Bakıda "Neft, qaz və media" beynəlxalq konfransı keçirilir

Sentyabrın 18-də Bakıda Gülüstan sarayında "Neft, qaz və media" beynəlxalq konfransı işə başlamışdır. Beynəlxalq Mətbuat İnstitutu (BMİ) tərəfindən təşkil olunan və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən konfrans sentyabrın 19-dək davam edəcəkdir.
Beynəlxalq konfransda dünyanın 27 ölkəsindən, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika Respublikasından 200-ə qədər neft mütəxəssisi, alimi və media nümayəndəsi iştirak edir.
Konfransın aparıcısı Beynəlxalq Avrasiya Mətbuat Fondunun beynəlxalq məsləhətçisi Lütful KƏBİR qeyd etmişdir ki, tədbir neft-qaz mövzusunda yazan jurnalistlər üçün Azərbaycan reallıqlarına daha dərindən bələd olmağa, o cümlədən, neft-qaz sektoru haqqında ətraflı və dolğun məlumat almağa hərtərəfli imkan yaradacaqdır.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli HƏSƏNOV çıxış edərək dedi:
-Mən bu gün bu tribunadan sizi salamlamaqdan məmnunluq hissi keçirirəm. Dünyanın 27 ölkəsindən enerji mövzusunda yazan, bu sahədə tədqiqatlar aparan çoxsaylı jurnalistləri Azərbaycanda görməkdən çox şadam.
Cənab Prezident səfərdə olduğuna görə onun təbrik məktubunu indi sizə təqdim edəcəyəm. Amma bəri başdan bildirmək istəyirəm ki, Azərbaycan Hökuməti bu tədbirə çox böyük önəm verir. Düz bir ildir biz bu konfransa hazırlaşırıq və mən xanım Alisona bir daha Azərbaycan hökuməti adından təşəkkür edirəm ki, dünyanın ən məşhur neft-qaz mövzusunda yazan jurnalistlərini, tədqiqatçılarını Azərbaycana - Bakıya toplayıbdır. Bir daha təkrar edirəm ki, bir ildir biz bu günü gözləyirdik, bu günə hazırlaşırdıq. Düşünürəm ki, iki gün müddətində qonaq və yerli jurnalistlər dünyada bu gün təkcə neft-qaz istehsalı, istehlakı, ixracı ətrafında cərəyan edən prosesləri deyil, bütövlükdə beynəlxalq aləmdə cərəyan edən transmilli prosesləri müzakirə edəcək və dünyanın siyasətçilərinə, dövlət rəhbərlərinə ciddi mesajlar verəcəklər.
Bilirsiniz ki, Azərbaycan Cənubi Qafqazın və Xəzər hövzəsinin əsas neft-qaz istehsal edən ölkələrindən biridir. Ona görə də bu tədbirin Bakıda keçirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. İndi isə mən Azərbaycan Prezidentinin tədbir iştirakçılarına təbrikini diqqətinizə çatdırmaq istəyirəm.
Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu. (Təbrik məktubunun mətni qəzetin bugünkü nömrəsinin ikinci səhifəsində dərc olunur).
Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel MAKKENZİ çıxış edərək, cəmiyyətdə, demokratik prosesdə mətbuatın mühüm rol oynadığını bildirdi. O, bir çox media sənaye tərəfdaşlarının bu tədbirə qatıldığına görə minnətdarlığını çatdıraraq qeyd etdi ki, bu konfrans neft-qaz sənayesi ətrafında cərəyan edən proseslərin obyektiv işıqlandırılmasına, eləcə də bu sahədəki yazılar, məqalələr icmanın inkişafına təkan verəcəkdir. Bu mənada konfrans sözün əsl mənasında, bir katalizator rolunu oynayacaqdır. Ümid edirik ki, konfrans çərçivəsində yeni əlaqələr yaranacaq və yeni şəbəkə imkanları sayəsində neft-qaz sənayesi ilə bağlı daha dolğun anlayışlar əldə edəcəksiniz. Təxminən bir illik mediapark əməkdaşları ilə görüşlərdən sonra, eləcə də Azərbaycanın rəsmi hökumət nümayəndələri ilə birlikdə, BMİ bu konfransı məhz burada - paytaxt Bakıda keçirməyə qərar verdi. Neft-qaz sənayesi ilə media arasında şəffaflıq heç zaman tükənməməlidir.
