətin vurduğu ağır yaralar ardıcıllıqla, mərhələ-mərhələ sağalır, həyat öz məcrasına qayıdırdı. Bu məcraya qayıtmanın ən mükəmməl ifadəsini isə cənab dövlət başçımızın Gözbarx kənd tam orta məktəbinin açılış mərasmində söylədiyi fikirlərdə gördük:
- Dörd ay ərzində bu işlərin görülməsi doğrudan da böyük hadisədir. Bu, ilk növbədə Azərbaycan dövlətinin gücünü göstərir. Bütün bu işləri biz öz hesabımıza etmişik. Bizim inşaat şirkətləri, dövlət qurumları, vətəndaşlarımız öz vəsaitimizdən istifadə edərək bütün bu işləri görmüşdür. Əminəm ki, nəinki bərpa işləri, -bərpa işləri yaxın zamanlarda tamamlanacaqdır, - ümumiyyətlə, gələcək inkişafla bağlı, bu, Şimal - Qərb zonasının inkişafı ilə bağlı bizim çox böyük planlarımız vardır. Bu planların bir çoxu artıq reallaşıbdır. İnfrastruktur, aeroportların tikilməsi. Baxın, indi həm Zaqatalada, həm də Qəbələdə aeroport vardır. Yolların çəkilişi, burada su layihəsinin icrası gedir. Gələn ilin sonuna qədər, bəlkə ondan da tez Zaqatala şəhərinin içməli su ilə təmin edilməsi layihəsi başa çatacaqdır. Qazlaşdırma, məktəb tikintisi sürətlə gedir. Rayonda təqribən 70-ə yaxın kənd vardır. Hazırda məktəblərin əksəriyyəti normal vəziyyətdədir, ya da bərpa edilən məktəblərdir. Qəzalı vəziyyətdəki məktəblər də təmir olunacaqdır. Bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmayacaqdır... Ümid edirəm ki, ilin sonuna qədər əsas işlər görüləcəkdir. İşin həcmi həddindən artıq böyükdür. İndi təhlillər aparılır. Təhlil göstərir ki, qəzalı vəziyyətdə olan yeni evlər vardır, biz onların da təmiri ilə məşğul olmalıyıq. Böyük işdir. Amma biz bu işin öhdəsindən gələcəyik. Bütün evləri bərpa edəcəyik, daha da gözəl şərait yaradacağıq".
... Daha gözəl şərait. Mən bu ifadəni Mübariz Əhmədzadədən də eşitdim. Orucəli Hacıyevdən də... Hər ikisi zaqatalalılar üçün daha gözəl şəraitin yaradılması üçün gecəni gündüzə qatıb çalışırlar. Ancaq bu ifadənin dövlət başçımızdan eşidilməsi daha böyük əminlik, daha möhtəşəm məmnunluq gətirən hal idi. Ona görə də zaqatalalılar belə qənaətdədirlər ki, Prezident İlham Əliyevin bu rayona son səfəri yüzlərlə kitabın mövzusu olacaq bir zəngin təəssürat yaratdı...
{nl}
İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.