Şriftin ölçüsü:
22.06.2010 08:22 | Oxunma sayı: 365
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında birinci iş gününün ilk iclasının başlanğıcında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun müəllifi olduğu və sessiyaya bir neçə gün qalmış nəşr edilərək yayılan yazılı bəyannamə elan edilmişdir.
"Dağlıq Qarabağ münaqişəsi üzrə işçi komitənin fəaliyyətinin intensivləşdirilməsi zərurəti" adlanan həmin sənəddə qaldırılan məsələlərə Almaniya, Lüksemburq, Norveç, İspaniya, Böyük Britaniya, İtaliya, Monako, Türkiyə, Bolqarıstan, Yunanıstan, İsveçrə, İrlandiya, Rumıniya, Finlandiya, Litvadan 40-a yaxın deputat həmrəy çıxaraq ona imza atmışdır. Yeni həmfikirlər və imzalar üçün açıq saxlanmış yazılı bəyannaməyə Assambleyanın Rəyasət Heyəti tərəfindən başqa deputatların da imza etmək üçün dəvət olunmasından sonra, şübhəsiz, qarşıdakı günlərdə ideyanı müdafiə edən imzalar da, ölkələrin də sayı artacaqdır. Bu isə öz növbəsində sənədin böyük tirajla, ingilis və fransuz dillərində nəşrini zəruriləşdirəcəkdir.
Həmin sənədin qəbul edilərək yayılması və AŞPA-da Dağlıq Qarabağ münaqişəsi üzrə işçi komitənin hərəkətə gətirilməsi istiqamətində görülən işlər erməniləri ciddi təşvişə salmışdır. İşğalçı ölkədə həmin sənədin yaratdığı narahatlığı şərh edən deputat Rafael Hüseynov deyir: "Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi ilə əlaqədar Assambleyada qəbul edilmiş 1416 saylı qətnamə xüsusi məna daşıyır. Ümummilli liderimiz Heydər Əliyev həmin sənədi Azərbaycanın Avropa Şurasındakı ən böyük uğurlarından biri adlandırırdı və bu qiyməti təsadüfən vermirdi. Azərbaycan və Ermənistan Avropa Şurasına üzv dövlətlərdir və Dağlıq Qarabağ münaqişəsinin həmin qurumda ayrıca mövzu kimi qoyulması məhz problemin bu iki dövlət arasında yaranmış münaqişənin nəticəsi olduğunu rəsmən Avropaya və dünyaya bəyan edir. Digər tərəfdən, həmin qətnamə dünyanın ən mötəbər təşkilatlarından sayılan Avropa Şurasının mövqeyi olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, təcavüzkar dövlətin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini gerçəkləşdirdiyini, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu birmənalı şəkildə ortaya qoyur.
Həmin qətnamənin icrasına nəzarət məqsədi ilə yaradlmış işçi komitə Avropa Şurasında bir neçə il mərhum lord Rassel Constonun rəhbərliyi altında səmərəli çalışmışdır. Bu komitənin AŞPA-da varlığı və fəaliyyətdə olması faktının özü artıq uğurdur. Çünki Ermənistanın Azərbaycana təcavüzü Dağlıq Qarabağ münaqişəsini daim gündəmdə saxlayır. Təbii ki, bu, ermənilərə qətiyyən sərf etmir. Elə bu səbəbdəndir ki, Parlament Assambleyasının yeni sədri Mövlud Çavuşoğlu R.Constonun vəfatından sonra xeyli müddət fəaliyyəti dondurulmuş bu komitəni yenidən dirçəltmək üçün aprel ayında ilk təşəbbüsünü edəndən sonra Ermənistanda ona qarşı müxtəlif hücumlar başlanmışdır.
Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətinin bərpa edilməsi qanuni bir prosedur olmaqla Avropa Şurasının nizamnamə tələblərindən irəli gəlir. Lakin ermənilər öz riyakar təbiətlərinə uyğun olaraq bu məqamda da saxtakarlıq edir, məsələyə irqçi mövqedən yanaşaraq Assambleya sədrinin həmin təşəbbüsünü onun milliyyətcə türk olması ilə əlaqələndirir, onun vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılmasına çağırırlar. Mayın 18-də Ermənistan parlamentinin tribunasından "Daşnaksütyun" fraksiyasının başçısı V.Ovanesyan elan etmişdir ki, AŞPA-dakı erməni nümayəndə heyəti nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətə başlamasının qarşısını almalıdır.
Ona görə də biz sessiya ərəfəsində problemlə bağlı yazılı bəyannaməni hazırladıq, orada ayrıca qeyd etdik ki, Assambleya sədrinin Dağlıq Qarabağ üzrə işçi komitəni canlandırmaq səylərini müdafiə edirik və bunun əleyhinə olan istənilən addımı sülh prosesinə, Avropa Şurasının prinsiplərinə zidd baxış kimi zərərli sayırıq. Sənədi mən hazırlasam da, Assambleya üzvlərinin ona tərəfdar çıxaraq imzalaması artıq bu qənaəti Avropa Şurasının mövqeyinə çevirmişdir. Sənədin yay sessiyası ərəfəsində nəşr edilərək yayılması da ermənilərə daha bir zərbə oldu. Onların sessiyanın gedişində həyata keçirmək istədikləri məkrli planları əvvəlcədən iflasa uğradı. Təsadüfi deyildir ki, artıq Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətinin bərpa edilməsinə müqavimət göstərmələrinin mənasız olduğunu anlayan Ermənistan parlamentinin spikeri Ovik Abraamyan AŞPA ölkələri parlament sədrlərinin iyunun 14-də Kiprin paytaxtında keçirilmiş yığıncağında Mövlud Çavuşoğlundan xahiş etmişdir ki, Dağlıq Qarabağ üzrə işçi komitənin fəaliyyətinə diqqət göstərsin.
Bu, Ermənistan tərəfinin AŞPA-da Dağlıq Qarabağ üzrə işçi komitənin yenidən fəaliyyətə başlaması məsələsində məğlubiyyəti ilə barışmağa məcbur olaraq geriləməsinin əyani təsdiqidir".
Parlament Assambleyasındakı rəsmi mənbələrdən məlum olmuşdur ki, R.Hüseynovun hazırladığı "Dağlıq Qarabağ münaqişəsi üzrə işçi komitənin fəaliyyətinin intensivləşdirilməsi zərurəti" adlı yazılı bəyannamədəki mövqeyə artıq bir çox başqa deputatlar da şərik çıxmışlar.{nl}
Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.