Xanım Alison MakKenzi qeyd etmişdir ki, mətbuat azadlığı sadəcə olaraq ifadə azadlığı ilə bitmir. Mətbuat azadlığı, həmçinin medianın kontent azadlığı deməkdir. Bu isə fundamental insan haqlarıdır. Cəmiyyətdə medianın rolu insanları maraqlandıran mühüm məsələlərlə bağlı onları maarifləndirmək, məlumatlandırmaqdan ibarətdir. Bu iş insanların həyatına təsir edir və eləcə də demokratik proseslərdə iştirakına imkan yaradır.
Mediada jurnalist etikasının vacibliyinə toxunan A.MakKenzi Bakıda keçirilən konfransın qarşıya qoyulan məqsədlər baxımından səmərəli olacağına, mühüm nəticələr verəcəyinə əmin olduğunu vurğuladı və tədbirin işinə uğurlar arzuladı.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin sədri Umud RƏHİMOĞLU qeyd etdi ki, BMİ-nin bu konfransı məhz Azərbaycanda keçirməsi ölkəmizin qədim neft məkanlarından biri olması ilə bağlıdır. "Azərbaycanda demokratik dəyərlərə ciddi önəm verilir, sürətli inkişaf konsepsiyası reallaşdırılır və bunun nəticəsində vətəndaş cəmiyyəti də inkişaf edir. Media ilə bağlı məsələlərə isə xüsusilə həssas yanaşılır. Bu gün "Neft, qaz və media" beynəlxalq konfransının belə yüksək səviyyədə təşkili də məhz həmin yanaşmanın nəticəsidir", - deyə U.Rəhimoğlu bildirmişdir.
Milli Komitənin sədri demişdir ki, son 160 ildə Azərbaycanın yanacaq-energetika sənayesi böyük inkişaf yolu keçmiş və bu, neft və qaz mövzusunun işıqlandırılmasına da müsbət dəyərlər gətirmişdir. U.Rəhimoğlu qeyd etmişdir ki, Azərbaycanda artıq neft və qaz sənayesi üzrə ixtisaslaşmış qəzetlər, jurnallar nəşr olunur, radio və televiziya proqramları hazırlanır.
Azərbaycanda söz azadlığının, plüralizmin, müstəqil mətbuatın, peşəkar jurnalistikanın inkişafına xüsusi diqqət yetirildiyini deyən U.Rəhimoğlu diqqətə çatdırmışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi peşəkar medianın inkişafına da mane olur. Torpaqlarımızın 20 faizi erməni işğalı altındadır, 1 milyondan çox qaçqın-köçkünümüz vardır. Ağır olsa da bildirməliyəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ikisi əcnəbi olmaqla, 10 jurnalist Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir. Bu gün dünyanın nüfuzlu media nümayəndələrinin Azərbaycanda bir araya gəlmələri jurnalist həmrəyliyinin göstəricisidir. Bu həmrəyliyin Azərbaycan ilə bağlı həqiqətlərin daha geniş təbliğində əhəmiyyətli rol oynayacağına əminəm.
Azərbaycanın sənaye və energetika naziri Natiq ƏLİYEV konfransda çıxış edərək bildirmişdir ki, ölkəmizin neft-qaz sənayesi 160 ildən artıq tarixə malikdir. Azərbaycanın neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə neft hasilatı 1990-cı illərin əvvəllərində olan hasilatla müqayisədə 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artmışdır. Ötən il isə respublikamızda 45,3 milyon ton neft, 25,5 milyard kubmetr qaz hasil olunmuşdur.
Azərbaycanda kəşf olunan və perspektiv yataqların əhəmiyyətindən danışan nazir diqqətə çatdırmışdır ki, hazırda respublikamızda gündə 75 milyon kubmetr qaz hasil edilir. Ümumiyyətlə yeni kəşf olunan yataqlar ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarının 2 trilyon 550 milyard kubmetr olduğunu sübut etmişdir.
Azərbaycan dövləti həyata keçirdiyi çevik neft diplomatiyası və praktik işlər nəticəsində Xəzər, Qara və Aralıq dənizləri məkanında beynəlxalq layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsinə çevrilmişdir, bu da milli iqtisadiyyat üçün yeni imkanlar yaradır. Enerji resurslarının mənimsənilməsinə xarici investisiyaların cəlbi və enerji resurslarının dünya bazarlarına nəqli üçün Şərq-Qərb və Şimal-Cənub istiqamətində etibarlı dəhlizlərin yaradılmasına yönəldilmiş mühüm layihələr uğurla yerinə yetirilir.
Hazırda Azərbaycan geniş və müxtəlif istiqamətlərdə neft və qaz dəhlizlərini yaratmaqla və transregional layihələrə qoşularaq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa ixrac neft, Bakı-Tbilisi-Ərzurum ixrac qaz boru kəmərləri Azərbaycanın Qərblə möhkəm iqtisadi və siyasi əlaqələrini daha da genişləndirən körpü rolunu oynayır.
Bundan başqa, Qazaxıstan hökuməti "Kaşağan" yatağının ikinci fazası çərçivəsində öz neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlində maraqlıdır. Astanada keçirilmiş Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın 7-ci iclası çərçivəsində bu məsələlərin geniş müzakirə olunduğunu diqqətə çatdıran nazir qeyd etmişdir ki, başlanğıc mərhələdə "Transxəzər" sistemi ilə gündə 500 min barrel, yəni ildə 23 milyon ton həcmində neftin nəqli nəzərdə tutulmuşdur. Sonrakı mərhələlərdə isə bu həcmin 35-36 milyon tona çatdırılması gözlənilir.
Nazir, həmçinin bildirmişdir ki, 2011-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında" Birgə Bəyannamə imzalamışlar. Bu bəyannamə Xəzər hövzəsi qazının Avropaya çatdırılması istiqamətində yeni perspektivlər açmışdır. Ötən il sentyabrın 7-də isə Avropa İttifaqı "Transxəzər" layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat vermişdir.
Azərbaycan ilə Türkiyə arasında imzalanmış TransAnadolu təbii qaz boru xəttinin əhəmiyyətinə toxunan nazir qeyd etmişdir ki, ölkəmiz müstəqil təchizatçı kimi "Şahdəniz"dən çıxarılacaq təbii qazı məhz bu kəmərlə Avropa bazarlarına çatdıracaqdır. Həmçinin bu layihə "Cənub qaz dəhlizi"nin reallaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sonra konfrans işini sessiyalarla davam etdirmişdir.
Konfransın birinci sessiyasında neft və qazla bağlı hadisələrin işıqlandırılmasında mətbuatın rolundan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, enerji sektorunda mətbuat azadlığı böyük əhəmiyyət kəsb edir. Bu sahədə mediaya sərbəstliyin verilməsi həm də neft-qaz sənayesində çalışanların məsuliyyətini artırmış olar. Çıxış edənlər enerji sahəsindən yazan jurnalistlərin neft-qaz sənayesi ilə bağlı dərin biliklərə malik olmalarının zəruriliyini vurğulamışlar. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, informasiya almaq üçün jurnalistlərə geniş şərait yaradılmalı və onlar da öz növbələrində bunun məsuliyyətini dərk etməlidirlər.
İkinci sessiyada isə neft ehtiyatlarının sürətlə azaldığı bir dövrdə enerji şirkətlərinin suda və quruda yeni ehtiyatların axtarışı ilə məşğul olmaları və qarşıya çıxan problemlər müzakirə edilmişdir.
Jurnalistlərin neft-qaz sənayesindən yazarkən hansı amillərə üstünlük vermələrinin vacibliyinin müzakirə edildiyi üçüncü sessiya da maraqlı diskussiya şəraitində keçmiş, cəmiyyətə hansı məlumatın çatdırılmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Neft yataqlarının tədqiqatı, hasilat və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi dördüncü sessiyada isə neft-qaz sənayesində şirkətlər tərəfindən bu amillərə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, təhlükəsizlik və neftin saxlanılması texnologiyası ilə tədqiqat və neftçıxarma texnologiyası eyni səviyyədə deyildir və bu sahədə müasir texnologiyalar tətbiq olunan zaman təhlükəsizlik məsələləri də diqqət mərkəzində olmalıdır.
Sessiyalarda iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.
Sonra "Gülüstan" sarayında konfrans iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Konfrans öz işini sentyabrın 19-da davam etdirəcəkdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında